Bəlkə də, indiyədək builki qədər deputatlığa namizədliyini irəli sürən olmayıb. İctimai insanların aktivliyi, xalqı üçün nəsə etmək istəyi çox gözəldir. Bəs kimə səs verək? Namizədin bəzi xüsusiyyətlərə sahib olması şərtdir:
– Ksenofob olmamalıdır.
Dini, milli, ideoloji, cinsi ayrıseçkiliyə yol verməməli, tolerant olmalıdır, bütün vətəndaşlara eyni münasibət göstərməlidir. Əgər bir namizəd hansısa fərdi və ya qrupu xor görür, təhqir edirsə, insanların müqəddəs bildikləri amallara dil uzadaraq hissləri ilə oynayırsa, o insana nəinki deputatlıq mandatı, heç bir ictimai vəzifə etibar etmək olmaz.
– Pafoslu vədlər verməməlidir.
“İşsizləri işlə təmin edəcəyəm”, “yol çəkəcəyəm”, “evsizlərə ev tikəcəyəm” kimi vədlər daha çox publika toplamağa hesablanır və yerinə yetirilməsi də çox vaxt bir deputatın səlahiyyətləri xaricində olur. Namizəd prinsiplərini irəli sürərək müəyyən işləri həyata keçirmək üçün əlindən gələni edəcəyinə söz verə bilər.
– Təksimalı olmalıdır.
Namizəd əvvəlki hər hansı pis xüsusiyyətindən, yanlış danışıqlarından, sərt ictimai yanaşmasından təbliğat-təşviqat kampaniyası müddətində əl götürüb ˝mələk˝ olursa, bu dəyişikliyin içdən gələn həqiqi islah olması inandırıcı deyil. Seçiləndən sonra, çox güman ki, əvvəlki halına geri dönəcək.
– Deputat səs dilənçisi olmamalıdır.
“Xahiş edirəm, mənə səs verin, “sizin səsinizə ehtiyacım var”, “siz olmasanız, mən də olmaram”, “mən deputat olmağı çox istəyirəm”… Bu cür səs dilənçiliyi namizədin özünəinamsızlığından və mənsəbə olan hərisliyindən xəbər verir. Namizəd öz gücünü, öz qətiyyətini təşviqat-təbliğat kampaniyasında nümayiş etdirməlidir. Sən başa sal ki, səni niyə seçsinlər, sənin nə istədiyin heç kim üçün maraqlı deyil.
– Yalançı, acgöz olmamalıdır.
Bu, ən ən önəmli xüsusiyyətdir. Əgər insan yalan danışandırsa, ona heç bir vəzifəni, ən xırda işi belə həvalə etmək olmaz. Əgər məlum olsa ki, namizəd əliəyridir, rüşvətxordur, onu deputat seçmək cinayətdir.
– Zərərli vərdişləri olmamalıdır.
Qumarbaz, narkoman, əyyaş birindən, sözsüz ki, deputat olmaz. Bu cür insanlar cəmiyyətin üz qarasıdır.
– Empatiya hissi güclü olmalıdır.
Əgər insan sərt xasiyyətlidirsə, ailəsi ilə, dostları ilə qaba rəftarda, cəmiyyətdə vurub-yıxmaqda ad çıxarıbsa, özünü hər təbəqənin nümayəndəsinin yerinə qoymağı bacarmırsa, heç zaman xalqın dərdini anlaya bilməyəcək.
– Yaş faktoru
Müəyyən yaşdan sonra insan fiziki və psixoloji olaraq tükənir, ictimai aktivliyi təbii olaraq azalır. Bu yaşda daha çox sakitlik, asayiş istəyir, tez yorulur. Bütün bunlar “yaşlı insan ictimai işlərdən tam uzaqlaşdırılmalıdır” mənasında deyil. Onlar təcrübələri, bilikləri ilə bir məsləhətçi kimi daim gənc kadrların yanında olmalıdırlar.