Fəlsəfənin kökü eramızdan əvvəllərə gedir. Bizlər fəlsəfənin Qədim Romada, Qədim Yunanıstanda təxminən eramızdan əvvəl VII-VI əsrlərdə, Qədim Hindistanda isə bundan da qədimdə yarandığını müşahidə edirik.[1]
Roma İmperiyası bu cür məktəblərin inkişafına mane olmurdu. Vəziyyət IV əsrin sonlarına qədər bu cür davam etdi. Roma İmperiyasının xristianlığa meyl etməsi və kilsə təlimlərini rəsmi olaraq dəstəkləməyə başlaması ilə vəziyyət bir qədər dəyişdi. 529-cu ildə I Yustinianın zamanında xristian təfəkküründən çıxış edərək antik dövrün bütün fəlsəfi məktəbləri bağlanıldı və bununla da fəlsəfə müəllimləri pərən-pərən oldular. Ancaq bu, fəlsəfənin deyil, sadəcə Roma İmperiyasının hüdudlarında olan fəlsəfənin süqutuna səbəb oldu.
Avropada fəlsəfənin yüksəlişini yalnız katolik kilsəsinin zəifləməsi ilə müşahidə edirik. Bununla fəlsəfəyə, məxsusən də antik dövrün fəlsəfəsinə meyl artmağa başladı. Bu, Avropada müxtəlif fəlsəfi məktəblərin və təhsil mərkəzlərinin yaranmasına təkan verdi.
VII əsrdə Avropada, hələ katolik kilsəsinin böyük nüfuza malik olduğu bir zamanda İslamın gəlişi ilə fəlsəfə yeni bir nəfəs əldə etdi. Belə ki, ərəb xəlifələrinin zamanında antik dövrün müxtəlif kitabları ilə bərabər fəlsəfi kitabları da ərəb dilinə tərcümə olunmağa başlandı.
Antik dövrə və qədim hind mədəniyyətinə məxsus kitabların tərcüməsi ilə faydalı elmi mətləblərlə bərabər, tədricən müsəlmanların dini inancları ilə zidd olan fikirlər də yayılmağa başlayırdı. Bu cür yeni yaranmaqda olan yanlış fəlsəfi məktəblərlə mübarizə aparmaq üçün peyğəmbərin davamçıları olan imamlar və İslam mütəfəkkirləri öz şagirdlərinə əqli-fəlsəfi bəhsləri öyrədir, onlara o fəlsəfi fikirlərin yanlışlıqlarını dəlillərlə izah edirdilər. Nəticədə müsəlmanlar arasında əqli mühakimələr, fəlsəfi mülahizələr artmağa və güclənməyə başladı. Onların bu cür yanaşmaları əqlə əsaslanan İslam fəlsəfəsi kimi elmlərin gələcək inkişafına zəmin yaratdı.
Müsəlmanların imamları və öndə gedən alimləri öz şagirdlərinə əqli-fəlsəfi mühakimə metodlarını öyrətməklə bərabər, o dövrdə yayılmış yanlış fəlsəfi cərəyanların puçluğunu və sağlam əqli mühakimələrlə zidd olduğunu da bəyan edirdilər.
Ona görə biz o dövrə xas olan hədislərə baxdıqda həm bu cür yanlış fəlsəfənin qınanılmasına, həm də batil fəlsəfə ilə mübarizə aparmaq üçün fəlsəfi yanaşmadan istifadə edən, nəticədə də əqli-fəlsəfi metodu dəstəkləyən hədislərə rast gəlirik.
Bu dövrlərdən etibarən müsəlman alimləri arasında antik dövrün fəlsəfəsindən iqtibas edilmiş İslam fəlsəfəsi yaranmağa başladı.
Din və fəlsəfə qarşıdurması, yoxsa anlaşılmazlıq
Din və fəlsəfə qarşıdurması həm xristian, həm də İslam aləmində baş vermişdir. Roma-katolik kilsəsinin bəzi təlimləri antik dövrün fəlsəfi fikirlərinə əsaslansa da, qədim dövrün fəlsəfəsinin təbliğinə qarşı çıxır, onlara aid bütün yazılı mədəni irsi məhv edirdi. Xristianlara görə, bu fəlsəfi fikirlər dini inanclarla, ilahi təlimlərlə ziddiyyət təşkil edirdi. Onlara görə, fəlsəfə küfr elmi idi.
