İnsanların həqiqi mahiyyəti dar gündə aşkar olur. Artıq neçənci dəfədir ki, Vətənin dar günündə xalqımız bütün sıxıntıları, fikir ayrılıqlarını bir anda unudub möhtəşəm vəhdət nümayiş etdirir. İnsanın ürəyi qürurla dolur. Ölkədən kənarda da bir çox soydaşlarımızın, iş adamlarının, ziyalılarımızın dəstəyini görürsən.
Bu tarixi günlərdə xaricdəki soydaşlarımızın daha güclü, hərtərəfli dəstəyi, ruh yüksəkliyi nümayiş etdirməsi, indiki durumda informasiya müharibəsində fəal iştirak etməklə erməni azğınlığını qınamaları lazımdır. Xüsusən də, böyük auditoriyaları, ictimai nüfuzları, vəzifəsi olan soydaşlarımız. Həqiqi azərbaycanlı hər yerdə özü kimi olmalıdır, mühitdən mühitə simasını dəyişməməli, maddi mənfəəti öz milli kimliyindən önə çəkməməli, torpağı üçün heç nədən qorxmamalıdır.
İgidlərimiz burada ön cəbhədə qanları, canları ilə vətəni qoruyur, bəzi ˝igid˝lər rahat, komfortlu evlərdə klaviatura arxasında da bir qəhrəmanlıq edə bilmirlər. Çox təəssüf edirəm onların hallarına. Necə ola bilər ki, içindən çıxdığın xalqa ürəyin yanmaya, köklərinə sadiq olmayasan. Belə tör-töküntülər həmişə olub, olacaq. Belə gündə dost-düşmən tanınır. Belə gündə bizi tək qoyanlar, ən azı bir quru sözlə xalqın yanında olmayanlar bizdən deyil. Gərək, xalqımız onları tanısın. Ən mühümü isə odur ki, bütün bu çətinliklər bitəndən sonra kimin kim olduğunu unutmayaq.
Xaricdə yaşayan soydaşlarımızdan Vətənə dayaq olanlar, bəlkə də, necə böyük qəhrəmanlıq etdiklərinin fərqində deyillər. Onların nümayiş etdirdikləri həmrəylik düşmənə gözdağıdır. Dost da, düşmən də anlasın ki, vətən eşqi bu xalqı bir an içində vahid bir vücuda çevirə bilər. Bu həmrəyliyin qarşısında heç bir düşmən tab gətirə bilməz.