Bayram sözü ərəb dilində ˝iyd˝ kimi ifadə olunur. ˝İyd˝, yəni qayıdış, geri dönmək. Bayrama ona görə “iyd” demişlər ki, o, müəyyən vaxtdan bir insanlara doğru qayıtmaqla yenidən bərpa olunur. Belə ki, bayramı bir dəfə keçirməklə o bitmir, hər il yenidən qeyd edilir və bununla da təkrarlanır. Bu cəhətdən əgər bayram müəyyən vaxtdan sonra yenidən geri qayıtmazsa, ona bayram deyilməz. İbn Ərabiyə görə bayramın bu cür adlandırılmasının əsas səbəbi onun hər il yeni bir şadlıq və fərəh hissi ilə insanlara yenidən qayıtmasıdır. Ölümdən sonrakı axirət aləmini bildirən ˝məad˝ sözü də ˝iyd˝ sözü kimi eyni kökdən qaynaqlanır. Məad[1] da qayıdış mənasını verməkdədir. Axirətə ona görə qayıdış demişlər ki, insanlar ölümdən sonra bir daha yenidən həyata qayıdacaqlar.
Bəziləri isə bu sözün adət mənasını ifadə etdiyini qeyd etmişlər. Onların dediyinə görə, insanlar bu bayram gününü xüsusi formada keçirməyə adət etmişlər. Məhz bu adətə görə də hər il eyni günü təntənəli formada, müəyyən ənənələr əsasında qeyd edirlər.
Hər bir halda, bayramın “iyd” adlandırılması üçün qeyd olunan bütün xüsusiyyətlər onda vardır. Bu cəhətdən bu fikirlərin hamısını məqbul bilmək olar.
İSA MƏSİHİN HADİSƏSİ: QURAN DÜZGÜN BAYRAMLAR HAQQINDA NƏ DEYİR
Quranda yalnız bir yerdə bayram (iyd) kəlməsi işlədilmişdir. Bir neçə dəfə isə müxtəlif ayələrdə ona üstüörtülü şəkildə işarə olunmuşdur.
Bir gün İsa Məsihin həvariləri ona deyirlər:
“Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən (üzərində yemək olan) bir süfrə endirə bilərmi?”
“Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz xatircəm olsun, bizə (peyğəmbər olmağın barəsində) doğru söylədiyini bilək və ona (möcüzəyə) şahidlik edənlərdən olaq”.[2]
İsa Məsih həvarilərinin bu xahişi əsasında Allah-Taaladan onlara üzərində müxtəlif təamlar olan bir süfrəni möcüzə olaraq endirməsini istəyir:
“Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən (üzərində yemək olan) bir süfrə endir! Elə bir süfrə ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Sənin tərəfindən bir nişanə olsun! Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”[3]
Allah İsa Məsihə möcüzə olaraq səmadan süfrə endirir. İsa Məsih də Allahdan gələn belə bir əlamətdar hadisənin baş verdiyi günün bayram (iyd) qərar verilməsini istəyir.
Təbii ki, heç bir bayram səbəbsiz yerə deyildir. Ona görə də həvarilər üçün səmadan möcüzəvi şəkildə, İlahidən həm ruzi olaraq, həm də İsa Məsihin peyğəmbərliyinin dəlili kimi süfrənin göndərildiyi gün bayram olmaq üçün bütün lazımi xüsusiyyətlərə malik idi. Məhz bayram olmağa layiq xüsusiyyətlərinə görə də İsa Məsih Allahdan bu hadisənin baş verdiyi günün bayram qərar verilməsini istədi. Özü də elə bir bayram ki, daimi olsun və özündən sonra gələn insanlar da o günü bayram etsinlər. Ona görə ˝həm birincimiz, həm də axırıncımız üçün˝ ifadəsini işlətdi.
İsa Məsihə görə, bu günün bayrama çevrilməsinin ən mühüm səbəbi də məhz möcüzəvi süfrənin nazil edilməsi idi. O, belə bir əlamətdar günün adi günlərə qarışmasını və zamanla unudulub aradan getməsini istəmirdi. Çünki insanlar bayram günlərini unutmazlar. Qabaqcadan, səbirsizliklə onu gözləyər, o günü bir yerə toplaşaraq təntənəli şəkildə qeyd edərlər. Bayramla əlaqəli olan hadisələr gələcək nəsillərin belə yadından çıxmır, nəsildən-nəslə ötürülərək əlamətdar günə çevrilir. Bu cəhətdən bayram, sanki keçmişdəkilərlə gələcək nəsillər arasında bir körpü rolunu oynayır, onları bir-birlərilə birləşdirir. Bu, elə bir körpüdür ki, onun vasitəsilə lazımi mühüm mesajlar gələcək nəsillərə çatdırıla bilir.
Belə ki, bayramlar bir millətin yaddaşına həkk olunur və o millət yaşadıqca o bayram da yaşayır, milləti özündə ehtiva etdiyi hədəflərə doğru istiqamətləndirir. Bayramlar xalqın mənəvi həyatını yenidən dirildir, xalqı oyadır, onların mövcudiyyəti ilə əlaqəli olan, onlar üçün mühüm olan əlamətləri unudulmağa qoymur. Təbii ki, bayramla əlaqəli olan məsələlər hər nə qədər ali olsa, onun millətə ötürəcəyi mesajlar da eynilə ali olacaq və millətin formalaşmasında bir o qədər də təsirli olacaqdır.
Deməli, bayram məsələsinin əhəmiyyətinə görə idi ki, İsa Məsih Allahdan süfrənin nazil edilməsini istədi. Sonradan o günün bayrama çevrilməsi məsələsi olmasaydı, mümkün idi ki, İsa Məsih süfrənin nazil edilməsini istəməzdi. Çünki o vaxta qədər bir çox böyük möcüzələrə şahid olmuş və artıq ona iman gətirmiş həvarilər üçün yeni bir möcüzənin Allahdan istənilməsi yersiz bir iş ola bilərdi.
Bayramlara diqqət etdikdə mənəvi tərəfləri ilə yanaşı, maddi tərəflərinin olduğunu da görürük. Bayramın bu maddi tərəflərini İsa Məsih də məqbul hesab edirdi. Belə ki, İsa Məsih bayramın məhz bu maddi tərəfinə işarə edərək deyir: ˝Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan˝. Həvarilərin İsa Məsihdən süfrənin nazil edilməsini istəmələrindəki ən əsas məqsəd də məhz bu maddi tərəf idi.
Bu maddi cəhətlər içərisində bayram günlərində insanların sevinməsi, hədiyyələrin paylanması, ehtiyacı olanların ehtiyaclarının təmin olunması, gözəl, yeni paltarların geyilməsi[4] kimi xüsusiyyətləri qeyd etmək olar. Əlbəttə ki, bütün bu cəhətlərin hamısı məqbuldur.
