"Terrorun kökünü tamamilə qazımaq mümkün deyil"
– Görürük ki, bəziləri islam dinini terrorla çox əlaqələndirirlər. Hətta "islam terroru" deyə bir ifadə də formalaşıb. Əvvəlcə gəlin aydınlaşdıraq - terror nə deməkdir?
– Terror kəlməsi latın mənşəlidir, qorxu, dəhşət anlamını verir. Hüquq sistemi çərçivəsində izah etmək istəsək, insanları qorxutmaq üçün siyasi məqsədlərlə törədilən zorakılıqdır. Bu zorakılıq bəzən partlayış, suyu zəhərləmək, hansısa fərdi aradan götürmək və s. əməli formalarda təzahür edir. Terrror o qədər qarışıq bir haldır ki, onun günümüzdə standart, konkret izahı yoxdur və özündə 100-ə yaxın cinayət tərkibli əməli ehtiva edir. Bu da bu fenomenin qəlizliyi və işlənmə mexanizminin mürəkkəbliyindən xəbər verir.
Mövzu müasir dövrümüz üçün çox aktualdır. Elə bir cəmiyyət yoxdur ki, terror mövzusu onu narahat etməsin. Terror cəmiyyətin bütün təbəqələrini narahat edir. O, hansı cəmiyyətdə baş qaldırırsa, böyük fitnə-fəsada səbəb olur. Terrorun mahiyyətinə varmaq üçün onun psixoloji, sosioloji, iqtisadi, ideoloji kökləri araşdırılmalıdır. Yalnız sərhədləri, polis təşkilatını gücləndirməklə terrorun kökünü tamamilə qazımaq real görünmür, bununla problemin həllinə nail olmaq mümkün deyil.
"İslam hüququnda terroru ifadə edən müxtəlif kəlmələr və ifadələr vardır"
– Ümumiyətlə, islam hüququnda terror anlayışı varmı?
– İslam hüquq sistemində, aydındır ki, terror kəlməsi eynilə işlədilməyib, çünki bu, müasir dövrümüzdə qabardılmış bir kəlmədir. Ancaq islam hüququnda terror halını ifadə edən müxtəlif kəlmələr və ifadələr vardır. Onlardan biri müharib kəlməsidir. Bu kəlmə islam hüquq sistemində insanları qorxutmaq məqsədilə silah çəkmiş adamı nəzərdə tutur. Silahın odlu, yaxud soyuq silah olması önəm daşımır. Sadəcə bu halda cinayət tərkibinin olması üçün bir neçə element mütləq olmalıdır. Birinci, silahın çıxarılması, ikinci, insanları qorxutmaq məqsədinin sübuta yetməsi. Bu iki faktor varsa, həmin insan artıq müharib hesab edilir və islam hüquq sistemində ağır cəzalandırılır. Bununla bağlı bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Qurani-Kərimdə bir neçə yerdə və hədislərdə müharibin kim olduğuna toxunulur və müharib şəxs hər yerdə Allahın, peyğəmbərin və cəmiyyətin düşməni olaraq təqdim edilir. Yəni bu işi icra edən şəxs - terrorist, Quran ayələrinin təbiri ilə desək, Allaha və peyğəmbərinə qarşı çıxmış şəxs hesab edilir. Dinimiz ictimai asayişi o qədər önəmli bilir ki, müharibin kimisə qətlə yetirməsi şərt deyil, bu insan sadəcə olaraq kütləni qorxuya salırsa, təkcə bu əməl islama görə, ən böyük cinayət hesab edilərək sürgün edilmədən tutmuş edama qədər ağır şəkildə cəzalandırılır.
İslam hüquq sistemində terrorist kəlməsinin analoqu olan ibarələrdən biri də mufsid fil-ərz – "yer üzərində fitnə-fəsad yayan" kəlməsidir. Bu kəlmə özündə cinayət tərkibli bir çox əməlləri ehtiva edir. Bunlardan ən önəmlisi insanların asayişini pozan kütləvi xarakterli təxribatlardır. Maraqlıdır ki, müvafiq Quran ayəsində "bu işə səy edən" - yəni terrorçu islami nöqteyi-nəzərdən sadəcə yaşadığı, yaxud fitnə törətdiyi kiçik bir şəhərdə, yaşıyış məntəqəsində deyil, ümumiyyətlə, bütün yer üzərində fitnə-fəsad yayan insan kimi qiymətləndirilir və yenə də islam hüquq sistemində bu şəxsi ən ağır cəza gözləyir.
