Dünyada müxtəlif təqvimlər mövcuddur, onlardan biri də ay təqvimidir. Buna qəməri təqvimi də deyilir. Bu təqvim Ayın Yer kürəsi ətrafındakı hərəkətinə əsaslanan təqvim növüdür. Ay təqviminin tarixi eramızdan əvvəllərə gedib çıxır. Bəzi araşdırmaçılar ay təqvimini ən qədim təqvim hesab edir, köklərinin eramızdan on min illərlə əvvələ qayıtdığını deyirlər. Ay təqvimindən bir çox xalqlar və bir çox dinlərin mənsubları istifadə etmişlər: babillilər, qədim yəhudilər, məsihilər (məsələn, Pasxanın təyinində), romalılar, yunanlar, qədim müsəlmanlar və s. Bu təqvim İslamdan əvvəl ərəb qəbilələri arasında da geniş yayılmışdır.
İslam gələndən sonra da müsəlmanlar ilin aylarının hesablanmasında ay təqvimindən istifadə etməyə başladılar. Müsəlman ilinin başlanğıcı olaraq isə peyğəmbərin Məkkədən Mədinəyə hicrəti qərar verildi. Bu qərar Ömər ibn Xəttabın xəlifəliyi zamanında Həzrət Əlinin təklifi ilə qəbul edilir.
AY TƏQVİMİ NECƏ HESABLANIR
Bir az Ay barədə danışaq. Ay Yerin ətrafında fırlanan, bizə ən yaxın olan səma cismidir. Ay özü işıq saçmır. O, Yer ətrafında fırlanan zaman Günəşin şüaları onun üzərinə düşür, nəticədə də Ayın üzərini işıqlandırır. Bu da bizlərin yerdən Aya baxarkən onu işıqlı görməyimizə səbəb olur. Ayın hərəkəti zamanı Günəşin onun üzərinə işıq saçması nəticəsində o, yerdən müxtəlif formalarda görünür. Ayın Yer ətrafında hərəkəti zamanı aldığı bu formalara Ayın hərəkət fazaları və ya mərhələləri deyilir.
Ay təqviminə görə, ilin hər ayı Ay planetinin Yer kürəsinin ətrafında tam bir dövrə vurması ilə ölçülür. Ayın bir dövrəsi bitən zaman qərar tutduğu mərhələyə ˝Yeni ay˝ (New Moon) (latınca: Primationes lunae) deyilir. Çünki bu mərhələ ilin köhnə ayının bitdiyini və yeni ayın başladığını göstərir. Bu mərhələdə Ay Yer ilə Günəşin ortasında təqribən eyni xətt üzərində qərar tutur. Bu zaman Ay Günəşin şüalarının qarşısını alır və Ayın işıqlanmayan üzü Yerə tərəf, işıqlı üzü isə Günəşə tərəf olur. Ona görə də Ayın bu mərhələsində yerdən baxan insanlar teleskoplardan istifadə etsələr belə, Ayı heç cür görə bilmirlər.
Yeni ay mərhələsindən sonra isə Ay yavaş-yavaş Günəşin qarşısından kənara doğru hərəkət edir. Bu zaman Günəş Ayın səthini işıqlandırmağa başlayır. Bu işıqlandırmanı insanlar axşam vaxtı yer üzündə nazik aypara şəklində görürlər. Bu isə artıq Ayın hərəkətinin ikinci mərhələsidir. Bu mərhələyə yunanca ˝neomenia˝, müsəlmanlar isə hilal deyirlər. Neomeniya ayın gözlə görsənə bilən ilk çıxışıdır. Yeni ay mərhələsində Ayı görmək olmurdusa, neomeniya, yaxud da hilal mərhələsində Ayı gözlə görmək mümkündür. Çünki, deyildiyi kimi, Ay artıq Günəşlə qərar tapdığı bərabər xətdən kənara çıxmış, ona görə də müəyyən qədər görünməyə başlamışdır.
Ayın Yeni ay və neomeniya (hilal) mərhələsi arasında təxminən 1-2 gün vaxt ola bilər. Əsasən bu müddətin üç gündən artıq olmadığını qeyd edirlər. Bu müddət müxtəlif astronomik və meteoroloji səbəblərə görə dəyişir.
Ayın qərar tapdığı mərhələlərdən digəri də bədrlənmiş Aydır. Bu zaman Günəş Ayın tam üzərinə işıq saçdığından Ay yer üzündə tam bir dairəvi formada görünür. Ayın bundan başqa da hərəkət fazaları vardır. Sadəcə olaraq, bu fazalardan üçü bəhsimizlə birbaşa əlaqəli olduğuna görə əsas olaraq onları izah edirik.
