Bu məqaləni yazmamışdan əvvəl uzun müddət idi ki, bəzi insanların birdən-birə düşüncələrini tamamilə dəyişərək zombiləşməsinin səbəbləri üzərində araşdırma aparırdım. Bilmək istəyirdim ki, görəsən, necə olur ki, psixi cəhətdən tam sağlam olan (hətta intellektual səviyyəsi yüksək olan ali təhsilli) bəzi şəxslər müəyyən qruplar tərəfindən rahatlıqla manipulyasiya edilirlər. Baxıb görürsən ki, belələri rahat bir şəkildə öz ilkin dünyagörüşlərinə tamamilə zidd gələn ideologiyanı qəbul ediblər. Hətta bundan sonra radikal-fanatik hərəkatın, yanlış ideologiyanın (istər dini, istərsə də qeyri-dini olsun) təbliğatçısına belə çevriliblər.
Yaxud da görürsən ki, bir şəxs hər hansı bir cəmə daxil olduqdan sonra yanlış yol ilə gedir, cinayət işləri ilə məşğul olur. Səhv etdiyi açıq-aşkar bilindiyi halda heç kəsin nəsihətlərinə qulaq asmır və özünü tamamilə düz hesab edir.
Belə hallarda, adətən, deyirlər: ˝Onun beyni yuyulub. Düşüncəsi dəyişilib. Psixologiyası silinib. Kodlaşdırılıb. Zombi olub. Robota çeviriblər. İradəsi əlindən alınıb və kənardan idarə olunur˝.
Bütün bu ifadələri ˝beynin yuyulması˝ ilə ifadə edirlər. Bu təbir özündə deyilən bütün bu sözləri ehtiva edir.
˝Beynin yuyulması˝ ifadəsi düşüncənin idarə olunması, köklü surətdə dəyişilməsi və məcburi olaraq başqa ideologiyaya inandırmaq mənalarını daşıyır. Bu proses ilə şəxsin və ya kütlənin düşüncələri, etiqadları və davranışları öz istəklərinə əks olaraq əsaslı surətdə dəyişdirilir. Nəticədə onlar digərlərinin istəklərini həyata keçirməkdə bir alət rolunu oynayırlar.
Beynin yuyulması prosesini anlamaq üçün ilk növbədə şüurun idarə və manipulyasiya olunmasının elmi modellərini axtarıb tapmaq lazımdır. Bunu anlasaq, radikal dini və ya qeyri-dini qrupların, idman, musiqi fan-klubların nümayəndələrinin, bəzi cəmiyyətlərin fərdlərinin düşüncələrinin fundamental dəyişə bilmələrinin səbəblərini başa düşəcəyik.
˝BEYİNYUMA˝ BİR İFADƏ OLARAQ NƏ ZAMANDAN YARANIB
Bu ifadənin yaranması XX əsrin I yarısına təsadüf edir. Ancaq o zamanlar hələ beynin yuyulmasının sistemləşdirilmiş metodları işlənilməmişdi. Bu ifadə XX əsrin ortalarında Çində ölkə daxilində öz müxaliflərinə və bir də hərbi əsirlərə nisbətdə onların düşüncələrində dəyişiklik etmələri ilə əlaqəli işlədilirdi. Çin dilində də buna ˝hsi nao˝, məhz beyinlərin yuyulması deyilirdi. Həmçinin ABŞ-da da Çin komunistlərinin xarici hərbi əsirlərə nisbətdə tətbiq etdikləri bu davranışlarına belə deyirdilər.
Robert Lifton bu təbiri ilk dəfə amerikalı jurnalist Edvard Hanter tərəfindən işlədildiyini yazır.[1] Edvar Hanter bu ifadəni çinlilərin Çin komunist partiyasının ölkədə tətbiq etdikləri bu metodlar barədə işlətdikləri kəlmədən sitat olaraq gətirirdi.
Daha sonra isə ˝beyinlərin yuyulması˝ ifadəsi ümumiləşdi və hər növ düşüncəni, ideologiyanı məcburi olaraq köklü surətdə dəyişmə cəhdlərinə şamil edilməyə başlanıldı. Günümüzdə, bu təbir, həmçinin hər növ siyasi, ictimai və ideoloji (istər dini olsun, istərsə də qeyri-dini) zəmində aparılan düşüncəyə təsir edən təbliğata aid edilir.
Çin komunistlərinin bu beyin yumaları nəticəsində əsir düşmüş bəzi hərbiçilər, hətta öz ölkələrinə qayıtdıqdan sonra belə ölkələrinin əleyhinə, Çinin isə xeyrinə təbliğatlar aparırdılar.
1954-cü ildə Honkonqa gələn psixiatr Robert Liftonun da araşdırması məhz bunun səbəbini tapmaqdan ibarət idi. O, sonradan bütün araşdırmalarının nəticələrini əsərlərində yazır.
