˝Dəymədüşər… Nə qəribə adı var˝, – adam yeni aldığı dibçəyi eyvana aparıb o biri güllərin arasına qoydu. ˝Belə gözəl gülü cəmi beş manata satırdı. Qəribədir˝.
Adam həmişəki kimi nəm dəsmalı əlinə alıb güllərin yarpaqlarını bir-bir silməyə başladı. ˝Soruşuram, bu gülə necə qulluq etməliyəm? Deyir, özü sənə başa salacaq, – adam ağappaq çiçəklərini tökməkdə olan orxideyanın yarpaqlarını ehmalca silərək ondan soruşdu, – axı gül məni necə başa sala bilər? Əcəb baməzə adamdır˝.
Çönüb eyvanda yerləşdirdiyi yeni qonağa baxdı. Təbəssümü üzündən silindi. Narahat halda orxideyasının yarpağını silməyi buraxıb cəld dəymədüşərin yanına qaçdı. “Buna nə oldu indi? Bütün yarpaqları sallandı birdən-birə. Gətirəndə belə deyildi axı”. Soluxmuş yarpaqlarına əl gəzdirdi, ehmalca tumarladı. Gül o dəqiqə dirçəldi, ˝başını˝ qaldırdı. Adam əlindəki dəsmalla onun bütün yarpaqlarını təmizlədi. Gülləri sulamaq vaxtı idi. Həmişəki kimi, zanbaqlardan başladı. Ancaq bir gözü dəymədüşərdə idi. Zanbaqları suladıqca, dəymədüşər göz görə-görə büzüşür, yarpaqlarını sallayırdı. Yenə də susəpəni qapıb onun yanına qaçdı, ehtiyatla dibinə su tökdü. Səhəri gün artıq birinci dəymədüşərə qulluq edirdi.
Bir müddət sonra dəymədüşər səbəb olmadan yarpaqlarını sallayıb, boynunu bükdü. Nə qədər nəvaziş edib xoş dillə dindirsə də, faydası olmadı. ˝Görəsən, nəyi düzgün etmirəm? Yenə nə etdim, bu zərif gülün xətrinə dəydim?˝ Artıq anlayırdı, dəymədüşər onu o biri güllərə qısqanırdı. Adam uzun illər ona həmdəm olmuş köhnə dibçəklərlə daha əvvəlki kimi danışmaqdan, onları oxşayıb-əzizləməkdən çəkinirdi. Tələsik sulayıb yarpaqlarının tozunu silirdi, ancaq bu zəruri qayğı da dəymədüşərin solub-saralmasına kifayət edirdi.
Bu günlərdə neçə illik kaktusu ilk dəfə böyük, al-qırmızı çiçək açmışdı. Deyəsən, elə ondan sonra dəymədüşər daha heç bir nəvazişlə dirçəlmirdi. Adam nə düşündüsə, əvvəlcə kaktusu, sonra da bütün qalan dibçəkləri eyvandan içəri daşıdı. Birtəhər yerləşdirdi, bəzilərini zirzəmiyə daşımalı oldu. Bütün diqqətini dəymədüşərə verməyə başladı. Dəymədüşər, axır ki, başını qaldırdı, yarpaqları dirçəldi. Ancaq hər nə qədər şux görsənsə də, halında bir halsızlıq, məzlumluq vardı. Adam gözünü onun üstündən çəkə bilmir, hər an sola biləcəyi əndişəsi ilə bütün boş vaxtını eyvanda keçirirdi.
Bir ay keçdi. Adam artıq gecə hövlnak yuxudan oyanıb dəymədüşəri yoluxmağa qaçır, hər gün sübh tezdən təmiz havaya çıxarır, dibini tez-tez yumşaldır, yarpaqlarını hər gün silirdi. Bütün boş vaxtı bu gülün həndəvərində keçdiyindən digər güllər artıq solmuşdular. Əlində nəm dəsmal, eyvandakı balaca taxta kətilin üstündə qollarını sallayıb oturmuşdu. Donuq baxışları dəymədüşərin halsızlıq yağan yarpaqlarına zillənmişdi.
Qapının zəngi vuruldu. Köhnə qonşu idi. Arabir eyvanda oturub çay içərdilər. Qapını açıb dinməzcə eyvana qayıtdı. Qonşu mat-məəttəl qapını çəkib onun ardınca eyvana yollandı:
– Nə olub, ay balam? Bu nə haldı? Nəsə pis xəbər almısan?
Köksünü ötürüb başını buladı.
– Bəs onda nə baş verib? Aa, bu eyvan niyə bu kökə düşüb? Dibçəklərin niyə quruyub?
