Tələbə ikən dövrümüzün ən böyük filosoflarından dərs almaq imkanım olub. Bir gün o alimin dərsində idim. Auditoriyada yüzlərlə tələbə vardı. Müəllimə çox yaxın əyləşmişdim. Mənə baxıb dedi: “İndidən kitab yazın. Bütün alimlər çox gənc yaşlarından yazmağa başlayıblar. Onlarla sizin aranızda heç bir fərq yoxdur, sizin kimi adi insanlardır. Sadəcə onlarda özlərinə inam var. Əgər indi əlinizə qələm alıb yazıya başlamasanız, bunu heç bir zaman etməyəcəksiniz”.
Bir dəfə də yaşlı bir müəllimlə söhbət edirdim. Dedi, bir çox mövzular var ki, insanlar o barədə yazmağa cürət etmirlər. Sən bir addım atmaqla digərlərinə də cürət verə bilərsən, onlar da əllərinə qələm alıb o elmi mövzuları, bəhsləri işləyərlər. Mən ondan sonra ˝Nəfsi təzkiyənin elmi əsasları˝ kitabını yazdım. Gənc dostlarıma eyni sözləri deyirəm, sabahın bu gündən heç bir üstünlüyü yoxdur. Bu gün heç bir müqəddimə hazırlamırsansa, sabahın gəlməsi ilə heç nə dəyişməyəcək və sən o işi yenə də etməyəcəksən. Bir iş görəcəksənsə, elə bu gün, indi başla.