Beyin yuyulması metodları tarix boyu bir çox sektalarda, dini qruplarda, qapalı cəmiyyətlərdə və diktator dövlətlərində olmuşdur. Sadəcə olaraq, onlar bunun psixoloji işləmə mexanizmlərini bilmədən tətbiq edirdilər. Tarix boyu bu metodları bəziləri nəticələrini ümumi olaraq bildikləri halda, bəziləri isə bilməyərəkdən digərlərinə yönəldirdilər. XX əsrin ortalarından sonra isə bu təsirlərin işləmə mexanizmi araşdırılmağa, beyin yumanın daha dəqiq metodları müəyyən edilməyə başlanıldı.
BEYİNYUYULMASI HALINI DAHA ÇOX HARADA MÜŞAHİDƏ EDİRİK
Beynin yuyulması metodunun tətbiq olunduğu sahələr çox genişdir. Totalitar rejim olan bütün qapalı sahələri əhatə edir. Bura dini sektalar, qeyri-dini dəstələr, kriminal cinayətkar birləşmələr, hər hansı bir cəmiyyət, ölkə, siyasi qruplar, ictimai təşkilatlar, hərbi düşərgələr, həbs düşərgələri, həbsxanalar, müxtəlif rejimlər və hər hansı bir qruplaşmaya nümunə olan cəmlər daxildir. Qeyd etdiyimiz bütün bu yerlərdə beynin yuyulması, zombiləşmə, fərdin iradəsinin və zehni təhlilinin iflic olması kimi totalitarizm psixologiyasının təzahürü müşahidə edilməkdədir.
Dünya psixologiyasında totalitar dəstələrin[2] fərdlərin şüurlarına və psixologiyalarına destruktiv təsir etməsinin bir neçə modeli işlənilmişdir. Hanna Arendtin, Erix Frommun əsərlərində, Edvard Hanterin fikirlərində, Amerika psixoterapevti Robert Cey Liftonun totalitarizm psixologiyasında yazdığı kitablarda, Edqar Şeynin və XX əsrin II yarısında bu sahədə fəaliyyət göstərmiş bəzi araşdırmaçıların əsərlərində mövzu ilə bağlı maraqlı mətləblər vardır.
DÜŞÜNCƏNİN KÖKLÜ DƏYİŞİLMƏSİNƏ SƏBƏB OLAN AMİLLƏR
İnsanın düşüncəsinin başqasının istədiyi kimi formalaşdırılması, yaxud da ilkin düşüncəsinin köklü surətdə dəyişdirilməsi üçün bəzi metodlardan istifadə edilir.
1) İnformasiya blokadası:
İnsanların düzgün fikir yürütmələri və düzgün nəticə çıxartmaları üçün ilk növbədə lazım olan vasitə məlumatdır. İnsan müxtəlif bir-birinə zidd məlumatları eşidir və onları bir-birilə müqayisə edir. Ağlı ilə düz gələnini seçir. İnformasiya bizim beynimizin qidasıdır. Aydındır ki, zehni qidaya görə də insanın düşüncəsi, hisləri, nəticədə də davranışları formalaşır.
Totalitar strukturlarda beynin yuyulması üçün ilk növbədə onların təbliğlərinə əks olan informasiyanın qarşısını ciddi surətdə alırlar. Bu cür informasiya blokadası səbəb olur ki, şəxs yalnız bir mənbədən qidalansın. Bir müddət zərərli qida alan insanın sonunda da xəstələnməyi təbiidir. Daim eyni formalı məlumatı alan insanın başqa cür düşünməyə imkanı yoxdur. Çünki beyin ona verilən məlumatlarla düşünür.
Bəzi dini sektalarda görürsən ki, yalnız öz etiqadlarına aid ədəbiyyatları oxuyurlar. Fikirlərinə əks olan ədəbiyyatların mütaliəsini qəti surətdə qadağan edirlər. Əgər bir məktəb öz yolunun düzlüyünə tam əmindirsə, aydındır ki, o, digər yanlış bildiyi fikirlərə də açıq olacaqdır.
Bəzi ölkələrdə də kütlələrin düşüncələrini dəyişmək və rejimin onlar istədiyi kimi idarə olunması üçün də hər növ kənar informasiyanın sızmasına qadağa qoyulur. Facebook kimi sosial şəbəkələrə, youtub kimi müxtəlif fikirlərin olduğu kanallara çıxışı tam qadağan edirlər. Cəmiyyətin kənar ölkələrlə əlaqəsini kəsirlər.
2) Ağılın blok edilməsi:
Ağıl yaradılışdan insana verilmiş çox qeyri-adi xüsusiyyətə malik bir qüvvədir. O, məsələləri dərindən təhlil etmə, müqayisə aparma, yeni nəticə çıxartma, pisi yaxşıdan ayıra bilmə qüdrətinə malikdir. İnsanlıq əldə etdiyi bütün maddi-mənəvi nailiyyətlərinə yalnız bu qeyri-adi qüvvənin səbəbilə çatmışdır.
Belə məqamlarda ağılın fəaliyyətini dayandırmaq ən geniş yayılmış yanaşmalardandır. Bu qruplar ağılı zərərsizləşdirmək üçün ona olan etimadı sıfıra endirirlər. Onun yerinə təqlid, iman[3], rəhbərə etimad anlayışlarını gətirirlər.