Təbii ki, İsa Məsihin bayram təyinindəki məqsədi məsələnin birinci dərəcəli (mənəvi) cəhəti idi, baxmayaraq ki, həvarilər işin daha çox maddi tərəfinə diqqət edirdilər. Belə ki, həvarilər sözlərinin əvvəlində ˝ondan yeyək˝ deməklə öz daxillərindəki istəklərini biruzə vermişdilər. İsa Məsih isə Allahdan süfrə istəyəndə işin əsas tərəfini, yəni mənəvi yönünü dilə gətirdi və yalnız bundan sonra məsələnin digər cəhətlərini (ruzi məsələsini) ədəb-ərkanla, üstüörtülü bir şəkildə qeyd etdi. Bu ədəbinə görə də o,˝yemək˝ ifadəsini ˝ruzi˝ ifadəsi ilə dəyişdi.
Onu da qeyd edək ki, insanlar istənilən hər hansı bir günü (müəyyən səbəblərə görə) özləri üçün bayram təyin edə bilərlər. Ancaq bu zaman çalışmalıdırlar ki, bu səbəblər xalqın mənəvi, ideoloji formalaşması və dünyəvi inkişafı üçün daha böyük təsirlərə malik olsun.
Ayə ilə əlaqəli bəzi hədislərdə süfrənin endiyi günün bazar günü (yekşənbə) olduğu da qeyd olunmuşdur. Ona görə də bəziləri bazar gününün məsihilər yanında ehtirama malik olduğunu demişlər.[5]
HƏZRƏT MUSA VƏ HƏZRƏT İBRAHİMİN HADİSƏSİ: QURAN YANLIŞ BAYRAMLAR HAQDA NƏ DEYİR
Qurani-Kərimin bəzi ayələrində isə bayram sözünə birbaşa deyil, daha çox başqa təbirlərlə işarə edilmişdir.
Musa peyğəmbərlə Fironun hadisəsində Firon Musa peyğəmbərdən saray sehrbazları ilə mübarizə aparmaq üçün nə zaman görüşə biləcəyini soruşduqda Musa cavab verir:
“Sizinlə vədəmiz zinət günü olsun. İnsanların (bir yerə) toplaşacağı (günün) günortası”.[6]
Ayə Musa peyğəmbərin Fironun sehrbazları ilə qarşılaşacağı günün ˝zinət günü˝ olduğunu qeyd edir. Mənbələrə görə, Musa peyğəmbər bununla (“zinət günü” sözü ilə) Fironun xalqının bayramlarından hesab olunan bir günü nəzərdə tuturdu. Belə ki, həmin gün bütün Misir xalqı üçün istirahət günü idi, hamı bir yerə toplaşacaq, küçələri, evləri, ticarət yerlərini bəzəyəcəkdilər. Bu gün Misir xalqı ən gözəl paltarlarını geyinir, bəzək əşyaları ilə özlərini zinətləndirirdilər.
Musa peyğəmbər bu səbəbdən sehrbazlarla mübarizəsini bayram gününə salmışdı. Məhz bayram gününün günortası, hamının daha çox toplaşacağı vaxt. Bu da mübarizənin nəticəsinin uzun müddət yaddaşlardan silinməməsi və hər kəsin bu hadisəyə şahidlik etməsi üçün düşünülmüş bir addım idi.
Bayramın rolunu Qurani-Kərim İbrahim peyğəmbərin bütləri qırması hadisəsində də göstərir. Hədislərə görə, İbrahim peyğəmbər yaşadığı şəhərin bütlərini sındırma planını məhz bayram gününə planlayır. Belə ki, bayram günləri camaat hamılıqla bayram mərasimlərini icra etmək üçün şəhərdən kənara çıxardılar.
Bayram günlərinin birində İbrahim peyğəmbər evdə oturur, insanlarla mərasimə qoşulmur. İnsanların şəhərdə olmamağından istifadə edib (bir bütdən başqa) şəhərin bütün bütlərini sındırır.
Bu hadisə barədə ətraflı məlumat üçün Ənbiya surəsinin 57-58-ci ayələrinin təfsirinə müraciət etmək olar.
Quranın digər bir ayəsində isə Allahın həqiqi bəndələrinin belə bir xüsusiyyətə malik olduğu buyurulur:
˝O kəslər ki batilə (zur) şahidlik etməz, faydasız (ləğv) bir şeylə qarşılaşdıqları zaman ondan üz çevirib yanından təmkinlə keçərlər˝.[7]
Ərəbcədə qeyd olunan “zur” (batil) sözünü yalan, günah icra olunan məclis, haram musiqi ifası, həmçinin (bəzilərinə görə də) keçirilməsi günah olan batil bayramlar kimi izah etmişlər. Bəzilərinə görə, “zur” sözü məsihilərin və yəhidilərin dinlərinə xas olan dini bayramlara aiddir. Mücahidə görə, ayədəki “zur” kəlməsi müşriklərin bayramına, haram musiqi ifa olunan məclislərə bir işarədir.[8]
“Ləğv” (faydasız) sözü isə diqqətəlayiq olmayan, faydasız, mənasız bir şey deməkdir. Quran prizmasından baxdıqda “ləğv” bütün günahlara şamil olan bir ifadədir. Bütün bu mənaları öz yerinə qoyduqda ayənin mənası belə olur, iman əhli ləğv əhlini (günah əhlini) çirkin işlərlə məşğul ikən gördükdə onların yanından üz çevirərək ötüb keçər, o cəmə qoşulmaz, onların günah məclislərində iştirak etməzlər. Həmçinin inanclı insanlar (qeyd olunan təfsirə görə) müşriklərin bayramlarını keçirməz, günah və çirkin işlərin qeyd olunduğu batil bayramlarda da iştirak etməzlər.
İSLAMIN QEYRİ-DİNİ BAYRAMLAR HAQQINDA NƏZƏRİ
İslama görə, bayramlar təyin olunma xüsusiyyətinə malik əlamətdar günlərdən ibarətdir. Dinə görə, hər hansı bir mühüm və ya münasib hadisə ilə əlaqədar olaraq bayram təyin oluna bilər. İsa Məsihin süfrənin endirildiyi günün bayram təyin olunmasını istəməsi də bunu göstərir.
İslama görə, bayramlar bir neçə qrupa bölünür. Gəlin bütün bu qrupları ayrı-ayrılıqda izah edək. Birinci qrup bayramlar sırf dini bayramlardır: Fitr, Qurban, Qədir Xum bayramları kimi. Belə ki, hədislərdə bu günlərin Allah tərəfindən bayram olaraq təyin olunduğu qeyd olunmuşdur. Dini hesab edilməsi də məhz Allah tərəfindən təyin olunmasına görədir.
