– Cəmiyyətin cinsi həyat və normalarının dəyişməsinə nə səbəb olur?
– Bu səbəbləri dünyagörüşünün, dəyərlərin dəyişməsində axtarmaq lazımdır. Avropa XIX-XX əsrin əvvəllərinə qədər cinsi mövzuların ictimai müzakirəyə çıxarılmasına tam qapalı idi. XX əsrin ortalarına yaxın vəziyyət tədricən dəyişməyə başladı.
– Dünyagörüşü və dəyərləri müxtəlif nəzəriyyələr dəyişir. Bəs, Avropada cinsi inqilabı yaradan hansı nəzəriyyələr olub?
– O zaman Avropada ailə, psixologiya, cəmiyyət, tərbiyə, fəlsəfə mövzularında bir çox nəzəriyyələr ortaya atıldı. Məsələn, "bir stəkan su" nəzəriyyəsi. Bu nəzəriyyənin yaranması bir neçə insanın adı ilə əlaqələndirilir. Bu ifadənin daha çox XIX əsrdə yaşamış fransız qadın yazıçısı Avrora Lüsil Düpenə aid olduğu deyilir. Bu nəzəriyyəyə görə, cinsi istək eynilə qidaya, suya olan istək kimidir. Nəzəriyyənin ardıcıllarının fikrincə, cinsi istəklərin təmin olunması susuzlayan zaman bir stəkan su içmək kimi rahat və asan olmalıdır. Bu asanlığın qarşısını alan əxlaq, ictimai qınaq və ailə kimi maneələr isə aradan götürülməlidir. Məhəbbət yoxdur, sadəcə cinsi ehtiyaclar vardır. Kiminlə, harada, necə, nə qədər tez olması heç bir məna kəsb etmir, əsas qeydsiz və şərtsiz olmasıdır. Bir stəkan su o qədər dəyərsizdir ki, kim istəsə, harada istəsə ona veriləcək. Bu nəzəriyyəyə görə cinsi ehtiyaclar da o cür olmalıdır. Kişi və qadın ünsiyyətləri heç bir mənəvi və ictimai bağlar, məsuliyyət, qısqanclıq olmadan qurulmalıdır. Sonradan bu nəzəriyyənin ardıcılları bir qədər də irəli getdilər, daha sonra bu fikri müxtəlif ölkələrdə dəstəkləyən tərəfdarlar da yarandı.
– Bunu Avropada dini təsirin zəifləməsi ilə əlaqələndirmək olarmı?
– Avropada katolik kilsənin nüfuzu cəmiyyətdə cinsi azadlığın qarşısını alırdı. Katolisizmin çöküşü ilə dəyişikliklərə, terminoloji dillə desək "cinsi inqilab"a Avropa tam hazır oldu. Ancaq dinin zəifləməsi bu inqilabın yeganə səbəbi deyil.
– Cinsi inqilabdan əvvəl Avropa insanı necə düşünürdü?
– O zamanlar Avropa insanı düşünürdü ki, intim mövzular ailə daxili məsələdir və ümumi müzakirəyə çıxarılması düzgün deyil. Nikahdan kənar yaxınlıq isə ən çirkin əməl hesab olunurdu. Kişi və qadın evləndikdən sonra da bir-birlərinə sadiq olmalı idilər. Ailə ən möhkəm ictimai rabitə forması idi. Evliliyin yalnız bir növü var idi - ənənəvi monoqam. Bu düşüncələr qadının geyimindən tutmuş uşaqların cinsi tərbiyəsinə qədər hər şeyə təsir edirdi. Belə həyat tərzini bəziləri dini inanclarından dolayı, bəziləri isə cəmiyyətdəki mövqelərini zədələməmək üçün yaşayırdılar.
– Cinsi, seksual inqilab dedikdə nəyi nəzərdə tuturlar?