Bunun üçün müxtəlif təbliğatlardan istifadə edirlər. Məsələn, radikal dini sektalarda ˝din ağıl ilə dərk edilməz˝, ˝ağıl yalnız dünyəvi işlərdə keçərlidir˝, ˝rəhbərlərimizin hökmlərini, fətvalarını hər nə olursa olsun sözsüz qəbul etməlisiniz˝, ˝ağıl çox qüsurludur˝ kimi fikirlər yayırlar. Bu fikirləri möhkəmləndirmək üçün də münasib bildikləri ayə və hədisləri də yanlış mənada, istədikləri kimi yozmaqdan çəkinmirlər.
Bu cür dini sektalar çərçivəsində üzvlərinə uzun müddət psixoloji təlqinlər edilir. Onlara sektanın qərarlarının və tutduğu yolun düzlüyü barəsində şəkk etməməkləri aşılanılır. Əqli təhlil kimi vəzifəni onların üzərindən götürüb dini sektanın rəhbərinin üzərinə qoyurlar. Fərdin iradəsi rəhbərin iradəsinə tabe edilir. İnsan sekta tərəfindən onun üzərinə qoyulmuş şablon əsasında düşünür və hərəkət edir.
Ağıl blok ediləndən sonra məntiqi təhlil və düzgün nəticə çıxartma qabiliyyəti ölür. Bu insanı baş verənlər barədə ən absurd və gülməli izahlar belə qane edir. Belə birinə səhv yolda olduğunu ən güclü məntiqi dəlillərlə izah etsəniz belə, o, sektanın rəhbərinin, yaxud da aid olduğu cəmiyyətin liderinin verdiyi ən bəsit və məntiqsiz izaha daha çox etimad edəcəkdir.
Dini fanatizm, totalitar rejimlər də məhz belə yaranır. Bundan sonra beləsinin əlinə bomba versən, özü ilə birgə istədiyin yeri partlatmağa hazırdır.
3) Mistik formada izah:
Mistika, qeyb, məxfilik insan psixologiyasını xüsusi formada böyük təsir altına salır. Buna görə də beyin yuyulmalarında fəaliyyətin, tutduqları yolun və ya ideologiyalarının mistik izahından çox istifadə edirlər. Bəzən də başlarına gələn hadisələri (özlərinin təsdiqinə uyğun olaraq) fövqəladə qüvvələrlə izah edirlər. Onlara görə, bu fövqəladə qüvvələr heç bir qanuna tabe deyil və onların bütün işlərinə nəzarət edir. Onlar da məhz bu qüvvələrin göstərişi ilə hərəkət edirlər.
Belə qruplar etdikləri işlərə mistik izah axtarmağa çalışırlar. Bununla işlərinə bir məxfilik gətirirlər. Sanki müqəddəsləşdirirlər. Məsələn, buddist sektaları özlərinə aid olan qida qəbulunu (hansı qidanı yeyib, hansını yeməməyi) müxtəlif mistik izahlarla bəyan edirlər. Bəzi ifrat millətçi qruplar öz mənsub olduqları millətin digərlərindən üstünlüyünə dair yaradılış və təbiət ilə əlaqəli bəzi ecazkar izahlar verirlər. Bununla da özlərinin millətlərə ayırıcı yanaşmalarına bəraət qazandırmağa çalışırlar.
Aydındır ki, bu cür izah həm əlavə sualların, iradların qarşısını alacaq, insanı sözsüz itaətə sövq edəcəkdir, həm də idarə olunan şəxs artıq bu işlərə tənqid gözü ilə baxa bilməyəcəkdir.
İstənilən totalitar rejimdə, sektalarda (istər dünyəvi, istərsə də dini olsun) bu mistiklik hər hansı bir formada vardır.
Mistik formada izah əsasında manipulyasının beyin yuma prosesində çox mühüm yer tutduğunu Robert Lifton kimi əksər araşdırmaçılar öz kitablarında qeyd etməkdədirlər.
Elə buna görədir ki, araşdırmaçılar dini və milli hislərə əsaslanan metodların zombiləşmə prosesində xüsusi effektə malik olduğunu qeyd edirlər.
Bir məsələni də qeyd edək ki, həqiqi ilahi təlimlər insanı yalnız sülhə, sazişə, ədalətə və əfvə çağırır. Məsələləri əqli cəhətdən təhlil etməyi, gözəl əxlaq və gözəl davranış sahibi olmağı təbliğ edir. Sadəcə olaraq, çox təəssüflər olsun ki, bəzən insanlarla manipulyasiya etməkdən ötrü onların etiqadlarından sui-istifadə edilir. İnsanlara ilahi təlimlər olduğu kimi çatdırılsaydı, onlarda zombiləşmə prosesi də, təbii ki, getməzdi.
