Pandemiya dövründə gündəmi zəbt edən mövzu xəstəliyin təhlükəsi, yüksək yoluxuculuğu, verdiyi ciddi fəsadlardır. Ancaq bu pandemiyanın psixoloji təsirlərini azaltmağa yönəlmiş işlər yox dərəcəsindədir. İnsanlar şiddətli ruhi gərginlik altındadırlar, özlərinin və yaxınlarının həyatlarından nigarandırlar, karantin müddətində ailədaxili gərginliklər də artıb. Pandemiyanın yaratdığı psixoloji fəsadlar fiziki və maddi zərərlərindən də çoxdur.
Əgər pandemiyanın sağlamlığa zərəri qabardılsa, psixoloji fəsadları isə gözardı edilsə, balans pozulacaq. Psixoloji profilaktika ilə bağlı televiziya və radiolarda geniş miqyaslı mütəmadi işlər görülməlidir. Xəstəliklə bağlı müraciətləri dəyərləndirən qaynar xətlə yanaşı, psixoloji dəstək üçün də qaynar xətt açılmalıdır. Hətta ikinci birincidən daha önəmlidir.
Bu iş də bir neçə nəfərin sosial mediada yazılar, videolar paylaşması ilə həll olunmur. Telekanallarda, radioda gündəlik silsilə verilişlər qoyulmalı, cəmiyyətimizin ziyalıları, həkimləri, incəsənət xadimləri psixoloji dəstək olan çıxışlar etməlidirlər.
Naümid cəmiyyət ən təhlükəli cəmiyyətdir. Xəstəliklə mübarizədə ilk növbədə insanlara ümid vermək lazımdır. Təhlükə xəbəri də ümidlə paralel verilməlidir. Yalnız bu zaman insanlar panikaya düşmədən qorunma çağırışlarına adekvat reaksiya verməyə, özlərini və ətrafdakıları qorumaq üçün məsuliyyətli davranmağa başlayacaqlar.