˝YARASA OLMAQ NECƏ BİR ŞEYDİR?˝
(«What is it like to be a Bat?») – tanınmış Amerika filosofu Tomas Nagelin 1974-cü ildə «Philosophical Review» jurnalında dərc etdiyi, elmi dairələrdə birmənalı qarşılanmamış məşhur məqaləsi məhz belə adlanır. Ad sizi çaşdırmasın, belə ki, məqalə yarasa barəsində deyildir. Nagelin bu məqaləsi nəşr olunduğu gündən ən çox sitat gətirilib istinad edilən şüur və subyektiv dərk barəsində yazılmış analitik fəlsəfi mətnlərdən hesab edilir.
Müasir fəlsəfədə, məxsusən də analitik fəlsəfə sahəsində fəaliyyət göstərənlərə yaxşı tanış olan Tomas Nagel bu məqalədə bir neçə mühüm mesajları insanlara çatdırmaq istəyirdi. Nagelin məqalədə toxunduğu, bizim də mühüm bildiyimiz bəzi nöqtələr üzərində durmaq istərdik. Qəbul etmədiyimiz mülahizə olunası məsələlərə isə məqaləmizin həcminə sığmadığına görə toxunmuruq.
YARASA OLMAQ NECƏ BİR ŞEYDİR
Müasir psixologiyada insan şüuru ilə əlaqədar məşhur bir sual mövcuddur. Biz bu sualı burada bir daha gündəmə gətirmək istəyirik: ˝Başqa bir fərdin yerində olmaq necə bir şeydir?˝. Məndən bir fərd olaraq fərqlənən tamam fərqli psixoloji struktura malik şəxsin bütün düşüncə və davranışlarını anlamaq üçün onun yerində olmaq mümkündürmü?
Tomas Nagelin qarşıya qoyduğu sual müasir elmdə çox mühüm olan insanın şüuru, dərki ilə əlaqəlidir. O, bu günə kimi şüur, dərk barəsində mövcud olan heç bir tanınmış elmi nəzəriyyələrin bu suala dolğun və dəqiq formada cavab vermədiyini diqqətə çəkir. Nagel, həmçinin qeyd edir ki, bu suala xarakterik olan cəhət ona cavabın üçüncü şəxs tərəfindən verilməsinin mümkün olmamasıdır. Yəni əgər bir gün elm o qədər inkişaf etsə ki, yarasanın anatomik, fizioloji, neyrobioloji, beynində cərəyan edən psixoloji və koqnitiv proseslərin hamısını tamlığı ilə dəqiq surətdə izah edə bilsə, yenə də heç bir kəsə yarasa olmağın nə demək olduğunu başa sala bilməyəcəkdir. Biz bütün bu məlumatlarla belə heç bir zaman yarasanın özünü öz daxilindən necə hiss etdiyini izah edə bilməyəcəyik. Ona görə də yarasa olmağın necə bir şey olması sualına heç bir zaman üçüncü şəxs tərəfindən cavab vermək mümkün olmayacaqdır. Bu sualı digər elmi suallardan fərqləndirən məxsus cəhəti də məhz budur.
Nagel hesab edir ki, yarasanın subyektiv aləmini dərk etmək bizlər üçün qeyri-mümkündür. Oxşar analogiya ilə digər insanların təkrarolunmaz və hər bir fərdə məxsus olan daxili aləmini də eynilə, dərk etmək mümkün deyildir. Hər bir insanın öz taleyi, özünə xas olan daxili aləmi, düşüncələri, hisləri vardır. Bu isə yalnız onun özünə məxsusdur. Ancaq qismən də olsa, anlamağın mümkünlüyünü də qəbul etmək lazımdır. Bu da dəqiq müşahidəçinin və güclü təhlilçinin səyləri ilə mümkün olur. Yenə də qeyd edirik ki, qismən.