Terrora uyğun gələn daha bir kəlmə isə fətk kəlməsidir. Fətk dedikdə qəflətən pusqu quraraq bir şəxsə xəsarət yetirmək nəzərdə tutulur. Hədislərə görə, iman gətirmiş şəxs fətk etməz. Fətk terrorizmin bariz nümunəsidir. Terrorizmə xas olan ictimaiyyəti qorxuda saxlamaq xüsusiyyəti - müharib şəxsə, yer üzərində cinayətin qloballaşması – mufsid fil-ərzə, qəflətən pusqu quraraq, hiylə ilə insanları aradan götürmək isə fətk icra edən şəxsə xasdır. İslam bunu birmənalı şəkildə pisləyir və qadağan edir. Bir nəfər imam Sadiqə (ə.s.) yaxınlaşıb deyir: "İnancımızı qəbul etməyən və bizə müxalif davranan bir şəxs var. Pusqu quraraq heç kəsin görmədiyi bir yerdə qılıncımla onu qətlə yetirə bilərəmmi?" Sanki həmin adam müasir dövrün terror aktını icra etmək istəyir - pusqu qurub cinayət törətməklə insanları, yaxud həmin şəxsin mənsub olduğu qrupu qorxudub susdurmaq. Bu əməlin kökündə fikir ayrılıqları, maddi, ideoloji və s. motivlər dayanır. Hədisdə bəhs edilən şəxs də inanc fərqliliyini bəhanə edərək fətk icra etmək istəyirdi. İmam cavabında islam peyğəmbərindən hədis gətirərək bu işin dinə zidd olduğunu söyləyərək bildirir ki, bir şəxs fərqli bir inancda olub hətta sizə qarşı düşmənçilik mövqeyi nümayiş etdirsə belə, onu pusqu quraraq qətlə yetirmək cinayətdir. Burada mühariblə fətk törədən arasındakı fərq də ortaya çıxır: müharibin kimisə qətlə yetirməsi şərt deyil, silah çəkərək insanları qorxutmuş olması cinayət məsuliyyəti daşıması üçün kifayətdir. Fətk zamanı isə qorxu yaratmaq niyyəti yoxdur, hədəf birbaşa düşmənə xəsarət yetirilməsidir.
Bəğy anlayışını da terrorla əlaqələndirmək olar. Burada artıq daha öncə qeyd etdiklərimizdən fərqli olaraq, təşkilatlanma faktoru var: qrup yaradaraq ədalətli hakimə və ya sistemə qarşı təxribat törətmək, ölkədə xaos yaratmaq üçün müəyyən addımlar atmaq. Yenə də islam hüquq sistemində ağır şəkildə cəzalandırılır.
Ğədr deyilən bir anlayış da var ki, mahiyyətində hiylə və məkrlə müəyyən insanlara və ya cəmiyyətə zərər vermək dayanır. İslam hüquq sistemində ğədr deyəndə bir insana aman verdikdən sonra gözlənilmədən qətlə yetirmək, özünü dost kimi təqdim edib etibar qazandıqdan sonra ziyan vurmaq, qidanı, suyu zəhərləməklə öldürməyə cəhd etmək və bu kimi hallar nəzərdə tutulur və yenə də bu əməllərin müqabilində ağır cəza tədbirləri nəzərdə tutulur.
Ümumiyyətlə, islam dininin prinsiplərə görə, düşmənçilik edərkən də mərdanə və cəsur olmaq təşviq edilir. Hüquq sistemindəki maddələrin izahı da bu prinsipi təsdiqləyir. Bir nəfər İmam Sadiqə (ə.s) yaxınlaşıb deyir ki, bir-biri ilə düşmənçilik edən iki qeyri-müsəlman qrup bir müddət sonra öz aralarında sülh bağlayıblar. İndi onlardan biri müsəlmanlara yaxınlaşaraq sülh bağlamış olduğu köhnə düşməninə qarşı gizli saziş bağlamağı təklif edir. Həmin müsəlman da kafir qrupa qarşı digər kafirlərlə anlaşmaya girmək üçün imamın icazəsini istəyir. İmam bunun açıq-aşkar ğədr olduğunu, bir müsəlman üçün özünün bu yolla kimisə qətlə yetirməsinin, yaxud da bu işdə başqası ilə əməkdaşlıq etməsinin qadağan və haram bir iş olduğunu deyir. Kiminləsə düşmən mövqedəsənsə, fikir ixtilafın varsa, bunu mərd-mərdanə bildirməlisən. Dinimizə görə, ən böyük əxlaqi rəzalətlərdən biri də münafiqlik, yəni ikiüzlülükdür, bu da ğədr əməlinə çox yaxın olan bir anlayışdır. İmam bunun həm müsəlman, həm də qeyri-müsəlmana qarşı törədilməsini qəti qadağan edir. Ümumiyyətlə, sadaladığımız bu terror mahiyyətli cinayətlərin yalnız müsəlmanlara qarşı deyil, inancından asılı olmayaraq, bütün insanlara qarşı törədilməsi qadağandır. İnsan hüquq sisteminə görə, bütün insanlar qanun qarşısında bərabərdir.