İSLAM ŞƏRİƏTİNDƏ DİNİ AYİNLƏRİN VAXTININ MÜƏYYƏN OLUNMASINDA MEYAR HANSI ˝AY˝DIR
Astronomlar ay təqviminin başlanğıcı olaraq Yeni ay mərhələsini hesab edirlər. Bütün astronomik ay təqvimlərində də ilin aylarının daxil olduqları vaxt Yeni ay ilə müəyyən olunur. Neomeniyaya isə astronomlar bu cəhətdən elə də əhəmiyyət vermirlər. Ayın artıq görünən mərhələsi, yəni hilal (neomeniya) isə qədimdən bəri ay təqvimini qəbul etmiş bütün xalqların və dinlərin nümayəndələrinin meyarı olub. Çünki, qeyd olunduğu kimi, Yeni ay mərhələsini adi insanların müşahidə etməsi mümkün deyildir. Bunu yalnız mütəxəssis astronomlar hesablaya bilərlər.
Bizlər hədislərə nəzər salan zaman İslam şəriətinin Yeni ayı deyil, məhz hilalı şəri vəzifələrin icrasında meyar təyin etdiyinin şahidi oluruq. Ona görə də bir çox dini ayinlərin, ibadətlərin icrası hilalın (Ayın) gözlə görsənməsinə bağlı olmuşdur. Buna görədir ki, fiqhi kitablarda Ayın görülməsinin şərtləri, xüsusiyyətləri barədə çoxlu hədislər yer almış, bu mövzuya bir çox ayrıca fəsillər ayrılmışdır. Bütün məzhəblərin hədislərində ˝şəhr˝in, yəni ilin aylarının başlanmasının meyarında yalnız hilalın qərar verildiyini görürük. Məxsusən də Ramazan ayının hilalının gözlə təyin olunmasına təkid edən hədislər bütün məzhəblərin kitablarında çoxlu saydadır. Bu hədislərdə ˝Ayı gördüyünüz zaman oruc tutun, Ayı gördüyünüz zaman da iftar edin (orucunuzu açın)˝ ibarəsi müxtəlif formalarda gəlmişdir. Bunun əsasında da bütün fəqihlər hökm vermişlər ki, hilal, yəni Ayın neomeniya (gözlə görsənmə) mərhələsi Ramazan ayının daxil olmasının əlamətidir. Çünki ˝Yeni ay˝ mərhələsini gözlə görmək mümkün deyildir.
Bu səbəbdən fəqihlər arasında Yeni ayın, yoxsa hilalın Ramazan ayının təyin olunmasında şərt olması arasında ixtilaf yoxdur. Bütün məşhur fəqihlər (istər sünni, istərsə də şiə) məhz hilalın görünməsini Ramazan ayının başlanmasında əsas bilmişlər. Onlar arasında mövcud olan ixtilaf isə bu hilalın necə görülə bilməsi mövzusundadır. Bəzi fəqihlərə görə, hilalı yalnız yalın gözlə görmək şərt kimi göstərildiyi halda, digərlərinə görə isə hilalı optik cihazlarla görmək belə ilin yeni ayının başlanması üçün kifayət etməkdədir.
Hilalın necə görülməsinin də məxsusi şərtləri vardır. Belə ki, şəri cəhətdən Ayın daxil olması üçün hilal gecə vaxtı görülməlidir. Hilalın görsəndiyi məntəqədə və o məntəqə ilə rabitədə olan yerlərdə[1] ay təzələnmiş olur. Hilali təqvimdə ilin hər ayı ya 29, ya da 30 gün olur. Ayın Yer ətrafına tam dövrü 30 gündən çox ola bilməz.
HILAL ƏSASINDA TƏQVİM TƏYİNİ GERİLİK DEYİLMİ
Hazırda bəzi müsəlman ölkələrində təqvim tərtibində şəriətin təyin etdiyi hilal deyil, astronomların təyin etdikləri Yeni ay (Primationes lunae) əsas götürülür. Məlum olduğu kimi, istər Yeni ay, istərsə də hilal olsun hər ikisi Ayın Yer kürəsi ətrafına hərəkətinin fazalarındandır. Sadəcə olaraq, şəriətin təqvim hesablamalarında qoyduğu meyar hilaldır.
