Xalqı evləri dağıtmağa, maşınları aşırmağa səsləyən təxribatçılar bizdən ola bilməzlər, xalqın xeyrini istəyənlər də deyillər. Onların məqsədi bizi parçalamaq, xalqı bir-birinə qarşı qoymaqdır. Gözəl niyyət heç vaxt yanlış yollarla həyata keçə bilməz. Qarabağı almaq istəyi paytaxtımızı dağıtmaqla, rəsmi iqamətgahlara zərər vurmaqla reallaşa bilməz.
Mühüm məqam odur ki, dünənki biabırçılığın təxribat olduğunu bütün xalq deyir və bunu dəstəkləyən yoxdur. Bununla o təxribatın xalqa aid olmadığını göstəririk. Bunu mümkün qədər çox nümayiş etdirməli, təxribatçıları şiddətlə qınamalıyıq.
Bu təxribatlara uymağın ən pis nəticəsi bir-birimizi təhlükə mənbəyi kimi görməyimiz olacaq. Qurunun oduna yaş da yanacaq. Dinc nümayiş etmək, şəhid vermis vətənə, orduya yürüş formasında dəstək nümayiş etdirmək imkanımız olmayacaq. Buna ehtiyat tədbiri olaraq imkan verməyəcəklər. Ona görə qətiyyən heç bir təxribata uymaq olmaz. Şəhidinə belə yüksək dəyər verən xalq təxribatı dəstəkləyən xalq ola bilməz. Yaradan Azərbaycan xalqını qorusun.