İnsanların həyatdan qeyri-real istəkləri getdikcə artır. Bu istəklər əks cinsə, ailə üzvlərinə, övladlara, hətta özümüzə münasibətdə belə özünü büruzə verir, sonunda da ictimai problemlərin, boşanmaların, stres və depressiyaların səbəbinə çevrilir.
Filmlər, seriallar, blogerlər qadın və kişilər üçün ideal fiziki və mənəvi göstəricilər təyin edir, ideal ailə modeli təqdim edir və insanları buna inandırır. Bu təbliğata görə, həyatda hər şey oyundur, rahat uğur qazanmaq olar, zəhmət çəkmədən, sadəcə bəxtin gətirməklə irəli gedə bilərsən, pul qazanmaq su içmək qədər asandır.
Ailə həyatını bəzən elə ifrat romantik təsvir edirlər ki, kişi-qadın münasibətlərinin yalnız gəzmək, əylənmək və limitsiz pul xərcləməkdən ibarət olduğunu zənn edirsən. Bizə göstərilən ailədə kişi qüsursuzdur, sonsuz diqqət sahibidir və bütün fikri-zikri yalnız xanımını qane etməkdir. Əlamətdar günlərin hamısında fərqli sürprizlər hazırlayır, həftəsonu da həmişə fərqli yerlərə gəzintiyə gedirlər. Qadın da mükəmməl zahiri gözəlliyə, ideal bədən quruluşuna malikdir, heç zaman qocalmır, heç zaman yoldaşına qəzəblənmir, aralarında heç vaxt fikir ixtilafı yaşanmır.
Bunları seyr edən insan da həyatdan bənzər şeylər gözləyir, ala bilmədikdə isə günahın ailəsində, övladında, cəmiyyətdə, işyoldaşlarında olduğunu düşünür. Bu təbliğata görə, ən qatı cani, ağır narkoman, ömrünün yarısını tüfeyli həyat keçirmiş insan bir günə dəyişir, pozğun qadınlar rahatlıqla gözəl həyata sahib olur. Düşünürsən ki, canilərin, pozğunların, avara insanların həyatı elə də pis deyilmiş, onlar, əslində, gecə-gündüz işləyən, zəhmət çəkən qanunpərəst vətəndaşdan daha maraqlı və xoşbəxt ömür sürürlər. Soyğunçular, narkomanlar, oğrular rahatlıqla qanunun və ilahi ədalətin əlindən qaça bilirlər. Sonra da yığdıqları pulları xərcləmək üçün gözəl bir adaya bilet alırlar.
Sözsüz ki, virtual aləmin, filmlərin insanlara təqdim etdiyi həyat modelinin reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Film sənayesinin, şou aləminin, müxtəlif bloq və vloqların fəaliyyəti də məhz ona yönəlib ki, sənə arzuladığın, həzz mənbəyi sandığın süni aləmi parlaq işıqlar altında göstərsin.
Dünyada olan aclıqları, böhranları, real ünsiyyətdə olan çətinlikləri, uğur qazanmağın məşəqqətini, milyonlarla pərəstişkarları olan bir çox məşhur insanların faciələrini, şou-biznes ulduzlarının qüsurlarını, sıxıntılarını, rəzilliklərini, hətta sadəcə makiyajsız simalarını olduğu kimi göstərsəydilər, səni cəlb edən utopik həyat qısa zamanda marağını itirər və gözündən düşərdi. Yaşamaq istədiyin, təşnəsi olduğun həyatı filmlərdə, öz bloqlarında canlandırırlar, sən də bu süni qəhrəmana bağlanır və onun fanatına çevrilirsən. Çünki o, sənin arzuladığındır; sənin kimi olsaydı, marağını tez itirərdi.
Dünyanı idarə edən bu siyasətin çarxı sənin arzularınla dövr edir. Əslində, dünya sənə sənin öz xəyallarını sırıyır, sən də onun alıcısına çevrilirsən.