Bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun “Mən yeməli deyiləm” adlı əsərini oxudum. Gözəl, bəşəri ideyaları təbliğ edən, sadə görünsə də, dərin fəlsəfi mənaya malik, oxunaqlı, maraqlı süjet xəttinə malik kitab başqa qəbilələr tərəfindən heyvan kimi ovlanan piqmeylərin “mən insanam, yeməli deyiləm” hayqırtısını əks etdirir. Əsərin qəhrəmanlarının “insan nədir, necə olmalıdır?” sualına cavab axtarışı elə bizim sivil dünyamız üçün də aktualdır.
Rövşən Abdullaoğlu yazıçı olmaqla yanaşı, ixtisasca psixoloqdur və düşündüm ki, onunla söhbətdə övlad, valideyn, cəmiyyət üzvü olaraq hər birimizi maraqlandıran suallara cavab tapa bilərik.
Bizimyol.info yazıçı ilə müsahibəni təqdim edir:
– Rövşən müəllim, əsər çox maraqlıdır. Afrika səyahətlərinizin bəhrəsi olan bu kitaba fotoşəkillərlə rəng qatmaq da maraqlı olardı, məncə. Mən “Robinzon”u oxuyanda on iki yaşım var idi, illüstrasiyalar mənə o qədər cəlbedici gəlmişdi ki, əsər bitəndə elə bilirdim, iyirmi altı il o adada özüm qalmışam.
– Haqlısınız, sadəcə, düşündük ki, illüstrasiyalar kitabın ciddiyyətini, fəlsəfi tərəfini arxa fona keçirə bilər, əsərin sadəcə məhdud yaş kateqoriyası üçün nəzərdə tutulduğu təəssüratı yaradar. Fotolar rəngsiz alınardı, illüstrasiyaları da bu səbəbdən özüm istəmədim. “Ləpirçi”nin növbəti kitablarında bunun üzərində düşünmək olar. Silsilənin davamı olacaq.
– Əvvəl düşünürsən ki, vəhşi bir qəbilənin insanı bu qədər intellektual düşünə, danışa bilməz, amma mümkün qədər sadə dildə vermisiniz.
– Bu baxımdan mən xeyli zəhmət çəkdim. Həm əsərin fəlsəfəsini açmaq lazım idi, həm də o bəşəri ideyaları qəbilə insanının dili ilə verməyin çətinlikləri var idi. Bunu obrazların təbiətə, bütün canlılara münasibətlərində, dialoqlarında göstərməyə çalışdım. İnsan olmaq nədir? Əsər bu suala cavab axtarır. Ən qəliz məqam bu idi. Bu fikirlər qəbilə insanının dilində ən sadə ibarələrlə ifadə olunmalı idi, mən onları filosof kimi danışdıra bilməzdim. İkinci ən vacib məqam isə budur: o qəbilə insanını bu sual, ümumiyyətlə, düşündürürmü? Afrika səyahətimdə ucqarlarda yaşayan qəbilələrlə görüş zamanı onları tanımağa çalışır, bu suallara cavab axtarırdım. Tayfaların içində olanda, insanlarla ünsiyyətdə olanda mən onlardan Tanrı inancları, pisə, yaxşıya münasibətləri, hüquq normalarını necə tənzimləmələri barədə soruşurdum.
– Cavabları sizdə məyusluq yaratmırdı ki?
– Xeyr, əksinə. Onlar bütün suallara adekvat cavab verirdilər. Yalan onlarda da pisdir, oğurluğu qınayırlar. Bu tayfalarda hüquq yoxdur, polis müdaxiləsi, vergi yoxdur. Dövlət onları qoruyur, lakin müdaxilə etmir. Onların öz cəza növləri var. Tanrıya inancları da var. Bəzilərinə görə, Tanrı hər yerdir, hər şeydir, bütün təbiətdir. Panteizm nümunələri var. Bəziləri bütlərə sitayiş edirlər.
– Bir çox tayfalarda qadın-kişi münasibətləri, cinsi münasibətlər müasir insan tərəfindən seksual azadlıq kimi dəyərləndirilə bilər. Fərqli nələr müşahidə etdiniz?
