(Bu məqalə geniş bir elmi işin ümumi nəticəsidir).
Psixologiyanın müstəqil bir elm sahəsi kimi formalaşması ilə birgə yaranmış suallardan biri də onun din ilə nə dərəcədə rabitədə olması və dini yanaşmadan psixoloji müalicədə istifadə etməyin mümkün olub olmaması idi. Bu sual qarşısında iki fərqli fikir yarandı. Ziqmund Freyd (1856-1939) başda olmaqla, bir qrup din ilə psixologiyanın heç bir oxşar cəhətinin olmadığını və psixoloji yanaşmada, məxsusən də psixoanalizdə ondan istifadə etməyin mümkünsüzlüyünü bildirdi. Ancaq Karl Qustav Yunq (1875-1961) kimi başqa bir qrup isə bu məsələyə daha pozitiv yanaşır, hətta öz yazılarında dinlə psixologiyanın birləşməsinə belə dəvət edirdilər. Karl Qustav Yunq mühazirələrinin birində deyirdi: “Dinlər mahiyyət etibarilə nədir? Dinlər mahiyyət etibarilə psixoterapiyanın sistemləri kimi fəaliyyət göstərirlər. Biz psixoterapevtlər bəs nə ilə məşğul oluruq? Biz insan şüurunu, başqa təbirlə desək, psixikasını və ya ruhunu iztirablardan qurtarmağa çalışırıq. Elə bu məsələni dinlər də həll edirlər. Ona görə də bizim Tanrımız təbibdir. O, xəstəlikləri müalicə edir və ruhi narahatçılıqları sağaldır. Bu, elə məhz bizim psixoterapiya adlandırdığımız şeydir. Mən dini psixoterapiyanın sistemi adlandırdıqda bu, qətiyyən sözlərin oyunu deyildi. Bu, həqiqətən də, yüksək inkişaf etmiş bir sistemdir. Elə bir sistem ki, arxasında əzəmətli, praktik bir həqiqət dayanmışdır”.[1]
K. Yunqun bu sahədə mövcud olan digər kitabı isə məhz ˝Psixologiya və din˝ adlanırdı. Bu kitab onun 1937-ci ildə Polşa universitetlərinin birində dediyi mühazirələrindən toplanmışdır. Onun bu çıxışı zamanı işlətdiyi belə bir ifadəsi vardı: ˝Bu mühazirədə mənim vəzifəm psixologiyanın dinlə hansı ümumi cəhətlərə malik olduğunu və psixologiyanın din barədə bizə nə deyə biləcəyini göstərməkdən ibarətdir… Bu mühazirənin məqsədi dinin öyrənilməsində praktik psixologiyanın nə dərəcədə əhəmiyyətə malik olması barədə sizlərdə heç olmasa səthi də olsa təsəvvür yaratmaqdır˝.[2]
Bu baxımdan neofreydizmin banilərindən hesab olunan Erix Frommun (1900-1980) da bu mövzuda yazdığı ˝Psixoanaliz və din˝ əsəri də diqqətəlayiqdir. Bu əsərdə ˝Psixoanaliz –din üçün təhlükədir?˝ başlığında müəllif qeyd edir: ˝Qərb və şərqin bütün böyük dinlərinin əsasını qoyanlar həyatın ali hədəfini insan ruhuna qayğıda, məhəbbətin və ağılın gücünün aşkar edilməsində görürdülər. Psixoanaliz burada heç bir təhlükə yaratmır. Əksinə o, bu hədəfə çatmaq üçün bir çox cəhətdən kömək edir. Dinin bu aspektinə, həmçinin digər elmlər də təhlükə yaratmır. Ümumiyyətlə, təbiət elmləri sahəsində hər hansı bir kəşfin dini hislərə təhlükə yarada biləcəyini təsəvvür etmək mümkün deyildir. Əksinə, yaşadığımız aləmin təbiətini dərindən öyrənmək daha da dini hissin yaranmasına səbəb olur… Sosioloji elmlərə gəlincə, insanın təbiətini və onun mövcudiyyətinin qanunlarını anlamaq dini etiqad üçün təhlükə yaratmır, əksinə onun inkişafına yardım edir˝.