4) Xarizmatik şəxsiyyətlərin yaradılması və ilahiləşdirmə:
Hər hansı bir ideologiyanın, manipulyasiya edən institutun, dəstənin mütləqdir ki, nümunə göstərilən şəxsiyyətləri olsun. Bu şəxsiyyətlər hazırda sağ da ola bilər, keçmişdə də yaşamış ola bilərlər. Əsas bunun olmasıdır.
Bu məqsədlə totalitar rejimlərdə bəzən belə şəxsləri uydururlar. Bəzən isə mövcud olan şəxsiyyətlərə həqiqətlə uyğun olmayan mübaliğəli üstünlüklər nisbət verirlər. Onların qəhrəmanlıqlarını, ideologiyalarına olan sadiqliklərini və başqa üstün xüsusiyyətlərini əks etdirən miflər yaradırlar.
Bəzən isə tanınmış bir şəxsin özlərindən olduğunu, onlar kimi düşündüyünü təqdim edirlər. Əslində isə o şəxsin bunlarla heç bir rabitəsi yoxdur.
Bunun həm dini, həm də qeyri-dini birləşmələrdə şahidi oluruq. Dində bəzi səhabələrə, bəzi yüksək məqamlı dini şəxsiyyətlərə, qeyri-dini hallarda isə tarixi şəxsiyyətlərə nisbətdə bu halı görürük.
Bu qruplara öz rəhbərlərini bir çox hallarda ilahiləşdirmə, yaxud da hansısa ilahi bir varlığın nümayəndəsi olduğunu irəli sürmə halları xasdır.
Bir məsələni də qeyd edək ki, aləmdə qeyri-maddi qüvvələrin mövcudiyyəti, peyğəmbərlər kimi Allah tərəfindən göndərilmiş müqəddəslərin olması danılmaz bir həqiqətdir. Ancaq bu sektalar adi insan olan öz rəhbərlərini müqəddəsləşdirir, az qala peyğəmbərlərə xas olan xüsusiyyətləri onlara nisbət verirlər. Rəhbərlərinin bu müqəddəs şəxslərdə olan səlahiyyətə, qeyri-adi ilahi qüdrətə malik olduğunu aşılayırlar.
Rəhbərini müqəddəs bilən şəxs ona sözsüz qulaq asacaq, öz ağlı ilə gəldiyi nəticələrə qətiyyən etimad etməyəcəkdir.
Hər hansı bir manipulyasiya edən institut və ya şəxs ətrafında yaradılan mistik aura bəzən dini və ilahi olmaya da bilir. Məsələn, SSR-də partiyanın, yaxud Lenin, Stalin kimi şəxslərin, faşist almaniyasında Hitlerin barəsində yaradılan mistiklik kimi. Onlar ilahiləşdirilsələr də belə bu, tamam başqa formatda edilirdi. SSR-i ilahi anlayışlara zidd çıxsa da, kommunist partiyası və onun liderləri ətrafında yaratdığı aura məhz müqəddəslik, qeyri-adilik, peyğəmbərlik və ilahilik anlayışlarına yaxın idi. Belə qeyri-dini qruplar öz liderləri və ya partiyaları haqda onların tarix, tale tərəfindən seçildiklərini, hər şeydə düz hökm verdiklərini, xətadan uzaq olduqlarını, onlara sözsüz itaətin lazım olduğunu deyirlər. Bu anlayışlar (başqa cür ifadə olunsa da belə) eynilə dində də vardır.
5) Tənqidi düşüncənin qadağası:
Onlar tənqidi düşüncəni kökündən qadağan edirlər. Fundamental mövzular olaraq qəbul etdikləri məsələlər toxunulmazdır. Bu barədə əks fikir qəbuledilməzdir. Tabu olaraq təqdim olunan qadağalar barədə tənqidi formada düşünmək belə olmaz.
Hər hansı diktator rejimdə, radikal sektaların daxilində günah, qadağa, tabu adı ilə təbliğ olunan yanlış mövzular barədə təhlil etmək qabiliyyəti insandan alınır. O, bu barədə tənqidi düşünə bilmir. O, tabe olduğu dəstənin və ya rəhbərin psixoloji qanunları əsasında düşünməyə və hərəkət etməyə başlayır. Ona görə də rəhbərinin, kumirinin və insandan ibarət olan hər hansı digər bütünün sözlərinə, hərəkətlərinə tənqidi yanaşa bilmir. Belə ki, bu tip insanlar özlərinin zombi fəaliyyətini dərk edə bilmirlər.
Bu cür kumirlər dini şəxsiyyət, ədəbiyyat sahəsində hər hansı bir yazıçı, orator, ölkə başçısı, dəstə başçısı, musiqi ifaçısı, müəllim, ailə başçısı, ictimai xadim və sairə ola bilər.
6) Pis və yaxşıya kəskin bölgü:
Hər hansı bir qrupun dünyanı pis və yaxşı (dost-düşmən, təmiz-mundar, xeyir-şər, ağ-qara, zülmət-nur) olaraq ikiyə bölməsi psixoloji olaraq böyük dəyişikliklərə yol aça bilər. Totalitar sektalara görə, hər kəs onların qrupundadır, onlar müsbət anlayışa aiddirlər. Onlardan qeyriləri isə pis və mundardırlar. Üçüncü yol, onlara görə, mümkün deyil. Neytral anlayış onlarda yoxdur.