Digər qrupa daxil olan bayramlar isə dini kökü olmayan (qeyri-dini olan), müəyyən xalqlara məxsus bayramlardır. Bu cür bayramlar çoxluq təşkil edir. Burada maraqlı bir sual yaranır: ˝Görəsən, İslamın ˝dini olmayan bayramlara˝ münasibəti necədir? Belə bayramların qeyd olunması icazəlidirmi?˝
Bu mövzuda İslam alimləri arasında iki fərqli fikir mövcuddur. Məxsusən vəhabi inancında və əhli-sünnə etiqadında olan alimlərin bir qismi dini bayramlardan başqa bütün növ bayramların dini cəhətdən qadağan olunduğunu bildirmişlər. Onlar, hətta ad günlərinin belə bayram edilməsini düzgün hesab etməmişlər.
Əksəriyyət isə İslamın bayramlara birmənalı şəkildə yanaşmadığını, bayramları məqbul (icazəli) və qeyri-məqbul (icazəli olmayan) olaraq iki hissəyə böldüyünü bildirmişdir.
Bizlər Quran ayələrini və hədisləri araşdırdığımız zaman, həmçinin fəqihlərin hökmlərinə nəzər saldıqda görürük ki, İslam heç bir vaxt hər hansı bir qeyri-dini bayramı sadəcə dini olmadığına görə qadağan etməmişdir.
Ayətullah Xamenei: ˝Bayram etməyin özündə irad yoxdur. Ancaq gərək haram işlərdən çəkinilsin˝.
Ayətullah Fazil Lənkərani: ˝Bayramın öz-özündə eybi yoxdur. Ancaq haram işlərin icrası hər bir halda və hansı ünvanla olursa-olsun icazəli deyildir. Müsəlmanlar və möminlər gərək haram işlərdən həmişə uzaq dursunlar˝.[9]
Ayətullah Məhəmməd Hüseyn Kaşiful Gita İslamın qəbul etdiyi bayramları belə qruplaşdırır: ˝Bizim dörd növ bayramımız vardır:
1-Dini bayramlar: Fitr və Qurban bayramı kimi.
2-Məzhəbi bayramlar: Qədir bayramı kimi.
3-Milli bayramlar: Hər məmləkət və ölkə müəyyən bir günü özü üçün bayram hesab edir.
4-Yaradılış bayramları: Bu günləri aləm bayram edir˝.[10]
İslamın bir bayramı qadağan etməsi o bayramda mövcud olan əsaslı mənfi cəhətlərə görə olmuşdur. Ona görə də İslam yalnız aşağıda qeyd etdiyimiz bir qrup bayramı qeyri-məqbul bilmişdir.
1- Kitab əhlinə (xristianlara, yəhudilərə) məxsus dini bayramlar. Pasxa, epifanie, xaç suyuna çəkilmə kimi.
2- İnsanlar tərəfindən yaradılmış (bütpərəstlik, ulduzpərəstlik, atəşpərəstlik, caynizm, qədim yunan dinləri kimi) batil dinlərə məxsus bayramlar.
Əgər hər hansı bir bayram müştərək xüsusiyyətlərə sahib olarsa, (yəni bu bayram hər hansı bir ölkədə kitab əhlinin və ya batil dinin bayramı sayılmaqla bərabər, başqa bir ölkədə də milli bayram kimi qeyd olunursa) bu zaman hər ölkəyə o bayrama olan münasibətinə görə hökm veriləcəkdir. Milli bayram kimi qeyd olunan ölkədə milli bayram hökmündə olduğundan icazəli olacaq, digər ölkədə isə (batil dinin bayramı olduğu üçün) icazəli olmayacaqdır.
3-İslamda haram hesab edilən ayinlərin, əməllərin əsasında qurulmuş, onlarla əlaqəli hadisələrin qeyd olunmasına həsr olunmuş bayramlar: Məsələn, pivə bayramı (Bjordagurinn), Moldovada keçirilən milli şərab bayramı, rəqs bayramları kimi…
Bu cür bayramlar, sadəcə olaraq, yanlış etiqadın nümayişi və günah işlərin icrasından ibarət olduğuna görə İslam dini tərəfindən qadağan edilməmişdir. Belə ki, bu formalı bayramların keçirilməsi, eyni zamanda, onda olan xüsusiyyətlərin və bu formalı işlərin təbliği, yadlardan çıxmaması, əbədiləşdirilməsi mahiyyətini də daşıyır. Ona görə də İslam bu bayramları nəticə etibarilə haram işlərin və batil ideologiyanın təbliği, təsdiqi və yayılmasına səbəb olduğuna görə keçirilməsini qadağan etmişdir.
Deyilənlərdən sonra məlum olur ki, əgər hər hansı bir bayramda bu əlamətlər yoxdursa, (dini bayram olmasa da belə) İslam dini onun qeyd edilməsinə etiraz etmir. Belə bayramlara İslam dini mübah bayramlar deyir. Yeni il və Novruz bayramı da eynilə bu qisim bayramlardandır. Yəni onların keçirilib keçirilməməsi insanın öz ixtiyarına buraxılmışdır.
ƏSAS MAHİYYƏTDİR
Hədislərə də diqqət edəndə anlayırıq ki, bayramların öz-özlüyündə əsaləti yoxdur, mühüm olan o günlərin mahiyyətidir.
İmam Əli bəzi bayramlarda deyərdi: ˝Bu bayram Allah tərəfindən orucu və namazı qəbul olunmuş şəxs üçün bayramdır. Ümumiyyətlə, Allaha üsyan olunmayan hər gün bayramdır˝.[11]
Bu hədisdən də göründüyü kimi, mühüm olan dini çərçivələrə riayət olunmasıdır. O çərçivədən çıxıldıqda məqbul bayram belə qeyri-məqbul olur. Buna görədir ki, İmam Həsən Fitr bayramı günü yol ilə gedərkən bir dəstə insana etiraz edir. Belə ki, onlar oynayır, əylənir, yersiz olaraq deyib-gülməklə məşğul idilər. Bu zaman Həzrət Həsən ibn Əli onların başı üzərində dayanır və onları belə bir müqəddəs gündə mənasız işlərlə məşğul olub, yersiz əyləndiklərinə görə qınayır.[12]
Başqa bir hədisdə isə qeyd olunur ki, Novruz bayramı günü İmam Əliyə hədiyyə gətirirlər. İmam bu hədiyyənin verilmə səbəbini soruşur. Ona deyirlər ki, bu gün novruz günüdür. İmam bu zaman deyir: ˝Bizim hər günümüzü novruz qərar verin!˝[13]
HANSI AMİLLƏRİN BAYRAMLARIN QADAĞAN EDİLMƏSİNDƏ TƏSİRİ YOXDUR
Bayramların İslam tərəfindən qadağan olunmasında bəzi amillərin təsiri yoxdur:
1-Bayramın əsasını qoyan şəxsin inancı:
Əgər bir bayramın əsasını qoyan batil etiqadlı biri olubsa və bayramın özündə yuxarıda qeyd etdiyimiz əlamətlər yoxdursa, yəni bayramın mahiyyəti müsbətdirsə, o zaman həmin bayramı keçirməyin də bir eybi yoxdur. Məsələn, fərz edək ki, Allahı qəbul etməyən, yaxud da çoxallahlılığa inanan biri bütün ölkə tərəfindən keçirilən ˝kitab bayramı˝ adlı bir bayram təyin etmişdir. O gün bütün insanlar istirahət edir, yalnız kitab oxuyur, bir-birlərinə kitab hədiyyə edirlər. Belə bir gözəl bayramı aydındır ki, İslam onu təyin etmiş insanın inancına görə qadağan etməyəcəkdir.