– Cinsi inqilab və ya seksual inqilab cəmiyyətin cinsi həyatında, cinsi mövzular barəsində olan düşüncəsindəki köklü dəyişiklikləri göstərən bir prosesdir. Cinsi inqilab zamanı cinsi məsələlər üzərində olan hər növ qadağalar götürüldü, insanların seksual münasibətlərini məhdudlaşdıran ictimai normalar, onların müxtəlif cinsi istəklərini kontrol edən iffət anlayışı aradan qalxdı. Cəmiyyətdə "Utanmağa stop", "nudizm", "naturalizm" hərəkatları başladıldı. Nikahdankənar intim münasibətlər, nikahsız birgəyaşama norma hesab edildi. Cinsi elementlərdən qəzetlərdə, jurnallarda, filmlərdə, ədəbiyyatda, digər yazılarda istifadə edilməsi tam sərbəstləşdi. Homoseksuallıq, masturbasiya əvvəlki psixoloqlara görə psixoloji xəstəlik hesab edildiyi halda cinsi inqilabdan sonra psixoloqlar tərəfindən norma kimi qəbul edilməyə başlandı. Bütün bu dəyişikliklər cinsi inqilab hesab olunur.
Bəzi Qərb analitiklərinin məqalələrində bu inqilabı belə xarakterizə etdiklərini görürük: "Cinsi mövzularda tam sərbəstlik, heç bir həddin olmaması, kiminlə olursa, neçə nəfərlə olursa, nə qədər olursa, harda olursa. Nə geyinirsən, harda geyinirsən, necə özünü aparırsan".
– Bu inqilabı etmək ilk dəfə kimin ağlına gəlib?
– Seksual inqilab ifadəsinin ilk dəfə XX əsrin birinci yarısında Vilhelm Rayx tərəfindən işlədildiyi deyilir. Artıq o dövrdən bu mövzuda müxtəlif kitablar, məqalələr yazılmağa başlanılmışdı. O dövrdən etibarən cinsi inqilabın ideoloji əsasları, fəlsəfəsi baxımdan işlənməyə başlandı. Ancaq ötən əsrin ikinci yarısında, hardasa 1960-cı illərdən sonra artıq nəzəriyyənin praktikada, cəmiyyətin həyatında tətbiqi müşahidə edilir.
– Belə bir inqilabı törədən, onu yaradan səbəblər nə idi?
– Əgər sosioloqların, tarixçilərin, psixoloqların araşdırmalarına baxsaq, bu səbəbləri görə bilərik. Onların fikrincə, bu səbəblər kapitalizm iqtisadi sisteminə keçid, industrial cəmiyyətin yaranması, urbanizasiya prosesinin sürətlə inkişafı, mənəvi dəyərlərin zəifləməsi, maddi faktorların insanın həyatında rolunun artması, fahişəliyin, bardellərin, gecə klublarının və erotik səhnələri olan filmlərin, pornoqrafik qəzet və jurnalların leqallaşdırılması və maneəsiz yayılması, şüuraltı olaraq qeyd-şərtsiz cinsi azadlığı təbliğ edən verilişlərin, serialların, filmlərin gecə-gündüz müxtəlif kanallarda yayımlanması, müxtəlif formalı intim xidmətlərin rəsmiləşdirilməsi, spirtli içkilərin, narkotik maddələrin kütləvi istifadəsi, gənclərin cinsi hisslərini təhrik edən faktorların ictimailəşdirilməsi və çoxaldılması, bədii ədəbiyyat və məqalələrdə bayağı həyat tərzinin, pozğunluğun təbliği, materializmin, nihilizmin, empirizmin dominant fəlsəfi görüş kimi yayılması idi... Ən mühümü də bütün bunların tərəqqi ilə, müasirliklə, gözəlliklə, gəncliklə əlaqələndirilərək insanlara təqdim edilməsidir.
Bu faktorlar XX əsrə qədər qadağan idi. Qadağanın aradan qalxması ilə bu faktorlar özü ilə cinsi inqilab kimi tanınan bir hərəkatın başlanmasına səbəb oldu.