– Ailə modeli tayfaya görə dəyişir. Məsələn, hamar tayfasının kəndində bir neçə gün gəzdim, mərasimlərində iştirak etdim. Bu tayfada bir kişinin bir neçə xanımı ola bilər. Birinci xanım boynuna asılmış dəmir halqalarla seçilir. Hamısı mehriban yaşayırlar. Qadınlar öz ərlərini başqa qadınlara qısqanmırlar. Evli qadın başqa kişiyə üz tuta bilməz. İntim mövzularda bəzi tayfalar həddən artıq sərbəstlik nümayiş etdirirlər, heyvanlar kimi hər kəsin gözü önündə cinsi əlaqəyə girmək onlarda qeyri-təbii sayılmır. Bəzi tayfalarda qadının bir neçə əri var. Bu da onların normal həyatı sayılır.
– Boşanma necə?
– Boşanma da var.
– Rövşən müəllim, ötən həftə Azərbaycanda üç gənc və yeniyetmənin intihar xəbərlərini oxuduq, çox təsirləndik. Necə olur ki, valideyn özü də bilmədən sevərək böyütdüyü övladının qatilinə çevrilir? Nəyi düz etmir? Bu mənada “necə insan olmaq” sualı bizim üçün də aktualdır.
– İlk olaraq deyim ki, intiharların səbəbləri fərqli ola bilər. Uşaqların psixologiyası çox həssasdır, formalaşmayıb, erkən yaşda alınan travmalar bütün həyata təsir edir. Uşağa elə bir travma yaşada bilərik ki, xəbərimiz də olmadan gələcəyin qatilini yetişdirərik. Maraqlıdır ki, dünya üzrə intihar yaşı gəncləşib. Bu hədd öncələr 25-35 yaşdan yuxarı olurdu. İndi 10-12 yaş həddində də intiharlara şahid oluruq. Öncələr, əsasən, iqtisadi səbəblər var idi, indi o klassik yanaşmalara yeniləri də əlavə olunub. Bəzən insan zahirən kökü olmayan səbəbsiz təşviş yaşayır və ya həyatın mənasını itirir, o zaman intihara qərar verir. Bihevioristlərin fikrinə görə, motivlərini tamam itirmiş insan intihar edir, ekzistensialistlərə görə, həyatın mənasını itirmiş biri intihar edir. Psixoanaliz məktəbininin nümayəndələri intiharda uşaqlıq travmaları axtarırlar. Məncə, məsələyə bircəhətli yanaşmaq olmaz. İntiharı kompleks şəklində dəyərləndirmək lazımdır. Hər intihar faktının özünəxas, fərqli səbəbləri ola bilər.
– Diqqət çəkmək necə? Məsələn, mən uşaqkən atamla anam küsmüşdülər və düşünürdüm ki, mən ölsəm, onlar məcbur olub barışacaqlar. Bu, altı yaşlı uşağın düşüncəsi idi. Böyüyəndə anladım ki, o zaman mənə fəlakət kimi gələn bu küsüşmə, əslində, bir həftəlik sadə, kiçik bir inciklik imiş.
– Bəli, bəzən intihar elə xırda səbəbə görə baş verə bilər ki, başqaları bunu anlamaz. İntihara nələr səbəb ola bilər: iqtisadi problemlər, ailədə anlaşılmazlıq, psixoloji gərginlik, təhqirə məruz qalmaq, sevdiklərindən ayrı düşmək və s. Bunlara intihar situasiyaları deyirlər. Amma bu, insana görə dəyişir, bəzi insanlar, əksinə, bu sadaladıqlarımdan motivasiya alıb uğur qazana bilərlər.
– Sözünüzə qüvvət, bəzən olur ki, bir insan uşaq vaxtı ciddi bir travma alır, amma bu hadisə həmin şəxsin gələcəkdə böyük uğurlar qazanmasına təkan verir. Uğurdan uğura adlayır, yüksəlir, ancaq bunu sanki cəmiyyətdən intiqam almaq üçün edir. Acıdil, başqalarını əzməyə meyilli birinə çevrilir. Bəli, böyük pullar qazanır, ancaq heç kimə əl tutmur, özünə xərcləyir. Nüfuzundan, var-dövlətindən sadəcə insanları acılamaq, əzmək üçün istifadə edir, bundan zövq alır.