2-Əvvəli pis, sonu yaxşı olan:
Bir sıra bayramlar vardır ki, kökündə yanlış bir adət, yaxud yanlış bir cəhət vardır. Lakin sonradan bu bayramlar hər hansı bir ölkə və ya xalq tərəfindən dəyişilərək başqa bir mənalarda və gözəl adətlərlə əlaqədar qeyd olunmağa başlanılmışdır (yəni müsbət cəhətləri ilə qəbul olunmuşdur). Bu kimi hallarda (dinə görə) bayramın kökündə olan cəhətlərə deyil, hazırda mövcud olan cəhətinə baxılmalıdır.
Məsələn, götürək Novruz bayramını. Mümkündür ki, bu bayram atəşpərəstliklə, yaxud da digər qədim yanlış inanclarla bağlı bir bayram olmuş olsun. Ancaq hazırda bu bayramın keçirildiyi ölkələrdə, (ən azı bizim ölkədə) heç kəs Novruzu hansısa qədim dinə etiqad edərək keçirmir. Hazırda Novruz bir çox xalqların milli bayramına çevrilmişdir. Həmçinin bu da mümkündür ki, əgər araşdırılsa, görərik ki, Novruz bayramında olan bəzi elementlər (tonqal, müxtəlif təbiət hadisələri ilə əlaqədar olan çərşənbələr (od, su, torpaq və yel kimi), səməni, Keçəl, Kosa və Baharqızı kimi) hansısa qədim və yanlış dini ayinə məxsus bir element olmuş olsun. Ancaq artıq uzun illərdir ki, (ölkəmiz də içində olmaqla) bu elementlər Novruz bayramını keçirən bütün ölkələrdə milli bayramın atributlarına çevrilmiş və öz keçmiş mahiyyətini itirmişdir. Günümüzdə Novruz bayramı bahar günü, fəsil dəyişməsi, təbiətin oyanması, şəmsi təqvimində yeni ilin gəlməsi, milli bayram və bunun kimi əlamətlərlə əlaqəli olaraq qeyd edilir.
Eyni sözləri qriqori təqviminin təzələndiyi zaman qeyd olunan Yeni il bayramı ilə bağlı da demək olar. Burada da mümkündür ki, Şaxta baba, Qarqız, yolka (şam ağacı) kimi Yeni ilə xas olan elementlər araşdırıldıqda slavyan xalqlarının dini folkloruna, yaxud da xristianların dinlərinə aid olmuş olsun. Ancaq hazırda əksər ölkələrdə, (ən azından bizim ölkədə) bu elementlərin heç biri xalq tərəfindən o formada qəbul olunmur. Əgər xalq Şaxta babaya xristian dininə məxsus olan bir müqəddəs, yaxud da slavyan xalqlarının təbiət ruhunu özündə əks etdirən bir element, həyatlarında nələrisə dəyişdirmək gücünə sahib, insanlara səmadan hədiyyələr gətirən, onların arzu və diləklərini icra etmək qüdrətində olan bir varlıq kimi qəbul etmirsə və əksinə, ona nağıl qəhrəmanı kimi baxırsa, o zaman din öz hökmünü bu bayramın keçmiş mənşəyinə görə yox, bu bayramı qeyd edən xalqın hazırki düşüncələri, hazırki baxışı əsasında verəcəkdir. Ona görə də bir bayramı və ya personajı onun kökündəki cəhətlərinə görə tənqid etmək əqli və dini yanaşma əsasında deyildir.
3-Bəzi günahların edilməsi:
Bir sıra bayramlar vardır ki, həmin bayramları qeyd etməyin öz-özlüyündə heç bir iradı yoxdur. Lakin bu bayramları qeyd edərkən insanlar günah işlər edirlər. Bilmək lazımdır ki, bu kimi halların baş verməsi bayramın özünü qeyri-məqbul etmək qüdrətində deyildir. Məsələn, ˝faşizm üzərində qələbə günü˝ bizlərdə bayramdır. Əgər bəzi insanlar bu günü qeyd etmək adı ilə İslamın qadağan etdiyi işləri görürlərsə, bu işlər o bayramın özünü qadağan etməz. Həmçinin mümkündür ki, kimsə Qurban bayramını da günah məclisi təşkil etməklə qeyd etsin, aydındır ki, bu hal da o bayramın dini cəhətdən qadağan olunmasına əsas verməyəcəkdir.
Əlbəttə ki, burada da bir istisna vardır. Mümkündür ki, bu bayramda hansısa məxsusi bir haramı icra etmək o qədər kütləvi bir hal alsın ki, zamanla bu bayramın bir atributuna, ona xas bir elementə çevrilsin və bu bayram artıq hamıda o haram elementlə assosiasiya olunsun. Həmçinin o bayramı qeyd etmək həmin haram elementlərin təbliğinə səbəb olsun. Bu kimi hallarda İslamın nəzərində bu bayram haram bayramlardan hesab olunacaq və din bu bayramın qeyd olunmasını məqbul bilməyəcəkdir. Belə ki, artıq bayram öz əvvəlki düzgün mahiyyətini itirmiş və yeni bir yanlış mahiyyət əldə etmişdir.
NOVRUZ VƏ YENİ İL DİN GÜZGÜSÜNDƏ
Novruz bayramı: Novruz sözü ˝no ruz˝, yəni yeni gün deməkdir. Mənbələrə görə, bu söz qədim avesta dilindən gəlmişdir. Sonradan pəhləvi (orta fars) dilinə modifikasiya olunub və daha sonra ˝no ruz˝ kimi işlənib. Novruz şəmsi təqviminə görə, yeni ilin girdiyi “fərvərdin”[14] ayının birinə düşür.
Novruzun tarixi köklərinin İslamdan əvvələ, çox qədim zamanlara aid olduğunu deyirlər. Qədim xalqlar Novruzu baharın gəlişi kimi qeyd etsələr də, zərdüştlər bunu öz dini inancları ilə əlaqələndirmişlər. Bu bayram qədim zamanlardan başlayaraq, Azərbaycan, İran, Əfqanıstan, Özbəkistan və Tacikistan olmaqla bir çox şərq ölkələrində baharın gəlişi kimi qeyd olunmaqdadır. Novruz bayramında əgər hansısa tarix mərhələsində zərdüştlüklə əlaqəli müəyyən atributlar olsa da, belə, günümüzdə bu bayram sırf milli və baharın gəlişi ilə əlaqəli, İran və Əfqanıstan kimi ölkələrdə isə şəmsi təqvimlərinin dəyişməsi kimi qeyd olunur.