– Bəzən bu səbəblər arasında kontraseptiv, yəni qorunma vasitələrinin icad olunmasını da qeyd edirlər...
– Bəli, ən çox qeyd olunan mühüm faktorlar içərisində 1960-cı ildə hamiləliyin qarşısını alan dərmanların istehsalını da qeyd edirlər. Əvvəlcə yalnız evli xanımların əldə etməyə icazəsi olan bu dərmanlar 70-ci illərdə artıq bütün qadınların ixtiyarına verildi. Bu, hamilə olmaq qorxusunu azaltdı, cəmiyyətdə azad intim münasibətləri bir qədər də asanlaşdırdı. Statistikaya görə, 1975-1977-ci illərdə sadəcə Qərbi Almaniyada 20 yaşdan aşağı olan qızların 80 faizindən çoxu bu həblərdən istifadə edirdi.
– Bu inqilabdan azad naturizm və nudizm, yəni ictimai şəkildə çılpaqlaşma necə törəndi?
– Naturizm və nudizm inqilabın təbii nəticəsi olaraq qaçılmaz idi. Belə ki, naturizmin əsasında insanın maksimum təbiətə yaxınlaşması, yəni paltarlardan azad olaraq sosial lütləşməsi durur. Lütlənmə təşkilatlarının özlərinə məxsus federasiyaları, rəsmi saytları da var və dünya səviyyəsində təbliğatları gedir. Bununla da onlar öz davranışlarını fəlsəfiləşdirirlər. Onların ideyalarının əsasında təbiətlə bütövləşmə, harmoniya yaratmaq, orijinallıq, utanc hissinin ictimai inkişaf üçün bir baryer olması və s. durur. Onlar hesab edirlər ki, təbiətdəki bütün canlılar paltarsızdır və bir-birlərindən utanmadan yaşayırlar, çılpaqlıq onların təbii halıdır. Elə isə insan da canlıların bir növü kimi seçilməməlidir! Onların fikrincə, deməli, utanma sonradan yaranan lazımsız bir hissdir. Bu hissi kənara qoymaq və təbiətə uyğun yaşamaq lazımdır. Onlar anlayırlar ki, insanları hər hansı işə sövq etmək üçün əvvəlcə həmin əməli uyğun bir fəlsəfə və nəzəriyyə ilə bəzəmək lazımdır. Stalinin sözü ilə desək: "Nəzəriyyəsiz biz ölümə məhkumuq, ona görə də bizə nəzəriyyə lazımdır". Bununla da XX əsrin I yarısından etibarən Almaniyada, Fransada, hətta Rusiyada belə çılpaqlaşmaq fəlsəfəsini təbliğ edən kitablar yazılmağa başladı.
1953-cü ildə UNESCO-nun himayəsi altında fəaliyyət göstərən beynəlxalq naturizm federasiyası yaradıldı. Bu cür federasiyaların Asiya, Afrika ölkələrində belə nümayəndəlikləri vardır. Onların hətta tələbələrlə işləmə departamentləri də mövcuddur. Onlar bütün dünya üzrə tam çılpaq formada görüşlər, kamplar, yığıncaqlar, səyahətlər, fleşmoblar, beynəlxalq lüt veloyürüşlər, nəqliyyat vasitələrində, parklarda yürüşlər, lüt gəzinti və s. təşkil edirlər. Bəzi tədbirlərə dünyanın onlarla ölkəsindən 60-a yaxın şəhər qoşulur. Hər bir tədbiri də qabaqcadan müxtəlif yollarla reklam edirlər. Onlar bəzi qərb ölkələrində iş yerlərindən, bir çox hamam, sauna, idman zallarından, çimərliklərdən tam çılpaq halda istifadə edirlər. Analitikləri narahat edən digər bir mühüm məqam isə onların bu fəaliyyətinin ailəvi xarakter daşımasıdır. Belə ki, onlar bura həyat yoldaşlarını, azyaşlı övladlarını da cəlb edirlər. Bu da öz növbəsində azyaşlıların etik normalar haqda təsəvvürlərinin pozulmasına, onlarda erkən seksuallığın yaranmasına səbəb olur. Hazırda Amerikada nudist fitnes mərkəzləri, "nude (lüt) yoqa" məşqləri yayılır. Yoqanın əsasını qoyanlar Hindistan quruları belə bu cür yoqa formasını səhv bilir və qəbul etmirlər. Əslində bu davranış ibtidai icma dövrünə qayıdışdır. Bəzi qədim hind mistiklərinin təlimləri, məsələn, caynizm paltarı rədd edir. Onlara görə çılpaqlıq dünyadan ayrılma əlaməti kimi başa düşülür. İbtidai icma quruluşunda da sürü halında yaşayan insanların ictimai atributu tam çılpaqlıq idi.