Bizlər eyni yanaşmanı orta əsrlərdə bəzi müsəlman alimləri tərəfindən də müşahidə edirik. Tənqidçilər arasında Ğəzalini (1058-1111), Əbul Bərəkat Bağdadini (1164 ölüm tarixi), Fəxr Razini (1149-1210), İbn Teymiyyəni (1263-1328) misal olaraq göstərmək olar. Onların içində İbn Teymiyyə kəlam, məntiq və fəlsəfə əleyhinə kəskin çıxışları, bu elmləri qadağan etməsi barəsində verdiyi fətvaları ilə daha çox seçilirdi. İbn Teymiyyədən başqa, digərlərinin etirazlarının əsas istiqaməti İslam aləmində yaranmış, İbn Sinanın “məşa” fəlsəfəsinə yönəlmişdi.
Buradakı maraqlı məqam ondan ibarətdir ki, bu qəbildən olan alimlər fəlsəfə əleyhinə, məxsusən də “məşa” fəlsəfəsinin əleyhinə yazdıqları kitablarını tam bir fəlsəfi qanunlar əsasında tərtib etmişlər. Onların fəlsəfənin rəddi barəsində yazdıqları kitabları oxuyan zaman fəlsəfəni məhz fəlsəfi və məntiqi qaydalar əsasında rədd etdiklərinin şahidi oluruq. Bu da mümkündür ki, onların fəlsəfənin özünün deyil, daha çox müəyyən bir fəlsəfi cərəyanın yanlışlığına etiqad etdiklərinin göstəricisidir. Bu səbəbdəndir ki, bir çox araşdırmaçılar bu şəxslərin özlərini belə bir filosof olaraq təqdim edirdilər.
Fəlsəfə əleyhinə çıxış edən cərəyanlar arasında daha sonra meydana çıxan və Məhəmməd Əmin Əstərabadi tərəfindən XVI-XVII[2] əsrdə geniş bir formada yayılmağa başlamış əxbari cərəyanını da göstərmək olar. Əstərabadinin başladığı və geniş vüsət almış bu hərəkatı dini bəhslərdə əqli yanaşmanı məqbul və zəruri bilən Məhəmməd Baqir Vəhid Bəhbəhani (1706–1791), Şeyx Mürtəza Ənsari (1799–1864) kimi böyük alimlər tərəfindən dayandırılır. Vəhid Bəhbəhaninin Seyid Mehdi Bəhrul Ulum, Cəfər Kaşiful Ğita kimi bir çox tanınmış tələbələrinin də əxbari məktəbinə qarşı çıxmaqlarına baxmayaraq, onlara son və həlledici zərbəni Şeyx Ənsari vurur.
İslam aləmində sonuncu etiraz dalğası isə XX əsrin əvvəllərində, Ayətullah Mirzə Mehdi Ğərəvi İsfəhaninin zamanında Məşhəddə başlanılmışdı. Nəticədə Məşhəd Mirzə Mehdinin əsasını qoyduğu təfkik məktəbinin geniş yayıldığı bir məntəqəyə çevrilir.
Yunanlardan gəlmə bir elmi öyrənmək düzgün deyil
Fəlsəfəyə edilən iradlardan biri fəlsəfə elminin yunanlardan, qədim hind mədəniyyətindən gəlmə olmasıdır. Belə ki, bu düşüncənin tərəfdarları yunan və hind mədəniyyətinin çoxallahlılığa inanan batil təfəkkürlü insanlara məxsus olmasını səbəb gətirərək fəlsəfəni də batil hesab etmişlər. Onlara görə, müşriklərə məxsus olan elmin İslam cəmiyyətində yeri yoxdur.
