BÖYÜK YALAN
– Sizinlə yalan, tarix və maddiyyat mövzuları barədə söhbət etmək istəyirəm. Sizcə, böyük bir yalanın tarixə yol tapması mümkündürmü? Elə bir yalan ki, əksəriyyəti inandırmış olsun.
– Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") əsərində bu barədə maraqlı sözlər var: "Bu cənablar "hər nə qədər dəhşətli yalan danışsan, o qədər sənə tez inanarlar". Adi insanlar kiçik yalandan daha çox, böyük yalana inanırlar. Bu, onların bəsit düşüncələrilə əlaqədardır. Onlar kiçik yalanı hər kəsin uydura biləcəyini bilirlər, ancaq çox böyük yalanı uydurmağa (o adi insanlar), bəlkə də, utanırlar. Böyük yalan onların (bu sadə insanların) beyninə belə gəlməyəcəkdir. Bax məhz buna görədir ki, kütlələr təsəvvür belə edə bilmirlər ki, (özləri edə bilmədikləri üçün) digərləri də çox dəhşətli yalan danışa, bu cür, vicdansızcasına faktları təhrif edə bilərlər. Hətta əgər onlara bu yalanın dəhşətli miqyasları başa salınsa da, onlar yenə də bu barədə şəkk etməyə davam edəcək və "yəqin ki, burada hər halda bir həqiqət vardır" deyə düşünəcəklər. Buna görədir ki, mahir yalan ustaları və yalnız yalan üzərində qurulmuş bir çox partiyalar tarix boyu məhz bu metoddan istifadə etmişlər. Yalançılar kütlələrin bu xüsusiyyətini çox gözəl bilirlər".
"Böyük yalan" – müxtəlif təbliğatlar üçün istifadə olunan üsuldur. Məharətlə qurulmuş böyük yalanda kütlələri inandırmaq gücü vardır. Deyirlər ki, İblisin Adəm peyğəmbəri (ə.s) aldatmasının da səbəbi İblisin məhz Allaha and içməsi olub. Adəm peyğəmbər (ə.s) o vaxta qədər Allaha yalan and içən birini görməmişdi və kiminsə Allaha yalandan and içə biləcəyi onun ağlına belə gəlmirdi. Hitler hesab edirdi ki, dünya gücləri almanlar barədə məhz bu metoddan istifadə edirlər. Onu da qeyd edim ki, Adolf Hitler, II Dünya Müharibəsi, Lenin, Stalin, SSRİ barədə bir çox faktlar əslində bizə təhrif olunub, başqa formada çatdırılıb. Unutmayaq ki, tarixi qaliblər yazırlar. O qaliblər də məğlub etdikləri düşməni istədiyi kimi mənfur simada tanıda, özləri barədə istədikləri faktı dəyişdirə bilərlər. Qərbin orta əsrlər tarixində, ümumiyyətlə bir çox dövlətlərin tarixində bu cür əksəriyyət tərəfindən doğru olaraq qəbul edilmiş böyük yalanlara rast gəlmək mümkündür.
– Sizcə, cəmiyyətlərin tarixi inkişafı, ümumiyyətlə tarix mistik bir iradənin istəyini əks etdirirmi? Əgər belədirsə, bu tarixi hərəkətin son hədəfi varmı?