Buradan da məlum olur ki, müsəlmanların hilalı, yəni gözlə görsənən Ayı şəri vəzifələrinin (həcc, orucluq kimi) meyarı kimi təyin etmələri elmi nailiyyətləri, astronomiyanın yeniliklərini qəbul etməmək mənasında deyildir. Onların bu əməlləri sadəcə ibadət məsələlərində təqvim meyarı olaraq Ayın müxtəlif hərəkət fazaları arasında məhz neomeniya mərhələsini qərar vermələridir. Burada da təəccüblü bir şey yoxdur. Burada müsəlmanları xurafatda, geri qalmışlıqda ittiham etmək ittihamçının həqiqətdə astronomik biliklərinin azlığından, şəriət məsələlərindən xəbərsizliyindən qaynaqlanır.
Hamı bilir ki, astronomiya elmi elə inkişaf etmişdir ki, rahatlıqla Ayın, Günəşin, yaxud da digər səma cisimlərinin hərəkətinin sürətini, trayektoriyasını, Ay tutulmalarının vaxtını tam dəqiq şəkildə müəyyən edə bilir. Ancaq, qeyd olunduğu kimi, ibadət məsələlərində astronomların təqvimləri, yaxud da dünyada ümumi olaraq qəbul olunan qriqori təqvimi meyar deyildir. Şəriət özünə aid olan məsələlərdə mühüm bildiyi meyarlara əsaslanaraq təqvim hesablamaları üçün ölçü təyin edə bilər. Və bu meyarın şəriət tərəfindən müəyyən olunması astronomiya elminə, müasir texnologiyanın imkanlarına etimadsızlıqdan qaynaqlanmır. Sadəcə olaraq, bu, dini-ibadi məsələ olduğuna görə burada Ayın fazalarından məqsədəuyğun olanını meyar olaraq təyin etmək haqqı şəriətə aiddir.
Məsələn, zooloq heyvanlar haqda çox dəqiq məlumatlara sahibdir. Ancaq heyvanların şəri cəhətdən hansının ətinin yeyilən, hansının ətinın isə haram olduğunu bilmək üçün zooloqa müraciət etmək düzgün deyildir. Eyni zamanda da, əgər bir müsəlman bu məsələ barəsində şəriətə müraciət etmiş olsa, bu, onun müasir biologiyanın nailiyyətlərini qəbul etmədiyi anlamına da gəlməz. Astronomlara görə, hər Yeni ay ilə astronomik ayın başlandığı elan olunur, şəri ayın başlanğıcı üçün isə hilalın daxil olması lazımdır. Həqiqətdə Yeni ay da, neomeniya da elə məhz astronomiyadır. Bunlar astronomiyadan kənar və onun ziddində duran ifadələr deyildirlər ki, kimsə müsəlmanları astronomiyanın inkarında günahlandırsın. Hər iki meyarı astronomiya qəbul edir. Sadəcə olaraq, astronomlar üçün Yeni ayı təqvim hesablamalarında meyar olaraq qərar vermək daha asandır. Çünki bu, onlara illərlə qabaqcadan ilin aylarını rahat bir şəkildə hesablamalarına imkan verir. Neomeniya əsasında isə qabaqcadan dəqiq hesablama aparmaq, dəqiqliyə riayət etmək çətindir. Digər tərəfdən də Yeni ay mərhələsi astronomlara görə Ayın hərəkətinin Günəş və Yerə nisbətdə bərabər xətdə tamamlandığı ən ideal məqamdır.
GÜNÜMÜZDƏ DAHA DƏQİQ TƏQVİMƏ NİYƏ KEÇİLMİR
Birdən insan fikirləşə bilər ki, qədim dövrlərdə neomeniyanı ona görə ayların ölçülməsi üçün meyar təyin edirdilər ki, Yeni ayı yalnız Ayın hərəkət fazaları nəzəriyyəsini bilməklə müəyyən etmək mümkün idi və bu da qədim dövrlərdə insanlara məlum deyildi. İslam da həmin dövrü nəzərə alaraq hilalı meyar olaraq təyin etmişdir. Günümüzdə isə Ayın hərəkət nəzəriyyəsi bilindiyinə görə dəqiqliklə Yeni ayı müəyyən etmək olar. Ona görə düzgün olmazmı ki, hilal deyil, Yeni ay mərhələsini təqvimlərdə meyar qoyaq?
