Cəmiyyətdə baş verən hadisələrin insan psixologiyasına təsir etməməsi mümkün deyildir. Bu, insan psixologiyasının spesefik xüsusiyyətidir: ətrafında baş verən hər bir hadisədən təsirlənmək. İnsan psixologiyasını daha çox təsir altına alan hadisələr insanın özünün və ya ona çox yaxın olan insanların həyatı ilə daha çox əlaqədar olanlarıdır. Hadisənin insan həyatı üçün əhəmiyyəti artdıqca, psixoloji təsiri də artmaqdadır.
Bu cəhətdən baxdıqda iqtisadi problemlərin böyük mənfi təsiri daha çox məlum olur. Belə ki, insanın yaşayışında bir çox zəruri məsələlər məhz iqtisadi amillərdən asılıdır. Yaşaması, rifahı, istədiyi şeyləri əldə etməsi, yaxınlarının həyat şəraitinin təmini –bütün bunlar fərdin iqtisadi vəziyyəti ilə əlaqədardır. İqtisadi vəziyyətin pisləşməsi insan üçün mühüm olan amillərin zərər görməsi mənasını verir.
Həmçinin insan öz həyatını, gələcəyi ilə əlaqədar bütün planlarını stabillik və iqtisadi amillər üzərində qurmaqdadır. İqtisadi böhranlar, devalvasiya, inflyasiya kimi hallar isə insana qeyri-stabillikdən, güzəranın çətinləşəcəyindən xəbər verir. Ümid ilə baxdığı gələcəyinin müəmmalı olduğunu bildirir. Belə hallarda insan hesab edir ki, gələcəyə yönəlik bütün planları məhv oldu, həyatı nəzarətdən çıxdı. Nəticədə belə birində psixoloji gərginlik, özünə inamsızlıq kimi bir çox mənfi hallar baş qaldırır.
Əgər bir insan ailə başçısıdırsa və ya hər hansı bir müəssisənin, təşkilatın rəhbəridirsə, müəyyən insanların maddi təminatı məhz ondan aslıdırsa, bu kimi iqtisadi çətinliklər zamanı öz rəiyyətində olan insanların maddi təminatı barəsində dayanmadan düşünməyə başlayacaqdır. Beləliklə də bütün bu fikirlər bir müddətdən sonra obsessiv sarışan fikirlər formasını alacaq və həmin insandan əl çəkməyərək onun beynini məşğul etməyə, rahatlığını pozmağa başlayacaqdır.
İQTİSADİ PROBLEMLƏR İNSANLARDA HANSI PSİXOLOJİ HALLAR YARADIR
Ətraf mühitin təsirinə məruz qalmaq təbiidir. Ancaq bəziləri bu təsirdən daha böyük psixoloji sarsıntı keçirirlər. Nəticədə də qeyri-adekvat davranışlar etməyə başlayırlar. Məsələn, belələri normal qənaət etmək əvəzinə özünün və ailəsinin ən zəruri ehtiyaclarını belə (ödəməyə imkanları olduğu halda) ödəməməyə başlayırlar. Əgər siz ˝sabah daha pis olacağına görə bu gün daha az xərcləməliyəm˝ fikri ilə yaşamağa başlasanız, tez bir zamanda özünüzü böyük psixoji gərginliyə salacaqsınız. ˝Sabah daha pis olacaq˝ düşüncəsi insanın psixologiyasına çox sarsıdıcı zərbə vurur. Ona görə özünüzü psixoloji gərginliyə salmadan, özünüzə bədbinlik aşılamadan düzgün formada qənaət etməyə başlayın.
Bu sarsıntılar zamanı bəzilərində yuxusuzluq, iştahasızlıq, qan təzyiqinin artması, kəskin baş ağrıları kimi hallar da müşahidə oluna bilər. Belələri aqressiv və bütün günü fikirli olurlar. Bu mənfi auralarını onların yanında olan hamı (iş yoldaşları, ailə üzvləri, qohumları) hiss edir. Beləliklə bu mənfi təsir onlara da sirayət edir.
Bir çox hallarda isə insan özünün gərgin olmasının səbəbini dəqiq müəyyən edə bilmir. Özündə olan bu gərginliyin səbəbini tamam başqa şeylərdə görür. Həqiqətdə isə mümkündür ki, buna səbəb məhz iqtisadi problemlərlə əlaqəli olan fikirlər olmuş olsun.