Yeni il bayramı: Bu bayramın adı (eynən Novruz kimi) özünün mahiyyətini izah edir. Novruz şəmsi təqviminin dəyişdiyi yeni günü bildirirdisə, Yeni il də qriqori təqviminə əsasən ilin dəyişməsini bildirir. Yanvarın ilk gününü Yeni il bayramı kimi qeyd etmək ənənəsinin qədim dövrlərə, bəzilərinə görə, eramızdan əvvəlki qədim yunanlara aid olduğu bildirilir. Qədim yunanlar yanvarın birində bayram məqsədi ilə evlərini bəzəyərdilər. Günümüzdə dünyanın əksər ölkələri, (ölkəmiz də daxil olmaqla) yanvarın birini Yeni il bayramı kimi qeyd edirlər. Hər bir ölkə Yeni il bayramını öz milli adət-ənənələrinə xas olaraq keçirir. Ancaq bəzədilmiş yolka, Şaxta baba, hədiyyələrin verilməsi, şən əhval-ruhiyyə, bayram süfrəsi ətrafında ailə üzvlərinin toplaşması, atəş-fəşanlıq kimi atributlar, demək olar ki, hamısına xarakterikdir.
Novruz və Yeni il sırf təqvim dəyişikliyinin qeyd edilməsi ilə əlaqədar olduğuna görə aydındır ki, nə İslam, nə də digər dinlərə xas bayram hesab edilmir. Bəziləri mümkündür ki, Novruz barəsində nəql olunmuş hədislərə görə, onu İslam dininə aid bir bayram bilsinlər. Ancaq o hədislər sənəd cəhətindən zəif hədislərdir və məna cəhətindən bu bayramın dini olduğuna qətiyyən dəlalət etmir. Fəqihlərin əksəriyyəti də öz hökmlərində Novruz bayramının Qurban və Fitr bayramı kimi dini bir bayram olmadığını qeyd etmişlər.
Ayətullah Ruhullah Xomeyni: ˝Novruz bayramı milli bayramdır və İslami bayram deyildir. Lakin İslam da bu bayrama qarşı çıxmamışdır˝, ˝Novruz bayramı qədimi bir bayramdır. Ancaq İslam bayramlarının bütün əməlləri İslam dininə məxsus olur və müqəddəs şəriət sahibi də onları ümumi olaraq təsdiqləyir. Həmçinin İslam bayramlarının digər xüsusiyyəti də odur ki, onlar bütün dünya müsəlmanlarına məxsus olur. Novruz bayramı isə dini bir bayram deyildir. Baxmayaraq ki, onda İslamın qəbul etdiyi bəzi yaxşı əməllər icra olunur. Novruz baramı, həmçinin ümumdünya bayramı da deyildir. O, İran da olmaqla, bir neçə ölkəyə məxsusdur˝.[15]
Ayətullah Məkarim Şirazi: ˝Bəzi hədislərdə Novruzu məzhəbi bir bayram hesab etmişlər. Lakin bu hədislərin mötəbərliyi isbat olunmadığına görə Novruzu məzhəbi bir bayram hesab etmək olmaz. Ancaq iranlıların və bəzi İslam ölkələrinin milli bayramıdır. Dünya xalqları arasında mövcud olan bayramlar kimidir və bidət də hesab olunmur. Bu milli bayramın əsası baharın gəlişidir˝.[16]
Həmçinin Ayətullah Xoyinin[17], Ayətullah Fazil Lənkəraninin, Ayətullah Safi Gülpayganinin, Ayətullah Behcətin və Ayətullah Sistaninin də bu mövzu ilə əlaqədar oxşar hökmlər verdiyini görmək olar.
Bu səbəbdən (Novruzun dini bayram olmaması və bu barədə nəql olunan hədislərin sənədlərinin zəifliyi) Novruz bayramı ilə əlaqədar hədislərdə nəql olunmuş bəzi əməllərin, əxlaqi tövsiyələrin (qüsl almaq, müstəhəb namaz kimi) heç bir əsası yoxdur.[18]
Ancaq baxmayaraq ki, fəqihlər Novruzu İslam bayramı deyil, qədim milli bir bayram hesab edirlər, hətta batil ayinlərə belə aid olduğunu etiraf edirlər, bununla belə, Novruzun milli bir bayram kimi qeyd olunmasını düzgün hesab edirlər. Məxsusən də onda olan müsbət cəhətlərə görə. Deməli, qeyri-dini bayramı da müsəlmanların qeyd etməsinin heç bir qəbahəti yoxdur.
Bayramlar barəsində əvvəldə verdiyimiz təhlillərdən sonra Novruz və Yeni il bayramlarının dini cəhətdən qadağan olunmasının heç bir əsasının olmadığı məlum olur. Ölkəmizdə heç kəs Şaxta babanı, nə də Qarqızı xristian dininin təmsilçisi kimi qəbul etmir. Heç kəs şam ağacını, Novruzda da səmənini sitayiş məqsədi ilə evinə qoymur. Heç bir xalq (həmçinin də bizim xalq) Novruzu atəşpərəstlərə təqlid, onlara oxşamaq niyyəti ilə də qeyd etmir.
Yeni il və Novruzda mövcud olan bayram atributlarını təhlil etdikdə belə bu əlamətlərin dinin qadağan edəcəyi bir xüsusiyyətə sahib olmadığını görürük.
Yolka həyat, yaşıllıq, məhsuldarlıq, bərəkət rəmzi kimi təqdim olunur, səməni də, həmçinin. Yeni il yolkası[19] və ya səməni xristian dininin atributu olan xaç, ikona kimi xüsusiyyətdə də deyildir. Yeni il və Novruz deyəndə zehinlərdə pasxa kimi xristian bayramı təəssüratı da yaranmır.
Şaxta baba, Kosa, Keçəl, Bahar və Qarqız personajları artıq şəhər və ya milli folklorun bir hissəsinə çevrilmişdir.
Dinə görə, hər hansı bir personifikasiya[20] yalnız yanlış bir etiqadla birgə olduğu halda qadağan olunur. Məsələn, Şaxta baba, Keçəl və Kosanı hər hansı bir inancla birgə qəbul etsələr. İnansalar ki, Keçəl təbiət güclərini idarə edir, Şaxta baba təbiət allahıdır, yaxud qış allahı, ya da xristian dininə aid olan qeyri-adi gücü olan Müqəddəs Nikolaydır. O zaman bu atributlar din tərəfindən (xurafat olduğuna görə) qadağan olunacaqdır. Yox, əgər bu personajlar bir nağıl qəhrəmanı kimi qəbul edilirsə, insanlar arasında da yanlış personifikasiyaya səbəb olmursa, bu zaman belə bir elementlərin dinlə bir ziddiyyəti olmur.
