Bakı. Trend:
Dostlar, çoxdan idi ki, bir səfər barədə düşünürdüm. Uşaqlıqdan ən çox getmək istədiyim üç yer olub. Afrikaya səyahət etdim, ikincisi də həmin bu yerdir. Uzun müddət idi, lazımi hazırlıqları görməklə məşğul idim. Axır ki, tamamladım. Bu səfərim indiyədək getdiyim bütün səfərlərdən fərqlənir. Sizcə, budəfəki yolçuluq harayadır? Deyərdim ki, düzgün tapana oradan bir hədiyyə gətirəcəyəm, ancaq bu, mümkün deyil – bu da ipucu. Hədiyyə gətirə bilməsəm də, istədiyiniz kitabı hədiyyə edə bilərəm. – Sosial hesabında belə bir paylaşım edən bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu təhlükəli və olduqca maraqlı bir səfərə - Antarktida səfərinə yola düşdü. Ümumilikdə 25 saat sürən uçuş marşrutu belədir – Bakı - İstanbul – San-Paolo – Buenos Ayres – Uşuaya. Odlu Torpaq arxipelaqının ən son şəhəri olan Uşuayadan Antarktidaya 1200 km-dir, bu məsafəni də səyyah gəmi ilə qət edəcək. Rövşən Abdullaoğlu səfərlə bağlı başqa maraqlı faktlar da açıqladı: “Antarktidaya gediş-gəliş çox məhduddur, dünyada çox az sayda şirkət qütb bölgələrinə səfərlər təşkil edir. Az səfər edilən yerlərin təbiəti, arxitekturası, insanlarının mədəniyyətləri, dünyagörüşləri, psixologiyaları da fərqli olur. Bu cür səfərlər mənə fərqli düşünməyi, fərqlilikləri anlamağa yardım edir. Empatiya bacarığı artır, dünyagörüşü zənginləşir. Diqqətdən kənar qalmış yerlərdə heç ağlımıza gəlməyən faktlar və ibrətlər olur, buna Afrika səfərlərində bir daha əmin oldum. İstəyirəm, o uzaq məkanlarda olan gözəllikləri oxucularıma çatdırım. Doğrudur, bu səfərlərdə təhlükə bir az daha artıq olur. Antarktida səfərini təşkil edən şirkət mənə xüsusi bildiriş də göndərib: ˝Unutmayın ki, Antarktika qonaqpərvər deyil, gözlənilməz potensial təhlükələrlə üzləşə bilərsiniz˝. Əlbəttə, hər iyirmi nəfərin yanında bir nəfər peşəkar bələdçi olur, təhlükəsizlik tədbirləri görülür. Bununla belə, səfər müddətində özünü 250 000 dollarlıq zərəri qarşılayan sığorta etdirməlisən, çünki hər hansı bir problem çıxsa, böyük xərc tələb edən xilasetmə işləri aparılmalıdır. Yəni bu səfər fiziki hazırlıqla bərabər çox böyük maddi vəsait tələb edir”.
Tanınmış yazıçıya bu səfərində böyük xəstəxana şəbəkəsi olan EGE Hospital dəstək olub. Rövşən Abdullaoğlu bu əməkdaşlıqdan da bəhs etdi: “Səfərin maddi yükünü ölkənin böyük xəstəxanalarından olan EGE Hospital öz üzərinə götürdü. Bu, birlikdə həyata keçirdiyimiz bir layihədir. EGE Hospital öz peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə ölkədə tanınan xəstəxanalardandır. Bir neçə gün əvvəl xəstəxanada tələb olunan bütün müayinələrdən keçdim. Səfər nə qədər ağırdırsa, tələb olunan müayinələr də o qədər çox olur. Antarktidanın hava şəraitinə dözmək üçün getməmişdən əvvəl sağlamlıqla bağlı bir çox fiziki tövsiyələrə əməl etmək lazımdır. Ege hospitalın peşəkar həkim heyətindən xüsusi tövsiyələr aldım, xəstəxana rəhbərliyi ilə də səmimi görüşümüz oldu. İlk gündən layihəmizə olan maraqları, ümumiyyətlə, ölkədə elm və maarifin inkişafına böyük dəstək göstərdikləri üçün xüsusi təşəkkürümü çatdırmaq istəyirəm. EGE Hospital tez-tez xaricdən müxtəlif sahələr üzrə tanınmış mütəxəssisləri ölkəmizə dəvət edib səhiyyə sahəsində maarifləndirmə, yardım layihələri icra edirlər. Gələcəkdə birgə həyata keçirməyi planlaşdırdığımız başqa layihələri də müzakirə etdik, əməkdaşlığımızın davamlı və faydalı olacağına inanıram”.
trend.az