Bir gün müharibənin odu-alovu səngiyəcək. Ermənilərlə hansısa müstəvilərdə üzləşməli olacağıq, bəlkə, get-gəlimiz də olacaq. Ermənilərin bizdən çox mühüm bir üstünlüyü var – biz unutqan xalqıq. Tarixi həmişə unuduruq, sonra da ehtiyatı əldən verib düşməni ocağımızın başına buraxırıq. Düşmən isə heç zaman unutmur. Bizə olan nifrətləri onların idealogiyasını təşkil edir.
Bu dəfə baş verənləri gərək yaddaşımıza qazıyaq. Gəncədə, Tərtərdə, Şuşada vandalizmə məruz qalmış, günahsız dinc sakinlərin, körpələrin məzarına çevrilmiş bəzi tikililəri olduğu kimi saxlayaq. İşğaldan azad edəcəyimiz torpaqlarda soyqırım törədilmiş yerlərdə muzeylər yaradaq.
Mən belə yerləri Bosniyada görmüşəm. Serblərin müsəlman bosniyalıları doldurub kütləvi qırdıqları zavodu, içindəkilərlə birgə yandırdıqları evləri olduğu kimi saxlayıblar. Srebrenitsa şəhərində soyqırım törədilmiş yerdə indi muzey fəaliyyət göstərir. Sarayevoda bəzi binalarda güllə izləri qalır.
Belə etsək, gələcək nəsillərə əyani dəlil ötürmüş olarıq. Qoy gələcək nəsillər bizim səhvimizi təkrar etməsinlər. İtlə yoldaşlıq etsələr də, çomağı əldən qoymasınlar.