– Cinsi inqilabın gedişatında daha çox kimlərdən istifadə edirdilər?
– Bu cür inqilabların nəzəriyyəçiləri ziyalılar, hərəkətverici qüvvəsi isə gənclər olub. Çünki gənclər adətən daha emosional, cinsi istəkləri də daha yüksək olur, ailə kimi məsuliyyət tələb edən ictimai əlaqələrə boyun əymədən azad yaşamaq istəyir. Alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" əsərində qeyd edir: "Gənclər öz təbiətlərindən irəli gələrək cinsi mübarizənin önündədirlər". Buna görə də bu seksual azadlıq mübarizəsində gənclərdən bir katalizator kimi istifadə edildiyinə toxunur. Markuze həmçinin qeyd edir ki, sistemə qarşı olan gənclərin cinsi azadlıq tələbləri uğrundakı etirazlarını boğmaq mümkün deyil, çünki gənclərdə bunun kökü bioloji zərurətdir. Onun yanaşmasına görə, inqilabı marginallar həyata keçirir. Gənclər də onlardan biridir. Çünki gənclər təbiət etibarilə marginaldırlar. Onların ideologiyası, dəyərlər sistemi köklü surətdə formalaşmayıb. Gənclər rassional düşünmürlər, emosionallıq, aqressivlik, səbirsizlik, üsyan, qürur onların fərqləndirici xüsusiyyətidir.
Biz həmçinin bu prosesdə cinsi azlıqların da aktivliyini müşahidə edirik. Onlar cinsi inqilabı özlərini ifadə etmələri üçün çox münasib bir məqam hesab edirdilər. Cinsi inqilabı onlar cəmiyyətdə gizli yaşamadan azad yaşama bir keçid kimi görürdülər. Ona görə də onlar da bu inqilabı aktiv şəkildə dəstəkləyirdilər.
Dinə qarşı qəzəbləri olan insanlar da bu inqilabı dinlərin sonu, dinə qarşı üsyan kimi başa düşdüklərindən ona geniş dəstək verənlərdən oldular. Bir də qadınların, feminist təşkilatların da bu inqilabdakı rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, bu inqilabla onların da bir çox istəkləri həyata keçəcəkdi.
– Qeyd etdiniz ki, Qərb qadınlarının da bu cinsi inqilabdan müəyyən gözləntiləri var idi. Onların gözləntiləri özünü doğrultdumu?