Cavab: İbadət məsələlərinin bütün xüsusiyyətləri, zamanı da daxil olmaqla, şəriət tərəfindən müəyyən olunur. İnsanlar dünyəvi, ictimai və asayişə aid olan məsələlərdə ümumi razılıq əsasında dəyişikliklər və meyarlar tətbiq edə bilərlər. Onların ibadət məsələlərinə dəxalət etməkləri isə düzgün olmaz. Bizlər deyə bilmərik ki, o zaman Günəşin hərəkəti namaz üçün meyar idi, günümüzdə texnika inkişaf etdiyinə görə daha dəqiq və ümumi bir meyar tətbiq olunmalıdır. İslam dinində gələcəkdə dəyişikliyə uğraya bilən, zamana görə dəyişməyi mümkün olan bütün hökmlər bəllidir. Bu mövzu ilə əlaqədar xüsusi bir qeyd olmadığı halda insanların bu kimi dəyişiklik etməsi düzgün deyildir. Hər bir halda əgər bu mövzularda əlavə bir qeydə ehtiyac olsaydı, bu, mütləq bir şəkildə dini mətnlərdə bizlərə bildirilərdi. Lakin bu sahənin mütəxəssis alimlərindən heç kəs Ayın hərəkətinin Yeni ay fazasını günümüz üçün meyar olaraq qeyd etməmişdir.
Digər tərəfdən, şəriətdə Ayın bədrlənmiş halını da meyar qoymaq olardı. Bu zaman ayların bir dövrü bir bədrdən digər bədrə qədər olan zamanla hesablanacaqdı. Dəqiqlik cəhətindən Ayın bədr formasını müəyyən etmək hilal formasını müəyyən etməkdən hardasa daha rahatdır və bunu gözlə görmək də mümkündür. Ancaq şəriətdə istisnasız olaraq məhz hilalın təyinini görürük. Deməli, dinə görə, meyar məhz hilaldır.
Günümüzdə bəzi İslam ölkələri qabaqcadan təyin olunması rahat olduğuna görə Yeni ay təqviminə keçid almışlar. Hədislərdə müsəlmanların şəri təqvimdən üz döndərəcəklərinə aid işarələr də vardır. Bəzi hədislərdə İmam Hüseynin qətlə yetirildiyinə görə müsəlman ümmətinin bəddua olunduğu qeyd olunur. Bədduada deyilir ki, Allah-Taala bu müsəlmanları heç bir qurban və fitr bayramını yerinə yetirməkdə müvəffəq etməyəcəkdir. Seyid ibn Tavusun nəql etdiyi hədisdə də deyilir ki, Qiyamətə yaxın bir zamanda əksər insanların hilal ilə rabitələri kəsiləcək. Mümkündür ki, bu qəbildən olan hədislərlə insanların hilal əsasında deyil, digər meyarlarla ibadət məsələlərini tənzimləyəcəklərinə işarə olunsun.
NEOMENİYA ƏSASINDA TƏQVİMİN QURULMASI İXTİLAFA SƏBƏB OLMURMU
Yeni ay mərhələsi bütün Yer kürəsi üçün eyni olduğundan təqvimin bunun əsasında qurulması bütün ölkələrdə ayın başlanğıc və sonunun eyni olmasına səbəb olur. Belə ki, burada ayın Günəş bərabərində qərar tutması meyardır. Bu isə bütün Yer kürəsi üçün eyni vaxtda, ayda bir dəfə baş verir. Neomeniya (hilal) əsasında təqvimin qurulması isə aydındır ki, təbii olaraq fərqliliklərə səbəb olacaqdır. Çünki burada şərt Ayın görsənməsidir. Bu görsənmə isə ölkədən ölkəyə, məntəqədən məntəqəyə, zamandan zamana dəyişəcəkdir. Mümkündür ki, bir məntəqədə görsənsin, digərində isə görsənməsin. Çünki Yer kürə şəklində olduğuna görə Ayın bir məntəqədə görsənməsi Yer kürəsinin bütün məntəqələrində görsənməsi demək deyildir. Eramızdan əvvəldən İslamın gəlişinə qədər və gəlişindən sonra ay təqvimi ilə gedən insanlar hilalı əsas götürdüklərindən həmişə ilin aylarında fərqliliklərlə qarşılaşardılar. Peyğəmbərin və xəlifələrin zamanında belə müxtəlif məntəqələrdə yaşayan müsəlmanlar arasında bu fərqlilikləri görürük. İslam buna təbii baxır. İslama görə, bu, ixtilaf deyil, fərqlilikdir. Eynilə namazda olan fərqlilik kimi. Bir ölkədə zöhr namazı girdiyi halda, digər ölkədə hələ zöhr namazı daxil olmur. Namazların vaxtlarında eyni ölkənin ərazisində belə bu fərqlilikləri müşahidə edirik. Ancaq bu, indiyə kimi müsəlmanların etirazına və narahatçılıqlarına səbəb olmamışdır. Bütün müsəlmanlar bunu təbii qəbul etmişdir. Oruc məsələsi də eyni qəbildəndir. Çünki, deyildiyi kimi, bu ibadət məsələlərinin bütün xüsusiyyətlərini, zamanını, məkanını, şəraitlərini yalnız şəriət tənzimləyir.
