Dünyanı hərəkətə gətirən nədir? Bilmək istəyirsiz, böyük şirkətlər hansı psixoloji sindromun əsasında böyük pullar qazanır? Eyni sindrom həm də bir çox ağır cinayətlərin kökündə dayanır; insanı və hətta böyük bir xalqı belə məhvə sürükləyə bilir. Sizi yormadan cavabı deyim: NATAMAMLIQ KOMPLEKSİ.
Natamamlıq kompleksi sırf psixoloji haldır. Bəzən bir insan və ya cəmiyyət böyük maddi, mənəvi potensiala tarixi kökə malik olduğu halda yenə də bu kompleksə tutula bilər.
Natamamlıq hissi insanın özü haqqında zehnində formalaşdırdığı neqativ təsəvvürdən qaynaqlanır. Bu insanlar özlərini hansısa cəhətdən nöqsanlı, bacarıqsız hesab edir, başqalarını daha üstün bilirlər.
Yoluxucu olan bu kompleks bəzən bütün cəmiyyəti xəstə edir. O zaman cəmiyyətdə qəribə hallar yaşanır. İnsanlar öz dəyərlərini xor görür, adət-ənənələrə geridəqalmışlıq kimi baxır, ana dilində danışmağa, hətta oxumağa utanırlar. Üstün bildikləri ölkələrdən gələn hər bir şey onlara daha dəyərli, daha əzizdir. Cəmiyyətdə "bizim insanlar avamdırlar, bacarıqsızdırlar", "biz hara, onlar hara?" kimi fikirlər səsləndirilməyə başlanır. Natamamlıq kompleksinə yoluxmuş cəmiyyət özünü ələ salmağa, lətifələr qoşmağa meyilli olur. Emosional rəngi olduğuna görə bu lətifələr tez bir zamanda yayılır. Gülüş pərdəsi altında gizlənmiş alçaldıcı məna özünəinamsızlığı daha da dərinləşdirir. Zərərsiz saydığımız lətifələr psixoloji müharibələrdə çox geniş istifadə olunan bir vasitədir. Məsələn, Sovet ordusunun Xüsusi Təbliğat İdarəsinin zabitləri Əfqanıstan müharibəsində psixoloji təsir məqsədi ilə siyasi lətifələr uydurub əfqanlar arasında yayırdılar.
Kompleksli insan üçün maşın yalnız minik vasitəsi deyil, telefon da yalnız ünsiyyət vasitəsi deyil. Hər bir maddi nemət və bacarıq daxildəki canavarın təhriki ilə ”özünü göstərməyə” xidmət edir. Əgər cəmiyyətdə insanlar heç bir ehtiyac və məntiqi əsas olmadan hansısa vasitələrə hədsiz meyil göstərirlərsə, bu hal normal olmayan insan psixologiyasından xəbər verir. Bu kompleks dərinləşdikcə insanın dəbdəbəli həyat əldə etmək istəyi şiddətlənir. Buna nail olmayanda real aləmdən uzaqlaşaraq saatlarla film izləyir, superqəhrəman oyunları oynayırlar, xəyallarda hansısa film qəhrəmanının, personajın həyatını yaşayırlar.
Bəzən də insanlar natamamlıq hissini aqressiya, spirtli içkilərə, narkotik maddələrə aludəçiliklə ört-basdır etməyə çalışırlar. Natamam insan öz kompleksini gizlətmək üçün ətrafdakıları təhqir edib alçaltmaqla özünə və başqalarına öz üstünlüyünü sübut etmək istəyir. Natamamlıq hissi insanın psixikasında olan elə bir "yara"dır ki, onun üstünə basmaqla insanı bir sıra yanlış addımlara yönləndirmək olar. Bu zaman insan düz bildiyi yoldan geri çəkilir, aqressivləşir. Qəribə də olsa, öz mənafeyinə zidd davranmağa başlayır.
Rus-amerikan yazıçısı Sergey Dovlatov “Kamil insan yoxdur˝ adlı əsərində bu fenomenin önəmini gözəl açıqlayır: ˝Dünyanı hərəkətə gətirən nədir? Məhəbbət? İdeyalar? Pul? Bəlkə səadətə çatmaq həvəsi? Və ya sakitləşməyən sinfi mübarizə? Heç biri! Dünya tarixi cərəyanının bünövrəsində duran – bayağı natamamlıq kompleksidir. Bəs yaxşı, natamamlıq kompleksi nədir? Daimi əyləc, ya daimi mühərrik? Lənətdir, yoxsa lütf? Elə bilirəm, özümüzdən asılıdır˝.[1]
[1] Sergey Dovlatov, Nobody Is Perfect.