Əslində bu iki bayramda dinin bəyəndiyi bir çox müsbət adətlər də mövcuddur: Qohumlara baş çəkmək, küsülülərin barışması, uşaqları sevindirmək, insanların bir-birinə hədiyyə bağışlamaları, ailəyə diqqət, kasıblara ehsan, bir süfrə ətrafında qohumların, yaxınların toplaşması, qonaq getmək və sair.
˝YENİ İL˝ İLƏ ˝KRİSTMAS˝I BİR-BİRİNDƏN AYIRMAQ LAZIMDIR
Xristianlar tərəfindən İsa Məsihin doğum günü olaraq qeyd olunan bayramı bəzən Yeni il bayramı ilə səhv salırlar. Bir halda ki, İsa Məsihin doğum günü ˝Christes maesse˝, Kristmasdır. Buna müsəlmanlar Milad bayramı da deyirlər. "Milad" ərəb mənşəli sözdür, dünyaya gəlmə, doğulma deməkdir. İsa Məsihin doğum günü bayramını müsəlmanlar milad, xristianlar, o cümlədən ingilislər isə “Kristmas” (Christmas) adlandırırlar. Christmas sözü “Christ” və “mass” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası “İsanın messiyası”, ˝İsanın ayini˝ mənasını verir. Kristmas (İsa Məsihin doğum günü bayramı) xristianların bəziləri tərəfindən dekabrın 25-i, bəzilərinə görə yanvarın 6-sı, bir başqalarına görə isə yanvarın 7-si qeyd olunur.
Göründüyü kimi, Kristmas bayramı Yeni il bayramından həm keçirilmə vaxtına görə, həm də qeyd olunma səbəblərinə görə fərqlidir.
Ölkəmiz də daxil olmaqla, müsəlman dövlətlərində İsa Məsihin doğum günü rəsmi bayram olaraq elan edilməmişdir. Azərbaycanda yalnız yanvar ayının 1-i və 2-si Yeni il bayramı, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının həmrəyliyi günü məqsədi ilə istirahət günü elan edilmişdir. Yeni ili bir bayram kimi qeyd edən digər müsəlman ölkələrinin əhalisi də bu bayramı Kristmas (milad bayramı) niyyəti ilə qeyd etməzlər. Fəqət yeni il bayramını təqvimin dəyişməsi formasında qeyd edərlər.
Kristmas (Milad) bayramına xas olan dini ənənələrə Milad tamaşaları, kilsə mərasimləri, İsa Məsihin doğulma səhnələri, bunu əks etdirən fiqurlar, Körpə İsa kimi fiqurlar, İsa Məsihə edilən dualar və çələnglər də daxildir.
Hər kəsin də bildiyi kimi, bu kimi ənənələr Yeni il bayramında keçirilmir. Bununla belə, Yeni il və Kristmas bayramında müştərək olan ənənələr də vardır: Uşaqlara hədiyyələrin paylanması, ailənin bir yerə toplaşması, Şaxta baba və ya Santa Klaus, bəzədilmiş yolka ağacı və sair.
Hazırda qeyd olunan Yeni il bayramlarında bu müştərək əlamətlər Kristmasın dini motivlərindən tamamilə arınmış, il dəyişikliyi ilə əlaqədar qeyd olunan bayramın atributu statusunu almışdır.
Bundan başqa, Kristmas nəinki qeyri-xristian ölkələrində, hətta xristian ölkələrində belə artıq öz dini rəngini itirməkdədir. Bir çox katolik kilsəsinin nümayəndələrinin narahatçılığı da məhz bundan qaynaqlanır. Onlar narahat olurlar ki, Kristmas artıq İsanın doğum günündən çox alış-veriş, şənlik, ticarət, əylənmək, festivalların keçirilməsi halını almışdır. Santa Klausun isə hədiyyə paylayan bir nağıl personajı kimi uşaqlar yanında dəyəri İsa Məsihdən də artıq olmağa başlamışdır.
Yeni ildən və Novruzdan fərqli olaraq, Kristmas bayramının (fundamental xristian bayramı hesab olunduğuna görə) müsəlmanlar tərəfindən qeyd olunması düzgün hesab edilmir.
İSLAMIN DİNİ OLMAYAN MİLLİ ADƏT-ƏNƏNƏLƏRƏ, XALQLARIN MƏDƏNİYYƏTİNƏ MÜNASİBƏTİ
İlk olaraq, onu qeyd edək ki, ˝İslam qeyri-dini olan hər şeyə qarşı çıxmışdır˝ fikri kökündən yanlışdır. Belə ki, İslam qadağalarını işin mahiyyətinə görə təyin edir. Elə buna görə də bir çox hallarda İslamın dini olmayan məsələləri (mahiyyəti düzgün olduğuna görə) təsdiqlədiyini görürük. Bir çox məsələlərdə isə (məsələn, tauqiti[21] olan ibadət məsələlərindən kənar məsələlərdə olduğu kimi) insanı azad buraxmışdır. Yəni İslam dini şəri qadağaların sərhəddinə çatmayana qədər insanların davranışlarını mübah adlandıraraq onları icazəli bilmişdir. İnsanların hansı günü milli bayram olaraq təyin etmələri, onu necə keçirmək istəmələri (təbii ki, qeyd etdiyimiz kimi, haram işləri icra etmədən), bir çox ictimai məsələlər, ailə daxili mövzular, fərdi rəftarlar da bu qəbildəndir. Bununla da (insanın fəaliyyətinə məhdudiyyət qoymamaqla) İslam dini insana rahatlıq vermişdir. Bu, bir çoxlarının yanlış düşüncələri ilə ziddiyyət təşkil edir. Belə ki, onlar yanlış olaraq İslamın məhdudlaşdırıcı, insanın həyatının hər bir sahəsinə nəzarət etməyə çalışan bir din olduğunu düşünürlər.
Ona görə də ˝dini olmayan hər şey səhvdir, İslamın gətirmədiyi bütün fikirlər, bütün elmlər, bütün adətlər, bütün qanunlar batildir˝ fikrinin özü İslama ziddir.
Bəzən insanların bu yanlış təfəkkürü dəstəkləmələri onların İslam dinini ən son və ən kamil din hesab etmələrindən qaynaqlanır. Belə ki, onlar elə bilirlər ki, kamil din olmaq bütün məsələlərdə (hətta insanların özlərinin ağıl ilə dərk edə biləcəkləri məsələlərdə belə) fikir demək, xalqlar arasında, cəmiyyətdə mövcud olan bütün qaydaları, adətləri rədd edib, yerinə sırf dini hökmləri qoymaq deməkdir. Bir halda ki, kamil din o dindir ki, hər bir məsələni hərtərəfli nəzərə alsın, hər bir şeyin yerini bilsin, lazım olan hər bir şeyi də öz yerində istifadə etsin. Fərdin və cəmiyyətin özünün görə biləcəyi, ağılın dərk etməkdə qüdrəti olan işləri onların öz üzərinə buraxsın. Kamil din insanlara səadətin yollarını göstərir və onlara dərk edə bilməyəcəkləri məsələlərdə yardım edir, qalxa bilməyəcəkləri yerdə əllərindən tutur.