Erix Fromm, həmçinin qeyd edir: ˝Psixoanalitik teoloq, yaxud da filosof deyildir. Bu iki sahənin vəzifəsi olan işlərin bilicisi olduğunu da iddia etmir. Ancaq ruhu sağaldan biri olaraq analitik filosof və teoloqun məşğul olduğu eyni problemlərlə, yəni insanın ruhu və onun müalicəsi ilə məşgul olur. Psixoanalitikin vəzifəsini müəyyən etdikdə görürük ki, hazırki zamanda ruhun öyrənilməsi ilə mütəxəssiscə iki dəstə məşğul olur: keşişlər (ruhanilər) və psixoanalitiklər.
Görəsən, onların qarşılıqlı əlaqəsi necədir? Görəsən, psixoanalitik ruhaninin yerini tutmağı iddia edir və onlar arasında ədavət qaçınılmazdırmı? Bəlkə də, onlar bir-birlərini tamamlamalı olan və bir-birlərinə nəzəri və əməli cəhətdən yardım etməli olan müttəfiqlərdirlər.
Birinci fikir (yəni onlar arasında oxşar cəhətlərin olmaması) həm (bəzi) psixoanalitiklər, həm də kilsənin (bəzi) nümayəndələri tərəfindən deyilmişdir. ˝Bir illüziyanın gələcəyi˝ kitabında Freyd[3] , ˝Qəlbin aramlığı˝ kitabında isə Şin müxalifətdən dəm vururlar. Karl Yunqun[4] və Ravvi Libmanın[5] əsərləri üçün isə psixoanalizi və dini sazişə gətirmək xarakterikdir. Ruhanilərin çox hissəsinin psixoanalizi öyrənmələri faktı psixoanaliz və dinin sazişi fikrinin onların praktik fəaliyyətləri sahəsinə nə dərəcədə dərin işlədiyini göstərir˝.[6]
Amerika psixoloqları arasında da bu cür müsbət yanaşmanı qəbul edənləri görürük. Onlar arasında Amerika psixoloji assosiasiyasının əsasını qoymuş tanınmış psixoloq Uilyam Ceymsi (1842-1910), Qrenvill Stenli Hollu (1844-1924) və Edvin Starbakı (1866-1947) əsas olaraq qeyd etmək olar. Rollo Ris Mey (1909-1994), Karl Rensom Rocers də (1902-1987) din və psixologiya arasında dialoqu qəbul edən psixoloqlardan olmuşlar.
Psixologiya və din arasında olan qarşılıqlı yardımlaşmanın mövcudluğu, fikrimcə, aydındır. Çünki psixologiya və din arasında bir çox mövzularda müştərək cəhətlər vardır. Müştərəkliyin olduğu yerdə, təbii ki, sazişdən və qarşılıqlı yardımlaşmadan danışmaq mümkündür.
Elmi termin olaraq ˝psixologiya˝ sözündən ilk dəfə XVI əsrdə istifadə edilmişdir. Buna baxmayaraq, o zamanlarda psixologiya müstəqil bir elm kimi hələ formalaşmamışdı. Onun müstəqil bir elm formasını alması XIX əsrin ortalarına təsadüf edir.