Terrora işarə edən digər hökm qətldir. Heç bir səbəb olmadan günahsız bir insanın qanını tökmək İslam şəriətinə görə ən böyük cinayətdir. Qurani-Kərim bu barədə buyurur: "Hər kəs bir insanı qətlə yetirərsə, bütün bəşəriyyəti qətlə yetirmiş kimidir". Yəni islami yanaşmada mövzu insan həyatıdırsa, burada az, yaxud çox anlayışı yoxdur, bir insanın canı bütün bəşəriyyət qədər dəyərlidir. Bir insanın qətlə yetirildiyi terror digərlərinin də həyatını təhlükəyə atır. Əgər bir ölkədə kimsə siyasi məqsədlərlə terror aktı törədirsə, bu, bütün cəmiyyətin həyatında mənfi təsirsiz ötüşə bilməz. Çünki terror getdikcə adət halını ala bilər, insanlar düşünə bilərlər ki, sabah hansısa siyasi, yaxud iqtisadi maraqlarımı reallaşdıra bilmirəmsə, terror bir alternativ kimi çarə ola bilər. Əslində, terror günümüzdə müharibələrin alternativi kimi vüsət alıb. Qabaqlar mənafeləri toqquşan iki ölkə silah gücünə münaqişəni həll etməyə çalışırdılarsa, günümüzdə müəyyən səbəblərə görə müharibə etməkdən çəkinir, əvəzində isə daha effektiv yol olan terrora baş vururlar. Terroristlər öz əməllərinə bəraət qazandıraraq iddia edirlər ki, bir insanın öldürülməsi bütöv bir cəmiyyətin rifahına xidmət edəcəksə, bu cinayətə haqq qazandırmaq olar. İslami düşüncəyə görə, bir günahsız insanı minlərlə insanın rifahı qarşılığında belə qurban vermək olmaz. Ümumiyyətlə, terrorda hansısa rifahdan danışmaq gülüncdür. Başqa ölkələrdə terror aktlarını təşkil edən qüvvələr yaxın zamanda bunun bir tendensiya halını alaraq öz ölkələrinə də ayaq açacağını, terrorun əks təsir dalğası ilə üzləşəcəklərini düşünmürlər. Artıq bunu müşahidə etməkdəyik. Terroru yaradan və yayan ölkələr artıq özləri də terror aktları ilə qarşılaşır və özlərini heç bir şəkildə sığortalaya bilmirlər. Öz əkdikləri toxum rişələnərək bir sarmaşıq kimi öz ölkələrini də bürüyür. Məhz buna görə də islam iddia edir ki, bir insanı qətlə yetirmək bütün insanlığı öldürmək kimidir. Ayənin davamında qeyd edilir ki, bir insana nicat vermək isə bütün bəşəriyyəti xilas etmək kimidir.
"İslam ali bir hədəfə çatmaq üçün çirkin yollara üz tutmağı icazəli bilsəydi..."
– Qeyd edək ki, peyğəmbər və imamlar özləri də davamlı olaraq terrora məruz qalıblar. Həzrət Əli (ə.s.) namaz qılarkən, yəni müdafiəsiz olduğu zaman qılınc zərbəsi alaraq, imam Həsən (ə.s.) zəhərlənərək öldürülür, Kərbəla faciəsi isə kütləvi terror aktına acı nümunədir. Doğrudan da, diqqət yetiriləsi məqamdır ki, onlar özləri terrora məruz qalsalar da, müdafiə üçün belə terrora heç bir şəkildə razılıq verməyiblər. Məncə Müslim ibn Əqilin əhvalatı da buna yüzlərlə gözəl nümunələrdən sadəcə biri idi.
