Ürəyindən övladını əzizləmək keçdi. Donmuş barmaqları ilə bircə bu sözləri yaza bildi: “Gözəl balam, necəsən?”
Bir azdan cavab gəldi: “Yaxsiyam sen ncsn?
Gözlədiyi bu deyildi. Havadakı şaxta iliyinə işlədi.
˝Aha, deyəsən, nəsə yazır˝. Vatsapın o ˝yazır…˝ əlaməti atanı ümidləndirdi:
˝Ayin axiri geleceksen?Gelende dediklerimi alarsanda.Mene çox lazim˝.
“Kaş heç nə yazmayaydı. Onsuz da, istədiyini çoxdan almışam, bu gün ona poçtla göndərəcəkdim. Niyə belə davranır? Niyə belə soyuqdur. Axı bir ömür onlar üçün çalışmışam. Bir dəfə də olsun, özü məni axtarmaz, zəng vurmaz. Uşaq da deyil, iyirmi yaşı var. Burada soyuq diyarda onları dolandırmaq üçün çalışıram. Soyuqda işləyirəm ki, onlara isti olsun. Sevgisiz, qayğısız... Yox, biz belə olmamışıq”.
Yadına öz anası düşdü. Qəhər boğdu. Keçən ay onu dəfn edib gəlmişdi. Xanımı: “Bir şey yoxdur, ana bir az soyuqlayıb”, – demişdi. İki gün sonra da ölüm xəbəri gəlmişdi… Hələ nömrəsini silməyə əli gəlmirdi. Vatsapı açıb anası ilə olan yazışmaya baxdı. Son dəfə xəstələndiyini eşidəndə yazmışdı:
˝Salam, ay ana. Bu gun necesen?˝
Anası cavabında səsli mesaj göndərmişdi. Yaşıl dairə mesajın hələ də oxunmadığını göstərirdi. Ürək ağrısı ilə düyməni basdı:
˝Salam, balama qurban, anan başına dönsün, dolansın. Sən ki yazdın, elə bildim, dünyanı verdilər mənə. Day bir şeyim qalmadı. Deyirəm, doğrudan da, bala necə şirin imiş, ay bala. Özündən muğayat ol, qərib yerdə… Ömrüm-günümsən, anan qurban olsun sənə. Allah qalan ömrümü kəsib sənə versin˝.