İnsanların müxtəlif amillər səbəbilə bir-birinə olan oxşarlığı azaldıqca onların bir-birini dərk etmələri daha da çətinləşir. Milyardlara sahib olan, on min dollarlıq nahar yeməyi edən birinin miskin fəqir həyatı yaşayan insanın necə bir dərkə sahib olduğunu anlaması çox çətindir. Eynilə, o fəqirin də həmin imkanlını anlaması bir o qədər mümkünsüzdür. İdeoloji əsaslara görə, qadınları, körpələri amansızca qətlə yetirən qruplaşmanın üzvlərini başa düşməyə çalışan humanist insanın bu işi eynilə birinin yarasanı anlamağa çalışmasına bənzəyir. Biz hər nə qədər o insanların anatomik, fizioloji quruluşlarını, psixoloji xüsusiyyətlərini və daha başqa cəhətlərini öyrənsək də, bu, bizə onların subyektiv dərkləri barəsində heç nə verməyəcəkdir.
Eynilə, anadangəlmə kor, kar doğulan, fiziki qüsurlu şəxslərin də daxili aləmləri bizə məchuldur. Həmçinin biz də onlar üçün bir yarasa misalındayıq. Bayaq da qeyd etdiyimiz kimi, insan fərdləri arasında ictimai, psixoloji fərqliliklərin yaranması onların bir-birlərindən uzaqlaşmasına səbəb olur və onlar arasında yaranan uçurum get-gedə böyüməyə başlayır. Eyni növün nümayəndələri olmağımıza baxmayaraq, müxtəlif bioloji növə məxsus iki fərd kimi bir-birimizi anlamağımızda çətinlik yaranır.
Biz insanlar üçün başqasını dərk etmək yalnız kommunikasiya proseslərinin nəticəsi ilə və digərindən bizə çatan informasiyanın hermenevtik[1] analizi nəticəsində mümkündür. Bu zaman insan digərinin fikirlərini, daxili aləmini sözlərindən, bədən hərəkətlərindən, baxışlarından, zahiri quruluşundan, üzünün mimikasından, yazdığı əsərlərdən anlamağa çalışır. Bununla o insanın daxili aləmi ilə bir əlaqə qurmaq istəyir. Çünki başqalarının daxili aləmini əks etdirən yeganə vasitə yalnız bunlardır. Bununla da, bizlər nəticədən səbəbə (İn Bürhanı yolu ilə) doğru hərəkət etməyə çalışırıq.
Günümüzdə başqalarının daxili aləmini, psixikasını dərk etmək məsələsi fəlsəfi hermenevtikanın, analitik fəlsəfənin və psixologiyanın müzakirə mövzusudur. Ancaq, bununla belə, onların da ˝əllərinin elə də dolu olmadığını” etiraf etmək lazımdır.
Həmçinin bu arada, Nagelin özünün də qeyd etdiyi kimi, insan özünü tamlığıyla digərinin yerində qərar verməyə də cəhd etməlidir. Belə ki, əks tərəfə aid olan hər bir şeyi ən möhkəm metodlarla təhlil etdikdən sonra belə əks tərəfi dərk etmək yolunda qarşımızda daha bir maneə durur: ˝Özümüz olmadığımız əks tərəfin obrazına girmək, onun özü olmaq˝. Bu isə bəzən birinci məsələnin həllindən də çətindir. İnsan öz subyektivliyində qaldığı halda özünü digər insanların yerinə qoya bilmir. Digərlərinin özlərinə xas daxili aləmlərini canlandırmaq çox çətindir, bəzən isə mümkünsüzdür.
Yarasa olmağın nə demək olduğunu anlamaq üçün biz qaranlıq mağaraya daxil ola bilərik, bir müddət göydən başı aşağı asılı qalmaq da olar və sairə, ancaq bu, yarasanın özünü dərk etdiyi kimi bizim də onu dərk etməyimizə qətiyyən kömək etməyəcəkdir. Çünki yarasanın yerişini yeriyərək onun nə hiss etdiyini anlamağa çalışdığımız zaman belə biz beynimizin resurslarından istifadə etmək məcburiyyətindəyik. Bir halda ki, bu resurslar bu məsələni həll etməkdən ötrü kifayət deyildir.
