Efiopiya aeroportunda miqrasiya polisi ilə aramızda ciddi bir problem yaşandı. Pasportlarımızı əlimizdən aldılar, orada gecələməli olduq. Səhəri gün bizi ölkədən çıxarırdılar. Məcbur qaldıq başqa bir Afrika ölkəsinə uçaq. Miqrasiya şöbəsində bizimlə birgə Amerikadan olan bir vətəndaşın da problemi var idi. Adam miqrasiya şöbəsinin bütün məsul işçilərini, polisləri, qarşısındakı aeroport işçisi olan xanımı ingilis dilində ən pis söyüşlərlə söyürdü, Amerika səfirliyinə şikayətlə hədələyirdi. Hamı da onun nazı ilə oynayırdı. Bizə göstərmədikləri hörməti və diqqəti ona edirdilər. Qısa zamanda problemini həll edib yola saldılar. Bizi isə heç dinləmək belə istəmədilər, pasportlarımızı təhvil verib Hind okeanında bir adaya ˝sürgün˝ etdilər. Heç orada da üzümüzə xoş baxmadılar, başqa bir problemlə qarşılaşdıq. Bir gün də orada miqrasiyada ac-susuz saxladılar.
Bəzi ölkələrin dünya səviyyəsində böyük hegemonluğu və nüfuzu var. Onların vətəndaşları hər yerdə bundan istifadə edirlər. Elə ölkələrin vətəndaşı olmaq çox rahatdır, ölkənin adı onlar üçün bir zirehdir. Bəzi ölkələrin isə, məlumdur ki, Amerika, İngiltərə, Kanada, İsveçrə və s. kimi nüfuzu yoxdur. Sadə ölkələrin vətəndaşları o avtoritet ölkələrin vətəndaşları kimi bir çox ölkələrdə vizasız keçid hüququna, müəyyən imtiyazlara da malik deyil. Məhz belə ölkələrin vətəndaşlarından böyük igidlik və vətənpərvərlik tələb olunur ki, hər yerdə fəxrlə öz ölkələrinin adını dilinə gətirsinlər, utanmadan, cəsarətlə öz ölkələrini müdafiə etsinlər.
Mən xaricdə yaşayan elə adamlar görmüşəm ki, özlərinin azərbaycanlı köklərini gizlədirlər. Anası, yaxud da ana tərəfdən uzaq qohumları filan xarici ölkədəndir, Azərbaycanla birbaşa bağlılığını qoyub, özünü yeddi arxa dönənində olan nənəsinin millətinə mənsub edir. Elə insanlara sadəcə acıyıram. Ölkən dünyada tanınandan sonra özünü ona mənsub etmək istəyənlər çox olacaq, sən indidən ölkənin tanınması üçün bir iş gör. Özünü üstün sayılan hansısa xalqa, ölkəyə yamamaq insana başucalığı gətirməyəcək, sadəcə şəxsiyyətini alçaldacaq. İnsan valideynlərini seçmədiyi kimi, mənsub olduğu ölkəni də seçmir. Özünü kimlərəsə yamamaq valideynindən utanmaq kimi bir şeydir.
Bizim vətənimiz Azərbaycandır. Heç kəs mükəmməl deyil, hamıda olduğu kimi hansısa qüsurlarımız, problemlərimiz ola bilər. Ancaq bu, vətənindən utanmaq üçün səbəb ola bilməz. Əsl igidlik odur ki, mənsubiyyətini, aid olduğun nəsnələri uca tutasan və daha da ucaltmaq üçün yaşayasan.