Övladlarımızla bağlı nə gözəl ümidlərimiz var: alim olsun, həkim olsun, dahi olsun, əməlisaleh övlad olsun, vətənpərvər olsun, qocalanda valideyninə dayaq olsun, əxlaqlı olsun, güclü olsun, sağlam olsun, olsun, olsun… İstəklərimiz onları reallaşdırmaq üçün etdiklərimizin müqabilində necə də cılızdır: uşaqlarımız barədə nigarançılığımız ana bətnində olanda onun cinsiyyətidir, dünyaya gələndən sonra isə yaxşı geyinməsi, baxımlı olması. O da ona görə ki, üzümüzə söz gəlməsin, yaxud arxamızca danışmasınlar.
Valideyndən soruşsan, uşağına nə vermisən? Deyəcək, sevgi! Burada Maksim Qorkinin sözü yada düşür: ˝Balalarını sevməyi toyuqlar da bacarır. Ancaq onları tərbiyə etməyi bacarmaq – istedad və zəngin həyat bilgisi tələb edən önəmli bir dövlət işidir˝. Əslində, həqiqi sevginin nə demək olduğunu, məncə, əksər valideynlər bilmir. Sevmək, yəni nə? Sevən insan sevdiyi üçün nə edər? Xəstələndə həkimə aparmaq, geyindirmək, yedirtmək, məktəbə yollamaq, biri uşağın xətrinə dəyəndə dava salmaqla iş bitmiş sayılırmı? Sağlam şəxsiyyət formalaşdırmaq üçün davamlı işlər görmək daha çox sevgi tələb etmirmi?
Sevgi özünü sevdiyin şəxs üçün faydalı olan, xoşlamadığın məşəqqətli işləri görməkdə göstərir. Xoşladığın, çətin olmayan işlərlə isə sevdiyin şəxs üçün faydası da olsa da belə sevgini ölçə bilməzsən. Rəhm hissindən irəli gələn işlər də sevgini göstərməz. Əks halda tanımadığın möhtac birinə əl tutmaq da sevgi sayılardı. Malikiyyət hissindən irəli gələn canfəşanlıq da sevgi sayılmır. Əks halda həyətimizə hasar çəkmiş qonşunu tənbeh etmək üçün əlimizdən gələni etmək də torpağa sevgi sayılardı.