Deməli, həm özümüzə, həm də digərlərinə xas olan sırf subyektiv faktorlar vardır ki, digərini təhlil etdikdə o faktorlar nəzərdən qaçır, nəticədə də bizlər digərlərini bir çox hallarda anlaya bilmirik. Yəni ˝yarasa˝nın nə hiss etdiyini, nəyə görə filan cür hərəkət etdiyini tamlığı ilə anlamaq bu səbəblərdən mümkün deyildir.
Dərkdə qarşıya çıxan bu çətinliyə baxmayaraq, ətrafda baş verən hadisələri, digər insanların davranışlarını, hər hansı bir cəmiyyəti, tarixi materialları təhlil edən zaman subyektiv reallıqdan çıxmağa cəhd etmək lazımdır. Nə vaxta qədər ki, insan sub.reallıqdan qurtulmayıb və ətraf mühitin, oxuduqlarının, daxili və xarici faktorlar səbəbilə formalaşmış psixologiyanın təsirilə hərəkət edir, düşünür, təhlil edir və ətrafa baxır, o vaxta qədər insanın ətrafı (özündən qeyriləri) barəsində mülahizələri subyektiv olacaqdır. Bu subyektiv yanaşma ilə o insan, hətta özü barəsində belə həqiqi nəticəyə, özünün əsl mahiyyətinə, istəklərinin əsl kökünə vara bilməyəcəkdir.
GİGO: QAPIYA ZİBİL QOYSAN, ÇIXIŞDA DA ZİBİL İLƏ QARŞILAŞACAQSAN
Nagelin məqaləsində toxunduğu məsələlərdən biri də başqalarının psixologiyasını anlamaq cəhdi, bunun üçün tətbiq edilməsi mümkün olan metodların müəyyənləşdirilməsidir. Düzdür, elə gözlədiyimiz[2] kimi, məqalədəki bu metodlar dəqiq bəyan edilməsə də, bu metodları müəyyən edə bilməyimiz üçün bəzi maraqlı faktlar ortaya qoyulmuşdur.
Hər bir insan individual bir varlıqdır. Məhz buna görə də onun psixologiyasını, daxili aləmini formalaşdıran amillər də fərqlidir. Hər bir insanın daxili aləmi eynilə onun barmaq izi kimi fərqlidir. Barmaq izləri ilə yanaşı, insanları fərqli şəxsiyyət edən bir çox başqa amillər də vardır. Psixoloji, iqtisadi, ictimai, ailə, təhsil, etiqad kimi… Bu amillərin təsirilə, ətrafdan əldə etdiyi və həyatı boyunca gəldiyi nəticələr əsasında insanda subyektiv bir aləm, subyektiv düşüncə, özünə xas təhlil üslubu formalaşır. Daha sonra insan hər hansı bir məsələ barəsində düşündüyü, təhlil apardığı zaman malik olduğu subyektivliyindən istifadə etməyə başlayır. Yeni nəticələrini, yaxud hər hansı bir yeni təhlillərini də bundan qabaq qəbul etdiyi əvvəlki informasiyalar bazasında edir. Burada maraqlı bir məqam ortaya çıxır. Belə ki, insanın ilkin olaraq zehninə daxil olan informasiya və onun əsasında formalaşmış baxış tərzi yanlış olarsa, bunların əsasında təhlil olunan məsələlərdə də yanlış nəticələrə gəlinəcəkdir. Bu prinsipi biz ˝Qapıya zibil qoysan, çıxanda da zibil ilə qarşılaşacaqsan˝ kimi ifadə edə bilərik. İnformatikada isə bu, GİGO (Garbage In, Garbage Out) kimi ifadə olunur. Yəni daxil olunan yanlış məlumatlardan yanlış nəticələrin alınması labüddür, hətta hesablama düzgün formada aparılsa belə.
Deməli, araşdırmadan düzgün hesab edib qəbul etdiyimiz önfərzlər, şəxsi istəklərimiz, psixoloji vəziyyətimiz, inanclarımız, məsələnin maddi, mənəvi, ictimai, milli, psixoloji faktorlara görə bizim üçün böyük bir əhəmiyyət daşıması- bütün bunlar bizim həyata olan baxışlarımızı subyektivləşdirir, nəticədə də bizlər hər şeyi öz dar çərçivəmizdə görməyə başlayırıq. Bu zaman hər məsələ üçün eyni metodu tətbiq edir, məsələnin həlli üçün riayət olunması gərəkli olan digər metodları isə gözardı edirik.