– Siz tarixi-fəlsəfi bir baxış olan providensializmə işarə etdiniz. Providensializm tarixi hadisələri yaradılışa hakim olan sistemin məqsədyönlü cərəyanı kimi izah edir. Bu fikrə görə, kainatı idarə edən Ali İdrak vardır və o Ali İdrak insanlığın qurtuluş və cəmiyyətin nizamını qoruma planını tarixdə bəzi yüksək məqamlı şəxslərin əli ilə gerçəkləşdirir. Biz müqəddəs Avqustinin, Pavel Oroziyin, bizans xronistlərinin və digərlərinin yazılarında görürük ki, tarix İlahi İradə tərəfindən özünün istəyinə uyğun olaraq yazılır. Təbii ki, onlar hesab edirdilər ki, burada vasitə olaraq insanlardan istifadə edilir. Qərbdə providensializm orta əsrlərin sonlarına doğru Jak Benin Bossüye, daha sonra alman fəlsəfi məktəbi tərəfindən də işlənməyə başlandı. Fridrix Hegel deyirdi ki, bütün yaradılışın əsasında duran Dünya İdrakının və ya Dünya Ruhunun özünü mütləq olaraq aşkar etdiyi zaman "tarix"dir. Hegelə görə, tarixi şəxsiyyətlər ən ali canlı varlıq olan Dünya Ruhunun yer üzündə olan ən etimadlı yardımçılarıdırlar. Onlar o Ruhun istəklərini həyata keçirir və tarixi lazım olan istiqamətə yönləndirirlər. Tarixi şəxsiyyətlərin fəaliyyətləri mənasız və hədəfsiz deyildir. Belə ki, onlar qaçılmaz olan tarixi prosesləri üzə çıxarırlar.
Lev Tolstoy da "Hərb və sülh" romanında tarixi providensializmə toxunub. O yazırdı: "İnsan şüurlu olaraq (elə zənn edir ki,) özü üçün yaşayır. Lakin şüursuz olaraq tarixi və ümumbəşəri hədəflərin həyata keçməsi üçün bir silah rolunu oynayır... İnsan hər nə qədər ictimai pilləkənin yuxarısında durursa, bir o qədər onun hər bir hərəkətinin qaçılmazlığı və qabaqcadan təqdir olunduğu aydın görünür... Şah tarixin quludur".
Biz tarixi gedişatın bu cür izahını marksizmdə də görürük. Bir fərqlə ki, onlar tarixi hadisələri kənardan müdaxilə edən Ali Varlıq ilə deyil, sırf maddi faktorlarla izah edirdilər.
Aydındır ki, tarixə bu cür baxış tarixin məqsədyönlü şəkildə onun üçün təqdir olunmuş hədəfə doğru getdiyini də qəbul edir. Providensializmə görə, bu hədəf Ali İdrakın qanunlar sisteminin və mənəvi dəyərlərinin Yer üzünə tam hakim olmasından, bəşərin hərtərəfli qurtuluşundan, düşüncəsinin genişlənməsindən ibarətdir.
– Lakin müharibələr, böyük miqyaslı cinayətlər bütün tarix boyu mövcud olub və vəziyyət bu gün də müsbətə doğru dəyişməyib.
– Tarixə providensial baxışa görə, insan iradə azadlığından məhrum deyildir. Öz yolunu özü seçir. Sadəcə olaraq o, hər nə cür hərəkət etsə də, tarixin son hədəfə doğru getməsinin qarşısını ala bilməyəcəkdir. Dünya zamanla ali mənəvi dəyərlərin ucalığını düşünülmüş formada qəbul etməyə doğru gedir. İnsanlar hər bir formalı modelləri, müxtəlif dəyərləri, qanunları həyatlarına tətbiq edirlər. Hər dəfə də yanıldıqlarını anlayırlar. Hazırda bəşəriyyət özünün dəliqanlılıq dövrünü yaşayır. Lakin uzun çəkişmələrdən sonra tutduqları heyvani yolun səhv olduğunu anlayacaqdır. Providensializmə görə, bütün bunlar Ali Qüvvənin həqiqətləri insanların könüllü və düşünərək qəbul etmələri üçündür. Bütün bunlar ali planın bir hissəsidir. O, insanları heç bir işə məcbur etmir, sadəcə olaraq düzgün nəticəyə gəlmələri üçün müəyyən istiqamət verir, müəyyən müdaxilələrlə onlara doğru yollarını göstərir.
– İslam tarixində necə, bir az əvvəl qeyd etdiyimiz belə böyük yalanlar varmı?
– Bəli, var.
– Bəs islam dini providensializmə, yəni tarixə kənar iradənin təsir etməsi məsələsinə necə baxır?
– Tarixi hadisələrə baxışı üç yerə bölmək olar: tarixi məcburiyyət və ya tarixdə mütləq providensializm, tarixi təsadüf və orta yanaşma.