– Əslində cinsi inqilab onların heç bir gözləntisini doğrultmadı. Bu inqilab zamanı qadınlara istismardan, kişilərin və cəmiyyətin təzyiqindən azadlıq vəd edilmişdi. Cinsi inqilabın şüarı qadınları bağlı qapılar arxasından çıxartmaq, həyat yoldaşlarının əsarətindən xilas etmək, onlara azadlıq vermək idi. Doğrudur qadınlar bağlı qapılar arxasından çıxarıldılar. Lakin bu dəfə onlar cəmiyyətin, iqtisadi maraqların, siyasətin, şou-biznesin, gecə klublarının quluna çevrildilər. Bəzi araşdırmaçıların da qeyd etdikləri kimi, cinsi inqilab qadın bədəni, qadın gözəlliyindən hədsiz-hüdudsuz dərəcədə kommersiya məqsədləri üçün istifadəyə səbəb oldu. Statistikaya görə, cinsi inqilabdan sonra dünya ölkələrində qadına təcavüz, qadın alveri, qadına qarşı zorakılıq daha da artdı. Qadın hüquqları üzrə bəzi ekspertlərin etirafına görə, qadına təcavüz və qadın alveri ilə bağlı statistik rəqəmlər o qədər yüksəkdir ki, ictimaiyyətə bu rəqəmlər həddən artıq kiçildilmiş formada təqdim edilir. Məsələn, 2009-cu ildə Rusiyada qadına təcavüz hallarının rəsmi sayı 4790 fakt, qadın hüquqları üzrə milli komissiyanın hesabatında isə onların sayının əslində hər il 30 - 40 000 arası olduğu göstərilib. ABŞ-da da vəziyyət ürəkaçan deyil. Burada hər altı dəqiqədə bir cinsi təcavüz baş verir. İsveç də daxil olmaqla bir çox Avropa ölkələri qadın təcavüzü "reytinq"ində ilk onluqda yer alır.
Deməli, cinsi inqilabın nəzəriyyəçilərinin dedikləri kimi olmadı. Halbuki, onların sosial-psixoloji təhlillərinə görə, tam cinsi azadlıq insanların seksual hisslərini o qədər təmin edir ki, artıq cinsi təcavüzə heç bir istək qalmır. Nəticədə də cinsi cəhətdən özünü hərtərəfli tam ifadə etmiş cəmiyyətdə cinsi zəmində bütün təcavüzlər sona çatır. Eynilə ana təbiətdə canlılar aləmindəki kimi hər şey naturallaşır, adiləşir, harmoniyalaşır.
Görünür heyvanlar aləminə aid olan sürü qanunu insanlar aləmində işləmir, ya da nəzərdən qaçırdıqları bir çox psixoloji, sosial, mədəni amillər də vardır.
Feminist aktivistlərin özlərinin də etirafına görə qadınlar anladılar ki, cinsi azadlıq kişi üçün daha geniş və rahat həzz imkanları yaratdığı halda bu, qadınlara istədikləri xoşbəxtliyi bəxş etmədi. Əksinə, qəlblərində böyük bir boşluq yaratdı. Deməli, səadət heç də azad cinsi istəklərin tam təmin olunmasında deyilmiş.
Bu inqilab kişi və qadına bir-birlərinə daha çox etimadsızlıq, xəyanət, ailə dəyərlərinin tapdanması, daha rahat dağıdılmasından başqa heç nə gətirmədi.
Fransız filosofları Paskal Brükner və professor Alen Finkelkrautun cinsi inqilabın təhlili haqda birgə yazdıqları "Yeni məhəbbət pozulması" kitabı var. Bu kitabın alman dilinə olan tərcüməsini "Playboy" jurnalı da nəşr edib. Baxmayaraq ki, bu iki filosof radikal moralist deyil, bununla belə bu kitabda cinsi inqilabın bir çox problemlərə yol açdığını qeyd ediblər. Müəlliflər cinsi inqilabın cəmiyyət və qadın-kişi üçün gətirdiklərini təhlil edərək bu inqilabın əvvəlcədən təqdim olunduğu, təriflənildiyi kimi nəticələnmədiyini vurğulayıblar. Dünyaca məşhur olan bir çox jurnallar belə bu inqilabın uğursuzluqlarını əks etdirən karikaturalar, məqalələr yayıblar.
