Qədimdə kelt qəbiləsindən olan bir qoca kişi vardı. Ömrü cənglərdə keçmiş bu şücaətli, sərt təbiətli, qaraqabaq keltin həyatda özü kimi qoca keçisindən başqa heç kimi qalmamışdı. Keçi onun qulaq yoldaşına çevrilmişdi. Bütün mehrini keçiyə salmışdı, səhərlər otlağa aparanda ona uzun-uzadı keçmiş günlərindən, döyüşdə göstərdiyi qəhrəmanlıqlardan danışır, gecələr də öz komasında yatırdırdı.
Bu minvalla bir müddət də keçdi, daha nə keçinin, nə də qocanın otlağa getməyə heyi qalmamışdı. Bir gün qonşuluqda yaşayan cavan bir araba təzə ot gətirib qocanın qapısına boşaltdı. Həyatı boyu yalnız öz əlinin zəhməti ilə dolanmış, heç kəsdən heç nə götürməmiş qoca əvvəlcə çox pərt oldu, bu bəxşişi qəbul etmək istəmədi. Ağzını açıb etiraz etmək istəyirdi ki, burnuna təzə ot ətri dəymiş keçinin heysiz mələrtisini eşitdi. Arxaya çönəndə gözü qapının ağzında uzanmış, acından can verməkdə olan heyvanın iri gözlərinə sataşdı. Çox bağlanmış olduğu, həmdəminə çevrilmiş keçiyə görə ömründə ilk dəfə adətini pozdu, başını aşağı salıb oğlana təşəkkür etdi. O gündən cavan oğlan ara-sıra qoca qonşusunun qapısına təzə ot gətirib tökməyə başladı.
Keçi bu payı böyük zövq və rahatlıqla həzm etsə də, qoca haqqında bunu demək olmazdı. İlk dəfə düşdüyü bu durumda necə davranmalı olduğunu bilmirdi. Hər dəfə cavanın evinin qarşısından keçəndə qəribə hisslər onu bürüyürdü. Onu görəndə heç vaxt göstərmədiyi mütiliklə salamlaşır, oğlan çevrilib getməmiş aralanmağa cürət etmirdi. Cavan oğlan onunla bir az etinasız davrananda narahat olur, “görəsən, nə vaxt xətrinə dəydim” deyə götür-qoy edirdi. Oğlan əvvəlki tək üzünə təbəssüm etməyənə qədər nigarançılığı aradan getmir, fikirli gəzib-dolaşırdı. Məbədə yolu düşməyən qoca artıq hər bazar ertəsi məbədə gedib başqalarının eşidəcəyi tərzdə oğlan üçün ucadan dualar edirdi. Oğlan yaşlıların əyləşib söhbət etdikləri yerdən keçəndə qoca kelt qeyri-ixtiyari ayağa qalxıb onu birinci salamlayırdı. Hər dəfə bu cür şəninə yaraşmayan hərəkətlər etməyəcəyinə söz versə də, yenə də özü ilə bacara bilmirdi. Əvvəlki vüqarlı, izzətli qocadan əsər-əlamət qalmamışdı.
Oğlan artıq onu adı ilə çağırır, bəzi xırda işlərə buyururdu. Heç vaxt heç kəsin qarşısında əyilməmiş qocanın ürəyindən qara qanlar axsa da, dilinə qıfıl asılmış kimi dinməz-söyləməz onun buyruqlarını yerinə yetirirdi.
Qoca onu sındıran şeyin bir qucaq yumşaq ot olduğunu anlayırdı. Bir-iki gün qapıya qoyulmuş ota toxunmasa da, ac keçinin çığırtısı qoca qəlbini lərzəyə gətirdi. Yenə də dözə bilməyib bir qucaq ot gətirərək keçinin qənşərinə qoydu. Keçi tənbəl-tənbəl gövşədikcə qoca da çömbəlib ona tamaşa edirdi. Bu boyunduruqdan asanlıqla azad ola bilməyəcəyini anlamışdı.
Bir gün keltlərin məskəninə Müqəddəs Patrik gəlib çıxdı. Bu kiçik kelt kəndində qonaq olduğu qısa müddətdə hamının qəlbini fəth etmiş bu şəxs o vaxta qədər bütpərəst olan tayfanı İsa Məsihin gətirdiyi ilahi dinə dəvət etməyə başladı. Qədim kelt kəndi yeni dinin gözəlliyini görüb çox da müqavimət göstərmədi. Yeni dini qəbul etmək üçün nə etməli olduqlarını soruşdular. Müqəddəs Patrik dedi:
– Çox sadə, hər kəs bir qurban kəsməklə bir olan Tanrıya yönəldiyini göstərməlidir.
– Bu qurbanın əlamətləri varmı, necə bir qurban seçməliyik?
– Sizə özünüz kimi olmağa imkan verməyən, özünüz kimi insanların nökərinə çevirən, fikir-zikrini şiddətli məşğul edən, pərvaz edib uçmağınıza mane olan nədirsə, onu qurban veməlisiniz.
Təyin olunmuş gündə hərə bir şeylə qurbangaha üz tutdu. Biri içki çəlləyindən, biri mülkündən, digəri qızıl kisələrindən əl götürmüşdü. Qoca kelt yenə keçisinin qənşərində dinməzcə oturmuşdu. Anlayırdı ki, onun qurbanı bu qoca keçidir. Onu qurban verməyənə qədər azad ola bilməyəcək. Bunu anlasa da, keçiyə qıymağa əlləri gəlmirdi. Bu zaman burnuna tüstü qoxusu gəldi. Başını qaldırdı, tüstü gələn tərəfə boylandı. Uzaqdakı təpənin yamacında cavan oğlan öz otlaq sahəsinə od vurmuşdu. O, öz qurbanını seçmişdi.
O qurbanı kəs və azad ol.