İslamın tarixə özünəxas yanaşması vardır. İslam insanların hər birinin azad fəaliyyətə malik olduqlarını qəbul etməklə yanaşı, tarixə hakim olan ümumi proqramdan da bəhs edib. Bu proqramı həyata keçirənlər də məhz iradə sahibi olan insanlardır. Bu tarixi proqrama görə, sonda dünyaya ümumdünyəvi bir ədalət sistemi hakim olacaqdır. Dünya cəmiyyətlərini bu ədalətli sonluğa doğru istiqamətləndirənlər isə məhz seçilmiş xüsusi insanlardır. Bu insanlara ümumi olaraq ən kamil insanlar da demək olar. Dinlər bu kamil insanları peyğəmbər, Allahdan xəbər gətirənlər və onların xüsusi canişinləri kimi təqdim edir. Bu seçilmiş şəxslər Tanrının iradəsinin yer üzündə olan icraçılarıdır. Məsələn, tarixə "Kərbəla hadisəsi" kimi həkk olunan inqilabın baş qəhrəmanı Hüseyn ibn Əli (red. Hz. İmam Hüseyn (əs.)) də qiyamının bir çox mərhələsində dəfələrlə bu işi ilahi istək əsasında etdiyini qeyd edirdi. O, hətta Kərbəlada şəhadətinin belə ilahi göstəriş əsasında olduğunu bildirir.
TARİXİ QANUNAUYĞUNLUQLAR SİSTEMİ İDARƏ EDİR
– Belə çıxır ki, tarixdə də müəyyən qanunauyğunluq mövcuddur?
– Tarixə də kainata, təbiətə hakim olan səbəb-nəticə qanunu hakimdir. Yaradılış aləmindəki səbəbiyyət qanunu bunu deyir: "Hər bir hadisənin baş verməsinin özünə uyğun şəraitləri, səbəbləri vardır. O səbəblər və şərait mövcud olan kimi ondan həmin nəticələrin törəməsi mütləqdir. Səbəblər olmasa, hadisələrin törəməsi də qeyri-mümkündür". Yaradılışdakı səbəbiyyət qanunu barədə dediklərimizi eynilə tarix barəsində də demək olar. Tarixi səbəblərin doğurduğu nəticələr arasında da od və hərarət arasındakı kimi rabitə vardır. Otaqda hərarət yaratmaq üçün sobanı qalamaq lazımdır. Soba yanan zaman otağın isinməməsi qeyri-mümkündür. Tarixin gedişində də həmin qanunauyğunluq izlənilir. Belə ki, müəyyən tarixi səbəblərin formalaşması ilə ona uyğun nəticələrin hasil olması qaçılmaz olur. Buna tarixi səbəbiyyət və ya tarixi determinizm deyirik. Nəticədə məlum olur ki, tarixə nizamlı, dəqiq və dəyişməz qanunauyğunluqlar sistemi hakimdir. Tarixi də məhz bu sistem idarə edir.
Ancaq onu da qeyd edək ki, tarixi determinizm insanları, tarixi şəxsiyyətləri məsuliyyətdən azad etmir. Çünki biz tarixi şəxsiyyətlərdən "Nəyə görə bu zülmü etdin?", "Nəyə görə bu qədər qətlləri törətdin?", "Niyə bu fəlakətin qarşısını almadın?" deyə soruşub onları mühakimə edə bilərik.
– Deməli, cəmiyyət sanki vahid canlı varlıq kimidir?
– Cəmiyyət də bir heyvan, bitki və ya insan kimi mövcudiyyətə malikdir. Cəmiyyətin fərdləri də onun bədən üzvləri kimidir. Cəmiyyətin də böyüməsi, yeniyetməlik dövrü, qocalması və ölümü vardır. Hər bir mərhələnin baş verməsinin də, xəstələnməsinin və ölümünün də öz səbəbləri vardır.
– Onda bəs tarixçilərin əsl vəzifəsi, missiyası nədən ibarətdir?