Bu cür bölgünün tarix boyu müxtəlif formada bəyanını görmək olar: ˝Bizim iqtidar yaxşı, müxaliflərimiz pisdir˝, ˝bizim məzhəb haqq, digərləri isə tamamilə batildir”, ˝partiyamız düzgün, digər partiyalar isə azğındır”, ˝bizim fikrimiz əla, digər fikirlər isə mütləq olaraq səhvdir˝, ˝bizim cəmiyyət, bizim ölkə, bizim irq, bizim xalq ən ali, digərləri isə bizim nökərlərimizdir, aşağıdırlar…˝.
Hər hansı bir yerdə bu cür təbliğlər aydındır ki, totalitar düşüncə və psixologiyanın formalaşmasına xidmət edir.
Tolerantlıq, dözümlülük, dinlərin dialoqu, azad fikir, demokratiya, plürializm kimi anlayışlar isə əksinə, bu totalitar psixologiyanın yıxılmasına səbəb olar.
Burada belə bir sual yaranır: ˝Axı bir cəmiyyət və ya fərd özünü düz bilirsə, bunu nəyə görə ifadə etməsin? Və bunun nəyi pisdir? Necə ola bilər ki, pis və yaxşı, zülm və ədalət kimi anlayışlar arasında bölgü aparmayasan?˝
Cavab: Totalitarizm psixologiyası nəyin yaxşı, nəyin pis olması məsələsinə köklənməmişdir. Onun vəzifəsi insanların psixologiyasının müəyyən mühitlərdə işləməsini, müxtəlif dəyişikliklərə necə uğramasını təhlil etməkdən ibarətdir. Ona görə də bizlər bu faktın psixoloji təsirindən və işləmə mexanizmindən danışırıq.
Həmçinin biz belə bir bölgünün bəzi məqamlarda aparılmasını da məqsədəuyğun hesab edirik. Sadəcə olaraq, bu bölgü faktorunun totalitar sektalarda daha qabarıq və aqressiv formada aparıldığının şahidi oluruq. Bəzi dəstələr və ideoloji məktəblər bu bölgünü əsasən düşmənçiliklərinin yönəldiyi obyekti müəyyən etmək üçün aparırlar. Buradan da irqçilik, şovinizm, faşizm, radikal ekstremizm kimi müxtəlif ˝izm˝lər yaranır.
Normal cəmiyyətlərdə isə (bu bölgü qabardılmadan aparılsa da belə) özlərindən qeyrilərinə tolerant yanaşmanın şahidi oluruq. Din də eyni bölgünü aparır, ancaq müdara, keçinişmək, sülh, anlayış göstərmək kimi yanaşmalarla paralel. Radikallığa, düşmənçiliyə dəvət etmədən.
7) ˝Seçilmiş˝ fenomeni:
˝Seçilmiş˝ fenomeninin də xüsusi təsiri vardır. Onlar qruplarının üzvlərinin xüsusi seçilmiş və digər adi insanlardan fərqlənmiş olduqlarını təbliğ edirlər. Bu seçilməni aparan mənbəni isə müxtəlif adlarla təqdim edirlər. Məsələn, deyirlər ki, ˝bizləri Allah seçib˝, ˝sizlərə tale digər insanlara nisbətdə üstünlük bəxş edib˝, ˝tarix sizi fərqləndirib…˝. Bu cür mistik qüvvələr və müəmmalı obyektlər tərəfindən seçildiklərini şiddətlə vurğulamaq səbəb olar ki, insan özünün məxsus olduğu dəstəni üstün görsün. İnsan hamıdan fərqli və üstün hesab etdiyi dəstənin yanlışlıqlarını, təbii ki, görməyəcəkdir. Özünün belə bir üstün cəmə mənsub olduğunu ilahi bir nemət biləcəkdir. Bu nemətin əlindən çıxmaması, nəticədə də adi, dəyərsiz insanlardan biri olmamağı üçün bütün hər şeyi etməyə razı olacaqdır. Nəticədə o cəmin sadiq nökəri olacaq, o ideologiyanın təbliğatçısına çevriləcəkdir.
8) ˝Natamamlıq˝ və ˝həqirlik˝ fenomeni:
Dəstənin hər bir fərdinə birbaşa və ya dolayısı ilə anladırlar: sizlər heç kimsiniz, sizlər zəif birisiniz, sizlər həyatda heç kəsə lazım olmayan şəxslərsiniz, sizlər natamamsınız, atılmışlarsınız…
Bu cür yanlış fikirlər yaradan təlqinləri onlar ümumi və fərdi söhbətlərdə, müxtəlif məqamlarda edirlər. Nəticədə fərd özünü natamam, cəmiyyətdə heç kimə lazım olmayan, zavallı bir məxluq hesab edir. O, fikirləşir ki, mənim kimi lazımsız bir tullantıya yalnız bu cəm sahib çıxmışdır. Mən yalnız onlara lazımam, mənə onlar dəyər veriblər. O, özünü onların cəmində rahat və tamamlanmış hiss etməyə başlayır.