Psixoloji təcrübədə görsənmişdir ki, belə hallarda insanlar (məlum sarsıntını azaltmaq üçün) daha çox fikirlərini digərləri ilə bölüşmək yolunu seçirlər. Bunun üçün sosial şəbəkələrdən çox geniş istifadə olunur. İnsanlar evdə, işdə, yaxınları və dostları ilə görüşdükləri zaman belə bu məsələləri onlarla geniş surətdə müzakirə etməyə çalışırlar. Bununla da iqtisadi problemlər və onların gələcək nəticələri bütün söhbətlərin əsas müzakirə mövzusuna çevrilir.
Bəzi insanlar isə böhranın gətirdiyi problemlərdən bir anlıq da olsa, yaxa qurtarmaq üçün içkiyə, narkotik maddələrə və siqaretə meyl edirlər. Bu cür süni ˝rahatlaşdırıcı vasitələr˝ isə əslində insanın mövcud vəziyyətini daha da qəlizləşdirir, onu daha böyük böhranlarla qarşı-qarşıya qoyur.
İQTİSADİ PROBLEMLƏR ZAMANI PSİXOLOJİ STABİLLİK ÜÇÜN NƏ ETMƏK LAZIMDIR
Hazırda dünyada bir çox psixoloji institutlar bu kimi mövzulara köklənərək məsələni müxtəlif cəhətlərdən araşdırmaqla məşğuldurlar. Bu günlər üçün ən aktual məsələ isə psixoloji gərgin insanların belə bir vəziyyətdən çıxış yollarını öyrənmələridir.
Mən ilk növbədə deyərdim ki, insanlar öz ruhi stabilliklərini qoruyub saxlamağa çalışsınlar. Çünki təşvişə düşmək, gərgin olmaq onların vəziyyətini daha da ağırlaşdıracaq, qarşılaşdıqları məsələlərdə düzgün, sağlam düşünmə imkanını onlardan alacaqdır. Bilmək lazımdır ki, insanın düşdüyü vəziyyət hər nə qədər çətin olsa da, hay-küylə, özümüzü gərginliyə salmaqla, təşvişlə mövcud problemləri həll etmək mümkün olmayacaqdır. Bu, vəziyyəti daha da qəlizləşdirəcəkdir. Həyat belə qurulub: ağ və qara zolaqların ardıcıllığından.
İkinci, əldə etdikləri informasiyalarda seçim etmək zəruridir. Çox yaxşı olardı ki, cəmiyyətdə baş verən hadisələrlə bağlı dəqiq məlumat əldə etmək üçün yalnız özünü təsdiqləmiş xəbər portallarını, informasiya agentliklərini və qəzetləri izləsinlər. Çünki günümüzdə (internetin yüksək inkişaf etdiyi bir dövrdə) xəbər portallarının sayı həddindən artıq çoxdur. Bəziləri reytinq xatirinə cəmiyyətin vəziyyətini olduğu kimi əks etdirməyən, şişirdilmiş xəbərlər yayırlar. Bu cür xəbərləri oxuduqda insanda elə təəssürat yaranır ki, əksər insanlar cinayətkardır, hamı bir-birini aldatmaq, qarət etmək istəyir, bütün dünya məhv olmaqdadır, ölkədə və bütün dünyada vəziyyət çox pisdir, vəziyyət gərgin və çıxılmazdır. Bu isə insanda bədbinlik, depressiya, ümidsizlik, fobiya kimi mənfi hallar yaradır. Nəticədə insan təşvişə düşür. Bütün günü bu gərginlik ondan əl çəkmir. Hətta başqa işlə məşğul olduqda belə şüuraltı olaraq məlum problemlərlə çəkişməkdədir.
Odur ki, özünü daha artıq gərginlikdən qorumaq istəyən insan hər yazılana və deyilənə diqqət etməsin və məsələlərə obyektiv yanaşan mənbələrə müraciət etsin.