Din tarixinin yaşı isə eramızdan əvvəllərə qədər gedir. Onun yaşı bəşərin yaşı qədərdir. Bu nöqteyi-nəzərdən dinlərin araşdırdığı mövzular daha qədim və hər bir mövzuda topladığı həyat təcrübəsi daha zəngindir. Psixoloq bir peşə kimi yeni formalaşdığından onun həyat təcrübəsi və insanlarla olan işləmə müddəti daha azdır. Dinin nümayəndələri isə ilk insan populyasiyası yaranandan bəri həm insan fərdləri, həm də kütlələrlə işləməkdədirlər. Bu məqamda K. Q. Yunq deyir: ˝Din, heç şübhəsiz, insan ağlının ən qədim və ən universal fəaliyyət növlərindən biridir. İnsanşəxsiyyətinin psixoloji strukturuna toxunan istənilən formalı psixologiya aydındır ki, qaçınılmaz olaraq dinin yalnız sosioloji və tarixi bir fenomen olmadığı faktı ilə qarşılaşır…˝.[7]
Psixoloji bəhslərə nəzər saldıqda görürük ki, onun araşdırdığı bir çox mühüm nəzəri və praktik mövzular XIX əsrə qədər din və fəlsəfənin nəzdində bəhs olunmuşdur. Psixologiyanın bəhslərinə din və fəlsəfə həmişə böyük diqqət etmişdir. Ümumiyyətlə, yaxın müddətə qədər bu bəhslərə heç kəs psixoloji mövzu kimi baxmamışdır.
Psixologiya müstəqillik əldə etmiş yeni elm sahəsi olduğundan öz məsələlərini həll etmək üçün istifadə etdiyi metodlar fəlsəfə, fizika, riyaziyyat, tibb, biologiya və tarix kimi daha qədim elmlərə söykənir. Ancaq bununla belə, psixologiyanın hər bir müstəqil elmdə olduğu kimi özünə xas tətbiq metodları da vardır. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, psixologiyanın məsələləri qədim, özü isə bir elm sahəsi olaraq hələ cavandır.
Din və fəlsəfə arasında sazişə gəlincə isə burada vəziyyət daha sabitdir. Xristianlıq din ilə fəlsəfənin qarşılıqlı rabitəsi, sintezi sahəsində İslama qədər bəzi addımlar atmışdır. Hələ III əsrdə kilsə xadimləri özlərinin bir çox dini məsələlərini antik dövrün Platon, Aristotel və stoiklərin fəlsəfəsinin əsasında qurmuşdular. Bu zaman fəlsəfənin nəzdində fəlsəfi mövzular adı ilə bəhs olunan bəzi psixoloji məsələlər də qeyri-ixtiyari kilsə təlimlərinə sirayət edirdi. İslam mütəfəkkirlərinin gəlişi ilə isə fəlsəfə və din arasında saziş daha da möhkəmləndi. Bunu Farabinin, Şihabuddin Sührəvərdinin, İbn Sinanın, Mirdamadın, Məhəmməd ibn İbrahim Şirazinin, Məhəmməd Hüseyn Təbatəbainin və bir çox böyük İslam mütəfəkkirlərinin çalışmalarında görmək olar. Din və fəlsəfə arasında bu tətbiqin mümkünlüyü də, əvvəldə qeyd etdiyimiz kimi, o ikisi arasında olan müştərək cəhətlərə görə idi.
Buradan da məlum olur ki, fəlsəfə, din və psixologiyanı bir-birindən ayırmaq mümkün deyildir. Çünki hər üç sahənin müştərək araşdırma mövzuları vardır. Hazırda mövcud olan bir çox elmi məsələlər vardır ki, onu həm dini, həm fəlsəfi, həm də psixoloji cəhətdən araşdırmaq mümkündür. İnsanın hisləri, iztirabları, onu ruhən narahat edən və xoşhal edən məsələlər bir fərd olaraq insanın həyatının mənası, o fərdə məxsus olan həyat hədəfləri, dünyagörüşü, mənəvi-əxlaqi dəyərləri, hər bir fərdin səadəti və bədbəxtliyi ilə əlaqəli olan məsələləri və sairə.