Nəticədə həyat və psixologiyamız bizi subyektivləşdirir. Bu cür subyektiv yanaşmanın təhlükəsindən heç kəs sığortalanmamışdır. Bunu bir çox elm adamlarının, filosofların, din xadimlərinin, psixoloqların, siyasətçilərin yanaşmalarında müşahidə etmək olar. Nəticədə elm adına, fəlsəfə, tarix, din, psixologiya adına irəli sürülən fikirlər cəfəngiyatdan başqa bir şey olmur. Bəzən də bu cəfəngiyatları özündə əks etdirən məqalə və kitablar elmi irs hesab edilir. Sonra da milyonların ˝yemi˝nə çevrilir. Nəticədə yanlış subyektiv yanaşmadan ibarət olan əsərlərlə qidalanan, onsuz da, subyektiv baxmağa meylli olan insan daha da subyektivləşir. GİGO (zibil qoysan, zibil götürərsən) prinsipi burada daha qabarıq formada özünü göstərir.
Bəli, subyektiv insan öz ətrafını, digərlərini təhlil edəndə, anlamağa çalışanda belə öz subyektivliyindən istifadə edir. Çünki onda istifadə edəcək başqa material və metod yoxdur. Hamı ətrafına öz daxili pəncərəsindən baxır. Bununla da özünə xoş gələn şeyin digərlərinə də xoş gəldiyini, istədiklərini digərlərinin də istədiyini hesab edir. Onun üçün pis olanın digərləri üçün də pis olduğunu güman edir.
YARASANI TAM ANLAMAQ ÜÇÜN YALNIZ YARASA OLMAQ LAZIMDIR
Məqaləmizdə qarşıya çıxan digər bir məsələ: Yarasanı tam formada necə anlamaq olar? Ümumiyyətlə, bu, mümkündürmü?
Başqasını tamlığı ilə dərk etməyin bir yolu ya onun özü olmaq, yaxud da onun daxili aləmi ilə mücərrəd formada rabitə qurmaqdır. Tam dərk üçün bundan başqa bir yol yoxdur. Necə deyərlər, ˝yarasanı anlamaq üçün yarasa olmaq lazımdır˝.
Nagel özü bunun tam gerçəkləşməsi üçün yeganə mükəmməl yolun yarasanın özünə çevrilməkdən ibarət olduğunu qeyd edirdi. Yəni əgər başqasının şüuru və daxili aləmi ilə tam bir mənəvi rabitə qurmaq, eyniləşmək mümkün olsaydı, onun içində hiss etdiklərini bütünlüklə dərk etmək olardı.
Sadəcə olaraq, Nagel bu işin əməli olaraq mümkün olmadığını hesab etdiyinə görə bunun üzərində durmamışdır. Digər tərəfdən, bu yol elmi dairələrdə qəbul olunmayan bir yol hesab edildiyindən Nagelin üzərində durmaması təbiidir. Metafizikada[3] bəhs olunan bəzi mövzularda bu yolun mümkün olduğu qeyd olunur. İrfan məktəbində də mövzuya aid maraqlı bəhslər vardır. Bu məktəb insanın qeyri-maddi olan ruhani tərəfinin mövcud olduğunu qəbul edir. Aydındır ki, ruhani tərəfdə məkan, zaman, maddi maneələr olmadığından onlar arasında baş verən dərk forması da hiss üzvləri vasitəsilə olan dərkdən tamamilə fərqlənir. Burada ittihad, eyniləşmə mümkündür. Bu fərqli dərk mənaların kəlmələr olmadan dərkidir, həqiqətin pərdə arxasından görülməsidir. Belə olduğu təqdirdə yarasa məsələsinə fərqli cəhətdən baxmaq mümkün olacaqdır.