Bir məsələni də qeyd edək ki, vəhdət daha çox etiqadda, həqiqətlərə baxışda olan müştərək yanaşma nümayiş etdirməyə aid bir bəhsdir. Əməli davranışların icrasının eyni vaxtda edilməsi vəhdət üçün həqiqi meyar deyildir. Məsələn, namaz dinin sütunudur və ibadətdə sistemində yerinə görə orucdan da üstün hesab edilir. Ancaq burada bütün dünya müsəlmanlarının namazı fərqli vaxtda qılmaları təfriqə amili kimi qabardılmamışdır. Hansı ki əgər vəhdət ibadət məsələlərini eyni vaxtda yerinə yetirmək olsaydı, bu cür mühüm bir idadətdə eynilik nəzərə alınardı. Və şəriət namaz kimi mühüm bir ibadət növündə bütün müsəlmanlar üçün elə bir meyar təyin edərdi ki, onunla hamı namazı eyni vaxtda icra edərdi. Lakin biz namaz məsələsində bu kimi bir göstərişin olmadığının şahidi oluruq. Bu da dinin bu mövzuya ayrıseçkilik kimi yox, təfərrüatda olan xırdalıq kimi baxması səbəbiylədir. Namazın vaxtı üçün meyar Günəşin hərəkətidir. Və İslam Günəşin hərəkəti səbəbiylə hər ölkədə namazın müxtəlif vaxtlarda daxil olmasına normal baxır. Bu, kainatın yaradılışı, kainat sistemində olan quruluşla əlaqədardır. Ramazan ayının girməsi və sonlanması ilə bağlı məsələ də həmin qəbildəndir. Şəriət ümumi qanunlar təyin etmişdir. Bu qanunlara əsasən də bir ölkədə Ramazan ayının başlanğıc və sonunun digər ölkələrdən fərqlənməsi eynən namazın vaxtlarında olan fərqlilik qismindəndir və təbii qarşılanmalıdır.
HƏLL YOLU
Burada hilalın qabaqcadan daxil olmasını təyin etməyin sadəcə bir həll yolu görsənir. O da bundan ibarətdir ki, rəsədxanalardan və bu işin mütəxəssislərindən maraqlanmaq lazımdır ki, görək onlar neomeniyanın ölkələrə, məntəqələrə görə nə zaman baş verəcəyini qabaqcadan təyin edə bilərlərmi? İslama görə, hər bir şəxsin özü, yaxud da ən azı iki nəfər ədalətli şəxs hilalı görməlidir. Etibarlı insanların hilalı görməsindən sonra digərləri üçün də əminlik yaranır ki, neomeniya baş vermişdir. Ancaq mümkündür ki, günümüzdə mövcud olan elmi vasitələrdən neomeniyanı da hesablamaq üçün istifadə edək. Mən bildiyimə görə, neomeniyanı hesablamaq, adətən, dünya rəsədxanaları üçün elə də əhəmiyyət kəsb etmədiyinə görə onlar bunun araşdırılması ilə çoxda məşğul olmurlar. Digər tərəfdən də, qeyd edirlər ki, Yeni ay baş tutduqdan sonra neomeniyanın qabaqcadan nə zaman olacağını bildirmək, bunu hər məntəqəyə görə dəqiqliklə təsnifatlandırmaq çox çətindir. Bəlkə də, bu, günümüzdə qeyri-mümkündür və haçansa mümkün olacaqdır. Ancaq hər bir halda, belə bir şey mümkün olarsa, əksər din alimlərinin də qeyd etdiyinə görə, insan bu yolun düzlüyünə əmin olduğu halda onun əsasında əməl edə bilər. Yəni əgər astronomlar dəqiq astronomik hesablamalarla hilalın görünə bilməsini qabaqcadan deyə bilsələr və insanlarda onların sözlərindən xatircəmlik hasil olsa, o zaman ona əməl edə bilərlər. Bu halda hilalın şəxsən əməli olaraq insan tərəfindən görülməsi şərt deyildir.
[1] Rabitədə olan yer deməklə məsələyə ümumi işarə etdik. Çünki burada da müəyyən izahlar vardır. Bəzilərinə görə, ayın təzələndiyi yerlər Ayın göründüyü məntəqə ilə eyni üfüqdə olmalıdır, ya da o məntəqənin qərbində yerləşməlidir. Bəzilərinə görə isə Ayın göründüyü məntəqə ilə ayın təzələnə biləcəyi məntəqələrdə gecədə müştərəklik, bəzilərinə görə, Ayın o məntəqələrdə görsənə bilməsinin mümkün olması əsasdır.