Adam yenə başını buladı.
– Bəs onda nə?!
Bir qədər susub sonra qısıq səslə danışmağa başladı. Arabir gözucu dəymədüşərə baxır, onun eşitmədiyindən arxayın olmaq istəyirdi. Qonşu əlini dizinə şappıldatdı:
– Dedim, görəsən, nə baş verib. Ay ağıl yiyəsi, bir nə elədiyinə baxırsan? – qonşu onun göz ağartmasına fikir verməyib bir az da səsini başına atdı, – bu beş manatlıq büzüşmüş, dilənçi gülünə bu qədər vaxt qoyur, bu qədər pul xərcləyirsən, bütün əsəblərin gedir, lazımdı bu sənə?
– O buna dəyər.
– Nəyi dəyər e, nəyə dəyər? Təsəvvür elə, bu güldən hər evdə, hər bağçada olsa, nə baş verər? Bu, gül cildinə girmiş yırtıcıdı, zəlidi. Buxovdu, səni rahat nəfəs almağa, insan kimi yaşamağa qoymur. Gör səni nə günə qoyub, boğulub qalmısan. Hanı o gözəl-gözəl gözoxşayan güllərin, günlərin?
– Bu, başqa güllər kimi deyil. Çox məzlumdu, kimsəsizdi, tənhadı, zəifdi, tez inciyəndi, taqətsizdi. Mən olmasam, məhv olub gedər. Mən ona lazımam.
– Bu, qarmağa keçirilmiş soxulcandı, başqa heç nə. Sən ona lazımsan, ancaq o sənə heç lazım deyil.
– Nə danışırsan? Mənim ona ehtiyacım var. Dəymədüşərsiz bir an belə yaşaya bilmərəm. Ona alışmışam. Bəsdir, dediklərini eşidir, sən onu incidirsən.
Bunu deyib dibçəyə yaxınlaşdı, qoruyurmuş kimi onun üstünə əyildi, oxşadı. Qonşu əlini yelləyib çıxıb getdi. Çöl qapısının səsi eşidildi. Adam taqətsiz halda dibçəyin yanındakı kətilinə çökdü. Qonşunun sözləri beynindən çıxmırdı. Əgər haqlıdırsa? Gözlərini qaldırıb dəymədüşərə baxdı. Yarpaqları solmuş, yetim kimi başını aşağı salmışdı. Adam cəld susəpəni doldurub gətirdi, nəvazişlə dibçəyi suladı, təsəlli verdi: ˝Ona fikir vermə, o heç vaxt gülləri sevməyib. Beləsindən nə gözləyəsən? Qorxma, bir də sənin barəndə o cür danışmağına icazə vermərəm”. Axşam yatmağa gedəndə də dibçəyi aparıb yataq otağındakı kiçik masanın üstünə qoydu.
Səhər yerindən qalxıb pərdələri açdı. Günəşin mehriban şüaları qırışmış, çuxura düşmüş gözlərini oxşadı. “Nə gözəl hava var” Ləzzətlə gərnəşib geri çöndü. Gözləri dibçəyə sataşanda bütün xoş əhvalı yox oldu. Dəymədüşər həmişəki tək gileyli görünüş almışdı. Sanki qorxurdu ki, vüqarlı dayansa, şux görünsə, adam onun artıq himayəyə möhtac olmadığını düşünər, diqqətini azaldar. Bu qorxudan dəymədüşər bu aylar ərzində nə boy atmış, nə də çiçək açmışdı. Adam köksünü ötürdü. Yaxınlaşıb dibçəyi qucağına aldı: “Axı nə olub sənə? Gör nə gözəl günəşli havadır. Yaz gəlib, axı yaz gəlib. Bu münasibətlə çiçək açmağı düşünmürsən ki?” – gülümsədi. Ancaq gülün daha da yazıqlaşdığını görəndə təbəssümü yox oldu. Dinməzcə aparıb eyvanın məhəccərinə qoydu. Yenə yarpaqlarını tumarlayıb-əzizləməyə, pıçıltı ilə oxşamağa başladı: “Eybi yox, sən çiçək açmasan da, çox gözəlsən, əzizsən mənə. Suçiləyəni doldurum, indi qayıdıram”. Çönüb getmək istəyəndə dirsəyi dibçəyə dəydi. Düşdü. Dəhşət içində quruyub qaldı. Bir neçə saniyə sonra asfalta çırpılıb parçalanan saxsının səsi eşidildi. Adam aşağı boylanmaq istədi, ancaq boylanmadı. Yerə oturdu. Dərindən rahat nəfəs aldı.