Cavab: İlk olaraq onu deyirik ki, əgər qeyri-dini bir mədəniyyətə xas olan, əcnəbi ölkələrdən gəlmə bir elmin sadəcə bu səbəbə görə yanlış hesab edilməyi düzgün olarsa, o zaman bir çox elmləri də kənara qoymalıyıq. Bir halda ki, bu elmləri bütün müsəlmanlar qəbul edirlər. Riyaziyyat, həndəsə, tibb, məntiq, kimya, fizika, demək olar ki, bütün texnoloji elmlər, təcrübi elmlər və sairə bu qəbildəndir. Bu elmlərin bəzilərinin əsasını qeyri-müsəlmanlar qoymuş, bəzilərinin isə bir çox məsələlərini məhz qeyri-müsəlmanlar bu elmlərə daxil etmişlər. Bu iradı deyən gərək İslamdan əvvəl mövcud olan bütün elmləri kənara qoysun və İslamdan sonra da qeyri-müsəlmanlardan gələn bütün fənləri yanlış hesab etsin. Bu prizmadan baxdıqda, hətta bütün fəqihlərin əsaslandıqları üsul elmi belə dini və ilahi elm olmadığına görə yanlış sayılmalıdır. Üsul elmində yunanlardan gəlmə olan məntiqin, hətta fəlsəfənin belə əqli qaydalarından geniş şəkildə istifadə olunmaqdadır. Bəs onda nəyə görə bütün dini tədris mərkəzlərində keçirilən məntiq və üsul elmindən, hətta fəlsəfəyə qarşı çıxmış olan təfkikçilər belə bəhrələnirlər. Təfkik məktəbinin banisi olan Mirzə Mehdi İsfəhani belə ömrünün sonlarına kimi üsul elmindən xaric dərslərini[3] tədris edirdi.
Böyük fəqih Məhəmməd Təqi Behcət üsul kimi fiqhin əsası olan bir elmi dərk etməkdə fəlsəfənin əhəmiyyəti barəsində belə deyir:
˝Ustadımız rəhmətlik Ayətullah Ğərəvi Kompani deyirdi ki, fəlsəfəni oxumadan ˝Kifayətul Usul˝[4] kitabını anlamaq olmur… Bir gün ustadımız üsul dərsini çox dərin və dəqiq formada tədris etdi. O qədər ağır dərs dedi ki, tələbələr belə heç bir şey anlamadıqlarına görə etiraz etdilər. Dərsdən sonra onun yanında idim. Bu zaman ustad mənə dedi ki, dərsi qəsdən belə ağır dedim ki, bu şagirdlər, heç olmasa, gedib ˝Mənzumə˝ni[5] oxusunlar˝.[6]
Dini hədislərə baxdıqda isə biz düzgün və yanlış elmin meyarları arasında o elmin haradan, kimdən gəlmə olduğunun yer almadığını görürük. Hədislərin birində İslam peyğəmbəri buyurur: ˝Elm Çində də olsa, onu öyrənmək üçün oraya gedin! Çünki, heç şübhəsiz ki, elm öyrənmək hər bir müsəlman üçün zəruridir˝.[7]Başqa bir hədisdə isə belə buyurulur: ˝Hikmət möminin itirdiyi bir şeydir. Onu müşrikin yanında olsa belə, öyrənin! Çünki sizlər o elmə daha layiqsiniz˝.[8]
˝Hikmət möminin itirdiyi bir şeydir. Onu müşrikdən də olsa, öyrənin!˝[9]
İsa Məsihdən imamların nəql etdiyi bir hədisdə buyurulur:
˝Haqqı batil əhlindən də olsa, öyrənin! Batili isə haqq əhlindən də olsa, öyrənməyin! Sözləri ayırd edən, onun dəyərlisini dəyərsizindən seçən olun!˝[10]
Bu qəbildən çoxlu hədislər vardır ki, elmin düzlüyünün meyarını haqq və batil olaraq göstərir və onun hansı ölkədən, hansı etiqadlı birindən gəldiyini isə qətiyyən meyar hesab etmir. Qeyri-müsəlmanlardan gələn hər bir elmin batil olması fikri çox gülünc və əsassızdır. Əgər bu meyar düzgün olsaydı, peyğəmbər və imamlar elmi müşrik, münafiq və Çin kimi bütpərəst bir məmləkət əhlindən öyrənməyə təşviq etməzdilər. Fəlsəfəni də kəskin və birmənalı şəkildə qadağan edərdilər. Bir halda ki, bizlər bir çox hədislərdə onların əqli-fəlsəfi qaydalara istinad etdiklərinin və bu qaydalar əsasında yanlış fikirləri rədd etdiklərinin şahidi oluruq.