– Düz, qeyd etdiniz. Bəzən terroristlər ali hədəflərin reallaşması, bütün insanların nicat tapması uğrunda bu vasitəyə əl atdıqlarını deyirlər. İmam Hüseyn (ə.s.) qiyamında çox mühüm bir məqam var: İmam Kufədəki siyasi durumu öyrənmək üçün Müslim ibn Əqili oraya göndərir. Müslim artıq Kufədə olduğu zaman Yezid Übeydullah ibn Ziyadı Kufə valisi təyin edir və onun gəlişi ilə Kufənin bütün siyasi mənzərəsi dəyişir. Übeydullah məkrli siyasəti və yalan vədləri nəticəsində öncədən İmam Hüseyn tərəfdarları olan Kufə əhalisinin mövqeyini dəyişərək onu dəstəkləməsinə nail olur. Übeydullahın yanında hörmət və mövqe sahibi olan Şərik ibn Abdullah həmin ərəfədə Haninin evində xəstə halda yatır. İbn Ziyad Şəriki xəstə yatağında ziyarət etmək üçün Haninin evinə gəlməli olur. Müslim ibn Əqilə təklif edirlər ki, bu ziyarət zamanı qəfil hücum edib Übeydullahı qətlə yetirsin. Şərik ibn Abdullah da bu qətlin icrasına təkid edir və Müslimə gizlənib onun işarəsini gözləməyi, işarə verdiyi zaman qəfil hücum edib İbn Ziyadı öldürməsini söyləyir. Onu aradan götürməklə qorxu və məkrli siyasət faktorunu aradan qaldıracağını və Kufədəki vəziyyəti tamamilə əvvəlki durumuna qaytaracağını bilsə də, həlledici məqam çatanda və işarə veriləndə Müslim hücum etməkdən vaz keçir. Daha sonra bunun səbəbini soruşlara bir neçə səbəb göstərir, bunlardan biri də peyğəmbərdən eşitdiyi "müsəlman fətk etməz" hədisi idi. Onların qurğusunda həm fətk, həm də ğədr əməlinin əlamətləri var idi, belə ki, həm pusqu quraraq qəfil zərbə endirilməli, həm də bir qonaq qismində, xəstə ziyarətinə gəlmiş düşmənin ən az gözlədiyi zaman və məkanda ona hücum olunmalı idi. İslam bu əməllərə qarşı olduğu üçün Müslim də düşməni bu şəkildə öldürməkdən boyun qaçırır. Bildiyimiz kimi, nəticədə Müslim özü Übeydullah ibn Ziyad tərəfindən amansızlıqla edam edilir, Kufə tamamilə İmamın siyasi nüfuzundan çıxır və hətta İmamın tərəfdarı olduqlarını iddia edən adamlar qısa zaman sonra Kərbəla hadisəsində onun qətlində iştirak edirlər. Bu, çox dəyərli və düşündürücü bir örnəkdir. Əgər islam ali bir hədəfə çatmaq üçün çirkin yollara üz tutmağı icazəli bilsəydi, biz peyğəmbərimizin, onun canişinlərinin həyat tərzində bu faktla qarşılaşmış olardıq. Çünki dinin ölçüsü sadəcə ayələr və din təmsilçilərinin sözləri deyil, həm də onların həyat tərzləridir. Əks halda, Quranın örnək göstərdiyi və sizin də nümunə bildiyiniz şəxslərin həqiqətdə başqa cür davrandıqlarını bizə irad tutardılar. Məsələnin praktik tərəfini də araşdırmaq istəsək, həqiqətən də nə peyğəmbərimiz, nə də onun həqiqi səhabələri və canişinləri tərəfindən Quranın göstərişləri və öz buyurduqları ilə müxalif olan davranış faktı ilə qarşılaşmırıq.
İslamın terrorla əlaqələndirilməsinin gizlinləri
– Rövşən müəllim, çox maraqlıdır ki, islamın terroru lənətlədiyinə dair çoxlu Quran ayələri, hədislər nümunə gətirilir. Bəs niyə dinlərin arasında yenə də məhz islamı terrorla əlaqələndirirlər?
– Bunun əsasən siyasi kökləri var. Qeyd etdiyimiz kimi, terror siyasi hədəflərə nail olmaq üçün müharibənin bir alternatividir. Terrorun həyata keçirildiyi ölkələrin də əsasən islam ölkələri olduğunu görürük: istər Əfqanıstan olsun, istər İraq, Suriya, yaxud Livan. İslam ölkələri, təəssüf ki, böyük və çirkin siyasətin hədəfinə tuş gəlib. Bu hədəfə nail ola bilmək və terrora zəmin yaratmaq üçün, məlumdur ki, hansısa ideoloji faktor önə çəkilməlidir. İslam ölkələrində də sui-istifadə edilə biləcək ən münasib ideoloji faktor dindir. Müsəlman ölkəsində xristian, yaxud dünyəvi terror təşkilatını yaratmaqla istənilən effektə nail olmaq mümkün deyil. Ona görə də ən uğurlu yol adında islam olan bir təşkilat yaratmaqdır. Məlumdur ki, ən güclü, davamlı terrorizm dalğası ideoloji baza əsasında qurulur və bu baza milli, irqi, şovinist ideologiyalara əsaslana bilər. İslami ideologiya bu baxımdan çox işə yarayır: tədricən həmin terror təşkilatının adı ilə bağlı cinayətlər KİV-lər vasitəsilə yayılır, islam və terror kəlmələri davamlı və qəsdli şəkildə bir mürəkkəb birləşmə daxilində təkrarlanaraq eyniləşdirilir. Bunun kökündə islam düşmənçiliyi, yaxud da siyasi və iqtisadi hədəflər dayana bilər. Hazırda sırf islamın deyil, digər dinlərin də əsas götürülərək terror təşkilatlarının yaradılması faktları mövcuddur.