Bu dediklərimizin dərin psixoloji kökləri vardır. Bir insanı hər hansı bir dəstəyə bağlamaq üçün böyük təsirə malikdir.
Həqiqi ilahi və ya psixoloji təlimlərdə isə biz bunun əksini görürük. Həqiqi din insana məxluqların ən şərəflisi olduğunu aşılayır. Onun ən üstün maddi və mənəvi məqamlara sadəcə Yaradanına etimad etməyi, Ona arxalanmağı ilə çata biləcəyini aşılayır. Bu isə əslində insanın özünə güvənməsi, heç kəsdən yardım gözləməməsi, hər şeyi edə biləcəyi deməkdir. Dini mətnlər Allaha arxalanan insanın sonsuz qüdrətə sahib olacağını bildirir.
Müqəddəs kitablar insana özü kimi insanların qulu olmamağı təbliğ edir. Ona deyir: ˝Allah səni azad yaradıb. Ona görə Ondan başqa heç kəsə itaət etmə˝. Bütün itaətə yalnız Allahın layiq olduğunu deyir. İtaəti vacib olan Allah isə ona insanların təsirindən qurtulmağı əmr edir.
9) Məxsusi dil, jarqon və davranış forması:
Totalitar mühitə xas olan digər xüsusiyyət özlərinə xas danışıq və davranış formalarının, xüsusi ayinlərinin, əlamətdar günlərin, atributların, adətlərin, geyim formalarının olmasıdır. Bunlar istənilən ideoloji totalitarlığın başlanğıcıdır. Totalitar dəstə özünü digərlərindən fərqləndirmək üçün fikirlərini kiçik sözlərdə, terminlərdə qərar verir. Onlar arasında bir-birlərinə xüsusi müraciət formaları vardır. Onlar digərlərindən fərqli geyinir, fərqli ifadələr işlədir, fərqli yaşayış tərzinə malikdirlər.
Bu cümlələri yazanda zehnə sadəcə dini sektalar gəlməsin. Belə ki, dünyəvi totalitar mühitlərdə də bunun bariz nümunəsini görmək olar. Hər hansı bir dünyəvi ideoloji məktəb və sistem belə özünü fərqləndirmək üçün bu yanaşmadan istifadə edir. Bunun biz burjuaziya, kapitalizm rejimlərində, faşist almaniyasından tutmuş, sovet mühitində bariz şahidi oluruq.
Məsələn, sovet dönəmində bütün şərlər kapitalizm, burjuaziya sinfi, imperializm, liberalizm, din, məscid, kilsə, sinfi istismar kimi terminlərlə əlaqələndirilirdi. Proletariat, fəhlə sinfi, Lenin, Stalin, bütün dünyanın proletariatlarının həmrəyliyi, pioner, kommunist, sinfi bərabərlik kimi ifadələr isə müsbət fikirlərlə əlaqələndirilirdi.
Əslində isə sovetin bu gözəl ifadələri totalitar dilin sözlərindən başqa bir şey deyildi. Bu ˝gözəl sözlərlə˝ öz çirkin işlərinə bəraət qazandırır, yanlış ideologiyalarını yeridir, xalqları istismar edirdilər.
Eynilə məhbuslar arasında, dini birləşmələrdə də həm dil, həm də xüsusi davranış, manera formalarının şahidi oluruq. Bütün bunlar o dəstənin üzvlərinin psixoloji olaraq rahat idarə olunmağına xidmət edir.
Onlar bu məxsusi dil və davranışlarla sanki özlərininkiləri qeyrilərindən ayırırlar. Hər dəfə bu dil və davranışlarla qarşılaşdıqda onların zehnində özlərinin fərqlilikləri, üstünlükləri və ideologiyaları asossiasiya olunur. Bu isə daimi olaraq təsir altında qalmalarına səbəb olur. Jarqon və məxsus hərəkətlər, hətta geyim belə kütləvilik psixologiyasına səbəb olur. Fərdin iradəsi alınır. Kütləyə məxsus vahid psixologiyanın təsirilə kütlənin iradə və istəklərinin birbaşa icraçısına çevrilirlər.
Bir məsələni də qeyd edək ki, bu cür məxsusi dil və davranış bütün mentalitetlərə, istənilən mədəniyyətə və ya inam sistemlərinə məxsusdur. Bunlarsız heç bir birliyi təsəvvür etmək, demək olar ki, mümkün deyildir. Məxsus terminlər, ayinlər və davranışlar hər hansı bir birliyin özünüifadə forması hesab edilir.
Ona görə biz birmənalı şəkildə bu məxsusluğu pisləmirik. Sadəcə olaraq, məsələnin psixoloji köklərini təhlil edirik. Həmçinin aydındır ki, faydalı işlər ətrafında birləşmiş hər hansı bir düzgün ideologiyaya mənsub dəstələrin belə fərqləndirici əlamətlərdən istifadəsi həm təbii, həm də məqbuldur.
