– Rövşən müəllim, İslam dininin bayramlara və onların qeyd edilməsinə münasibəti necədir?
– Ölkəmizdə inanclı insanların bəziləri elə fikirləşir ki, dində bayram anlayışı yoxdur və guya din birmənalı şəkildə bütün bayramları qadağan edir. Bəziləri isə düşünür ki, xeyr, dində bayram anlayışı var, amma o, yalnız Quranda və hədislərdə göstərilənlərdən ibarətdir. Yəni buna yalnız Fitr (Ramazan) və Qurban bayramını aid edirlər. Onlar hesab edirlər ki, İslam qeyri-dini bayramların heç birini qəbul eləmir...
Əvvəla, dində bayram anlayışı var. Qurani-Kərimdə göstərilir ki, İsa peyğəmbər Allahdan möcüzə olaraq süfrənin (maidənin) endirilməsini və bunun özünkülər, eləcə də özündən sonrakılar üçün bayram olmasını istəyir. (Maidə, 114) Hədislərdə də Fitr və Qurban bayramlarının olduğunu görürük. Bunlar bütün müsəlmanlar arasında bayram günü kimi qəbul olunur. Ona görə də "dində bayram yoxdur" demək mənasızdır.
Daha əsas məsələ isə İslam dininin qeyri-dini və ya başqa dinlərdən olan bayramlara yanaşmasıdır. İslamda bayramlar bir neçə kateqoriyaya bölünüb. Birincisi, bunlar dini bayramlardır, yəni Fitr və Qurban bayramları. İkincisi isə qeyri-dini bayramlardır. Amma həm Qurani-Kərimin bayramlar barəsində nazil olan ayələrinə və onların izahlarına, həm hədislərə, həm də alimlərin fətvalarına baxanda görürük ki, İslam bütün qeyri-dini nə varsa, hamısını qadağan etməyib. Lakin elə xüsusiyyətlər var ki, onlar hansı qeyri-dini bayramlarda mövcuddursa, dinimiz onu qadağan edir. Onlar dinimizdə qadağan olunmuş pis əməllərin təbliğ olunması və yayılması ilə bağlıdır. Məsələn, hardasa pivə bayramı keçirilirsə, bu, qəbul edilmir. Şərab, spirtli içki dinimizdə qadağan olunduğuna görə onunla əlaqəli bayramlar da qadağan olunur.
Elə bayramlar var ki, dini ayinlərin icrası ilə bağlıdır, lakin insanlar tərəfindən süni şəkildə yaradılıb və özündə xürafatı ehtiva edir. Dinimiz müsəlmanların o cür bayramlarda iştirakını, qeyd etməsini düzgün saymır.
Bir də var qeyri-dini olan, lakin yuxarıda qeyd edilən xüsusiyyətləri özündə daşımayan bayramlar. O cür bayramları dinimiz məqbul bilir və onların keçirilməsində dini baxımdan heç bir qəbahət yoxdur. Məsələn, Hz. Əli vilayətlərə təyin etdiyi hakimlərə xitab edərdi ki, həmin yerlərdə hansı adət-ənənələr ki, xoşdur, insanlar arasında birliyə, mehribanlığa, yardımlaşmaya səbəb olursa, onlara qarşı çıxmasınlar. Bu cür bayramlar əslində, həmin xalqların mədəniyyətinin bir hissəsidir.
– Bəs dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilən Yeni il bayramı barədə nə deyə bilərsiz?
– Yeni il bayramı hansısa haram bir şeyin yayılması, yaxud haram atributla əlaqəli bayram deyil. Bu, hansısa dinə məxsus da deyil. Bu, sadəcə təqvim dəyişikliyini göstərən bayramdır. Bəzi ölkələrdə və ya regionlarda bunun qeyd edilməsi vaxtları fərqli ola bilər. Məsələn, Avropada yanvarın 1-də, Çində fevralda, bizdə martın 21-də və s. qeyd olunur. Yəni bu bayramlar bir ilin təhvil olub yenisinin gəlməsinin qeyd edilməsi məqsədilə keçirilir. Bu baxımdan İslam dini bu bayramların qeyd edilməsində qəbahət görmür və onların insanlar arasında yaşadılmasına qarşı da çıxmır.
– Çox maraqlıdır ki, bəziləri Yeni ilin bayram kimi qeyd edilməsinə normal yanaşır, amma Şaxta Baba və yolkaya haram kimi, hətta az qala "Şeytan arabası" kimi baxır. Əslində necə olmalıdır?