– Həyatda hər kəsin bir motivasiyası, ilham mənbəyi olur. Bəzi insanların motivasiya mənbəyi öz aqressiyası, qəzəbi olur. O, az yeyər, az yatar, hər cür əziyyətə qatlaşar, yalnız ondan ötrü ki, kimdənsə acığını çıxsın, özünü isbat etsin. Belə insan ömür boyu özünə qurban axtarır. Rahatlaması mümkün deyil, özünü bağışlayana qədər belə davam edəcək. O özü üçün yox, qəzəbi, intiqamı üçün yaşayır. Biz kiməsə nəyisə isbat etməməliyik; bu, insanı mənəvi yox, aqressiv bir varlığa çevirir. Həyatdan zövq ala bilmir. Öz həyatını da, başqalarının həyatını da öz davranışı ilə zəhərləyir. Hirsini çıxmaq üçün yaşayan insan uğura çatsa da, həzz ala bilmir, yeni hədəf axtarmalı olur. Bu, narkomanın hər dəfə yeni doza tələb etməsi kimidir.
– Sizcə, gedilən yol önəmlidir, ya çatdığın hədəf?
– Hədəfin aliliyi yola dəyər qatır. Fəlsəfə deyir ki, hər hərəkətdə mütləq olaraq dörd səbəb var. Bu dörd səbəbdən biri hədəfdir. Yola da dəyər verən hədəfdir. Hədəf aliləşdikcə yol da gözəlləşir. Hətta ˝hədəfə görə iş görmürəm, mənim üçün yol önəmlidir˝ deyən şəxlərin belə işlərində hədəf var. Onların hədəfi də yol adlandırdıqları şeydir.
– Sizcə, mental dəyərlər intihara səbəb ola bilərmi?
– Mental dəyərlər, bəzən, intihara sürükləyir, bəzən də, əksinə, intihardan qoruyur. Bizim mental dəyərlərdə qadının öz yeri var, təyin edilmiş davranış forması var, olar-olmazları var. Bu çərçivəni pozan insan üzərində güclü ictimai təzyiq yaranır. Bu modeldə mental dəyərlər bəzən intihara sürükləyən səbəb ola bilir. Amma əksinə də ola bilər. Cəmiyyətimizdə intihara zəiflik, ayıb kimi baxırlar, qınaq yeri kimi baxırlar. İntihar edən insanın ailəsi üçün də ayıb sayılır. Bu da səbəb olur ki, bəzən intihar etmək istəyən insan bu məsələni ciddi götür-qoy etsin. Öz adına, yaxud da ailəsinin adına ləkə gəlməməsi üçün bu addımdan çəkinsin.
Dünya statistikasında intiharların sayı həqiqətdə olduğundan qat-qat aşağı göstərilir. İslamda özünü öldürmək özgəsini öldürməkdən daha ağır cinayət hesab olunur. Cəmiyyətdə “utanc yeridir, məndən sonra qalanlar necə olacaq?” düşüncəsi intiharın qarşısını alan baryer ola bilər. İntihara sürükləyən ictimai şüuru dəyişməliyik. Məsələn, qəbul imtahanından kəsilmək intihara səbəb deyil. Gəncin yaşadığı mühitdə şüuruna yeridiblər ki, ali məktəbə qəbulu olmamaq böyük xəcalətdir, qınaq üçün böyük səbəbdir. Bu, valideynlərin xətasıdır. Halbuki ali məktəb son hədəf deyil, qəbul olmamaq həyatın sonu deyil. Ən önəmlisi insani dəyərlərə sahib olmaq, seçdiyin peşə ilə, əməllərinlə cəmiyyətə faydalı olmaqdır. Sağlam şəxsiyyət öz hədəfini və ona aparan yolları düzgün seçməlidir.
– Sizcə, bizim ailələrdə fərdlərin bir-biriləri ilə danışmaq qabiliyyəti varmı?
– Danışa bilməmək bizim ailələrin ən böyük faciəsidir. Azərbaycanda ailə modelinin mənfi və müsbət tərəfləri var. Mənfi tərəf süni baryerlərdir. Böyük olan yerdə kiçik danışmasın, deyirlər. Halbuki uşaq böyüyü təhqir etmir, sadəcə, öz fikrini deyir. Ailədə danışmaq hüququnun olmaması erkən yaşlarda bir sıra komlekslərin yaranmasına yol açır. Uşaq böyüyür, cəmiyyət tərəfindən qəbul edilir, amma ailəsi tərəfindən yox. O, valideyni üçün hələ də uşaqdır. Uşağa evin kiçiyi kimi yox, müstəqil fərd, şəxsiyyət kimi baxılmalıdır. Uşağın şəxsiyyətini görməzdən gəlməklə onun sizə olan hörmətini də öldürürsünüz. Bu səbəbdən atasına, ailə böyüklərinə qəzəblə, kinlə böyüyən yüzlərlə, minlərlə övlad var.
