Yazıçı səyyah Rövşən Abdullaoğlu ilə silsilə müsahibələr təqdim etdik və onun söhbəti izləyicilərimiz tərəfindən böyük maraqla qarşılandı. Soruşa bilərsiniz, niyə Antarktida səfəri barədə bu qədər çox yazırsınız? Əslində düşünürəm ki, dünyanın ən soyuq qitəsinin buzları altında çoxlu sirlər gizlənir. Milyardlar xərclənərək aparılan tədqiqatlar boşuna deyil. Müsahibəmizin ən son bölümünü məhz Antarktidada aparılan elmi tədqiqatlara həsr etmişik. Gəlin Antarktidaya Rövşən Abdullaoğlu ilə birlikdə virtual səyahətə çıxaq.
Bizimyol.info təqdim edir:
– Bir qədər də Antarktidada aparılan tədqiqatlar barədə danışaq. Orada temperatur çox aşağı olduğuna görə yaşamaq mümkün deyilsə, tədqiq etmək nəyə gərəkdir?
– Antarktikanın təbii mühitinin öyrənilməsi elmi əhəmiyyət kəsb edir. Qütb stansiyaları Antarktikanın atmosferlə, okeanla, dünya iqlimi ilə olan əlaqəsini araşdırır. Antarktikanın dünya ekologiyasına, iqliminə olan təsirlərini öyrənirlər. Orada baş verən dəyişiklikləri müşahidə edirlər. Ozon qatı Antarktikada çox həssasdır. Cənub qütbünə gəmilərin və təyyarələrin hərəkətini təmin edəcək sistemləri müəyyən edirlər. Bu daha çox gələcəkdə aktuallıq qazana bilər.
Antarktikanın buzlaqları dünya okeanının səviyyəsinə birbaşa təsir edir. Suyun səviyyəsinin qalxması isə bir çox sahilyanı ölkələrin, adaların qərq olması deməkdir. Qütb stansiyaları bu prosesi nəzarətdə saxlayırlar.
Həmçinin Antarktida dünyanın ən böyük təbii yeraltı ehtiyatlarına malikdir. Düzdür, hələlik beynəlxalq təşkilatlar bu sərvətləri üzə çıxartmağa icazə vermir, ancaq gələcəkdə dünyanın enerji ehtiyatları tükənsə, oranı istifadə etməli olacaqlar. Bu zaman isə öz ölkəsinin mənafeyini güdən qütb stansiyalarının fərqli funksiyası üzə çıxacaq.
Dünyanın şirin su ehtiyatının 80%-ə qədəri Antarktika buzlaqlarında toplanıb. Qütb stansiyaları ölkələrinin içməli su ehtiyatları tükənərsə, tələbatını Antarktika aysberqlərindən təmin edəcək. Hələlik aysberqlərin nəqlinin yolları üzərində iş gedir.
Bir də Antarktikanın özünəməxsus, unikal mikroflorası var. Orada mövcud bakteriyalar üzərində araşdırma aparılır. Bu bakteriyaların müxtəlif sahələrdə istifadəsi mümkün ola bilər.
Əlbəttə, qütb stansiyalarının məxfi şəkildə məşğul olduğu bir çox istiqamətlər bizdən gizli saxlanılır. Əks halda məlum ölkələr orada böyük maliyyə vəsaitinə başa gələn qütb stansiyalarını saxlamazdılar.
– Antarktikanın təbii ehtiyatları barədə nələr məlumdur?
– Antarktida zəngin faydalı qazıntılara malikdir: dəmir filizi, daş kömür, polimetallar, volfrom, uran. Burada milyard tonlarla yanacaq ehtiyatı var. Həmçinin qızıl, gümüş, almaz, platin, apatit kimi qiymətli metalların olduğu da təyin edilib. Bəzi hesablamalara görə, burada yerləşən təbii sərvətlər bütün dünyanın təbii sərvətindən çoxdur. Ancaq onu deyim ki, dəqiq məlumatlar hazırda gizli saxlanılır.