Ancaq totalitar mühitlərə məxsus bu kimi amillər daha radikal və aqressiv düşüncələrlə əlaqələnir. Bu, onları həm psixoloji, həm də ictimai məhvə sürükləyir. Hansı ki bunu biz digər mədəni, milli və ya həqiqi dini təşkilatlarda müşahidə etmirik.
10) Şəxsiyyətin məhvi:
İnsanı bir fərd olaraq cəmiyyətin digər üzvlərindən ayıran ona xas olan bir çox psixoloji və ideoloji məsələlərdir. Hər bir fərdin özünə xas şəxsiyyəti vardır. Əgər bu mən, bu şəxsiyyət itsə, o zaman o insan aid olduğu dəstəyə qarışacaq, onun içində yox olacaqdır. Totalitar qruplar ilk olaraq fərdi öz dairələrinə daxil edirlər. Ondan sonra onun şəxsiyyətini, düşüncələrini, biliklərini müxtəlif psixoloji, informasiya hücumlarına məruz qoyurlar. Bununla onu bir individuum kimi assimilyasiya edirlər. Onu əridirlər, özünə məxsus mənini zəiflədirlər.
Bundan sonra belə insan digərlərinin onu kodlaşdırmasına tez müsbət cavab verir. Elə bil ki, şamı əridib onu mum edirsən, daha sonra isə mumdan özün istədiyin qəlibdə yeni bir fiqur düzəldirsən.
Şəxsiyyəti, düşüncəsi yenidən yığılmış insan artıq psixoloji tənəzzülə uğramış olur, öz hərəkətləri üzərində muxtariyyətini itirir.
Şəxsiyyətin totalitar strukturlar tərəfindən hücuma məruz qalması insanın fərdliliyini təşkil edən bir çox fundamental psixoloji faktorları aradan aparır:
1) İnsanın özünü müstəqil bir fərd, bir mən olaraq hiss etməsini aradan aparır. Özünü dərk hissi yox olur. Nəticədə insan yalnız özünü mənsub bildiyi birliyi hiss edir.
İnsan mütəmadi olaraq hüzuri elm ilə anlayır ki, mən deyilən bir şey var. Həmçinin bu mən digər mənlərdən köklü surətdə fərqlənir. Şəxsiyyətin əriməsi zamanı bu məni hiss etmə qabiliyyəti sönür. Yerinə biz anlayışı gəlir.
2) ˝İstədiyimi edə bilərəm˝ hissini aradan aparır. Bu zaman istədiyim anlayışı itir. Öz istəklərini duya bilmir. Onun yerinə onların istədiyi anlayışı gəlir.
3) Fəaliyyətlərini hiss etməsi hissi aradan gedir. Özünün hərəkətlərini, etdiklərini dərki etmir.
4) Fərqlilik hissi aradan gedir. Belə bir insan özünü aid olduğu kollektivdən fərqli və ayrı hiss etmir. Ona görə bir bütövlük hissi vardır.
Nəticədə assimilyasiyaya uğramış şəxsiyyətlər öz həyatlarında yeganə avtoritet olaraq dəstənin başçısının idelogiyasını qəbul edirlər.
11) Günah hissinin yaradılması:
İnsanın özünü hər hansısa bir əməlinə görə günahkar hiss etməsi VIII bölmədə deyilən özünü natamam hiss etməkdən fərqlidir. Bu birliklər insanlara özlərinin günahkar və təqsirkar olduqlarını təlqin edirlər. Hər hansısa bir işi yanlış etdiyini bu fərdə aşılayırlar. Nəticədə insan özünü çox pis hiss etməyə başlayır. Bundan sonra müntəzəm olaraq fərqli formada yanaşmalarla ona özünün günahkar olduğu hissini mütəmadi olaraq hiss etdiririrlər. İnsan daim öz-özünə təkrarlayır: ˝Mən günahkar və təqsirkar biriyəm. Mən ən ağır cəzalara belə layiqəm. Mənim günahımı heç bir tövbə və bağış yuya bilməz. Yeganə nicatım yalnız bu dəstədir. Tövbəm yalnız özümü və hər şeyimi fəda etməkdir˝.
Özünü günahkar bilən biri ən azı öz vicdanı və ya mənsub olduğu cəmin qarşısında özünü bağışlatmaq üçün hər bir kəffarəni ödəməyə hazır olur. Belə birisindən özünü, ailəsini, bütün yaxınlarını belə (özünün bağışlanması üçün) qurban etməsini tələb etsələr, o, buna asanlıqla razı olar.
Günahkar insanda keçmişinə görə bir təəssüf və tövbə hissi yaranır. O artıq yenidən doğulmağa hazırdır. Birinə günahkar olduğunu aşıladıqdan sonra onu günahkar edən xarici amilləri də ona göstərirlər. Bu zaman içərisində yaranmış qəzəbi və düşmənçiliyi bu kənar amillərə yönəldir. Belə kənar amillər, adətən, dəstənin siyasətinə zidd hərəkət edən, qarşılarında maneə bildikləri hər bir şey ola bilər: ailə, cəmiyyət, dostlar, başqa etiqadın nümayəndələri, hər hansı bir millət, dövlət, adətlər və sairə.