Psixologiya fəaliyyəti zamanı tətbiq etdiyi metodları mütləq olaraq hər hansı bir konsepsiya və nəzəriyyəyə əsaslandırmalıdır. Bu da fəlsəfə və din fəlsəfəsi olmadan mümkün deyildir. Bundan başqa psixologiya bir çox praktik faydası olan məsələlərini təcrübə yolu ilə müəyyən edə bilmir. Bunun üçün o, fəlsəfi-əqli təhlillərdən istifadə etmək məcburiyyətində qalır. Bura idrakın, düşüncənin, hissin yaranması, ətrafın insan şəxsiyyətinə təsiri, cəmiyyətə insan şəxsiyyətinin təsiri, ətrafı insanın necə dərk etməsi məsələləri, intellektin təbiəti və inkişafı, bir çox metodoloji prinsiplərə aid olan məsələlər aiddir.
Hər hansı bir psixoloq öz peşəsinə daha dərindən yiyələnmək istəyirsə, dini etiqadı olmasa belə, din fəlsəfəsinin psixologiya ilə müştərək olan məsələlərdəki nəzərini mötəbər teoloji mənbələrdən öyrənməlidir. Ümumiyyətlə, yaxşı psixoloq ixtisasına aid məsələləri izah etməyə çalışan hər bir elm sahəsinin fikrini öyrənməyə çalışmalıdır. Psixiatriya və narkologiya kafedrasının professoru Paşkovskiy Vladimir Eduardoviç bu barədə yazır: ˝Кarl Yaspersin[8] fikrinə görə, ˝psixopatologiyada[9] fokusdakı kimi, demək olar ki, bütün elmlərin metodları cəm olmuşdur˝[10]. Buradan da belə birnəticə çıxır ki, psixopatologiya teologiyadan, psixologiyadan, fəlsəfədən və digərelmlərdən tamamilə müstəqil ola bilməz˝.[11]
Məsələlərə birtərəfli baxmaq psixologiyanın inkişafına, metodoloji üsulların tətbiqində çox mənfi təsir göstərir. Məsələn, psixologiyaya yalnız materialist dünyagörüşündən yanaşma səbəb olacaq ki, psixoloq bir çox konsepsiyaları, nəzəriyyələri kənara qoysun və bir çox psixoloji üsulları da tərk etsin. Bu da, öz növbəsində, bir çox problemlərin yaranmasına, məsələlərə naqis yanaşmaya səbəb olacaqdır. Rusiyada XX əsrin sonlarında yaranmış mənəvi-əxlaqi böhranın səbəbi kimi o dövrlərdə rus psixologiyasına materialist yanaşmanın dominantlıq təşkil etməsini göstərirlər. Belə ki, bu, səbəb olmuşdur ki, eksperimental psixoloji metodlar inkişaf etsin, diqqət daha çox məsələlərin maddi tərəflərinə yönəldilsin. Nəticədə də şəxsiyyətin və cəmiyyətin əxlaqi dəyərlərinin inkişafına lazımi diqqət olunmasın.
Həmçinin onu da qeyd etmək lazımdır ki, hər bir psixoloqa müraciət edən şəxslərin ən azı yarısı dini etiqadlı şəxslərdir. Dini etiqada sahib olan şəxsin problemlərə, həyatda baş verənlərə olan yanaşması aydındır ki, ateist düşüncəli birinin yanaşmasından fərqlənəcəkdir. Çünki bu iki tip insanın düşüncəsi, hisləri, zövqləri, dəyərlər sistemi müxtəlifdir. Psixoloq isə heç bir müraciət edənə öz şəxsi etiqadını, dəyərlərini məcburi olaraq qəbul etdirməməlidir. Belə məqamlarda aydındır ki, yaxşı psixoloq müalicə müddətində gözəl nəticə alması üçün fərdlərin dini etiqadlarını nəzərə almalı, bunun üçün də ən azı dini məsələlərdən işinə yarayacaq qədər xəbərdar olmalıdır. Karl Qustav Yunq buna işarə edərək deyirdi ki, hər bir psixoloq dinin sosial və tarixi üstünlüklərindən əlavə, onun böyük bir sayda insanlar üçün individual bir dəyərə malik olduğu faktı ilə qarşılaşır.[12] Ona görə də müraciət edənlərin dini hislərlə müşayiət olunan narahatçılıqlarını anlamaq üçün və dini etiqadlı fərdlərə düzgün yanaşmaq üçün hər bir dərin ixtisaslı psixoloqun dini mövzulardan xəbərdar olmağı labüddür.
