İndiki məqamda ən böyük təxribat xalqın özünə olan inamını sarsıtmaqdır. Bu, ölkələrin bir-birinə qarşı apardığı psixoloji müharibələrin taktikasıdır. Xalqı hərbçiləri barədə şəkkə salmaq, mənəvi dəyərləri ilə, əsas da bir-biri ilə üz-üzə qoymaqdır. Düşmənin təxribat maşını var gücü ilə işləyir. Ruhdan salan, təxribat xarakterli sözlərə diqqət etməyək. Belə həssas dönəmdə bu, çox önəmlidir.
Düşmənin xüsusi xidmət orqanlarının çoxdankı işidir: insanlarımızın əzmini sındırmaq üçün şayiələr yaymaq, ixtilaf salmaq, insanları məyus etmək.
Əgər bir xalq düşünsə ki, içərisi xainlərlə doludur, hərbçiləri qorxaqdırlar, igidləri yoxdur, özləri də çarəsizdirlər, pisləri yaxşılarından çoxdur, o zaman əlləri soyuyacaq, düşmənə qarşı mübarizə aparmağa taqətləri olmayacaq. Əgər bir xalq ümidini itirsə, səylərinin faydasız olduğunu düşünsə, ruhdan düşəcək.
Bizim xalq həmişə mərd, cəsur və qeyrətli xalq olub, təklənsək belə, sınmamışıq – buna tarixi şahidlik edir. Bizə Allahımız və özümüz bəsik. Yetər ki, bir olaq, yumruq olaq.