Bəziləri digərinin daxili aləmini tam dərk etmək üçün, hətta telepatiyaya etimad etməyi mümkün bilmişlər. Onlara görə, əgər telepatiya fenomeninin elmi cəhətdən düz olduğu isbat olunarsa, o zaman bununla digər insanın daxili aləmini aşkar etmək olar. Telepatiya mənəvi aləmdə qeyri-maddi formalar arasında hüzuri rabitə forması kimi izah olunarsa, yalnız bu zaman bunun mümkünlüyü barəsində danışmağın yeri vardır. Bundan başqa bütün digər formalarda izah etmək yenə də üçüncü şəxs tərəfindən dərkə bənzəyəcəkdir.
Buradan da fizikalizm kimi həyatı, şüuru, insanın daxili aləminə xas olan prosesləri sırf materialist düşüncədən izah etməyə çalışan bütün konsepsiyalar alt-üst olur. Fizikalistlər deyirlər: ˝ağıla, şüura aid olan hər bir şeyi beyinə və onun fəaliyyətinə nisbət vermək, onlarla əlaqəli olan hər bir şeyi də maddi çərçivədə izah etmək lazımdır. Ağıl və şüur yalnız beyindən ibarətdir˝. Bu fikirlər isə məsələni həll etmək yerinə daha qaranlıq uçuruma yuvarladır.
DİGƏRİLƏ EYNİLƏŞMƏDƏN ONU ANLAMAQ OLARMI?
Digərlərini anlamaq olar, ancaq bu, yenə də digərini tamlığı ilə dərk etmək mənasını verməyəcəkdir. Belə ki, tam dərk subyektivlikdən çıxmayana qədər mümkün deyildir. Digərini anlamaq insan üçün sözlərin, hərəkətlərin, üz mimikasının, baxışların, yazı və işarələrin vasitəsilə mümkün olduğuna görə buna dərk deyilməyəcəkdir.
Digərlərini anlamağın yollarından biri də odur ki, hər bir fərd müştərək şüura və ruha malik olduğuna görə bəzi anlayışları eyni cür dərk edir, bəzi məsələlərə eyni cür hökm verir. Bu cür anlayışlar və müddəalar barəsində təsəvvür və hökm sırf insan şüuruna və fitrətinə dayandığına görə hamıda eyni formada zahir olur. Bu cür hamının eyni hökm etdiyi müddəalara həm nəzəri, həm də əmələ, davranışlara aid mövzularda çox rast gəlinir. Zülmü hamı pis, ədaləti isə yaxşı hesab edir. Bu müddəa əməli cəhəti olan bədihi qəziyyədir. Subyektiv yanaşmanı kənara qoymaqla ümumi anlayışları bu cür müştərək dərk etmək olar.
Nagelə görə, müasir fəlsəfi psixologiyanın neobixevioristik cərəyanlarının əksəriyyəti məhz ağılın obyektiv konsepsiyasını yaratmağa səy etməkdədir. Bununla da insanlar arasında ümumi və obyektiv anlayışa nail olmaq istənilmişdir. İnsanlar eyni canlı növünə məxsus olduqlarına görə bir-birlərini qismən də olsa, anlamaları mümkündür.
Tez-tez olur ki, şəxsi mövqeyimizdən fərqli olan digərinin nöqteyi-nəzərini onu başa düşdüyümüzdən qəbul edirik. Bununla da bir insan digəri haqda yaşadığı iztirablar, müxtəlif təsirlər nəticəsində keçirdiyi hislər barəsində düzgün fikirlər deyə bilər. Bəs nəyə görə digəri haqda onu başa düşərək fikir deyə bildik? Məsələ orasındadır ki, digər şəxsin daxilən yaşadığı hislər haqqında o zaman düzgün və obyektiv fikir demək olur ki, o iki şəxs arasında subyekt olaraq oxşarlıq olmuş olsun. Hər nə qədər bu iki şəxs bir-birlərinə düşüncə, psixologiya, dərk, təhlil, elmi səviyyə cəhətindən yaxın olsalar, bir-birlərini anlamaqları bir o qədər mümkün olacaqdır. Yalnız belə halda biri özünü digərinin yerinə qoya bilir, özünü ˝yarasa˝ olaraq təsəvvür etməyi bacarır. Çünki belə halda söhbət insanın yarasanı dərk etməsindən deyil, yarasanın yarasanı dərk etməsindən gedir. Əgər bu iki şəxsdən biri insan, digəri yarasa olsaydı, bu zaman bir-birlərini başa düşmə yaranmayacaqdı.
