Milli.Az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi" silsiləsindən üçüncüsü olan "Göylərdə yazılan" məqaləsini təqdim edir:
– Haradan gəlir bu səmavi sözlər?
– İlk Kitabdan. Orada sözlərin sonsuz xəzinələri var.
– İlk Kitab hardadır?
– Göylərdə.
– Surəti necədir?
– Kağızdan, vərəqdən olmayan, nurdan bir kitab.
– İlk Kitabın adı nə?
– Ana… Ana Kitab. Çünki o, tarix boyu həqiqətlər yazılmış bütün kitabların rüşeymini öz bətnində böyüdüb. Tək həqiqət odur. Doğru və yanlış sözlər onunla uzlaşdırılar.
– Müəllifi kimdir?
– Qələm.
– Ana Kitab hansı dildədir?
– Dili olmayan, söz-söz, cümlə-cümlə bölünməyən, hərfi və nöqtələri olmayan bir bütövdür.
– Səmavi sözlərin endiyi ilk yer?
– Qəlb. Orada cilalanar, mənalanar.
– Harada hərflənər?
– Düşüncədə. Hərə bir qəlibə salar.
– Bu, necə olur? Bir az daha anlat.
– Su damlaları əvvəl bulud olar, sonra yağış. Rəngarəng bitkilərin əvvəli qara torpaqdır. Torpağın içində gülü güldən seçərsənmi?
– İlk Kitabı oxuya bilən varmı?
– Yalnız pak olanlar.
– İlk kim oxuyub?
– İlk İnsan.
– Səmavi sözlər niyə hərfdən libasa bürünüb yerə endilər?
– Hamı oxuyub anlasın deyə.
– Səmavi kitabdan nə qədər anlayarlar?
– Hərflənmiş kitabdan anladıqları qədər.
– İlk Kitabda nə yazılıb?
– Varlıq.
– Göyləri tanıt mənə!
– Paklıq yurdu. Nuraniyyət qoxulu, kəramətlə dolu. Dünyadan uzanan çirkin əllərin toxuna bilməyəcəyi müqəddəs aləm. Zaman və məkanın məhdudluğundan uzaq, sabit və dəyişməz. Səmavi sözlər kimi, kainatda olan hər gözəllik – ulduzlar, təbiət, canlılar, dəniz məhz ordandır. Səmavi sözlər buna görə dəyərdən düşməz, dəyişikliyə uğramaz, qəlblər onlarla aramlıq tapar.
– Təəccüblüdür.
– Elə bir aləmin varlığı?
– Zülmani sözlərin varlığı. Nuraniyyətdən necə yaranıblar?
– Zülmət göylərdən enməz, yerdən doğar.
– Onu nə doğurar?
– Səmavi sözlər.
– Daha da dolaşdım.
– Tikanlı, zəhərli bitkini saf yağış suyu bitirməzmi?! Yağış suyunun üzündəki köpük nədəndir, düz ağacın əyri kölgəsi hardandır?
– Niyə səmavi sözlər sinələrdə az yaranır?
– Göylərdən o qədər endirilər.
– Xəzinə sahibi xəsisdirmi?
– Sözləri qəbul edə bilən pak sinələr az, olanların çoxu da sərtləşmiş.
– Deyirlər, səmavi söz demək, təsirli yazmaq üçün qəlbi zədələmək lazımdır?
– Nə ilə?
– Nakam sevgi, xəyanətin acısı.
– Əli titrəyən ovçu hədəfini vura bilərmi? Gözəllik qüsurdan doğarmı, zülmət nur saçarmı?!
– Həsrət, ayrılıq, qüssə, eşq, qorxu, dərd... qəlbi oyadıb zərif etməzmi?
– Sonsuzluğa çatmağın həsrəti, məhdud olana deyil; haqdan ayrılığın qüssəsi, yardan deyil; kamillikdən itirdiyinin kədəri, zahirin gözəlliyindən deyil; ilahinin vüsal intizarı, ilahənin deyil; fövqəlbəşərin eşqi, bəşərin deyil; vətəndən uzaqlığın həsrəti, torpağın deyil; öz etdiklərinin qorxusu, başqalarının deyil; “nə idim”, “nə olmuşam”ın, “nə üçün gəldim”, “nə edirəm”in dərdi, nə olacağımın, nə edəcəyimin deyil.
– Səmavi yazmaq üçün nə etməli?
– Dörd məqama diqqət etməli: sözü ötürənə, biçiminə, məzmununa və məqsədinə. Bunları düzgün həll edənin üzünə göylərin qapısı açılar. Köksünü doldurmuş nuraniyyət çeşmələri qələmindən yazılarına cari olar.
– Sözü nə ötürər?
– Bu, qəlbdir. Səmavi xəzinələrlə yalnız qəlb əlaqə qurar, iki aləmi birləşdirər.
– Niyə məhz qəlb?
– Çünki səmavi aləmdən insana verilmiş yeganə pay qəlbdir. Oranın yollarını ondan başqası tanımaz. Qəlb həmişə vətəninə qayıtmaq arzusu ilə çırpınar, ağlayıb-sızlayar. Qovuşacağı günün həsrəti ilə yanıb-tutuşar.
– Bəs ağıl?
