Şəhidi gözü yaşlı deyil, vüqarla, iftixarla qarşılayaq. Düşmən bizi ağlayan görməsin, ay-vay edib yas saxlayan, sızıldayan görməsin. Bu dəqiqə bütün düşmənlərimiz bizi izləyirlər, hər hərəkətimizə baxırlar. Onlara gözdağı verək, görsünlər ki, necə vüqarlıyıq, son fərdimizə qədər cəbhəyə gedib düşməni məhv etməyə hazırıq, görsünlər ki, vətən uğrunda şəhid vermək bizim üçün ləyaqət və iftixar məsələsidir. Görsünlər ki, döyüşə atılmaq uğrunda aramızda rəqabət gedir və bizim gözümüzü heç nə ilə qorxutmaq mümkün deyil.
Nəbadə bizi məyus və dilxor görələr, nəbadə şəhid verməyimizlə naümid olduğumuzu sezərlər. Düşmənə ən böyük zərbəmiz verdiyimiz müqəddəs qurbanları iftixarla, mətinliklə qarşılamaq olacaq, böyük ruh yüksəkliyi, qisas eşqi olacaq. Şəhidlik elə böyük bir məqamdır ki, hər insana nəsib olmaz. Allah bizə bu torpaqlar, müqəddəs hədəflərimiz uğrunda döyüşməyi və şəhid olmağı qismət etsin.