Deməli, insanların bir-birlərini anlaya bilməkdə ən mühüm faktorlar şəxslərin daxili aləmlərinin oxşarlığı, bir-birlərinin qərar tutduqları vəziyyəti tamlığı ilə dərk edə bilməkləri, sonunda da özlərini digərinin yerinə qoya bilmək bacarığıdır. İnsanın xəyal qüvvəsi o qədər güclüdür ki, subyektiv amilləri kənara qoyaraq, bütün insanlarda müştərək olan obyektiv anlayışlara, hislərə söykənərək özünü digərinin yerində tamlığı ilə təsəvvür edə bilər.
Nagelin məqaləsində gözəl təhlillər olmağı ilə bərabər, müasir elmin acizliyi də hiss olunur. Hətta Nagelin özü belə bir çox məsələlərin izahını məhz subyektiv və yanlış təsəvvürlərinə görə verə bilmir, sadəcə olaraq, elmin özünün belə nəzərdən qaçırdığı faktların olduğunu deməklə kifayətlənir. O faktların nə olduğunun bir müəmma kimi qaldığını deməklə məsələnin üzərindən keçir. Hazırda Nagelin qərar tutduğu yerdən daha da irəli getməyinə onun məsələnin həlli üçün əsaslandığı fəlsəfi və elmi bilikləri imkan vermir.
***
Məqaləmizin toxunduğu bir çox mühüm məsələlər müstəqil məqalə formasında araşdırma tələb edir. Məqalədə bu məsələləri bəyan etməklə bəzilərinin həll olunmasının, bəzilərinin isə diqqət edib nəzərdə saxlamağın zəruriliyini çatdırmaq istədik. Əgər subyektivlik, obyektiv reallıq, digərini anlama metodları, şüurun müştərək dərk xüsusiyyətləri, psixi prosesləri maddi yönlü fərziyyələrlə izahetmənin yetərsizliyi kimi məsələlər aydınlaşmasa, bir çox elmi, psixoloji, epistemoloji məsələlər bir müəmma kimi gündəmdə qalacaqdır.
Bundan başqa bir insan kimi digərini anlamağımız çətinləşəcək. Hazırda cəmiyyətin, ailə üzvlərinin, dostların, ümumilikdə insanların bir-birini anlamaqlarında ciddi bir problem yaşanır. Hamı heç kəsin onu başa düşmədiyini və digərlərini də anlamağın mümkün olmadığını deyir. Nəticədə də hamı tənhalıqdan şikayətlənir. Heç kəs digərini öz istəklərini, mənəmçiliyni kənara qoyaraq anlamaq və digərlərini də nəyə görə anlamadığının səbəblərini onları ittiham etmədən öyrənmək istəmir.
Məqaləmizin çatdırmaq istədiyi bir çox elmi-fəlsəfi, psixoloji cəhətlərdən başqa, əxlaqi cəhətlərindən biri də bu idi.
***
Çox uzun olduğuna görə məqalənin bəzi hissələri ixtisara salınmışdır.
[1] Hermenevtika bir əsərin daha yaxşı dərkinə çalışan fəlsəfi bir elm sahəsidir. Hər hansı bir şeydən (istər söz, davranış, yazı, incəsənət, şəkil olsun) ifadə etdiyi mənanı necə üzə çıxartmağın yollarını araşdırır və bunun üçün müxtəlif yollar təqdim edir.
[2] Nagel özünə xas yanaşmaları, fəlsəfi təhlilləri ilə tanınan bir alimdir. Bir çox dəyərli fikirlərin sahibidir. Ancaq bu qəbildən olan məsələlərin həlli üçün onun əsaslandığı epistemoloji və elmi metodlar kifayət deyildir.
[3] Fəlsəfənin bir bölməsidir.