Psixologiya dinlərdə istifadə olunan hansısa metodları tətbiq etmək, yaxud da dinlərdə qəbul olunmuş konsepsiyaları qəbul etməklə dinin bir növü hesab olunmaz. Necə ki, bir çox psixoloji yanaşmalarda dini yanaşmanı müşahidə etmək olar. Dinin əxlaq, fiqh və irfan bölmələrində də çoxlu sayda psixoloji düsturları görmək mümkündür. Bu da dini psixologiyaya çevirməz.
Teoloji məlumatlardan istifadə etmək heç də hər hansı bir dinə etiqad etmək və ya o dinin ayinlərini icra etməyə məcbur olmaq mənasına da gəlmir. Necə ki Avropada XIX-XX əsrin bir çox tanınmış teoloqları, filosofları və psixoloqları dini mövzulara həddindən çox maraq göstərmiş, o sahədə bir çox kitablar və məqalələr qələmə almışlar.[13] Ancaq həqiqətdə dini etiqadlı insanlar olmamışlar. Sadəcə olaraq, onlar dinin sosioloji, psixoloji bir faktor kimi bəşərin həyatında olan mühüm rolunu görürdülər. Din kimi insanın fərdi və ictimai həyatına, kütlələrə istər mənfi, istərsə də müsbət təsir edən ikinci bir qüvvətli amil yoxdur. Tarixi belə dəyişmək gücünə malik olan, insanın düşüncələrinin dərinliyinə, cəmiyyətin bütün təbəqələrinə qədər işləməyi bacaran belə bir ictimai amil araşdırmaçıların nəzərindən kənarda qalmamalıdır.
Bu məqamda bir məsələni qeyd etmək lazımdır ki, xristian dininin psixologiyaya verəcəyi töhfələri elə də çox olmasa da, İslam dini son və mükəmməl din olaraq insan psixikası barəsində daha geniş elmi materiallara malikdir. Bir çox irfani, əxlaqi və dini-fəlsəfi mətnlərdə psixologiya üçün istər nəzəri, istərsə də praktik cəhətdən çoxlu sayda faydalı məlumatlar vardır.
[1] Karl Q. Yunq, Tevistok mühazirələri, V mühazirə.
[2] Karl Q. Yunq, Psixologiya və din.
[3] Freud S. The Future of an Illusion. Liveright publishing Corporation, 1949.
[4] Jung С. G. Psychology and Religion. Yale University Press, 1938.
[5] Liebman. Peace of Mind. Simon Schuster, 1946.
[6] Erix Fromm, Psixoanaliz və din.
[7] Karl Q. Yunq, Psixologiya və din.
[8] Karl Teodor Yasper tanınmış alman psixiatrı, psixoloqu və filosofu olmuşdur.
[9] Psixopatologiya psixiatriyanın psixikanın pozuntularını öyrənən bir bölməsidir.
[10] Jaspers К. Allgemeine Psychopathologie.— 3 Auft.— Berlin: Thieme, 1923.- 420 S.
[11] V.E. Paşkovskiy. Dini-mistik hislərlə müşayiət olunan psixi pozuntular. I başlıq.
[12] Karl Q. Yunq, Psixologiya və din.
[13] Onların siyahısı o qədər genişdir ki, burada ümumi olaraq qeyd edirik.