İstənilən qazıntı işlərinin aparılması qadağan olunmasına baxmayaraq, burada qütb stansiyaları açan dövlətlər, əslində, gələcəkdə bu qadağa qalxdığı zaman faydalı qazıntılara sahiblənməyi də düşünürlər. Mən burada bəzi atılmış stansiyalar gördüm. Məsələn, Argentinanın bir neçə yerdə bir otaqlı evdən ibarət stansiyaları vardı. Hazırda orada yay fəslidir; fəaliyyət üçün ən münasib vaxt olduğuna baxmayaraq, içəridə heç kəs yox idi. Mən mütəxəssislərlə bu barədə söhbət edəndə dedilər ki, əslində, stansiyaların məqsədləri yalnız elmi araşdırma deyil. Burada siyasi məqsədlər və bir də gələcəyə yönəlik planlar da prioritet təşkil edir. Gələcəkdə bütün dünyada yanacaq və faydalı qazıntılar ehtiyatı tükənsə, əllərinin altında zəngin yataqlar olacaq.
– Antarktidanı nəyə görə belə ciddi şəkildə qoruyurlar?
– Antarktikanın buz örtüyünün əriməsi dünya okeanının suyunun artmasına səbəb olur. Bu isə bir çox ölkələrin su altında qalması deməkdir. Həmçinin dünyada ən böyük ozon deşiyi məhz Antarktikanın üzərindədir. Bu deşiyin genişlənməsi canlılar aləmi üçün təhlükəlidir, buzların əriməsinə də səbəb ola bilər. Özü də qəribədir ki, sənaye tullantılarının, məişət, sənaye qazlarının təsiri nəticəsində formalaşan ozon deşiyi məhz Antarktikanın üzərində yaranıb, dünyamız üçün ən böyük təhlükə yarada biləcəyi yerdə.
Mən orada bir bioloqdan Antarktikanın iqliminin dünya iqliminə təsir miqyası barədə soruşdum. Dedi ki, dünyanın bütün hissələrinin iqliminin bir-birinə təsiri danılmazdır. Ancaq mümkündür ki, Antarktikanın iqlimi daha kəskin təsir göstərsin. Bu suala daha dəqiq və dərindən cavab verə bilmək üçün geniş araşdırma aparacağını dedi. Antarktikada iqliminin dəyişməsi bütün dünyaya çox təsir edir. Bunu sübut edən əsaslı araşdırmalar var.
– Antarktidada nə qədər qütb stansiyası fəaliyyət göstərir?
– Fərqli ölkələrə məxsus olan 40-a yaxın stansiya daimi fəaliyyət göstərir. Əksər iri ölkələrin qütb stansiyaları var. Bu həm də avtoritet məsələsidir. Ən böyük stansiya Amerikaya, sonra Argentiyaya, daha sonra isə Rusiyaya məxsusdur. Təkcə Amerikanın Mak Merdo stansiyasında 1300 nəfər fəaliyyət göstərir. Argentina stansiyalarında işləyənlərin sayı iki dəfə azdır. Ölkənin hegemon və ən inkişaf etmiş olduğunu göstərmək üçün qeyri-rəsmi iki kriterisi var: biri kosmosun tədqiqi, digəri isə Antarktidada qütb stansiyasının olması. Bəzi ölkələr sadəcə bu səbəbdən orada qütb stansiyasına sahib olmaq istəyirlər.
– Hansı qütb stansiyalarında oldunuz?
– Bu səyahətin ən üstün cəhətlərindən biri də bizi qütb stansiyalarının işi ilə yaxından tanış etməsi oldu. Cənubi Şetland arxipelaqında Kral Georq adasında Rusiyanın məşhur Bellinshauzen qütb stansiyasında olduq. Digər stansiyalara daxil olmağa icazə vermədilər.
Bellinshauzen qütb stansiyasında yayda 40-a qədər işçi olur, qış mövsümündə isə 13 adam qalır. Stansiya qırmızı və gümüşü rənglənmiş 15 birmərtəbəli tikilidən ibarətdir. Stansiya ərazisinin hündür yerində taxta kilsə də tikilmişdi. İlboyu açıq olan kilsədə bir-birini əvəzləyən iki keşiş fəaliyyət göstərir. Bu kilsə evliliklərə də şahid olur. Eşitmişdim ki, fərqli stansiyaların işçilərindən də burada evlənənlər olub. Rus Provaslav kilsəsinin patriarxı Kiril də bu kilsəni ziyarət edib. Onun məxsusi ritualla Antarktida sularını müqəddəsləşdirdiyi, ən çox da adada pinqvinlərin fonunda çəkdirdiyi şəkillər Rusiyada böyük maraqla qarşılanmışdı.