"Terroru dindən, milli mənsubiyyətdən tamamilə ayırmaq lazımdır"
– Maraqlıdır, tez-tez belə qəribə ifadələr də eşidirik ki, xristianlıq, buddizm dinləri daha humanistdir, terrora tamamilə ziddir və islamın davamçıları terrora daha meyillidirlər...
– İlk olaraq onu deyim ki, hansısa dini, yaxud irqi terrorla əlaqələndirmək qətiyyən düzgün deyil. Terrorun nə konkret bir din, irq, milliyyət, nə də hansısa coğrafi ərazi ilə bağlantısı vardır. Terror elə bir fenomendir ki, istənilən coğrafiyaya və yaxud cəmiyyətə nüfuz edə bilər. "İslam terrorizmi" ifadəsi isə özlüyündə ziddiyyət və paradoks daşıyır. İslam humanist bir din olaraq hər növ zorakılığa qarşıdır. Cinayət hər bir halda cinayətdir. İslam adına edilmiş cinayətə də heç bir şəkildə bəraət qazandırmaq olmaz. Necə ki, əxlaqi bir qüsurun fəzilət olduğunu iddia edə bilmərik. Necə ki, islamın oğurluqla bir arada təsəvvür edilməsi mümkün deyil, eyni şəkildə onun terror və digər cinayətlərlə də bir müstəviyə qoyulması düzgün deyil. Buddizm və digər dinlərin daha humanist olması iddiasına gəlincə, bir qədər araşdırsaq, tarixi faktların əslində əksini söylədiyini görərik. Xristianlıq tarixində milyonlarla günahsız insanın qanına bais olmuş səlib yürüşləri var. Bu yürüşlər də dini ideoloji baza üzərində qurulmuş və katolik kilsəsi, Roma papası tərəfindən dəstəklənirdi. Günümüzdə də xristianlıqla bağlı terror təşkilatları mövcuddur.
Buddizmin eramızdan əvvəl Hindistanda və digər məntəqələrdə geniş vüsət tapdığı dönəmlərdə bir çox şəhər və kəndlərdə bu dinin zor gücünə yayılması faktları olmuşdur. Hindistanın özündə racalar buddizmi rəsmi din olaraq qəbul etdirənədək nə qədər qanlar tökdülər? Bütün bunların da kökündə din deyil, təhrif olunmuş, zorakılığa rəvac verən, din adına qələmə verilən müddəalar vardı. Günümüzdə Yaponiyada, Şri-Lankada, Myanmada buddist terror təşkilatları var və rəsmi olaraq ideoloji bazaları buddizm ayinləridir. Müsəlman məbədlərinə, müsəlmanların ticarət obyektlərinə edilən hücumlar, dinc sakinlərin evlərinə basqınlar, törədilmiş qarət və qətllər - bütün bunlar buddizm rahibləri tərəfindən dəstəklənən və buddizmin ən gözəl bilicilərinin iştirak etdiyi terror aktlarıdır. Deməli, islam adına sui-istifadələri dəlil göstərərək "islam terror dinidir" deyə biliriksə, bu iddianı eyni şəkildə digər dinlərlə də bağlı rahatlıqla söyləmək olar. Həqiqətdə isə ən düzgün yol budur ki, terroru dindən, milli mənsubiyyətdən tamamilə ayırmaq və oğurluq, narkotik vasitələrin satışı kimi cinayətlərlə bir kateqoriyada görmək lazımdır.
Cihad özünümüdafiəni nəzərdə tutur
– Bəs islamda cihada çağıran ayələrə istinad edərək Quranın terrorizmi dəstəklədiyini iddia edənlərə sözünüz nədir?
