– Bəla məmləkətə gələndə birinci hara gələr?
– Minbərdə olan haqq əhlinə.
– Bəla ən son kimləri tutar?
– Minbərdəki qasibləri.
– Mən belə bunu ədalətsiz sanıram!
– Biri digərlərini qorumaq üçün özünü sipər edər, o biri özünü qorumaq üçün digərlərini. Əhlimin sadəcə korluq, karlıq xəstəliyinə tutulmayacağına zaminəm.
– Mən isə üzərinə çıxartdıqlarımı o andaca kor və kar edərəm.
– Minbəri ətrafına yaraqlılarını düzmədiyin məmləkət varmı, ey böhtan atan?
– Adını çəkmərəm, əhlini xəbərdar edərsən. Elə bir məmləkətdir ki, yaxşıları yüksəlmək istəyəndə özləri ayağından tutub aşağı çəkərlər. Beləcə, heç biri minbər üzərinə qalxa bilməz. Tanrı belə cəhənnəmdə onları nəzarətsiz qoyar. O məmləkət əhli mənim muzdsuz ordularımdır.
– Lənət, nifrət və qəzəblə yad edilmək necədir, ey xeyirsiz?
– Əhli olmayanların ayaqları altında necəsən, ey əkdiyini becərməyən?
– Həyat yetirən torpaq kimi.
– Yox, sən taxtadan deyil, daşdansan. Bu dərdlə necə ağlamazsan?
– Gözüm alimlərin, ariflərin, Süleymanların gözüdür, onlarla ağlayıb, onlarla gülərəm.
– Sən ki bir heç imişsən! Nə yaşadır səni?
– Qələm sahibləri. Alim, Süleyman, arif qələmi əmər; minbərə yollarını sahibləri açar, qaldırar, ucaldar, istədikdə də çırpar yerə. Ən uca minbər onlarındır. Əhlimi qasibdən ayıran, məni mədh edən, hətta sənlə mənim hekayəmi dünyaya çatdıran da onlar, cümlənin sonuna nöqtəni qoyan da onlar.
– Sənə nə ümid verir?
– Məni azad edəcək xilaskarın eşqi.
– Bir bəşər min parçanı necə cəmlər, dəmiri necə qızıl eylər, suyu qurumuş quyunun necə gözünü açar?
– Mənzili tanıyan bir durnanın qanad açması, mehrabdakı bir salehə min yararsızın iqtidası, saf sünbül toxumunun torpağa düşməsi, yüz zay toxumun yerini tutması ilə.
– Qarşında ancaq üsyankar, nankor, səbirsiz bəndələr görürəm.
– Mənsə yalnız bəndəliyi. Üzərimdə əyləşən Haqdan danışsa, Haqqın, nahaqdan danışsa, nahaqqın. Biri səmaya ucaldar, digəri yerin zülmətlərinə gömər.
– Xeyir toxumlarını naxalis niyyətlə üzərindən səpələyəcəyəm ki, haqq əhli şübhəyə düşsün. Düşüncəsi səlibə çəkilmiş müsəlmanı, əmmaməsi altında buynuzları olan cinləri üstünə çıxardacağam ki, əyri yola bələdçilik etsinlər. Qoynunda qılınc olan əli əsalı padşahları qaldıracağam ki, bir-birinin canına düşsünlər. Adını irsə salacağam, atadan övlada keçəsən. Sərmayəyə çevirəcəyəm, sərvətlilər satın alsınlar. Rəqqasələrin, sərxoşların, oğruların ayağı altında qalacaqsan. Sənin hörmətini bu cür aradan aparacağam. Xəcalətli edəcəyəm, səsin heç bir zaman göylərə ucalmasın.
– Ey qovulmuş, mən taxtımı qəlblərdə, düşüncələrdə quraram, sən yenə də məğlub çıxarsan. Fironluğunu devirəcək körpəni quruda axtararsan, suda nicat tapar, sən məsciddə gözləyərsən, o, meyxanədən çıxar, sənin gözün fəqirləri gəzəndə o, varlıların ailəsində boya-başa çatar. Sən anaların südünü zəhərləyərsən, o, hava ilə qidalanar. Sən Süleymanı Davudun ailəsində axtararsan, mən onu Calutun qoynunda böyüdərəm. Sən qulağına pıçıldayarsan, mən ruhuna ilham verərəm.
– Səndən haqq əhlinə nə fayda?
– Mən onların qəlblərini göylərin xəzinələrinə calayaram. Qələmlərinin mürəkkəbinə ruhumdan üfürərəm, yazar ərsəyə gəlmiş əsərin gözəlliyinə təəccüb edər, şairin dilinin düyününü çözərəm, şeirini dinləyənlər övladı ölmüş analar tək ağlayarlar, vaizin dilinə eşitmədiyi, bilmədiyi hikmətlər axıdaram, dediklərinin ovsunlayıcı təsirini görüncə, başqalarının dilindən təkrarən eşidincə özünə aid olmadığını anlar. Süleymanların qılıncının kəsərini artıraram, az qoşunla çox düşmənə qalib gələrlər...
– Mən ilk harda yanıldım, minbər?
– Məni quru taxta sananda… Əlim doğulan hər insanın fitrətinə uzanar. Minbərimdə olanın səsini hər canlıya çatdıraram.
– Axı mən hamısını qəsb etmişəm. Devirə bilmədiyim, görmədiyim minbər sahibi kim?
– Vicdan. Son insan yer üzünü tərk edənədək o da baqi olar.
– Axı mənə yer-göy dağılana qədər möhlət verildi.
– Müəyyən günə qədər, ey hiyləsi aşkar!
– Bəsdir, danışdın, son vəsiyyətini et, minbər.
– Ey səadət arzulayanlar, qasibi görsəniz, minbərindən ovcunuz aldığı qədər daş qopardın. Etməsəniz, minbəri aşan zaman biganəliyinizlə ora qoymuş olduğunuz o daşın mütləq altında qalacaqsınız!
– İndi sənə od vuracam, bu fürsət bir daha ələ düşməz.
– Mən yanaram, ruhum zamanlara, məkanlara yayılar. Kitab olaram, yazılan hər nəsnəyə dönərəm, məcazi aləmdə dolaşan həqiqi kəlmələr olaram, məqama, mənsəbə çevrilərəm, səsləri və təsvirləri uzaqlara ötürən vasitə olaram... Sən yenə öz hədəfinə çatmayacaqsan, ey sonsuz!