– Ana Kitabın həqiqəti ağılın dərkinin fövqündədir. Çünki ağıl yalnız hərfləri oxuyub, ləfzləri eşidib mənaya yol tapar. Mənanı vasitəsiz anlaması mümkün deyil. Qəlb isə onu vasitəsiz, olduğu kimi oxuyar.
– Niyə pərvaz etmir?
– Buxovlar qoymur.
– Kim buxovlayıb?
– Qəlbin ətrafında dolaşan bədheybətlər. Olmasaydılar, rahatlıqla göyün xəzinələri qəlbə dolardı.
– Onlar nə edərlər?
– Bağırar, hay-küy qopardarlar ki, vətənindən gələn çağırışları eşitməsin, toz-duman qaldırarlar ki, mələkutu görməsin. Qəlb yayınar, başını qaldırıb vətəninə baxa bilməz.
– Vətəninə qovuşmağı üçün nə edək. Qəlbi necə azad edək, yükünü necə yüngülləşdirək. Necə edək, səmavi danışsın, səmavi yazsın?
– İki şərtə riayət etmək lazım: öncə anla ki, qəlbi azad etmək cismi həbs etməyə bağlı. Birinin azadlığını digərinə qurban verməlisən. Və əksəriyyət cismin azadlığını seçər.
– Cismi necə həbs edəsən?
– Hər istəyinə boyun əyməməklə, bir də haqqa əməllə.
– Başqa cür alınmırmı?
– Qəlb yalnız yaşadığını yazar. Sözün qəlbə enməsi üçün əməl lazımdır. Arxasında həyat olmalıdır. Sözün toxumu qəlbdə əkilməli, alın təri, göz yaşıyla suvarılmalı, yuxusuz gecələr bahasına qorunmalı, şaxtada-soyuqda nəfəsinlə isinməli, minacat səsi ilə bəslənməli, bəhrəsini biçərkən əlin qabar olmalıdır. Ruhundan günəşlənməli, düşüncəndən qidalanmalı, təsəvvürünlə nəfəs almalıdır. Ac qalıb onu böyütməli, özünü qorxulara sipər edib onu qorumalısan.
– Sonra?
– Sonra sən haqqa əməl etdikcə qəlbin də qələmin ucu kimi incələr, incəldikcə də daha lətif yazar, ən zərif cizgiləri çəkər, nöqtə kimi heç bir ölçüsü olmayan zərrələri işarələyər. Bəzi sözlərin bar verməsi üçün illər lazım olar, bəzən də əsrlər.
– Əsr bir insan ömründən çoxdu axı?
– İnsanlığın ömrü yanında necə də azdır? Bir qəlbdə sözün toxumunu əkirsən, sonrakı qəlbdə cücərir, o birində çiçək açır, meyvəsi isə bir başqasında yetişir. Bu zaman üzərində əsrlərin tozu ilə bərabər, yüzlərlə alimin mürəkkəbi, şəhidlərin qanı, salehlərin alın təri, yuxusuzluqdan qızarmış gözlərin izi olan, gözəlliyi hamını heyran edən, ətri ərşə ucalan bir gül yetişər. Ətrafına tamaşaya yığılarlar. ˝Hədər deyilmiş, dəyərmiş,˝ – deyərlər.
– Əkinçi dərməyəcəyi gül üçün niyə zəhmət çəksin ki?
– Arzu, ümid… olmasa, heç bir bağban fidan əkməz. Bağban nə zaman köç edəcəyini bilmir… əkdiyi fidanın nə zaman çiçək açacağını da. Özünün dərəcəyi ümidiylə əkər.
– İkinci şərt nədir?
– Yerə enməsiylə üzərində kök atmış yabanı toxumlardan qəlbini arındırmalısan: kin, qəzəb, riya, təəssüb, tamah, haqqı inkar, – bunlar qəlbin gücünü əmib öldürür.
- Axı qəlbdən yazmayanlar da var?
– Bu, başqasını yamsılamaqdır, köçürmədir, səninki deyil. Sünidir, təbii deyil. Qızıl ərintisinin üzünə çıxan köpük kimidir, qızıl külçəni alarlar, ərpi deyil. Aldanıb alan da, bir müddət sonra ərpi geri qaytarar, qızıl külçəni deyil. İnsanlar gec-tez anlayırlar ki, qəlblərinə məlhəm “qızıl külçə”dir, köpüyü deyil.
– Qəlb nə zaman ölər?
– Səmavi həqiqəti olan nəsnə ölümsüzdür, çünki o, əbədi həyat mənbəyinə bağlıdır.
– Bəs vəfat?
– Vəfat qəlbin ayrılması, gəldiyi yerə, vətəninə dönməsidir.
– Onda bütün qəlblərin vətəni eynidir?
– Səmavi qəlblərin, bəli...
– Səsin getdikcə eşidilməz oldu, hara getdin.
– Mən getmədim, sən enirsən, uzaqlaşırsan.
– Axı digər üç məqam qaldı.
– Onlar yerə aiddir, cavabını da yerdə axtar.
***
Bu yazını göylərdə yazıram. Yerdən on min metr yüksəklikdə. Göylə yer arasında. İndi isə yerə enmək vaxtıdır.
Dubay – Entebbe, 30 yanvar, 2019-cu il
Milli.az
https://news.milli.az/country/749366.html