– Sevgimizi göstərmirik, sevməyi bilmirik və ya gizlədirik.
– Övlada sevgini hiss etdirməlisən. Bəzən qocalar evində tərk edilmiş yaşlılar özləri buna səbəb olurlar. Övladına ona lazım olan sevgini verə bilməyib, nə zamansa övladına, onun tərbiyəsinə ciddi yanaşıb, yanlış qayda-qanunlarla böyüdüb, sevgi verməyib. Diktator ata-ananın, övladına dəyərsiz bir əşya kimi yanaşmış valideynin gələcəkdə qocalar evinə atılmaq riski böyükdür. Mən hər bir halda valideynlə bu cür rəftarı kəskin qınayıram, amma övladın etdiyi səhvdə sən də müqəssirsən. Uşağa: “məni sev”, – deyə bilməzsən, sən öz sevginlə onun içindəki sevgi toxumunu cücərtməlisən. Yeniyetmə intihar edirsə, bəzən bunda valideyn müqəssir olur. Ona ünsiyyət qurması üçün, baryeri aşıb dərdini danışması üçün şərait yaratmayıb, fürsət verməyib.
– Biz valideyn olaraq övladla birlikdə öyrənə-öyənə böyüməliyik...
– Körpə ikən onları oyuncaq kimi sevirik. Ancaq uşaq böyüyüb müxtəlif problemlərlə üzləşəndə əsl sevginin nə olduğunu dərk edirik. Övladının dünyasından baş açmaq, körpü yaratmaq, səbir etmək, tərbiyələndirmək əsl sevgidir. Cəmiyyətimizdə böyüyün balacadan üzr istəməsinə də ayıb kimi baxanlar az deyil. Səhv edəndə üzr istəməyi bacarmaq lazımdır ki, övladlarımız da bizə baxıb xətalarını qəbul etməyi, yeri gələndə üzt istəməyi öyrənsinlər.
– Sizin bir ixtisasınız da motivasiya psixologiyasıdır. İndi bütün qadınları çox maraqlandıran bir sual vermək istəyirəm: özünətəlqin və ya meditasiya ilə arıqlamaq mümkündürmü?
– Arıqlama fizioloji prosesdir, bunun üçün idman, pəhriz və müəyyən qaydalara əməl edilməlidir. Meditasiya və təlqinlərlə arıqlamaq elmi araşdırmalarda isbata yetməyib.
– Bunu Plasebo effekti kimi dəyərləndirmək olarmı?
– Əslində, plasebo effektinin özü də hər insan üçün keçərli deyil. Müxtəlif insanlarda müxtəlif reaksiyalar olur. Amma ümumilikdə ruh yüksəkliyi, motivasiya bizə hansısa çətin problemin həllində daha yardım edir, güc verir. Beyin bundan da böyük işləri görmə gücünə malikdir, ancaq ümumilikdə əksər insanlar bu güclərinin çox azını istifadə edirlər.
– Mən insanam, “insan sevgisi” anlayışı çox zaman siyasi ideologiya ilə üst-üstə düşmür. Sizcə, humanist insan olmaq vətənpərvər olmağa mane olurmu?
– Bəli, mümkündür. Ancaq mən vətənpərvərliklə humanizmi bir görürəm. Öz cəmiyyətinin rifahı üçün canından keçmək özü elə humanizmdir. Vətənpərvərlik adı altında hansısa ölkəni işğal etmək, əsgər ölümlərinə, sivil insanların ölümünə yol açmaq terrordur, qətldir. Hadisələrə haradan baxmağımız gördüyümüz mənzərənin dəyişməsinə səbəb ola bilər.
– Ramil Səfərov, sizcə, qəhrəmandır, yoxsa sadəcə hərbçi?
– Ramili o addımı atmağa sövq edən ciddi mənəvi travmaları var idi, Qarabağ yarası var idi. Düşünürəm ki, yaşadığımız faciələr hər bir azərbaycanlının psixologiyasında dərin iz qoyub. O, düşməni durduğu yerdə öldürmədi; vətəni təhqir edildi, bayrağı təhqir edildi, həm də dəfələrlə. Ramil bu addımı atmağa təhrik olundu, həssas yerinə, yarasına basdılar. Milli qeyrət hissi daşıyan, vətəninə bağlı olan hər kəs həmin məqamda narahat olardı, müəyyən formada sərt cavab verərdi.
Söhbətləşdi: İlhamə Rəsulova
https://www.bizimyol.info/az/news/263196.html