Qeyd edilir ki, kişi-qadın bir-birinə sadəcə cinsi ehtiyacların ödənilməsi üçün bir vasitə gözü ilə baxmamalıdır. Cinsi inqilabın bəhrəsi hesab edilən bu mövzunu günümüzdə psixoloqlar, filosoflar, ziyalılar çözməyə çalışırlar. Bu problemlə məşğul olan psixoloqların təbirilə desək, qadın-kişi bir-birinə sadəcə bir insan kimi baxmağı öyrənməlidir, özü də heç bir cinsi mənfəət güdmədən. Onlar sadəcə bundan mənəvi həzz aldığına görə heç bir əvəz gözləmədən bir-birinə nəvaziş göstərməyi öyrənməlidirlər.
Qərbin feminist analitikləri günümüzün qadınının narahatçılığı barəsində belə yazırlar: "Qadınlar kiminsə eqoist cinsi istəklərinin qurbanına çevrilməsinin nigarançılığını yaşayırlar. Onlar özlərini bədənləri uğrunda mübarizə aparılan qənimət kimi hiss edirlər".
Cəmiyyətdə cinsi məqsədlərlə bir dəfə üçün istifadə edilib atılmış, hissləri zədələnmiş, psixoloji travmalı qadınların sayı həddindən artıqdır. Nəticədə qadınlar günümüzdə bu birdəfəlik istifadəyə məruz qalmamaq qorxusunu yaşayırlar. Bundan sonra qarşısındakı insana daha çox etimadsızlıq yaranır.
– Qısası, bu inqilab qadınlar üçün nəyi dəyişdi?
– Hesab edilir ki, cinsi inqilabla qadının ictimai vəziyyəti xeyli düzəldi. Belə ki, əvvəl iqtisadi azadlığı olmayan, ictimai işdən məhrum olan qadın indi daha aktiv və sərbəstdir. Lakin cinsi inqilabla qadının ictimai vəziyyəti də elə də ürəkaçan olmadı. Məşhur deyimə görə, kapitalın kişi siması vardır. Yəni daha az gəlirli iş sahələri qadınlara məxsusdur. Dünyada qadınların yalnız 10 faizi gəlirli işlərdə çalışırlar. Onların perespektivli işlərdə çalışmaları və karyerada yüksəlmələri çox çətindir. Müasir dünyanın "gözəllik standartları"na uyğun gəlməyən, cavan olmayan qadının şansı isə daha azdır. Əksər qadınlar xadimə, ofisiant, qab və paltar yuyan, satıcı, dayə, tibb bacısı, küçə təmizləyən, telefonçu, katibə, malların reklamını edən model, müxtəlif şirkətlərdə müştəriləri cəlb edən və ya məlumat bürosunun işçisi kimi çox aşağı gəlirli vəzifələrdə çalışırlar. Bu da nəticədə onlarda psixoloji komplekslərin yaranmasına və bir çox sosial problemlərə səbəb olur. Cəmiyyətin qadına bu cür yanaşması onları dolanışıqları üçün daha pis yollara getməyə məcbur edir. Bütün bunlar qadına cinsi inqilabda vəd olunanlar deyildi. Müasir dünya cəmiyyəti qadın hüququ, qadın dəyəri barəsində pafoslu populist sözlərlə danışır, əməldə isə qadının vəziyyəti göz qabağındadır.
Tanınmış amerikalı publisist Maykl Snayder bir məqaləsində yazır: "Cinsi inqilab Amerika qadınları üçün nəsə yaxşı bir şey gətirdimi? Qətiyyən! Xeyr! Əgər həqiqətə baxsaq, aydın olur ki, bu inqilab onlar üçün yalnız fəlakətli nəticələrə səbəb olub".
Ona görə də analitiklər cinsi inqilabı uğursuzluqla nəticələnən böyük bir eksperiment hesab edirlər...
(ardı var)
Söhbətləşdi İlkin İzzət
Milli.Az
https://news.milli.az/country/519904.html