Bəzi vaxtlar tək qalmaq istəyirsən. Yanında heç kim olmasın. Ancaq belə anlarda da beynə çağırılmamış qonaq kimi daxil olan fikirlər buna imkan vermir.
– Bizim bütün fikirlərimiz, arzularımız necə də sadə və mənasızdır. Biz... biz, insanlar isə o ucuz fikirlərin alıcılarıyıq. Nəticədə həyatımız da elə o fikirlər kimi boş, mənasız və sadə olur. Toxunduğumuz hər şeyi məhv edirik. Eynən fikirlərimiz kimi...
– Tez-tez kədərli və mənasız fikirlər mənə qonaq gəlir. Ancaq mən həmişəki kimi onlarda məna tapmağa çalışıram. Nəinki onlarda, özümlə baş verənlərdə, ətrafımda, həyatımda axtarıram bu mənanı... Nəyə görə həyatın mənasını axtarasan. Bəlkə həyatın mənası elə bu cür monoton həyatı yaşamaqdadır: Səhər tezdən durub işə gedəsən, axşam evə gəlib yorğun halda yatasan. Səhər də hər şeyi təzədən başlayasan...
Bu fikirlərlə Villi ətrafına etinasızlıqla göz gəzdirdi. Qarşısından uşağının əlindən tutaraq onu güclə, az qala sürüyərək aparan ana keçirdi:
– Sənə demişəm ki, alacam – deyərək, ana ayaqları ilə yerə dirənmiş övladını tam bir biganəliklə arxasınca dartırdı.
– Eee, həmişə belə deyirsən – uşaq doluxsunmuş halda dəfələrlə eşitdiyi tanış sözlərə münasibət bildirdi.
– Yalan vədlər, xəyanətlər, puç olacaq ümidlərlə dolu olan dünya – Villi başını yellədərək dərindən ah çəkdi.
– Hər birimizin özünə uyğun istəkləri vardır. Bu uşağın da, hətta övladını arxasınca sürüyən ananın da... Onu da əlindən dartaraq öz istəklərinə çatmağa qoymayan bir qüvvə vardır: tale. Ana övladının əlindən çəkir, tale də ananın. Nəticədə heç kəs öz arzusuna, istəklərinə çata bilmir. Biz insanlar bədənlərimizlə böyüyürük, qəlblərimiz isə inkişafdan qalmışdır. Bizlər daxilən xoşuna gəldiyini heç nəyə baxmadan israrla, ayağını yerə dirəyərək istəyən körpə bir uşağıq. Körpə uşaqlar kimi istəyirik ki, həyatda hər şey məhz biz istəyən kimi olsun. İstədiyimizi həyat bizə verməyəndə isə təşvişə düşürük, gözlərimiz yaşla dolur, özümüzə bu həyatda yer tapa bilmirik. Hər xırda istəyimiz bizim üçün böyük və mühümdür. Qəribə də burasındadır ki, bəzən istədiyimizi əldə edəndən sonra onlara olan marağımız tamamilə itir və bizlər istər-istəməz onları lazımsız bir əşya kimi kənara tullayırıq. Elə bil, dünənə kimi bunun uğrunda mübarizə aparan biz deyildik. Gəl, indi özünü başa düş!
Axı mənim qəlbimi üzən nədir, mən həqiqətdə nə istəyirəm, axı məni nə narahat edir? Bilmirəm. Həqiqətən də nə qədər düşünürəm, bir cavab tapa bilmirəm... Ancaq bircə onu bilirəm, məni üzən bir şey var. – Bu fikirlərlə başını aşağı dikmiş Villi dərindən bir ah çəkdi.
˝Bu şəhərdə kimsə yoxdur˝ psixoloji romanından seçmələr.