Cərəyan edən bəzi hadisələr bizə anlamsız və hətta ədalətsiz gəlsə də, mahiyyət olaraq hikmətlidir. Mükəmməl ssenarinin bir hissəsidir. Xüsusən də bir hadisə geniş miqyaslıdırsa, mütləq önəmli bir mesaj daşıyır. Sadəcə diqqətli olub o mesajı eşitmək, baş verənlərin mahiyyətini görmək lazımdır. Bir az da təhlil. Belə hallar insanı düşünməyə dəvət edir.
Anlayırsan ki, dünyada əhəmiyyətli sandığımız bir çox məsələlər önəmli deyilmiş. Əvvələ qayıdırsan; anlayırsan ki, bir anın içində hər şey əlimizdən çıxa bilər. Dünyada bəzi hallar var ki, onun qarşısında hamı eynidir, bir anda hamımızı bir cərgəyə düzə bilər. Belə hadisələr özündənrazı təkəbbürlü insana deyir ki, çox göylə getmə, yerə en; sən yerdə xəlifəsən, göydə deyil. Sən bir virusun əlində aciz qala bilərsən, taleyini ağız və burundan axan bir viruslu selik həll edə bilər, bütün doğmalarının axırına çıxa bilər.
Belə hadisələr diqqətimizi özümüzə çəkir; yaradılışımız, gələcəyimiz, taleyimiz barədə düşünməyə başlayırıq. Hansı işlərlə məşğuluq? Bu, bizə lazımdırmı? Nəyi etməliyik, ancaq etmirik? Yolumuzu düzmü gedirik? Harda səhv etmişik və israrla təkrarlayırıq?
Bu son pandemiya həm də dünya insanını birləşdirdi, bir çox ölkələr siyasi fikir ayrılığını müvəqqəti kənara qoyaraq bir-birinin yardımına tələsdi. Dünyanın o başında olan bu başında olanı düşündü, halına yandı, tanımadığı insanlar üçün dua etdi. Anladıq ki, biz solçu, sağçı, qərbli, şərqli olmamışdan əvvəl insanıq. Bu xəstəlik dünyanı silkələdi, bir az özünə gətirdi, mənasız işlərin sonu olmadığını başa saldı – əlbəttə, ibrət alan olsa.