Bilmək lazımdır ki, haqq sözün kimdən gəldiyi əsas deyildir. Riyaziyyat, həndəsə, məntiq kimi elmləri öyrənən zaman onların kim tərəfindən, hansı millət və dinin mənsubu tərəfindən bəyan olunduğuna qətiyyən nəzər salınmır. Əsas deyilən mətləbin özünün düzgün olmasına diqqət edilir.
Həmçinin onu da qeyd etmək lazımdır ki, İslam fəlsəfəsinin qədim yunan, hind və qədim iran fəlsəfəsindən çox fərqlilikləri vardır. Məxsusən də günümüzdə çox böyük tərəfdarı olan və mötəbər hesab edilən mütəaliyə fəlsəfəsi. İslam filosofları fəlsəfi qaydaların bəzilərinin yanlışlıqlarını düzəltmiş, səhv fəlsəfi nəzəriyyələri elmi əsaslarla rədd etmişlər. Əsasını qoyduqları fəlsəfədən öz dini inanclarını elmi-əqli metodlarla qorumaq üçün istifadə etmişlər. Bir çox fəlsəfi mətləbləri də Quran və hədislər əsasında bəyan etmişlər. Bu barədə Ayətullah Ruhullah Xomeyni ˝Adabus Salat˝ kitabında yazır: ˝İslam hikməti və irfanı yunandan və yunanlılardan gəlmə deyildir. Həqiqətdə onlara qətiyyən bənzəmir…
Ümumiyyətlə günümüzdəki İslam hikmət alimlərinin fəlsəfəsini və mərifət əhlinin üstün maariflərini yunan hikmətinə nisbət vermək onların (İslam hikmət alimlərinin və mərifət əhlinin) kitablarından xəbərsiz olmaqdan qaynaqlanır. Həmçinin də Quranın maarifindən və məsumların hədislərindən xəbərsiz olmaqlarından qaynaqlanır. Buna görə də (bəziləri) hər hikməti yunanlara nisbət vermiş və İslam hikmət alimlərini də yunan hikmətinə tabe olanlardan hesab etmişlər˝.[11]
Digər tərəfdən də, fəlsəfənin yunanlardan qaynaqlanması fəlsəfənin əsasını qoyanların hamısının çoxallahlılığa inandıqları mənasına da gəlmir. Böyük filosof Cavadi Amuli Sokrat Platon və Aristotel kimi fəlsəfə böyüklərinin təkallahlılığa etiqad edən şəxslər olduğunu qeyd edir. Fəlsəfə tarixinə də məlumdur ki, Sokratın edamı onun Romada olan ˝allah˝ları qəbul etməməsinə görə olmuşdur. Sokrat təkallahlılığa etiqad edirdi və bütpərəstliyi düzgün hesab etmirdi. Sokrat fəlsəfəni tək olan Allah tərəfindən ona bəxş edilən bir vəzifə bilirdi. O, öz məhkəməsində etiqadından əl çəkməyəcəyini bildirir və deyir ki, Allaha itaəti insanlara olan itaətdən üstün bilir. Sokrat, həmçinin ölümdən sonra olan həyata etiqad etdiyini də qeyd edirdi. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, fəlsəfənin əsas qaynaqları müşriklər deyil, yunanların təkallahlılıq etiqadında olan mütəfəkkirləri olmuşdur.
Hədislərdə imamlar fəlsəfəni qadağan etmişlər
Fəlsəfənin batilliyinə inananların gətirdikləri digər dəlillər də imamlardan fəlsəfənin rəddinə dair nəql olunan hədislərdir.
