Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq?
Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik.
Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
Daşıdığınız inanc haqqında ən doğru qərarı vermək istəyirsinizsə, bu kitab sizin üçündür.
“Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mütəaliyə” fəlsəfəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəlsəfəsi tarixində tədris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hikmə”nin ortaya qoyduğu məsələlər, ağılın bəzi mətləbləri birbaşa, dəlilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsaləti, kəsrətdə vəhdət prinsipi, mahiyyətin qeyri-həqiqiliyi, zaman, səbəbiyyət qanununun mahiyyəti, Vacibin isbatı və xüsusiyyətləri kimi mühüm mövzulardan ibarətdir. “Bidayətul Hikmə” kitabında fəlsəfə öyrənmək istəyənlərin ilkin mərhələdə ehtiyac duyduqları bütün mətləblər vardır. Tanınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cəhətdən yetişməklərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əvvəli” kitabı da məhz “Bidayətul Hikmə” əsərinin əsasında işlənilmiş, qəliz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır.
Müxtəlif aləmlərin mövcudiyyəti yalnız İslamın deyil, bir çox fəlsəfi, dini və elmi məktəblərin qəbul etdikləri bir həqiqətdir. Ən qədim fəlsəfi məktəblərdən olan kökləri eramızdan min illərlə əvvələ gedən yoqa təlimlərində də bu barədə bəzi fikirlər irəli sürülmüşdür. Hind fəlsəfəsində də oxşar elementləri görmək olar. Neoplatonizm və qnostisizm fəlsəfi düşüncələrində də ruh və ruhani aləmlərin çoxluğu fikirləri yer almaqdadır. Okultist təlimlərdə də müxtəlif aləmlərin mövcud olması bildirilməkdədir.
Bu kitabda insanın ölümündən sonra daxil olacağı aləmlər və orada baş verəcək hadisələr barədə çox maraqlı mövzular yer almaqdadır.
“İnsan dünyadan sonra” adlı bu kitab Əllamə Təbatəbainin “İnsan risaləsi” əsasında işlənilmişdir. Bu kitab insanın dünyadan sonrakı taleyi barəsindədir. Ölüm və onunla başlayan sonrakı həyat ayə və hədislər əsasında bəyan edilmişdir. Bu kitabda ölüm və ondan sonra baş verəcək hadisələr barədə bir çox maraqlı faktlara toxunulmuş, insanın dünya həyatından sonra keçəcəyi müxtəlif mərhələlər və onlarda insanı gözləyəcək hadisələr barədə geniş məlumat verilmişdir.
“Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır.
“İlk kitab” İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır.
“İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir.
Gördüyünüz bu kitab sizin bəla və çətinliklərə olan baxışınızı tamamilə dəyişəcək gücə sahib olan bir əsərdir. Kitab əsasən, İslam və dünya psixoloji düşüncə tərzi əsasında yazılmışdır. Oxucu kitabı mütaliə edərkən ruhunun ümid və çətinliklər qarşısında mübarizə aparmaq güc-qüvvəsi ilə necə dolduğunu hiss edəcəkdir. Bu kitab insana çətinliklərlə dolu olan həyatda düzgün yaşamağın, bəla və çətinliklərlə mübarizə aparmağın yollarını öyrədir. Eyni zamanda kitabda çətin həyat yolu keçmiş insanların həyatlarından da nümunələr gətirilmişdir. Belə şəxslərin həyatını mütaliə etmək insanın qarşısında yeni bir dünya açır. Təslim olmamaq, həyatın çətinlikləri ilə daim mübarizə aparmaq adlı bir dünya.