Üçüncü, istər sosial şəbəkələrdə, istərsə də real həyatda ictimai yerlərdə bu mövzuda olan yersiz və ifrat müzakirələrə qətiyyən baş qoşmasınlar. Bu, insana psixoloji baxımdan gərginlikdən başqa bir şey gətirmir. Məlumatlanma xarakteri daşıyan, vəziyyəti həll etmə yönündə olan müzakirə faydalı olduğu halda, ifrat və davamlı, yersiz müzakirələr insanı bu problemə kökləyir və onun mənfi təsiri altından çıxmasına imkan vermir. Diqqət etdikdə görürük ki, əslində bir çox gərgin müzakirələrin heç bir məntiqi faydası yoxdur. Bu müzakirələr psixoloji gərginliyi artırmaqdan başqa heç nəyə xidmət etmirlər. Həll olunması ixtiyarımızdan tamamilə xaric olan məsələlərin müzakirəsinin nə məntiqi faydası ola bilər ki?!
Dördüncü, işdən evə qayıdan kişi yaxud xanım işin və cəmiyyətin problemlərini özü ilə evə gətirməməlidir. Evdə uşaqlarının yanında da bu barədə çox danışmaq düzgün deyildir. Təbii ki, reallığı nəzərə alaraq müəyyən müzakirə etmək olar. Amma bu mövzuları böyük problem kimi uşaqların yanında qabartmaq evdəki hüzuru və sabitliyi pozacaqdır. Çünki uşaqların psixologiyaları daha zəif olduğundan onlar bu cür məsələlərdən daha çox təsirlənəcəklər.
Beşinci, insan anlamalıdır ki, heç bir çətinlik davamlı deyildir. Bunun üçün onun həyatının bir qədər əvvəllərinə, keçmişinə baxması lazımdır. Keçmişində nə qədər çətin anlar yaşanmışdır, hansı ki, hamısı da bir müddətdən sonra bitmişdir. Elə bu çətinliklər də həmçinin tezliklə bitəcəkdir. İnsan bir çətinliyin müvəqqəti olduğunu düşündükdə bu düşüncə, ona rahatlıq verir. Bununla da çətinlik qarşısında səbir etməsi üçün insanda güc yaranır. Ancaq vəziyyətin uzun bir müddət davam edəcəyini düşünmək insanın bütün gücünü tez bir zamanda bitirəcəkdir. İnsan psixologiyasını davamlı gərginlik və çıxılmaz vəziyyətdə saxlaması düzgün deyildir. Bir mərhələ vardır ki, ora psixologiyamızın müdafiə sərhədlərinin sonudur. Ona görə də psixologiyamıza başa salmaq lazımdır ki, hər çətinlikdən sonra bir asanlıq gəlir və hər bir çətin vəziyyətdən belə bir çox çıxış yolları vardır. Və bu deyilənlər quru sözlər deyildir, həqiqətdir. Yaşanılan çətinliyi o qədər böyütmək lazım deyildir ki, sanki dünyanın sonudur. Bütün bu bədbin düşüncələri kənara qoymaq və məsələlərə təşvişsiz yanaşmaq lazımdır.
Altıncı, hamının eyni problemi yaşadığını, hamının eyni bir vəziyyətdə qərar tapdığını düşünmək lazımdır. Bu, yalnız onun qapısını döymüş bir problem deyildir. İnsanın ümumi bir problemlə qarşılaşdığını düşünməyi onu müəyyən qədər rahat edəcəkdir. Çünki bununla o anlayacaqdır ki, problem ümumi olduğu üçün onun həlli də yalnız onun öhdəsində deyil, hamının üzərindədir.
Bir şeyi də unutmaq olmaz ki, təşviş vəziyyətində insan öz həyatı üzərində nəzarəti tam itirir. Bu zaman o, qarşılaşdığı problemin düzgün həllini fikirləşib tapa bilməyəcəkdir. Cəmiyyətdə olan hər bir insanın (istər adi vətəndaş olsun, istərsə də vəzifə sahibi) üzərində müəyyən öhdəliklər və məsuliyyətlər vardır. Onların öhdəsindən layiqincə gəlmək üçün isə insana ilk növbədə təşvişdən uzaq, sakit beyin lazımdır.
