Milli.Az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi" silsiləsindən "Ədəbiyyatda sofizm" məqaləsini təqdim edir:
(Birinci yazı)
Bir çoxlarının ədəbiyyat hesab etdikləri içi boş yazılar heç bir zaman mənə ciddi gəlməyib. Sırf bədii estetika üzərində qurulmuş, yüksək sənət deyə təqdim olunan söz oyunu mənə e.ə. V əsrin ortalarında Qədim Yunanıstanda formalaşmış və bir müddət böyük gücə malik olmuş sofistlərin hadisəsini xatırlatdı. Sofia - yunanca hikmət, müdriklik deməkdir.
Sofizm müdrikliyi, həqiqəti öyrənməyi, cəmiyyətə düzgün istiqamət verməyi özünə hədəf etmiş, sonradan isə tədricən bu hədəflərindən yayınmış bir cərəyan idi. Sofistlər kütləni inandırmaq üçün "sehrli" söz və bədii ifadələri məharətlə seçə bilən gözəl natiqlər idilər. Onlar kütlə ilə manipulyasiya etmək üçün natiqlik sənətinə, aldadıcı söz oyunlarına üz tutur, təsiri gücləndirmək üçün çıxışlarında müxtəlif üslubi fiqurlardan - inversiya, xitab, ritorik sual və nidalardan, təşbeh və metaforalardan, bədii təkrarlardan geniş istifadə edir və bunların effektini jestikulyasiya ilə möhkəmlədirirdilər. Sofistlərə görə, natiqin əsas vəzifəsi həqiqəti axtarmaq, sözün mənasına diqqət etmək deyil. Əzəmət sözdədir, həqiqət və məna isə önəmli deyil. Nə isbat olundusa, həqiqət elə ondan ibarətdir. Əxlaqi dəyərlər, mədəniyyətlər, yaxşı və pis anlayışları da nisbidir. Eyni hadisə həm zülm, həm də ədalət, həm əxlaqlı, həm də əxlaqsız adlandırıla bilər. Sofizm cərəyanına materialist yanaşma, yəni hər bir hadisədə maddi başlanğıc görmə xas idi. Əksəriyyəti də bu səbəbdən ya ateist, ya da aqnostik düşüncəni qəbul edirdilər. Düşüncələri nihilizmə, təbii surətdə mənəvi-əxlaqi dəyərlərin, mədəniyyətin inkarına gətirirdi.
Sofistlərə qarşı güclü şəkildə etiraz edən ilk mütəfəkkir Sokrat oldu. Sokrat və onun Platon, Aristotel kimi tələbələri sofistlərə qarşı elmi inqilaba qalxdılar və onların yanlışlığını isbat etmək üçün əqli qaydalar təlimini yaratdılar. Beləliklə, həqiqətləri olduğu kimi göstərən, düşüncəni xətadan qoruyan fəlsəfə və məntiq elmi yarandı. Platon "Evtidem" və "Faedrus" əsərlərindəki dialoqlarında Sokratın mövzu ilə əlaqədar fikirlərini verir. Sokrat reallığı əks etdirməyən ədəbiyyatı qəbul etmir. Ona görə, sözlər estetika, ədəbi üslub cəhətindən nə qədər mükəmməl və bəlağətli olursa olsun, yalnız həqiqətə, elmə, məntiqə və rasionallığa dayandığı zaman dəyərli olur. Bu şərtlərə uyğun olmayan hər kəlmə faydasız və puçdur. Mənaya, reallığa köklənən bir təlim olan fəlsəfənin gəlişi ilə sofizm məhv oldu. Yalnız şifahi və yazılı nitqdə bədii-estetik mövzularda istifadə oluna biləcək bəhslər aktual qaldı. Hazırda fəlsəfə tarixində və ensiklopediyalarda sofizmin adı ardıcıllarının nəsli çoxdan tükənmiş qədim bir məktəb kimi keçir.
Sağlam insan fitrəti mənaya əsaslanmayan zahirin quru bər-bəzəyini həqiqi və təbii bilmir. Zahir həmişə mənanın qarşısında güzəştə getməyə məhkumdur. Məna ilə kəllə-kəlləyə gəlsə, sadəcə keçici bir müddət üçün qalib kürsüsündə əyləşə bilər. Bəlkə, məhz bu xüsusiyyəti sofizm ədəbiyyatının da tarixin dolambaclarında itib aradan getməsinə səbəb oldu, halbuki həmin dövrdə yazılmış bir çox ədəbiyyat nümunələri günümüzə qədər qorunub saxlanmışdır. Ədəbiyyatın əbədiyyət qazanması üçün mənaya köklənməsi mütləqdir.
Sofizmi izləyən müasir ədəbiyyat da mətnin bədii-estetik cəhətlərinə ifrat diqqət etməklə ehtiva etdiyi mənanı tamam arxa plana atır. Ədəbiyyat əvvəllər aşağı ictimai quruluşun daha üstünü ilə dəyişməsinə, inqilabların baş verməsinə dəstək olur, zülmlə mübarizə vasitəsi, hüquq müdafiəçisi, həqiqətlərin, maarif və mədəniyyətin təbliğatçısı kimi ali funksiyaları icra edirdisə, günümüzdə hədəfi yalnız bədii estetika, dilçiliklə məhdudlaşacaq qədər cılızlaşıb. Ədəbiyyat mənanı unudub, nöqtə-vergüldə ilişib, söz oyununda udmağa çalışaraq missiyasında uduzub.
Milli.Az
https://news.milli.az/country/723310.html