İnsan hər nə qədər özünü günahkar hiss edirsə, bir o qədər də o amillərə nifrət edir.
Burada bir qeydi də vurğulayaq ki, bu totalitar psixologiyanı formalaşdıran, insanları zombi edən psixoloji yanaşma hər hansısa qrup tərəfindən düşünülmədən edilir. Belə deyil ki, bütün totalitar rejimlərin rəhbərləri bu cür dərin psixoloji bilgilərə malik olurlar. Onlar sadəcə qeyd etdiyimiz formada rəftar edirlər, nəticəsi isə özünü çox gözlətmədən bu şəkildə zahir olur.
12) Konfet fenomeni:
Mən bunu konfet fenomeni adlandırıram. Bu konfet fenomeni demək olar ki, böyük bir motivasiya amilidir. Həmçinin insanın zombiləşməsində də böyük rola malikdir.
Bu konfet müxtəlif şeylər ola bilər. Dindar bir insan üçün əbədi səadət, cənnət, huri, müxtəlif axirət ləzzətləri. Ateist biri üçün ˝xalq səni unutmayacaq˝, ˝əbədi olaraq yadlarda yaşayacaqsan˝, ˝qəbrinə əklil qoyub, adına küçə düzəldib, hər il sənin fədakarlıq işini yad edəcəyik˝. Hətta sadəcə mənsub olduğu birliyin gözündə ucalmaq, cəmiyyətdə mövqeyə malik olmaq kimi abstrakt amillər belə bu konfet rolunu oynaya bilər.
13) İdeologiyanın müqəddəsləşdirilməsi və mükəmməl təqdimi:
İstər dini, istərsə də qeyri-dini məktəblər olsun hər biri öz ideologiyalarını və davranışlarında riayət etdikləri qanunları müqəddəs, mütləq, tam və kamil göstərməyə çalışırlar. Bundan kənarda olan hər bir fikir, onlara görə, yanlış və xurafatdır.
İnsan kamillik sevən bir varlıqdır. Onun beyninə hər hansı bir qanunun müqəddəs və ən kamil olduğu yalandan yeridilsə, o şüuraltı olaraq ona doğru hərəkət etməyə çalışacaqdır. Totalitar rejimlərin cəlbediciliyi də məhz öz qanunlarını yalandan ən müqəddəs və ən kamil göstərmələrindədir.
14) Hədəfə görə hər bir işi görmək olar:
Hədəfə görə hər şey etmək lazımdır. Cinayət və günah hesab edilən işlər belə müqəddəs hədəf yolunda icazəli olur. Bu, XVI əsrdə yaşamış italiyan filosofu Makiavellinin yanaşmasıdır. Bəzən bu yanaşmanı sözlə deyil, əməl ilə nümayiş etdirirlər. Bu da şüuraltı olaraq dəstənin üzvlərinə təsir edir.
Bu kimi fikirlərin aşılanması insanın beynində möhkəm yer tutmasına səbəb olur. Nəticədə bu insan hədəfə çatmaq üçün atdığı addımları təhlil edə bilmir. Öz davranışlarına tənqidi yanaşmağı bacarmır. Hamının pis hesab etdiyi işi düzgün iş kimi görür. Ona görə ki, o, hesab edir ki, bu iş onu hədəfinə çatdıracaqdır. Heç kəs anlamır ki, nəyə görə o, belə bir aşkar məsələni anlamır. Zombi olmuş insan da anlamır ki, digərləri nəyə görə onu başa düşə bilmirlər.
Hədəfə görə hər bir işin icazəli olduğunu düşünən insanın ətrafındakı hadisələrə, işlərə baxışı tamam fərqli olur. O, hər şeyə hədəfinin gözü ilə baxır. Onun üçün zərərli və çirkin işlər və yaxşı işlər anlayışı yoxdur. Ona görə hədəfimə aparan işlər və aparmayan işlər bölgüsü vardır.
Bütün bu amillər insan psixologiyasına güclü formada təsir edə bilir. Ancaq vacib deyil ki, bu amillərin hamısı bir yerdə tətbiq olunmuş olsun. Bu amillərin içərisində də təsir gücünə görə bir-birindən fərqlənmə vardır.
[1] Robert Cey Lifton. ˝Beyinləri yumanın˝ texnologiyası. I başlıq: Beyin yumaq nə deməkdir.
[2] Totalitar dəstələr –müəyyən ideologiya və prinsiplərə sözsüz itaətin hakim olduğu bir dəstədir. Belə dəstələrin başçıları onun üzvlərinin həyatının bütün sahələri üzərində tam nəzarətə malik olurlar.
[3] Təbii ki, bu iman ağıl olmadığına görə kor-koranə iman olur.