– Villi, xoşbəxt olmaq üçün insana on saniyə yetər.
– Necə?
Həmişəki kimi gülümsəyib:
– Mənim kimilərini düşünərək, – deyə cavab verdi.
Hər şey həyata çox fərqli baxışları olan bu iki nəfərin qarşılaşması ilə başladı. Əvvəllər çox uğurlu bir idmançı olmuş, indi isə öz qalasına çəkilmiş, təmizlik işçisi kimi xidmət göstərən Villini yenidən həyata qaytarmaq bir “mələyin” vəzifəsidir. Anderson xəstəxanasındakı “mələk”lərdən biri olan qəhrəmanımız gənc yaşlarında ağır itkilərdən və savaşın dəhşətindən keçmiş, indi də xərçənglə mübarizədədir. Hər şeyə rəğmən, içindəki insan sevgisini qoruyub saxlamış, həyat dolu bu “mələk” vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Uzun sürən səfərdən sonra son dayanacağı Anderson olan gənc mühacir Villini həyata bağlamağa çalışarkən öz keçmişindəki düyünləri çözə biləcəkmi?
Bir-birilərinin yaralarına məlhəm olan iki yaralı ruhun düşüncə sərhədlərini aşan təsirli hekayəsi oxucuların qəlbində mütləq öz yerini tutacaq. Öz “mələyi” ilə qarşılaşmadan heç kəs bu həyatı tərk etməz – bəlkə, bu, bir insandır, bəlkə də, bir kitab.
2016-2019-cu illərdə bestseller olmuş bu kitab minlərcə insana ümid vermiş, həyata tutunma səbəbləri olmuş, bir çoxlarını intiharın astanasından belə qaytarmışdır.
“Bu şəhərdə kimsə yoxdur?” ümidini itirmədən xərçənglə və həyatın çətinlikləri ilə savaşan hər kəsə ithaf edilib.
Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qarşısına gətirib.
Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gözəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təzyiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər mehriban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist baxışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur.
Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq?
Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tərəfdə əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ.
Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.
Həyatı çətinliklər olmadan təsəvvür etmək mümkün deyil. Hər kəsin özünə görə sıxıntısı, problemi var. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, yaşamağa olan istəkləri, gələcək arzu və xəyalları tamam puç olur. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin, baş verənlər yeni məna kəsb etməyə başlasın. Qarşınızda olan bu kitab hər mövzuda bu cür həyati istiqamətlərlə doludur. Çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsi olan bu əsəri yazmaqla kəşf etdiyim ən mühüm həqiqətləri sizinlə də bölüşmək istədim.
Bəli, bütün çətinliklərə rəğmən, həyat davam edir.
Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq?
Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik.
Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
Daşıdığınız inanc haqqında ən doğru qərarı vermək istəyirsinizsə, bu kitab sizin üçündür.
Qələbə çalmaq istəyən arxasınca – geriyə qayıda bilməsin deyə – bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar.
...Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar!
Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Ara verməyən İrlandiya yağışlarının məcrasından çıxardığı dağ çayı bu dəfə sahilə fərqli bir şey atıb – dəhşətli işgəncələrdən tanınmaz hala düşmüş gənc qadın cəsədi. Və bu, məşhur “Titanik” gəmisinin son dayanacağı olmuş balaca liman şəhərinin hüzurunu pozan artıq altıncı bənzər qətl hadisəsidir. Cani zövqlü bir oyun oynayır: oxşar zahiri gözəlliyə malik olan qadınları böyük səylə seçir, ağlasığmaz işgəncələr verdikdən sonra ayda birini ən dəhşətli üsulla qətlə yetirir. Bütün cəsədlərdə öz imzasını qoymağı, hətta ara-sıra həyat fəlsəfəsi ilə bağlı nəsihət məktubları yazmağı da unutmur.
Caninin tapılması üçün paytaxt Dublindən Korka göndərilmiş canlı əfsanə müstəntiq Şon Onilin qarşısında çətin sual dayanır: silsilə qatil kimdir? İllər öncə yoxa çıxmış kriminal avtoritet, hər gün üzləşdiyi insanların arasında maskalanmış psixopat, yoxsa qaranlıq dünyadan təşrif buyurmuş qorxunc cəhənnəm əcinnəsinin özü? Bütün nəzərlər fokusçunun şlyapadan dovşan çıxaran sağ əlinə zilləndiyi zaman müstəntiq diqqətdən kənarda qalan sol əli izləyə biləcəkmi?
Antik dövrlərdə “Əlkimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehrli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində, bütün kimyagərlərin axtardıqları nəsnə heç bir zaman onlardan gizli deyildi. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: zaman.
Zamanı idarə edən həqiqi kimyanın sahibinə çevrilir. Bu kitab da məhz bu mövzudan bəhs edir.