Yeddinci, öz ixtiyarınızda olmayan və artıq baş vermiş işlərə görə qətiyyən özünüzü qınamayın. Məsələn, insan özünü bəzi məsələlərə görə çox qınayır. Düşünür ki, ˝kaş bunu bir neçə gün qabaq etməyəydim˝, ˝kaş pulumu dollara çevirərdim”, “kaş hansısa işə pul xərcləməzdim˝, yaxud da ˝kaş devalvasiyadan qabaq filan şeyi alardım˝ və sairə. Bununla o, vəziyyəti dəyişmək üçün nəsə edə biləcəyini fikirləşir. Keçmiş artıq keçmişdir. Bu “ey kaşlar” sizi psixoloji gərginləşdirməkdən başqa heç bir işə yaramayacaqdır. Unutmayın ki, siz gələcəkdə baş verəcək işləri bilmirsiniz. Ona görə də bugünə uyğun olaraq hərəkət edirsiniz. Doğru olan da budur.
Səkkizinci, insanda stressi artıran bir başqa detal isə gələcəklə bağlı müəmmalardır. Bizim əksər narahatıqlarımız gələcəklə bağlıdır. Bizlər mütəmadi olaraq gələcəkdə bizi nə gözləməsi barədə düşünürük. Bir çox müəmmalı mənfi fikirlər də beynimizə məhz o zaman dolur. Amma xatırlayaq ki, gələcək hələ gəlməmişdir. Təcrübələrdən də məlumdur ki, insanların gələcəklə bağlı narahat olduğu bir çox məsələlər çox keçmədən, (öz zamanında) asanlıqla öz həllini tapmışdır. Amma əfsus ki, həmin məsələnin insanda yaratdığı və yaşatdığı stress isə hələ uzun müddət davam edir. Biz indinin övladlarıyıq. Hələ ki, olmayan və bizdən zaman etibarilə uzaqda dayanan gələcək məsələlərin narahatçılığı ilə özümüzü yükləməməliyik. Bir sözlə gələcəyə mənfiliklə dolu müəmma kimi baxmaq əlavə psixoloji gərginlikdən başqa bir şey deyildir.
Doqquzuncu, hər bir insanın üzərində müəyyən vəzifələr vardır. Bəzilər ailə başçısıdır, bəziləri bir ana olaraq övladlarının tərbiyəsi ilə məşğul olurlar. Bəziləri bir qrup insanlara müdirlik edir, bəzilərinin də öz yaxınları, dostları qarşısında onlara düzgün məsləhət vermək məsuliyyəti vardır. Hər hansı bir çətin şəraitdə özümüzü itirməmişdən, təşvişə düşməmişdən əvvəl məsuliyyəti üzərimizdə olub bizə dəyərli olan insanlara nəzər salaq. Bizlər öz ruhi sabitliyimizi pozmaqla, narahat, təşvişli halımızla əslində onları da məyus edirik. Bununla onlara da çox mənfi təsir qoymuş oluruq. Bir halda ki, bizim vəzifəmiz onlara düzgün istiqamət vermək, onlara mənəvi dayaq olmaqdır. Bəzən bizlər unuduruq ki, onların mənəvi vəziyyəti bizlərin özümüzü necə aparmağımızdan çox asılıdır. Əgər bizlər bunları fikirləşsək daha düşünülmüş addımlar atıb, doğru qərarlar verməklə onlara da mövcud vəziyyətdən düzgün çıxış yolunu göstərmiş olacağıq.
Onuncu, bir detalı da qeyd edək. Belə bir məqamda mənəvi bağlantı, İlahi rabitəni də unutmaq olmaz. Bu, həqiqətən də insanlara hər bir çətinlikdə sakitlik gətirəcək bir amildir. Bu amil insanlardakı gərginliyi azaldacaqdır. Belə ki, bizlər bir müsəlman olaraq Allaha etimad kimi inanclarımızı da unutmamalıyıq. İnanclarımıza görə insanları yaradan Allah, eyni zamanda da onların ruzilərini təmin etməyi də öz öhdəsinə götürmüşdür. Buna görə də bu dünyada yaşadığımız müddətdə daim ruzimiz təmin olunacaqdır. Üzümüzə bir qapı bağlanan zaman, mütləq olaraq digər qapı açılacaqdır. Biz insanların pis xüsusiyyəti isə odur ki, biz yalnız bağlı qapını görür, yalnız pis halları xatırlayırıq.