Cavab: İmamlardan fəlsəfənin rədd olunması barədə nəql olunan hədislər çox azdır, hardasa bir neçə ədəd olar. Bu hədislərin sənədlərinin zəif və səhih olması məsələsinə toxunmuruq. Bu, özü ayrıca bir mövzudur. Sadəcə olaraq, deyirik ki, bu hədislər, hətta düz olduqları təqdirdə belə, bəyan formasından asılı olaraq, həmçinin imamların əqli-fəlsəfi metodları dəstəkləyən bir çox sözlərinə əsaslanaraq qətiyyətlə demək olar ki, bu hədislərdə qınanılan fəlsəfə qədim yunan və hində məxsus olan, dini təlimlərlə ziddiyyət təşkil edən fəlsəfi cərəyanlar idi. Fəlsəfə eynilə düşüncə tərzi, ideoloji məktəb, yanaşma kimi ümumi mənalara malikdir. Düşüncə tərzi dedikdə bu həm dini, həm qeyri-dini, həm də qərbin və şərqin bütün etiqadi cərəyanlarına şamil olur. Məktəb dedikdə də bütün ideoloji məktəbləri əhatə edir. Fəlsəfə sözü də bu cür ümumi bir anlama malikdir. Ona görə də hədislərdə gəlmiş fəlsəfə sözünün hansı fəlsəfi məktəbə şamil olduğunu, hansı mənada işləndiyini anlamaq üçün o dövrün ictimai vəziyyətindən, hədisi buyuran şəxsin baxışlarından xəbərdar olmaq lazımdır.
İmamların dövründə qədim yunan və hind düşüncə məktəblərinin kitabları tərcümə olunurdu. Onların içində bəzi batil fikirlər də mövcud idi. Bu fəlsəfənin təsirilə müsəlman cəmiyyətində materialist, səfsətə və şəkkakçı məktəblərə mənsub olan insanlar peyda olurdular. İmamların hədislərində qınanılan fəlsəfə də bu qəbildən olan, dini təlimlərlə uyğun olmayan məktəblərə şamil idi. Onlardan ən geniş yayılmışlarından biri dəhrilərə aid olan materialist fəlsəfəsi idi. Dəhrilər hesab edirdilər ki, yaradılışın ilk səbəbi maddidir və hər şey zamanın tədrici hərəkəti nəticəsində öz-özünə yaranır. Onlar Allahı yaradıcı bir varlıq kimi inkar edirdilər.
İmamlar bu qəbildən olan fəlsəfi məktəblərin səhv olduğunu deyir və onları əqli-fəlsəfi yanaşma ilə tənqid edirdilər.
Eynilə bizlər çoxlu sayda hədislərdə ictihadın məzəmmət olunduğunu da görürük. Bir halda ki, bütün fəqihlər qəbul edirlər ki, bu hədislərdə pislənilən ictihad günümüzdə müctəhidlərin şəri hökmləri mənbələrindən əldə etmək üçün etdikləri elmi fəaliyyətə şamil deyildir. Bütün fəqihlər bu qəbildən olan hədislərin izahında demişlər ki, burada pislənilən ictihad o dövrdə geniş yayılmış şəxsi fikir və yanlış metodlarla hökm vermək mənasındadır. Bir zamanlar bəzi əxbarilər ictihadı qadağan edən bu cür hədisləri anlamadıqlarından onlara istinad edərək müctəhidliyin yanlış olduğunu isbat etməyə çalışırdılar.
Ümumi olaraq bu nəticəyə gəlinir ki, heç bir mötəbər hədisdə imamlar ümumi olaraq fəlsəfəni rədd etməmiş, tam tərsinə, əqli-fəlsəfi yanaşmadan, fəlsəfi qaydalardan dinin etiqadi mövzularını isbat etmək üçün bir çox müxtəlif məqamlarda istifadə etmişlər. Həzrət Əli, İmam Baqir, İmam Sadiqdən nəql olunan hədislərdə bu mətləblər məxsusən çoxluq təşkil edir.
Son olaraq fəlsəfə sahəsində böyük araşdırmalar aparmış Misbah Yəzdinin bu irada verdiyi cavabı qeyd etmək istəyirik:
˝Fəlsəfə ilə müxtəlif şəxslər tərəfindən edilən müxalifət fərqli-fərqli səbəblərlə olmuşdur. Ancaq (bəzi) agah və qərəzsiz müsəlman alimləri tərəfindən olunan müxalifət həqiqətdə o zamanlar yayılmış fəlsəfi fikirlərə qarşı idi. Hansı ki o fəlsəfi fikirlərdən bəziləri -ən azı onlara görə- İslamın əsasları ilə uyğun deyildi. Əgər fəlsəfənin pislənməsi barədə mötəbər hədislər olmuş olsa da, bu, qeyd etdiyimiz mənadadır.
