Psixoloji araşdırmalara görə insan adətən müsbət dəyərləndirmələri pislərdən daha yaxşı yadda saxlayır. Nəticədə də dəyərləndirmənin həqiqətdən daha yüksək olduğunu hesab edir. İnsanın özü barəsində daha çox müsbət dəyərləndirmələri yadda saxlaması onun eqosuna qayıdır. Hər kəs özünü üstün və qüsursuz görmək istəyir. Bu istək də təbii ki, insanın ətrafa baxışına, özü barəsində deyilən sözlərin təhlilinə birbaşa təsir edir. Düzdür, bu arada bəzi pessimist və melanxolik təbiətli insanlara da rast gəlinir ki, onlar özləri barəsində, əksinə yalnız pis dəyərləndirmələri yadda saxlayırlar. Bu da yenə də insanın özünə qayıdır. Belə ki bu cür insanlar özləri barəsində ˝mən pisəm˝, ˝mən uğursuzam˝, ˝mən qabiliyyətsizəm˝ deyə düşünürlər. Bu şüuraltı qərarlar nəticədə onların ətrafı dərk etmələrində həlledici rol oynayır.
İndi gələk insanın digərləri barəsində dəyərləndirməsinə. Burada vəziyyət bir az fərqlidir. Özü barədə adətən müsbət dəyərləndirmələri yadda saxlayan insan digərləri barəsində o qədər də comərd deyildir. Belə ki, insan başqalarına qarşı daha çox tənqidi prizmadan baxmağa meyllidır. Bu məqamda insanda artıq önfərzlər hazırdır: ˝o, elə də böyük qabiliyyət sahibi deyil˝, ˝zəifdir, bacarıqsızdır, əlindən bir iş gəlmir˝, ˝filan məsələni səhv dedi˝... Nəticədə də beynində əvvəlcədən əsassız olaraq formalaşdırdığı önfərzlərlə digərlərinin işini, sözlərini, hərəkətlərini təhlil edir, onlara qiymət verməyə başlayır. Ona görə də özü barəsində daha çox müsbət dəyərləndirmə aparan və yalnız üstünlükləri yadda saxlayan insan digərlərini mənfi qiymətləndirir və qüsurlarını daha yaxşı yadda saxlayır. Burada da yenə də insanın eqosu müqəssirdir. İnsan, adətən digərlərini özündən aşağı məqamda, zəif və qüsurlu görmək istəyər. Çünki insan üçün yalnız özü vardır və ən yüksəkdə də yalnız özü qərar tapmalıdır. Digərlərini bu məqamda üstün görmək ona özünün kiçikliyini xatırladacaqdır. Bu isə insanı gərginlikdə saxlayacaq digər ruhi sıxıntılara- natamamlıq kompleksinə səbəb olacaqdır.
Başqa tərəfdən də insan özü ilə ictimai, siyasi, maddi və ya elmi cəhətlərdə müştərək olan şəxslərin müvəffəq fəaliyyətlərini ˝çörəy˝inin əlindən alınması hesab edir. Elə isə bacardığımız qədər digərlərini nahaqq olsaq da, belə tapdalamaq və əzmək lazımdır.
Digərlərini ˝tapdalama və əzmə˝ daha çox ˝şərikli çörək˝ləri olan, yəni müştərək kəsişmə cəhətləri olan peşə, sənət və iş adamlarında olur. Buna psixologiyada ˝SEM˝ sindromu deyirlər. Sem sindromu idmançıda digər idmançıya, ticarətçidə digər ticarətçiyə, yazıçıda digər yazıçıya, xətibdə digər xətibə, alimdə digər alimə, sənətçidə digər sənətçiyə… nisbətdə daha çox şiddətlənir.
Deməli, bir çox qəzavətlərimizdə, çıxartdığımız nəticələrdə meyar həqiqət və bizim məhz belə düşündüyümüz deyil, şüuraltında yatan çox vaxtı özümüzə belə gizli qalan batini meyl və istəklərimizdir. Bu hislər o qədər gizli və naməlum olurlar ki, hətta insanın özünü belə məhz bu cür düşündüyünə inandırırlar.
Ancaq həqiqətdə əksinə olmalıdır. Müştərək kəsişmə nöqtəsi olan dəyərli peşələrin və sənətlərin sahibləri həqiqətdə eyni səngərdə döyüşən müştərək müqəddəs amalı olan döyüşçülərə bənzəyirlər. Onların gücü biryerdə və bir-birlərinə yardım etmələrindədir. Bu meşə qanunlarının hökm sürdüyü dünyamızda insanlara Mauqli kimi ˝biz səninlə eyni qandanıq˝ demək lazımdır. Redyard Kiplinqin ˝Cəngəlliklərin kitabı˝ adlı əsərinin qəhrəmanı olan Mauqli meşə qanunları ilə yaşayan vəhşi heyvanları bu sehrli sözlərlə özünə dost etmişdi. Mauqli cəngəlliklərə düşmüş, canavarlar sürüsündə böyümüş bir insan idi. Ətrafında yaşayanlar ilə heç bir müştərək cəhəti yox idi. Çünki onlar yalnız canavarlardan, şirlərdən, fillərdən, meymunlardan, çaqqallardan, ilanlardan ibarət heyvanlar idi. Onlarla dostluq üçün isə Mauqli yalnız eyni qandan olmağı müştərək amil kimi görürdü. Bu sözlə o, yırtıcılara anlatmaq istəyirdi ki, bir-birimizlə vuruşmağımız düzgün deyil, çünki bizim müştərək cəhətimiz vardır. Müştərəkliyimiz isə bizim ixtilafımıza deyil, birliyimizə və dostluğumuza səbəb olmalıdır.
Vəhdət üçün isə həmişə müştərək nəsə var: eyni millət, qohumluq, müqəddəs hədəf, qardaşlıq, vətən, ideologiya… Əgər vəhdət üçün heç nə tapmasanız, o zaman insanlıqda və qanda müştərəklik həmişə qalmaqdadır.
Müqəddəs kitab olan Quran müsəlmanlarla əks etiqadda olan xristianlarla belə müştərək nöqtə taparaq vəhdət təşkil etməyə dəvət edir:
˝De: "Ey kitab əhli, sizinlə bizim aramızda müştərək olan bir kəlməyə tərəf gəlin!˝[1]
Nə vaxta qədər ki, digərlərini əlimizdə olan çörəyin şəriki kimi görəcəyik, o vaxta qədər də bizə bu ˝SEM˝ sindromundan qurtuluş yoxdur. Nəticədə də özümüzü bir ömür gərgin və mənasız ixtilaflı həyata məhkum etmiş oluruq.
Gəlin digərləri haqda fikir deməmişdən, məqalə yazmamışdan, çıxışlarımızda tənqid etməmişdən, başqaları haqda nəticə çıxartmamışdan əvvəl şüuraltında olan gizli hislərimizi araşdıraq və onlardan qurtulaq. Əgər alınmırsa, o zaman susmaq daha yaxşıdır.
[1] ˝Ali İmran˝ surəsi, ayə 64.