– Tarixçilər əslində cəmiyyətin bələdçiləridirlər. Onların vəzifəsi odur ki, tarixi hadisələrin əsl səbəblərini üzə çıxarıb dəqiq təhlil etsinlər. Həqiqi tarixçilər tarixi qanunauyğunluqları kəşf etməlidirlər. Keçmişdəki millətlərin, ölkələrin tənəzzülə, məhvə, yaxud da tərəqqiyə, qurtuluşa çatdıqları yolları, tarixi qanunları müəyyən etməlidirlər. Məsələn, keçmiş xalqların hansı davranışları onları əsir və qul, hansı fəaliyyətləri ağa və hakim etdi? Daha sonra onlar əldə etdikləri nəticələri insanlara, öz cəmiyyətlərinə başa salmalıdırlar ki, onlar da həmin qanunları bilsinlər, keçmişdəkilərin səhvlərini təkrarlamasınlar, səadətə qovuşmuş cəmiyyətlərin fəaliyyətlərini icra edib eyni uğurlu nəticələrə nail olsunlar.
BƏZİ DAVRANIŞ POZUNTULARI CƏMİYYYƏTİN SÜQUTUNA SƏBƏB OLUR
– Sizcə, dünyanın düşüncə məktəblərinin cəmiyyətlərə hakim olan qanunlara baxışı nə dərəcədə doğru, nə dərəcədə düzgündür?
– Düşüncə məktəblərinin Qərb modelində adətən cəmiyyətlərin inkişaf və ya məhvi sırf maddi, tarixi, iqtisadi amillərlə əlaqələndirilir. Bir halda ki, onlar bir çox qeyri-maddi faktorları unudurlar. Bu faktorlar cəmiyyətin əxlaqi, mənəvi və ideoloji vəziyyəti ilə birbaşa əlaqəlidir. Belə ki, qeyri-maddi, mənəvi amillərin də cəmiyyətlərin tarixi inkişafına təsiri olduğunu bilmək lazımdır. Tarix də göstərir ki, bu amillərin cəmiyyətin inkişafına təsiri qaçılmazdır. O məktəblərdə məhz bu məqama qətiyyən diqqət yetirilmir.
Düzgün modelə görə isə cəmiyyətin ideologiyası, əxlaqi-mənəvi vəziyyəti və davranışları onun taleyində böyük təsirə malikdir. Belə ki, xurafi, yanlış ideologiya, mənəvi dəyərlərin ucuzlaşması, pozğunluq, əyyaş həyat tərzi, total erotizasiya, zülm və digər böyük davranış pozuntuları cəmiyyətin süqutuna səbəb olur.
– Sizcə, tarixin bir nömrəli, ən güclü diktatoru kim olub?
– Pul, var-dövlət. O, ən güclü diktatordur. Günümüzün də ən nüfuzlu və qüdrətli diktatoru məhz odur. Bu diktator sərhəd, millət, irq, məzhəb və din tanımır. Səltənəti hər yerə nüfuz edir. Var-dövlət insanların allahına çevrilib. Bir çoxları ona pərəstiş etməkdə davam edirlər. Günümüzün insanı "qızıl buzov" sindromuna tutulub. Nəticədə də Musa peyğəmbərin (əs.) xalqı kimi var-dövlətə baş əyib, pula sitayiş edirlər.
"QIZIL BUZOV" GÜNÜMÜZÜN ƏN GENİŞ YAYILMIŞ KÖHNƏ DİNİDİR
– Nəyə görə qoyun, at, dəvə, yaxud da başqa heyvan deyil, məhz buzov? Bir də bu "qızıl buzov"un Musa peyğəmbər (əs.) və onun xalqı ilə nə əlaqəsi var?
– Həm İncildə, həm də Quranda bir süjet yer alıb. Musa peyğəmbər (ə.s) Sina dağına vəhy almaq üçün gedir. Onun qayıdışı gözlənildiyindən on gün çox çəkir. Bu zaman mənəvi rəhbərsiz qalmış bəni-İsrail xalqı ümidsizliyə düşür və həqiqi Allaha olan inanclarından əl çəkir, həqiqi mənəvi dəyərlərini unudur. Musanın (ə.s) yoxluğu zamanı onlar bütün qızıl əşyalarını götürüb əridir və ondan buzov heykəli düzəldirlər. Qızıldan tökülmüş buzov heykəlini özlərinə allah qərar verib, ona sitayiş etməyə başlayırlar.
