Ofisə daxil olub, həmişəki kimi pəncərəni açıram. Günəşin şüaları otağıma süzülür. Özü hələ görünmür, binanın önündəki bir neçə hündür ağac qarşısını kəsib. Görünməsə də, gəlişindən anlamaq olur, bu gün hava isti olacaq. Yaz gələndən hər sabah ağacda yuva salmış quşların şən civiltisi həyəti başına götürür, elə bugünkü kimi. Arabir ağacın başındakı qarğa tənbəl-tənbəl qarıldayıb “mən də varam” deyərək digər quşlara acıqlanır, ancaq ona əhəmiyyət verən yoxdur. Bu tabloda yad heç nə yoxdur: təbiət hər halı, hər havası ilə gözəldir.
Hər canlının öz yeri, öz yaraşığı var. Biz də bu rəngarəng təbii tablonun bir parçasıyıq, nədənsə, həmişə kənar bir seyrçi kimi baxırıq. Ona görə də özümüzü görmürük, ya da görməyi unuduruq. İnsan təbiətlə ruhən eyniləşsə, bu həmahəngliyi hiss edər. Onda istər-istəməz köksün genişlənir, əhvalın düzəlir.
Təbiət gözəllikdən, harmoniyadan ibarətdirsə, insanda da gözəlliyi duyma, müsbətə köklənmə, sakitlik, aramlıq hissləri həmişə daha öndə olmalıdır. Təbiətin də, insanın da mövcudiyyəti bu gözəlliyin əsasındadır. Gözəlliyi duymaq, təbiətlə vəhdətini hiss etmək adama enerji verir, gözəl işlər görməyə sövq edir. Xaos və zərər onu məhv edir, eybəcərləşdirir. Düşüncələrimizdə, qəlbimizdə xaos olsa, həyatımız da elə olacaq. Bu isə bizim məhvimiz deməkdir.
Mənfi fikirlər, bədbinlik, paxıllıq, tamah, qəzəb, kin bizim daxili harmoniyamızı məhv edir. Böyüydükcə-böyüyüb içimizi yeyirlər, kiçik bir atəşin tədricən bütöv bir meşəni bürüdüyü kimi, fitrətimizdəki bütün gözəllikləri məhv edirlər.
Başını aşağı salıb harasa tələsən kişi deyinir: ˝Səhərin gözü açılmamış bu nədir axı, qar, qarrr… Başım getdi. Belə də iş olar, bütün əsəblərimə toxunurlar˝.