Ancaq biz fəlsəfi yanaşma deyəndə yalnız əqli mühakimə yolu ilə həll oluna bilən məsələlərin həllində əqldən istifadə etməyi nəzərdə tuturuq. Bu işin zəruriliyinə Qurani-Kərimin şəffaf ayələrində və dəyərli hədislərdə də təkid olunmuşdur. Belə ki, bizim qeyd etdiyimiz bu fəlsəfi yanaşmadan çoxlu sayda nümunələri hədislərdə və hətta Qurani-Kərimdə belə görmək olar. Buna tövhid və məad mövzusunda olan Quran ayələrini və hədisləri misal çəkmək olar˝.[12]
Fəlsəfə sırf əqli mühakimələrdən istifadə etməyi öyrədən, onun qanunauyğunluqlarını, metodlarını bəyan edən bir elm kimi din ilə ziddiyyət təşkil edə bilməz. Çünki din özünün bir çox məsələlərini, məxsusən də ideologiyaya aid olanlarını bu cür əqli mühakimələrlə isbat edir. Ümumiyyətlə, hər hansı teoloq Allahı isbat etmək üçün mütləq olaraq sırf əqli mühakimədən istifadə etmək məcburiyyətindədir. Onun bundan başqa yolu yoxdur. Quran və hədislə Allahın varlığı isbat olunmaz.
Əslində, hər bir nəzəri elm öz əsaslarını isbat etmək üçün fəlsəfəyə müraciət etmək məcburiyyətindədir. Elə bu səbəbdəndir ki, İbn Rüşd, Sədruddin Şirazi, Əllamə Təbatəbai, Cavadi Amuli kimi böyük şəxsiyyətlər aşkar surətdə bəyan etmişlər ki, din və fəlsəfə arasında heç bir ziddiyyət yoxdur. Kəlam alimləri və filosoflar öz kitablarında bir hissəni fəlsəfi qaydalar əsasında mühüm ideoloji məsələləri isbat etməyə ayırmışlar. Hətta fəlsəfəyə qarşı çıxmış və fəlsəfənin müxalifi kimi hesab olunan bir çox alimlərin özlərinin belə, adını fəlsəfə qoymasalar da, bir çox mətləbləri fəlsəfi qaydalarla isbat etməyə çalışdıqlarını müşahidə edirik.
Fəlsəfə ilə fəlsəfəni rədd etmək
XX əsrin ikinci yarısında yaşamış böyük fəqih Ayətullah Bürucirdinin yanına bir gün böyük filosof Əllamə Təbatəbai gəlir. Söhbət zamanı Əllamə Təbatəbai ölkənin daxilindən və xaricindən ona ünvanlanmış çoxlu sayda məktubları masanın üzərinə tökür. Bu məktublarda dinin müxtəlif ideoloji məsələləri və digər elmi mətləblər barəsində suallar var idi. Əllamə Ayətullah Bürucirdiyə deyir: ˝Bu suallara nə ilə cavab verməliyik?! Fiqhi kitablarla bu suallara cavab vermək mümkündürmü?!˝. Bu zaman Ayətullah Bürucirdi də onun fikrini təsdiqləyir.
Əllamə Təbatəbainin Məşhəd şəhərinə olan səfərlərinin birində təfkik məktəbinin əsasını qoymuş Mirzə Mehdi İsfəhani ilə görüşü baş tutur. Söhbət əsnasında Əllamə ondan soruşur: ˝Sizin İslam fəlsəfəsi barəsində fikriniz nədir?˝. Bunu eşidən kimi Mirzə Mehdi fəlsəfə və məntiq elmini pisləməyə başlayır. O, sözünü bitirəndən sonra Əllamə deyir: ˝Bilirsiniz ki, sizin bu iradınız məntiqdə yer alan sillogizm[13] (qiyas) bəhsinə aiddir?˝.