– Təəssüflər olsun, günümüzdə cihad kəlməsi davamlı olaraq günahsız insan qanının tökülməsi, kütləvi qırğınlar, terror aktları ilə yanaşı hallandırıldığı üçün artıq cihad deyəndə insanın zehnində terror və qətliam canlanır. "Allahu əkbər" nidası özünü partladan kamikadzelər, günahsız insanların boynunu vuran cəlladlarla assosiasiya olunur. Əslində isə "Allahu əkbər" nidası, "bismillah" kəlməsi sülhə, sazişə səsləyən çağırışlardır. Cihadın həqiqəti isə Qarabağ müharibəsində Mübarizin, digər igidlərimizin qəhrəmanlığından fərqli bir şey deyil. İnsan öz ailəsini qoruyursa, bu bir cihaddır. Nəfsi ilə mübarizə aparırsa, yaxud da halal qazanc dalınca gedirsə, bunun özü də cihaddır. Yəni cihad kəlməsi əslində ən gözəl əməlləri, insan ləyaqətini təmsil edən davranışları ifadə edir. Buna baxmayaraq, cihad ayələri günümüzdə terrorizmə, aqressiyaya dəstək kimi qələmə verilir.
Cihadla bağlı ayələri ayrı-ayrılıqda təhlil etməyə çox vaxt tələb olunduğu üçün bu ayələrin yanlış yorumlandığı bəzi məqamlara toxunmaq istəyirəm. Cihad ayələrində "və qatilu" - onlarla vuruşun, mübarizə aparın ifadəsi keçdiyinə görə, hərbə səslədildiyi iddia edilir. Tarixi araşdırsaq, bu mübarizədə qarşı tərəfin ya Məkkə müşrikləri, yaxud da əhdi-peymanı pozmuş əhli-kitab mənsubları, yəni qeyri-müsəlmanlar olduqları məlum olur. Buna istinad edərək deyirlər ki, islam terrorizmi, qeyri-müsəlmanlara qarşı aqressiyanın ideoloji bazası elə "Allah yolunda onlarla döyüşün!" deyən Quran ayələrindən qaynaqlanır. Əvvəlcə onu qeyd edək ki, ayələrdəki "qital" kəlməsi dilimizdə feilin qarşılıq növünə uyğun gələrək "bir-biri ilə döyüşmə, vuruşma, iki tərəfin qarşılıqlı mübarizəsi" anlamını verir. Feilin məhz bu formasında işlənməsindən aydın olur ki, ayələr yalnız sizinlə vuruşan, sizi silahlı mübarizəyə cəlb edən düşmənlə vuruşmağa səsləyir. Yoxsa ki qətiyyən hansısa ölkəyə hücum etməklə əhalini qətlə yetirmək göstərişini vermir.
"Fi səbilillah" – "Allah yolunda" ifadəsi də mübarizənin ali hədəflərə xidmət etdiyini, hansısa siyasi amillər, ölkənin hüdudlarını genişləndirmək, hegemon dövlətə çevrilmək və s. məqsədlərlə vuruşmaqla əlaqəsi olmadığını sübut edir. Yəni niyyətin Allah xatirinə olduğunu iddia edərək körpə uşaqların, müdafiəsiz insanların qanını tökmək son dərəcə absurddur.
Ayənin davamında "təcavüz etməyin, Allah təcavüz edənləri, yəni həddi aşanları sevməz" kəlmələri gəlir. Bu göstəriş çox mühüm məqama işarədir. Yəni hətta vuruşmaq icazəsi olan düşmənlə belə mübarizədə ədaləti pozmaq, düşmənçilikdə həddi aşmaq olmaz. Bu, deyərdim ki, son kulminasiya nöqtəsidir. Məqsədə nə yolla olur-olsun çatmağa təşviq edən "müharibədə bütün vasitələr icazəlidir" ifadəsi çoxlarına tanışdır. İslamın isə yanaşması fərqlidir. Ayə hətta düşmənçiliyin də, müharibənin də müəyyən ədəbi, qayda-qanunları olduğunu bəyan edir. Mübarizənin haqq uğrunda olması belə çərçivələri keçməyə, həddi aşmağa bəraət qazandırmır.