İslama və onun qanunlarına nəzər saldıqda görürük ki, o, millətlərə xas olan adətlərlə, insanların qurduqları heç bir şeylə müxalifət etməmişdir. İslam bunların içərisində seçim aparmış və yalnız insanların dünya və axirəvi səadəti üçün təhlükə hesab etdiyi amilləri aradan qaldırmışdır. Bəzilərini isə yanlışlıqlardan təmizləmiş və düzgün istiqamətə yönəldərək qəbul etmişdir. Elə bu yanaşmaya görə də İslam nazil olan zaman ərəblərə aid olan bütün qayda və adətləri ləğv etmədi. Hətta onlardan bəzilərini təsdiqləyərək qəbul etdi.
1) İslamdan əvvəl ərəblər ildə dörd aya xüsusi hörmətlə yanaşırdılar. O ay gələn zaman müharibələr, qətllər, qarət kimi çirkin işlər tərk olunurdu. İnsanlar daha çox mənəvi işlərə diqqət edirdilər. Bu aylarda Ərəbistanın hər bir yerindən Məkkəyə ibadət və ya ticarət üçün çoxlu sayda insanlar gələrdilər. Şer yarışları, müxtəlif tədbirlər təşkil olunardı. İslam gələndən sonra ərəblərin bu adətinə ehtiram etdi və bunu aradan aparmadı.
2) Ərəblərə aid olan bəzi diyə forması var idi, İslam onları da qəbul etdi.
3) Bəzi mərasimlərin keçirilmə formasını olduğu kimi saxladı.
4) Bir çox məsələlərdə qəti bir hökm vermədi və o məsələlərin ölçüsünü hər bir millətin özünə məxsus olan ürfünün, milli yanaşmasının öhdəsinə buraxdı. Məsələn, haram musiqinin, haram çalğı alətlərinin, qumar alətlərinin, şöhrət paltarının, ailənin ehtiyaclarının təyini kimi hökmlərdə meyar ürf və xalqın yanaşmasıdır. Bu cür bir çox şəri hökmlər də vardır ki, bu hökmlərin tətbiqi ürfün yanaşmasından asılı olaraq ölkədən ölkəyə dəyişməkdədir.
Deməli, İslam məsləhəti və faydası olan ürfi qaydalara və milli dəyərlərə əhəmiyyət vermiş, onları silib atmamışdır. Tam tərsi, hətta xalqların yaratdığı müsbət adətlərin qəbuluna təşviq belə etmişdir. İslam peyğəmbərinin bu hədisindən sonra mətləb daha da aydın olacaqdır. Həzrət belə buyurmuşdur: ˝Hər kim özündən sonra əməl edilən gözəl bir ənənənin bünovrəsini qoyarsa, ona həm etdiyi bu yaxşı işin, həm də o yaxşı ənənəyə əməl edən digərlərinin savabından azaldılmadan verilər (yəni digərlərinə nə qədər savab verilərsə, eynən o qədər də o yaxşı ənənənin əsasını qoyan şəxsə verilər). Həmçinin hər kim özündən sonra əməl edilən pis bir ənənə yaratsa, ona həm etdiyi bu pis işin, həm də o pis ənənəyə əməl edənlərin əməllərindən heç nə azaldılmadan verilər.[22]
Peyğəmbərimiz xalqın həyat tərzi olan adət və ənənələrə iki formada yanaşır. Və onların pisi olduğu kimi, yaxşısının da olduğunu qeyd edir. İslam xalqlara, məntəqələrə məxsus olan gözəl adətləri nəinki aradan qaldırmağa çalışmır, əksinə, onların daha da artırılmasına və möhkəmlənməsinə də təkid edir. Ona görə də bu cür gözəl adətləri quranlara və onlara riayət edənlərə belə ilahi əcr vəd edir.
Biz bunun örnəklərini Həzrət Əlinin müxtəlif məntəqələrə təyin etdiyi rəhbərlərə olunan göstərişlərində, həmin hakim və valilərə yazılan məktublarında da görə bilərik. Həzrət Əli bu məktublarında onlara yerli xalqlarla necə rəftar etmələri və camaatın adətləri ilə əlaqədar necə davranmalı olduqları barədə həmişə tövsiyələr verirdi. Çünki bu rəhbərlər müxtəlif məntəqələrdə müxtəlif xalqlarla, müxtəlif adətlərlə qarşılaşırdılar. Burada qarşıya çıxan ilk məsələ də İslam ölkəsinin rəsmi nümayəndəsinin dini qanunları o məntəqələrdə necə tətbiq edəcəyi, İslamın bu milli adətlər və dini olmayan qaydalarla necə rəftar etməsi idi. Bu səbəbdən də Həzrət Əli mütəmadi olaraq bu cür ictimai cəhətlərə dair xüsusi göstərişlər verirdi. Onların birində Həzrət Əli Malik Əştərə belə buyurur:
˝Bu xalqın böyüklərinin əməl etdikləri[23], onun vasitəsilə bir-birilə ülfət tapdıqları[24] (adət edərək onun vasitəsilə bir-birlərilə vəhdət yaratdıqları), onun əsasında insanların (rəiyyətin) işləri nizama düşmüş, islah olunmuş saleh ənənəni pozma!
Keçmiş saleh ənənələrə, adətlərə hər hansı bir zərər gətirəcək yeni bir ənənə yaratma! Əgər bunu etsən, o saleh ənənənin əcri onu yaradana, o ənənəni pozduğuna görə də vəbalı sənin üzərinə gələcəkdir!˝[25]
Əsl İslamın ictimai mövzularda olan düşüncəsi Həzrət Əlinin dili ilə belə bəyan olundu. Hər bir xalqın adət etdikləri, üns tapdıqları, qəlblərinə oturmuş, bu xalqın ağsaqqallarının, başbilənlərinin həyat tərzinə çevrilmiş gözəl ənənələr yaşadılmalıdır. Çünki belə adətlər səbəbilə bu xalq ayaqdadır. Onların milli kimliyinə çevrilmiş adətlər bu xalqı formalaşdırır. Onun vasitəsilə bu xalq bir-birilə möhkəm bağlanmış, bir-birilə rabitələri daha da möhkəmlənmişdir. Bu xalq artıq öz işlərini bu qaydalar, bu ənənələr əsasında tənzimləməkdədir. Bu gözəl adətlər həyatlarının bir hissəsi olmuşdur artıq. Gözəl adətlər xalq arasında xeyirli işlərin tətbiq olunmasına, nəticədə də yayılmasına səbəb olur.