Bunu eşidən Mirzə Mehdi bir daha başlayır tənqid etməyə. O, sözünü bitirəndən sonra Əllamə bir daha deyir: ˝Siz bilirsiniz ki, sizin budəfəki iradınız filan fəlsəfi bəhslərə aid olan filan fəlsəfi qaydalar əsasında idi?˝. Bu cür bir neçə dəfə Mirzə Mehdi irad gətirir, hər dəfəsində də Əllamə onun bu sözlərinin hər hansı bir əqli-fəlsəfi qayda əsasında olduğunu ona başa salır. Sonunda Mirzə Mehdi əsəbiləşir və söhbəti dayandırır. Bu zaman Əllamə deyir: ˝İslam fəlsəfəsinin müxaliflərinin (fəlsəfəni inkar etmələri üçün) əqli dəlil gətirməkdən başqa, yolları yoxdur. Bu gətirdikləri dəlil əgər düz olmuş olsa, bunun özü elə fəlsəfi mühakimədir. Bununla onlar fəlsəfə əleyhinə fəlsəfədən istifadə etmiş olurlar.
Hətta əgər İslam fəlsəfəsini rədd etmək üçün nəqli dəlillərdən (hədislərdən) istifadə etsələr belə, bu da (fəlsəfəyə möhtac olmalarını göstərmək üçün) bəsdir. Belə ki, siz bu zaman əsaslandıqları nəqlin düzgün olmasının və bir mənbə olaraq səlahiyyətli olmasının dəlilini soruşun. Ya da (bu nəqlin qaynaqlandığı) İslam dininin özünün həqiqət olmasının dəlili haqda sual edin. Və yaxud da Allahın varlığı barəsində soruşun! Bu zaman onlar (bu suallara cavab vermək üçün) bir daha fəlsəfənin içərisinə girməyə, fəlsəfi qaydalardan istifadə etməyə məcbur olacaqlar˝.
Əllamə Təbatəbai bu səbəbdən deyirdi ki, İslam fəlsəfəsinə qarşı çıxanlarla danışanda onların gətirdikləri dəlillərin hansı məntiqi və ya fəlsəfi qaydaya aid olduğunu izah edin. Bununla da onlara başa salın ki, fəlsəfə və məntiq kimi əqli fikir yürütmə metodlarından bəhs edən elmə qarşı çıxmaq o elmlərdən istifadə etmədən mümkün deyildir.
Bu səbəbdən demək olar ki, fəlsəfəni qəbul etməmək elə bir məsələdir ki, ona əməli olaraq riayət etmək qeyri-mümkündür. Fəlsəfəni dananlar da fəlsəfədən istifadə etmək məcburiyyətindədirlər.
Bəzi alimlərin fəlsəfəyə qarşı olan etirazları
Bir çoxları isə fəlsəfənin yanlışlığını isbat etmək üçün bəzi alimlərin sözlərinə əsaslanırlar. Deyirlər ki: ˝bir qrup alimlər də fəlsəfəyə qarşı çıxmışlar. Hətta bəzi müctəhidlər belə öz sözlərində fəlsəfə öyrənməməyi tövsiyə etmişlər˝.
Cavab: Burada da əvvəldə qeyd olunan məsələni xatırladırıq. Bəzi fəqihlərin fəlsəfəyə qarşı çıxmaları dövrlərində yayılmış və İslam təlimləri ilə uyğun bilmədikləri fəlsəfi cərəyanlara və bəzi fəlsəfi məsələlərə görə idi. Bəzən də elmi potensialı az olan tələbələrin səhv fikrə düşmələrindən qorxduqlarına görə məsləhət xarakterli olaraq fəlsəfəni öyrənməmələrini demişlər. Məsələn, dövrünün böyük fəqihi olan Ayətullah Bürucirdinin özünün yüksək fəlsəfə təhsili olmağına, fəlsəfəni ümumi olaraq faydalı bilməyinə baxmayaraq, bəzi səthi düşüncəli tələbələrin aza biləcəklərindən onlara bu elmi oxumamalarını deyərdi. Ancaq bir çox məqamlarda fəlsəfənin əhəmiyyətini də vurğulayar və zehni fəlsəfə üçün uyğun olan tələbələrin fəlsəfə öyrənmələrinə qətiyyən qarşı çıxmazdı. Ayətullah Bürucirdi fəlsəfə dərsi deyən böyük filosof Əllamə Təbatəbaini gördükdə ona həmişə ehtiram edərdi. Ayətullah Ruhullah Xomeyni böyük fəqihlər arasında iki nəfərin fəlsəfəyə tam bir elmi əhatəsinin olduğunu qeyd edirdi. Onlardan biri Şeyx Məhəmməd Hüseyn İsfəhani (Kompani), ikincisi isə Bürucirdi idi.