Həddi aşmağın nə demək olduğunu anlamaq üçün hədislərə müraciət edək. İslam hüquq sistemində müharibədə riayət edilməsi zəruri olan bəzi qaydalar var. Qarşıdurma zamanı döyüşdən öncə sülh sazişi əldə etmək üçün müəyyən təkliflər irəli sürülməlidir. Çünki seçim olduğu təqdirdə sülh həmişə üstündür. Razılığa gəlmək mümkün olmadıqda müharibə etmək olar. Qələbə əldə etdiyin təqdirdə düşmənin abrını aparmaqla onu qətlə yetirə bilməzsən. Yəni məğlub etdikdən sonra məsxərə etmək, heysiyyətinə toxunacaq şəkildə davranmaq olmaz. Döyüş meydanından qaçan düşməni artıq qətlə yetirmək olmaz. Ya əsir götürməli, ya da qaçıb getməsinə izn verməlisən. Həm peyğəmbərin, həm də onun canişinlərinin dövründə baş vermiş döyüşlərə nəzər salsaq, onların meydandan qaçan düşmən döyüşçülərini bəzən əsir götürdüklərini, əksər hallarda isə sərbəst buraxdıqlarının şahidi oluruq. Bir insan aman istəyirsə, silahı yerə qoyubsa, onu qətlə yetirmək olmaz. Qadını, hətta döyüş meydanında olsa belə, qətlə yetirmək olmaz. Həmçinin, uşaqlara da xətər toxundurmaq olmaz. Hücum etdiyin yerdə hətta ağacları belə kəsə bilməzsən. Suyu zəhərləyə bilməzsən. Ələ keçirdiyin məntəqədə yaşayış evlərinə daxil olub sakinlərini qorxuda bilməzsən. Şəhərləri dağıda, evləri uçurda bilməzsən, bir insanın qulağını, burnunu kəsə bilməzsən, əsiri qətlə yetirə bilməzsən – düşməni yalnız döyüş zamanı qətlə yetirmək olar. Bunlar islam şəriətində olan, hədislərdə vurğulanmış qaydalardır. "Təcavüz etməyin, həddi aşmayın" dedikdə bunlar nəzərdə tutulur.
Bütün bunlardan sonra cihad ayələrinə nəzər saldıqda, əslində, onların özünümüdafiə ayələri olduqlarını görürük. Bu ayələr yalnız müsəlmanlara və yeni yaranmış islam hökumətinə qarşı düşmənçilik edən, ölkəni dağıtmaq istəyən şəxslərə qarşı mübarizəyə səsləyib. Təsəvvür edin ki, hazırda düşmən bizim torpaqlarımıza təcavüz edib, biz isə özümüzü müdafiə etmirik, müdafiəyə qalxanda da adımızı vəhşi, aqressiv toplum olduğumuzu deyirlər. Bu nə dərəcədə ədalətli olardı? Sağlam məntiq və bütün dünya hüquq sistemi qəbul edib ki, bir insanın özünə, evinə, ölkəsinə hücum edildiyi təqdirdə özünü müdafiə etmək haqqı vardır və hətta bu durumda müdafiə olunmamaq normal qarşılanmaz, qeyrətsiz və qorxaq damğası vurarlar. Bu durumlarda müdafiə və vuruşma insanın fitrətinə, psixologiyasına uyğun bir xüsusiyyyətdir. Bütün cihad ayələrində də bu xüsusiyyət var. Hətta bəzi ayələrdə qeyd olunur ki, cihad əmri zülm olunanlara, hücuma məruz qalanlara, qətlə yetirilənlərə şamildir. İlk cihad ayəsi nazil olmamış insanlar peyğəmbərə yaxınlaşıb təcavüzə uğradıqlarından şikayət edirdilər. Düşmənlər həmin müsəlmanlara hücum edərək mal-heyvanlarını qarət edir, bədən üzvlərini kəsir, namuslarına toxunur, evlərini yandırır, qətlə yetirirdilər. Müsəlmanlar vuruşmaq üçün icazə istəyəndə peyğəmbərimiz ona vuruşmaq əmri verilmədiyini deyir, münaqişəni sözlə, nəsihətlə yoluna qoymağa çalışırdı. Diqqət etsələr, görərlər ki, cihad əmri ilk nazil olan ayə deyil, heç onuncu nazil olan ayə də deyil. Yalnız bir neçə il bu əzab-əziyyətə sinə gərdikdən sonra cihad, yəni düşməndən qorunmaq üçün müdafiə olunma əmri verildi. Deməli, cihad ayələri hücuma yox, müdafiəyə təşviq edir. Mədinədə baş verən döyüşlərə baxaq: Məkkədən islam düşmənləri mütəşəkkil silahlı dəstələrlə Mədinəyə hücum edir, döyüşlər Mədinə ətrafında baş verirdi, deməli, müsəlmanların onlara qarşı vuruşması müdafiə xarakteri daşıyırdı. Odur ki, cihad ayələrinə müasir dövrün prizmasından baxaraq şərh vermək düzgün deyil. Bunu edənlər ya qəsdli şəkildə islamda olmayan şeyi ona şamil etməyə çalışır, yaxud da məlumatsızlıq üzündən yanlışlığa yol verirlər.