İslam bu cür gözəl adətlərə qarşı çıxmağı yanlış bir addım hesab edir. Gözəl ənənələrə zərər vuracaq hər bir addımı isə kökündən rədd edir. Bütün bunlar İslamın gözəl milli dəyərlərə, saleh ənənələrə verdiyi dəyərdən irəli gəlir.
Mövzuları bu prizmadan təhlil etdikdə xalq arasında formalaşmış, yuxarıda qeyd olunan xüsusiyyətlərə malik olan hər hansı bir gözəl bayram və o bayramda olan gözəl adət-ənənələr də İslam tərəfindən məqbul hesab olunacaqdır. Bu səbəbdəndir ki, peyğəmbər və onun canişinlərinin dövründə Novruz kimi, xalqların milli bayramları və bəzi adətləri ilə müxalifət olunmamış, əksinə, bəzi hədislərdə də qeyd olunduğu kimi, məqbul bilinmişdir.
DİNİ OLMAYAN BÜTÜN BAYRAMLARI QADAĞAN BİLƏNLƏRİN DƏLİLLƏRİ
1- Qeyri-dini olan bütün bayramları İslama görə batil hesab edənlər dəlil olaraq deyirlər ki, Peyğəmbər Mədinəyə daxil olan zaman şəhər əhalisinin cahiliyyət dövründən qalmış iki günü bayram olaraq qeyd etdiklərini görür. Mədinə əhalisi o iki günü oynamaqla, əylənməklə keçirərdilər. Peyğəmbər bu zaman buyurur: ˝Allah sizin üçün bu iki günü dəyişərək yerinə ondan da yaxşısını gətirdi: Fitr və Qurban günü˝.[26] Deməli, o iki bayramdan başqa yerdə qalan bütün bayramlar qadağandır.
Cavab: Böyük alimlərin heç biri bu hədisi bütün qeyri-dini bayramların qadağan olunması kimi izah etməmişlər. Belə ki, hədisdən də məlum olduğu kimi, Mədinə əhalisi cahiliyyət dövrünə xas olan, günah adətlərlə xarakterik olan bir günü düzgün olmayan bir formada bayram edirdilər. Peyğəmbər də məhz bu səbəbdən o iki bayramı dəyişir.
2) Bir çoxları dəlil olaraq İslam peyğəmbərinin bu kəlamına istinad etmişlər: “Hərkim özünü bir qövmə bənzətsə, həmin şəxs o qövmdən sayılar”.[27] Qeyri-dini bayramları keçirmək müsəlmanın özünü qeyri-müsəlmanlara bənzətməsidir. Ona görə də qeyri-dini bayramlar qadağandır.
Cavab: Bizim əvvəldə verdiyimiz izahlardan sonra məlum olur ki, bu hədis yalnız haram elementlərin, batil dinlərin qeyd edilməsinə həsr olunmuş bayramlara şamil olur. Novruz, Yeni il, həmçinin dövlət bayramları, xalq bayramları, peşə bayramları kimi dini olmayan bayramlarda heç bir batilə bənzərlikdən söhbət gedə bilməz.
Digər tərəfdən də, fəqihlərin və üsul alimlərinin də qeyd etdikləri kimi, burada hər bir cəhətdən olan bənzərlikdən söhbət getmir. Belə ki, bir çox bənzərliklər vardır ki, hədisdə onlar nəzərdə tutulmamışdır. Buradakı bənzərlikdə məqsəd batilə bənzərlik, batil dinə bənzərlik mənasındadır. Yaxşı işləri görmək cəhətindən olan zahiri bənzərliyi isə hədis nəzərdə tutmamışdır.
Digər dəlillər də vardır. Lakin onlar çox daha xırda və əsassız olduğundan üzərində durmuruq. Zəhəbinin də Novruz bayramı, ad günləri kimi dini olmayan bayramlar barəsində fikirləri və mülahizələri vardır. Sadəcə olaraq, bunların hər birini təhlil etmək məqaləmizin çərçivəsindən kənara çıxır. Onu qeyd edək ki, o mülahizələrin də içərisində bu mövzu ilə bağlı araşdırmamıza dəlil ola biləcək məqamlar yoxdur.
[1] Mimi məsdər hesab olunur, zaman və məkana dəlalət edən isimdir.
[2] ˝Maidə˝ surəsi, ayə 112-113.
[3] ˝Maidə˝ surəsi, ayə 114.
[4] Hədislərə görə, bayram günlərində yeni paltarlar geyinmək, ətir vurmaq bəyəniləndir.
[5] ˝Təfsiru mənhəcis sadiqin fi ilzamil muxalifin˝, III cild, səh.351.
[6] Taha, ayə 59.
[7] Fürqan, ayə 72.
[8] Əlbəhrul Muhit fit təfsir. 8-ci cild, səh.132.
[9] ˝Yeni məsələlər: alimlərin və təqlid mərcelərinin nəzərində˝, I cild, səh.159-160.
[10] ˝Novruz˝, Seyid Məhəmməd Əli Milani, səh.44.
[11] Nəhcül bəlağə, 428-ci hikmət.
[12] Tuhəful Uqul, 236.
[13] Mən lə yəhzuruhul Fəqih, 3-cü cild, səh.300.
[14] Şəmsi təqviminin ilk ayıdır.
[15] Səhifeye Nur, 17-ci cild, səh.215.
[16] http://makarem.ir/main.aspx?typeinfo=21&lid=0&catid=1017&mid=185273
[17] ˝Mausuə İmam Xoyi˝, 10-cu cild, səh.50.
[18] Bəzi fəqihlər bu əməlləri yalnız rəca qəsdi ilə etməyi icazəli bilmişlər.
[19] Hansı ki, hər bir ölkədə yeni il yolkasının özünə uyğun modifikasiyaları vardır. Məsələn, bəzi isti iqlimli ölkələrdə şam ağacının vəzifəsini bambuk ağacı icra edir. Bu da şam ağacının özünün bir müqəddəsliyinin, üstünlüyünün olmamasının göstəricisidir.
[20] Personifikasiya təbiət güclərinin, əşyaların, bəzi anlayışların insan və ya hər hansı bir canlı simasında təqdim olunması. Personifikasiya adətən dinlərdə, əfsanələrdə, nağıllarda, qədim ayinlərdə və bəzi ədəbiyyatlarda mövcuddur.
[21] Tauqiti elə hökmlər və məsələlərdir ki, onların müəyyən edilməsində ağılın heç bir rolu yoxdur və o hökmlərin təyini birbaşa ilahi göstərişə bağlıdır.
[22] Kənzul Ummal, 15-ci cild, səh.78.
[23] Başqa bir hədisdə bu hissə belə verilib: ˝Əməl olunan saleh ənənəni…˝.
[24] Yaxud da o ənənəyə ülfət tapdıqları.
[25] Nəhcul Bəlağə, səh.431.
[26] Kənzul Ümmal, 24102.
[27] İmam Əhməd, Musnəd, 5114, 5115.