Böyük fəqihlərdən heç biri əqli mühakimələrlə və onlara əsaslanan əqli qanunlarla müxalifət etməmişdir. Çünki bu, qəbul etdikləri üsul elminə ziddir.
Bəzən də fəlsəfədə bəyan olunan terminlərin anlaşılmazlığı, ikibaşlı məna verməsi yersiz ittihamlara səbəb olmuşdur.
Ğəzali fəlsəfənin din ilə ziddiyyət təşkil etdiyini və orada deyilənlərin küfr olduğunu sübut etmək üçün ˝Təhafut əl-Fəlafəsə˝ adlı bir kitab yazır. İbn Ruşd (1126-1198) Ğəzalinin kitabının cavabını vermək üçün ˝Təhafut ət-Təhafut˝ kitabını qələmə alır. Bu kitabda Ğəzalinin fəlsəfə barəsində gətirdiyi iradları cavablandırır və öz kitabında təkidlə qeyd edir ki, din və fəlsəfə arasında heç bir ziddiyyət yoxdur.
Cavadi Amuli isə bu məqamda deyir: “Ğəzalinin zehinli bir insan olması barədə heç bir şübhə yoxdur, lakin əqli elmlər hər kəsin, hətta Ğəzali olmuş olsa belə, dərs oxumadan və şəxsi mütaliələrlə mətləblərini özünün başa düşəcəyi və öz fikri ilə o mətləblərin ziddiyyətlərini anlayacağı bir məsələ deyildir.
Ğəzali özü belə etiraf edir ki, fəlsəfəni yalnız (şəxsi) mütaliə ilə oxumuşdur. Onun bu etiraflarını “Məqasid-əl-Fəlasəfə” və ya “Təhafut-əl-Fəlasəfə” adlı kitablarında fəlsəfənin ana və əsas məsələlərində etdiyi səhvlər də isbat edərək təsdiqləyir”.[14]
Bu, geniş bir araşdırma işindən çıxarışlardır. Məqalə formasına salındığı üçün araşdırmanın bəzi yerlərini çıxartmalı olduq.
[1] Burada ən qədim fəlsəfi mərkəzlər barədə geniş bəhs açmaq istəmədiyimizdən ümumi olaraq yazdıq. Belə ki, başqa yerləri də qeyd edənlər vardır.[2] Əstərəbadi 1627-ci ildə vəfat etmişdir. Doğum tarixi isə məlum deyildir.
[3] Xaric dərsləri din elmlərdə ən yüksək tədris mərhələsi hesab edilir.
[4] Üsul elmində yazılmış və hazırda da üsulda dərslik olan mühüm bir kitabdır.
[5] ˝Mənzumə˝ fəlsəfə sahəsində Molla Hadi Səbzivarinin yazdığı məşhur bir əsərdir.
[6] http://www.bahjat.org/index.php/akhbar-2/shayeat/891-2012-02-22-18-09-05.html
[7] Mizanul Hikmə 3/2070.
[8] Şeyx Tusinin Əmalisi, səh.625.
[9] Bihar, II cild, səh.97.
[10] Bihar IV cild, səh.96
[11] Adabus Salat, səh.304.
[12] Fəlsəfə təlimi, I cild, səh.137.
[13] Sillogizm əqli mühakimələr zamanı istifadə edilən ən güclü məntiqi fikir formasıdır. O, düzgün nəticə vermə və elmi etibarlığına görə induksiya (istiqra) və analogiyadan (təmsil) daha mötəbərdir.
[14] Mərifətşünaslıq, səh.288, 289.