Beləliklə də, "qızıl buzov" təbiri tarixə düşmüş olur. Sonradan bu ifadə bir çox başqa məqamlarda da işlənməyə başlanılır. Fransız dramaturqları Pol Barbye və Mişel Karrenin Hötenin "Faust" əsərinin birinci hissəsi əsasında yazdıqları librettoda da bu ifadə İblisin dilindən işlədilir. Bundan başqa, İlya İlf və Yevgeni Petrovun da 1931-ci ildə yazdıqları "Qızıl buzov" adlı əsəri vardır.
– Bütpərəstlərə aid olan "qızıl buzov" ifadəsinin müasir insanla hansı əlaqəsi var?
– "Qızıl buzov" insanın mənəviyyatı düşünmədən yalnız maddi sərvət xatirinə yaşama halını ifadə edir. Bu vəziyyətdə insan elə bilir ki, onu səadətə çatdıracaq amil məhz var-dövlətdir. Bu düşüncə bir çox hallarda şüuraltı mövcud olur və insanın özü də bilmədən onun bütün davranışlarını idarə edir. "Qızıl buzov" sindromuna tutulmuş insan hamıda maddi dəyərlərlə qiymət verir, mühakimələri, qərarları da sadəcə maddiyyatdan qaynaqlanır. İnsani dəyərlər, humanizm, digərlərini düşünmək onun üçün heç bir məna kəsb etmir. Zahirən qayğıkeş kimi görünə bilər, lakin bunun da arxasında maddi maraqlar durur. Ondan yaxşı dost olmasını gözləmək də düzgün deyildir. Çünki o, eqoist və hər məqamda özünü düşünəndir.
Ən qorxulusu da odur ki, yeniyetmələr, cavanlar artıq indidən bu sindroma tutulurlar. "Qızıl buzov" həyat tərzinə malik cəmiyyətdə ailə içində, dostlar və qohumlar arasında mənəvi bağlar zəifləyir, bütün ictimai əlaqələr maddi faydalar əsasında qurulur. "Qızıl buzov" sindromuna tutulmuş cəmiyyət özünün zəif fərdlərinə, həmçinin digər cəmiyyətlərə qarşı çox amansızdır. Dünyanın böyük ölkələrinin bütün xarici siyasəti məhz bu sindromdan qaynaqlanır.
Günümüzün insanı keçmişin bütpərəstlərindən elə də fərqlənmir. Keçmişdəkilər əlləri ilə düzəltdikləri fiqurlara pərəstiş edirdilərsə, müasir insanlar öz əlləri ilə düzəltdiyi texnologiyaya, zinət əşyalarına, mülklərə, sərvətə, maşınlara pərəstiş edirlər. Mahiyyət olduğu kimi qalıb, sadəcə pərəstişin obyekti dəyişib. "Qızıl buzov" günümüzün ən geniş yayılmış köhnə dinidir.
Tanrı Musa peyğəmbərin (ə.s) vasitəsilə insanları özləri kimilərinin (fironların) əlləri ilə düzəldilmiş bütlərə sitayişdən qurtarıb azadlığa çıxartmaq, həqiqi mənəvi dəyərləri onlara aşılamaq, müstəqilliyə çatdırmaq istədi. Ona görə də Musa peyğəmbər (ə.s) xalqını fironun əsarətindən qurtarıb doğma diyarlarına gətirib çatdırdı, öz yerlərinə qaytardı.
– Məgər pul, var-dövlətə yanaşma həmişə yalnız mənfi olmalıdır?
– Xeyr. Biz qətiyyən yaxşı yaşamağın, var-dövlətə sahib olmağın əleyhinə deyilik. Əksinə, kasıb yaşamaqdansa, varlı yaşamağın daha yaxşı olduğunu düşünürük. Sadəcə olaraq bir şeyi unutmayaq ki, pul insanların xoşbəxtliyi yolunda, yaxşı yaşamaqları üçün sadəcə bir vasitədir və ona bir vasitə kimi də baxmaq lazımdır.
İlkin İzzət
Milli.Az
https://news.milli.az/country/482125.html