Sevginin yüzlərlə növü var. Valideyn, övlad, qohum, qardaş… Bəzən dost kimi tanıdığın, bağlandığın insanlara sevgi duyduğun halda, bəzən də bu hiss şəxsən tanımadığın, heç vaxt ünsiyyət qurmadığın ˝yad˝ insanlara qarşı yaranır. Bu sevgiyə o insanın uca şəxsiyyəti, alicənablığı, yaşadığın cəmiyyət, dəyər verdiyin amal uğrunda etdiyi böyük fədakarlıqlar, verdiyi qurbanlar səbəb olur. Əgər verdiyi qurban sahib olduğu ən qiymətli şeydirsə… sevdiyin kəs ŞƏHİDdir.
İnsan üçün canından qiymətli nə ola bilər? Həyat bizə verilmiş ən dəyərli sərmayədir. Hər şeyi – elmini, mövqeyini, bütün istəklərini həyatından xərcləməklə ələ gətirirsən. İndi tanımadığın bir insan gəlir, sənin və cəmiyyətinin rifahı, təhlükəsizliyi üçün, şərəfini, ləyaqətini uca tutmaq üçün öz dəyərli həyatını fəda edir.
Şəhidlərin nə etdiklərini, verdiyi qurbanın böyüklüyünü təsəvvür etmək üçün düşün, tanımadığın insanların xeyri üçün nə qədər xərcləyərsən, nələrdən keçə bilərsən? Bir çoxlarının cavabı “heç nə”dir, bəzilərininki kiçik ianə, yaxud sadəcə dua. Şəhid isə sahib olduğu hər şeyi, ən dəyərli sərmayəsi olan ömrünü qurban verir.
Bu gün şəhid Mübarizin doğum günüdür. Hər şəhidin doğum günü bütün şəhidlərimizin anım günüdür. Hər şəhidimizin haqqa qovuşduğu gün bütün şəhidlərimizin yad edildiyi gündür. Mübarizin simasında bütün mübariz şəhidlərimizə Allah rəhmət etsin.