Əsarət (3-cü nəşr)

Əsarət (3-cü nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 07.05.2019 Kitabın mövzusu: Elmi
Baxılıb: 4688


Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq?
Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik.
Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
Daşıdığınız inanc haqqında ən doğru qərarı vermək istəyirsinizsə, bu kitab sizin üçündür.

KİTABDAN HİSSƏLƏR

2009-cu ildə ateistlər Londonda maraqlı bir təbliğat aksiyası keçirdilər, avtobusların şüşələrinə belə bir yazı yapışdırdılar: “Çox güman ki, Tanrı yoxdur! Odur ki, narahat olmayın və həyatın dadını çıxarın”. Buna cavab olaraq London xristianları başqa avtobuslara öz yazılarını yapışdırdılar: “İnanın ki, Tanrı var! Narahat olmayın və həyatın dadını çıxarın!” 
Bəs, görəsən, qazanan kim oldu? "Əlbəttə ki, Londonun avtobus şirkəti", - deyəcəksiniz. Sualı başqa cür qoyaq: Görəsən, bu reklam sifarişçilərindən hansı haqlıdır? Tanrı mifdir, yoxsa həqiqət? Həyati suallar cəsarət istəyir, başını qum səhrasından çıxardıb reallığa baxmağı tələb edir. Bu kitabı oxumağa qərar vermisinizsə, həyatınızın ən mühüm sualları ilə üzləşəcək qədər cəsarətlisiniz.