Məkkə mübarizəsiz, qan tökülmədən təslim oldu
– Siz İslam peyğəmbərinə nazil olmuş cihad ayələrini müdafiə xarakterli olduğunu qeyd etdiniz. Ancaq biz peyğəmbərin coğrafi ərazilərin genişləndirilməsi məqsədilə hücum etdiyini də görürük. Məsələn, Məkkənin fəthi...
– Məkkənin fəthi "hüdeybiyyə sülh müqaviləsi"nin Məkkə rəhbərləri tərəfindən pozulması ilə baş verdi. Bu sülh sazişinə görə müsəlmanlar müqəddəs Kəbə evini rahatlıqla ziyarət edirdilər. Sazişin pozulmasından sonra əmin oldular ki, Məkkə fitnə məkanıdır və bura ələ keçirilməsə, onlara rahatlıq yoxdur. Həm də vacib əməl olan həccin icrası onlar üçün mümkün olmayacaqdır. İslam peyğəmbəri on min nəfərlik ordu ilə Məkkə üzərinə hərəkət etdi, artıq əhalisinin çox hissəsi müsəlman olmuş Məkkə mübarizəsiz, heç bir qan tökülmədən təslim oldu. Ümumiyyətlə, Məkkənin müsəlman olmayan əhalisi belə artıq İslamın humanist, sülhsevər qanunları ilə çox yaxşı tanış olmuşdular. Əmin idilər ki, müsəlmanlara qılınc qaldırmasalar, onlara heç bir zərər gəlməyəcək. Bu da onların müqavimət göstərməməsinə səbəb idi. İslam peyğəmbəri də ümumi əfv hökmü verdi, müsəlmanlarla döyüşmüş bütün qəbilələrin, hətta qüreyşilərin belə canlarını amanda qərar verdi. Sülh sazişini pozmuş şəxsləri belə əfv etdi.
Fəthlərə icazə verən ilahi bir hökm olmayıb
– Bəs Sasani və Roma imperiyasına edilmiş hücumları necə izah etmək olar?
– Tarixdə "futuhat" adı ilə qeyd olunmuş digər ölkələrin fəthləri peyğəmbərdən sonra, xəlifələrin dövründə başladılıb. Bu fəthləri də şəri göstərişlə əlaqələndirmək düzgün deyildir. İslam alimləri də bu fəthlərin İslam peyğəmbərinin əmri ilə olmadığını qeyd edirlər. Çünki o zaman İslam peyğəmbəri həyatda yox idi. Bununla belə bu fəthlərin də özünə uyğun səbəbləri olub - islam dininə yönəlmiş qonşu dövlətlərin təhlükəsi, təxribat və digər amillər. Hər bir halda bu fəthlər peyğəmbərin əmri əsasında deyildi. Bu fəthlərə İslam hüquq sistemində "əhyayul məvat", "cihad", "xəraclar"və müəyyən qədər də "xüms" adlı fəsildə toxunulur. O fəsilləri araşdırdıqda da bu fəthlərə icazə verən ilahi bir hökmün olmadığını görürük. Məlum olur ki, bu fəthlər xəlifələrin şəxsi təşəbbüsləri ilə edilirdi.
Azərbaycanda qarşıdurmalara təşviq yalnız xarici qüvvələrin əlilə ola bilər
– İndi də qayıdaq çağdaş dövrümüzə və Azərbaycana. Mövcud şərtlərdə ölkəmizdə terrorizmin yayılması üçün hər hansı münbit şərait varmı? Əgər varsa, onun qarşısını almaq üçün hansı önləyici tədbirlər görülməlidir?
– Heç bir ölkə terrorizmdən sığortalanmayıb. Ancaq bəzi ölkələrdə olan ictimai, siyasi proseslər terrorizm üçün münbit şərait yaradır. Bizim ölkəmiz isə həmin ölkələrdən deyildir. Ökəmizdə belə bir siyası, ictimai vəziyyət yoxdur. Azərbaycan daim tolerant ölkə olub və bizdə heç zaman nə milli, nə dini zəmində qarşıdurma üçün şərait olmayıb.
Ona görə də Azərbaycanda hansısa daxili münaqişələrə, qarşıdurmalara təşviq yalnız xarici qüvvələrin əlilə ola bilər. Bu səbəbdən də çox ehtiyatlı olmaq və mütləq profilaktik tədbirləri görmək lazımdır. İlk növbədə əhali arasında kütləvi şəkildə və ən əsası, effektli maarifləndirmə işi aparılmalı, terrorun yaranma səbəbləri müəyyən edilməli və məsələ kökündən həll olunmalıdır.
Söhbətləşdi İlkin İzzət
Milli.Az
https://news.milli.az/country/667521.html