– Qütb stansiyasında kilsənin tikilməsi, həm də ilboyu fəaliyyət göstərməsi maraqlıdır.
– Tez-tez dinlə elmin ziddiyyətindən danışırlar. Bu cür elmi araşdırma stansiyasında insanların kilsəyə üz tutması nəinki ziddiyyətin olmamasından, hətta bu iki məfhumun bir-birinin işinə yardım etməsindən xəbər verir.
Digər stansiyalarda fəaliyyət göstərən şəxslər də, katolik olmalarına baxmayaraq, ibadət etməyə, keşişin moizələrini dinləyib mənəvi aramlıq tapmağa bu pravoslav kilsəsinə üz tuturlar. Antarktika kimi çətin şəraitə malik bir yerdə insanlar usanmadan elmi fəaliyyətlərini davam etdirmək üçün ruhani dəstəyin önəmli olduğunu anlayıblar. Mühitin sərtliyi, iqlimin yadlığı, istirahət etmək üçün heç bir məkanın olmaması, tənhalıq, qəriblik hissi insanı böyük psixoloji gərginlikdə saxladığı üçün belə bir məbəd inşa etməyə ehtiyac duyublar.
– Bellinshauzen stansiyasında maraqlı nə kimi məlumatlar öyrəndiniz?
– Stansiyanın əməkdaşlarından biri araşdırma zamanı Antarktidadan ağac tapdıqlarını dedi. Hətta şəklini də göstərdi, mən də telefonla çəkdim. Ağacın burada olması Antarktida ilə bağlı bəzi nəzəriyyələri təsdiq edir. Bəzi alimlərin fikrincə, əvvəllər Antarktida Cənubi Amerika materiki ilə bitişik olub, sonradan bu sahə ayrılıb və cənuba doğru çəkilib. Günəşdən uzaqlaşdıqca soyuqların artması ilə materikin zəngin flora və faunası məhv olub, səthi buzlaqlarla örtülüb. Ekspedisiya yoldaşımız olan Falkon Skot da babası Robert Skotun bu cür maraqlı dəlillər tapdığını deyirdi.
– Qütb stansiyalarında gizli əməliyyatlar, hansısa məxfi təcrübələr aparılırmı?
– Bu barədə fərqli fikirlər gəzir. Hətta ekspedisiya bələdçiləri belə bu barədə qəti fikrə sahib deyildilər. Qütb stansiyalarına rahat daxil olmaq mümkün deyil. Bu stansiyalar gizli dövlət obyektləri kimi qorunur və fəaliyyətləri də tamlığı ilə aşkar edilmir. Hətta bəzi stansiyalarda hərbçilər də vardı. Bizim gəmi Kral Georq adasına yaxınlaşanda Çiliyə məxsus hərbi gəmi qarşımızı aldı. Sən demə, burada Çiliyə məxsus stansiya varmış. Kapitanla vəziyyəti aydınlaşdırandan sonra çıxıb getdilər.
Əslində isə Antarktidada faydalı qazıntıların çıxarılması, hər hansı bir hərbi məqsədli fəaliyyət qəti qadağandır. Beynəlxalq sazişlərə görə, burada yalnız elmi araşdırmalar aparmağa icazə verilir.
– Qlobal istiləşmə faktı doğrudurmu, belə bir proses gedirmi, Antarktikada olanda buzların əriməsini müşahidə etdinizmi?
– Qlobal istiləşməni bir neçə buz parçasının əriməsi ilə müəyyən etmək olmaz. Ancaq qlobal istiləşmə və dünya okeanının səviyyəsinin qalxması sübut olunmuş iqlim dəyişikliklərindəndir. Buzların əriməsi prosesi də gedir. Nəticədə okeanın səviyyəsi qalxır və yağan yağışların miqdarı çoxalır. Antarktida hər il milyard tonlarla buz itirir. Bu da suyun səviyyəsinin yüksəlməsinə səbəb olur.
İlhamə Rəsulova
https://www.bizimyol.info/az/news/227464.html