Hazırda Cənub qütbünün fəthi ilə bağlı yazılmış kitablardan birini oxuyuram. ”Dünyadakı ən son yer” adlı bu əsərin müəllif Roland Hantford, britaniyalı jurnalist və yazıçıdır. Ən məşhur qütb səyyahları barədə yazdığı bioqrafik əsərlərlə tanınıb.
“Dünyadakı ən son yer” kitabında Roland 1912-ci ildə 33 gün fərqlə Cənub qütbünü fəth etmiş iki böyük səyyah – britaniyalı Robert Skot və norveçli səyyah Rual Amundsenin ekspedisiyalarını təhlil edir. Qütb təcrübəsi və biliyi olmayan müəllif bu iki səyyahın ekspedisiyasını liderlik uğrunda yarışma kimi qələmə verərək əsərdə öz həmyerlisi Skotu ifrat dərəcədə pisləyir, qorxaq, təkəbbürlü, elmsiz biri kimi təsvir edir. Səfəri uğurla başa çatdırmış norveçli Amundseni isə göylərə qaldırır. Əsaslandığı faktlar isə bəzən çox gülüncdür və sonradan bir çox elm adamları tərəfindən asanlıqla təkzib olunub.
Müəllifin Skota olan hədsiz qərəzi, kini o qədər aşkar hiss olunur ki. Hər halda, ˝Dünyadakı ən son yer˝ əsəri dünənə qədər ölkəsində qəhrəman sayılan Robert Skotu haqsız yerə xalqının gözündən saldı. Bütün ömrünü elmə və araşdırmaya qoymuş, ölkəsi üçün özünün və yaxınlarının canını fəda vermiş səyyah dəyərsiz, təkəbbürlü bir eqoistə çevrildi.
Rolandın bu əsəri hansısa şəxsi motivlərin, daxildə olan qərəzin təhlillərə müdaxilə etməsinə aid minlərlə nümunədən biridir. Obyektiv yanaşma üçün mövzuya hakim olmaqla yanaşı, insanın mənəvi təmizliyi də çox önəmlidir. Qəribə görsənsə də, bu olmasa, kin, qəzəb, təəssüb, paxıllıq, qəlbiqaralıq insanın bütün təhlillərinə sirayət edəcək, reallığı əks etdirməsinə mane olacaq. ˝Dünyadakı ən son yer˝in böyük hissəsini gözügötürməzlik, sevilən birini əzməklə tanınmaq niyyəti doldurub.
Ən yaxın olan qəlbimizi işıqlandırmasaq, “dünyadakı ən son yer”ləri fəth etmək arzusuna düşmək mümkünsüzdür.