– Şaxta Baba və yolka – bunlar sadəcə Yeni il bayramının atributları, rəmzləridir. Şaxta Baba kimi simvollara adətən personifikasiya deyirlər. Şaxta Baba qış əlamətidir, yolka isə təbiətdə baş verən proseslərin rəmzidir. Bizdə də bahar qız, səməni var. Bunlar təbiətdə baş verən hadisələrin əlamətlərini özündə ehtiva edən rəmzlərdir. Personifikasiya dinimizdə o zaman qadağan olunur ki, onlar haram əlamət, inanc, ibadətlə bağlı olsun. Əgər bunlar yoxdursa, dinimiz buna haram kimi baxmır və qadağan etmir, o cümlədən yolka bəzədilməsinə, səməni qoyulmasına da. Çünki müsəlmanlar küknar ağacına, səməniyə büt kimi, Şaxta Babaya isə həyatına ilahi təsir edən qüvvə baxmır. Əgər kimsə "Şaxta Baba həyatıma təsir edir", "xeyir-bərəkət ondandır", "bizə ruzi yetirir" düşünür və gələcəkdə ondan nəsə gözləyirsə, o zaman Şaxta Baba həmin şəxs üçün harama çevrilir. Eləcə də uşaqlara Şaxta Babadan hədiyyə gözləməyi, onun möcüzə yarada biləcəyinə inanmağı təlqin etmək də doğru deyil. Şaxta Babaya nağıl, əyləncə personajı kimi yanaşılmalıdır. Əgər Şaxta Babaya yanaşmada inanc yoxdursa, ona sadəcə atribut, əyləncə kimi yanaşılırsa, o zaman dinimizə görə burda haramlıq heç nə yoxdur.
Bizdə Novruz bayramında tonqalın üstündən tullanırlar. Atəşpərsətlik dövründə bu o inancla edilirdi ki, guya tonqaldakı alov onun həyatında təsir qoya, şər qüvvələri, pislikləri ondan uzaqlaşdıra bilir. Yəni burda bir inanc vardı. Ona görə də İslama əsasən, haram və qadağandır. Ancaq bayramda tonqala sadəcə əyləncə, rəngarənglik, xalq folkloru, mədəniyyətin bir hissəsi kimi yanaşırıqsa və ondan heç nə ummuruqsa, o zaman bunda heç bir haramlıq yoxdur və dinimiz də bunu qadağan etmir.
Əksinə, o bayramlar ki, insanlar arasında birliyə, mehribanlığa, qohumlar arasında əlaqələrin yaxşılaşmasına kömək edirsə, ailələr ağsaqqal-ağbirçəklərin ətrafına yığışırsa, bir-birinə hədiyyə verirlərsə, yoxsullara, kimsəsizlərə yardım olunursa, dinimiz onların yaşadılmasını tövsiyə edir.
– İnsan istər bayramlarda, istərsə də digər, xüsusən də qeyri-dini məsələlərdə onu narahat edən məqamlarla bağlı nəyi rəhbər tutmalı, nəyə əsaslanmalıdır? İslam dini bu baxımdan bizə nəyi tövsiyə edir?
– Bəziləri belə düşünür ki, İslam qeyri-dini nə varsa, hamısına pis yanaşır və İslam ortaya çıxmaqla qeyri-dini nə varsa, hamısını ləğv və qadağan edib. Həqiqətdə isə belə deyil. İslam allahsızlığı, çoxallahlılığı, cinayəti, əxlaqsızlığı, düşkün, tufeyli, insanlara ziyan vura bilən həyat tərzini təbliğ edən, aşılayan şeylərə qarşıdır, insanlara fayda verən, onların sevincinə səbəb olan şeylərə yox. Elə şeylər var ki, onunla bağlı dini hökmləri gözləməyə də ehtiyac yoxdur. Məsələn, spirtli içki. Əgər o insanın sağlamlığı üçün ziyandırsa və pis, mənfi nəticələrə gətirib çıxarırsa, deməli onun içilməsi yaxşı şey deyil. Bayramlar, adət-ənənələr də elədir. Mütləq deyil ki, onların adları bir-bir Quranda, hədislərdə göstərilsin. Ağıl, düşüncə bəs edər ki, onların mahiyyətini anlayıb düzgün qərar vermək mümkün olsun. İslam dini insanları dönə-dönə məhz düşüncəyə dəvət edir.
Hədislərdə maraqlı bir məqam var. Deyilir ki, Allahın insanlara verdiyi iki dəlil var. Biri daxili peyğəmbərdir, digəri xarici. Xarici peyğəmbər Allahın insanlara göndərdiyi eçlilərdir. Məsələn, Hz.İsa, Hz.Musa, Hz. Məhəmməd (s.ə.a.s). Daxili peyğəmbər isə ağıldır. Allah hər ikisini insan üçün qüvvədə hesab edir. Əgər insanı narahat edən məsələ varsa və konkret onunla bağlı peyğəmbərlərin fikirləri, əlində şəriət hökmü yoxdursa, o zaman ağlını işə salmalıdır. Düşünən, ağıllı, vicdanlı insan mütləq düzgün nəticələrə gəlib çıxacaq.
İlkin İzzət
Milli.Az