– Ateist alimlər Yer üzündə olan şər və faciələrin "mehriban və ədalətli Allah" anlayışı ilə heç cür uzlaşmadığını deyirlər. Görünür, Darvinin də Allaha şəkk etməsinə məhz bu şübhə, bu psixoloji təsirlər səbəb olmuşdu.
– Şərlər məsələsi bir çox ateistlər tərəfindən Allahın yoxluğu üçün irəli sürülən ən möhkəm "dəlillərdən" sayılır. Hətta onların etirafına görə, "Allah yoxdur" demələrinə səbəb də məhz dünyada baş verən zülmlər olub. Onu deməliyəm ki, dünyada olan faciələrin, çətinliklərin, ölümün mövcudluğu heç zaman kainatın öz-özünə heç bir yaradıcısı olmadan yaranmasına dəlil ola bilməz. İnsan bəlaları Allahın yoxluğuna olan dəlil kimi deyil, bəlaların olduğu bu aləmin bir qüvvə tərəfindən yarandığına olan dəlil kimi görməlidir. Belə ki, biz faciələrin olması ilə Yaradanın yoxluğu arasında heç bir məntiqi rabitə görmürük.
Birinci, Yer üzündə bəla kimi dəyərləndirilən bir çox məsələlər əslində insanların törətdikləri işlərdir. Dünyada baş verən cinayətləri, müharibələri, aclığı, dağıntıları insanlar törədirlər. Hansı cinayət və müharibəni Allah edib?! İnsanlar bir-birinin qanını tökür, cinayət və zülmə əl atırlar. Sonra da öz etdiklərində Yaradanı ittiham edirlər.
İkincisi, Yaradandan insanların etdikləri pis işlərin qarşısını almasını gözləmək də absurddur. Bu həyat ilahi proqramda insanların sınanması, pisi yaxşıdan ayırma meydanı, çətinliklərlə mübarizə nəticəsində daxili istedadların inkişaf etdirilməsi formasını daşıyır. Allahdan insanların işinə müdaxilə etməsini gözləmək Onun aləmin mahiyyətinin, yaradılış fəlsəfəsinin əksinə əməl etməsini gözləmək deməkdir.
Üçüncüsü, Yer üzündə baş verən bəla kimi qəbul olunan təbii fəlakətlər, sellər, zəlzələlər, tufanlar, bəzi xəstəliklər dünyanın təbii halıdır. Bütün bunların insan iradəsindən asılı olmayan təbii səbəbləri vardır. Bu hadisələr dünyanın mahiyyətini təşkil edir. Mümkün deyil ki, dünya aləmi olsun, ancaq bu təbii hadisələr olmasın. Bu hadisələrə fəlsəfədə aksidensiya deyilir. Aksidensiyalar birbaşa olaraq idarə olunmayan, istənilməyən hallardır. Onlar birbaşa istənilən və iradə olunan hadisələrin təbii törəmələridir. Bu törəmələrin yoxluğunu istəmək həqiqətdə törəməsi olduğu şeyi də istəməmək deməkdir.
Məsələn, Allah Günəşi, Yeri və ağacı yaradıb. Bunlar Allahın iradəsinin birbaşa yönələrək yaratdığı şeylərdir. Kölgə isə bu üç mövcuddan qaynaqlanan təbii bir törəmədir. Kölgə o üç mövcud kimi müstəqil mövcudiyyətə malik deyil. O, bu üç mövcudun birləşməsindən törəyib. Təbii fəlakətlər də kölgə xüsusiyyətindədirlər. Yaradılışın təbii törəmələridir ki, yaradılışı bunsuz təsəvvür etmək mümkün deyil.
Dördüncüsü, baş verən hər bir hadisənin yaradılış sistemində öz mənası və rolu var və insanların elmi onların bütün hikmətlərini anlamaqda acizdir. Elm hər gün bir şey kəşf edir, hər dəfəsində də biz Kainatın, yaradılışın əzəməti qarşısında səcdəyə gedir, hələ də sirli məqamların sonsuz sayda olduğunu etiraf edirik. Elə isə biz tamlığı ilə anlaya bilmədiyimiz proseslərdən necə Allahın ədaləti və mərhəməti ilə uyğun gəlmədiyi nəticəsini çıxara bilirik?! Bu məsələ ona bənzəyir ki, bir insan bəzi ölkələrdə futbol fanatlarının törətdikləri davaları, dağıntıları görüb deyir: "Mənim futboldan başım çıxmasa da, futbol həvəskarlarının etdikləri bu pis işlər mənə bu idman növünün boş bir şey olmasına tam dəlildir".
Bu cür iradları deyən alimlər və mütəfəkkir kimi tanıdılan şəxslərdən haradasa daha əsaslı bir yanaşma gözləyirsən. Allahın yoxluğu üçün gətirilən bu cür "arqumentlər" çox səthidir. Alimin dilindən sadə xalq kütlələrinə yönəlmiş və onları aldadaraq qəlblərini ələ almaqdan ibarət olan populizmdən başqa bir şey çıxmalıdır. Ateist alimlərinin hamısının Allahın yoxluğu üçün gətirdikləri bütün fikirlər sadəcə populizm olub kütlənin hisslərinə yönəlib və heç bir elmi yanaşmanı əks etdirmir.
– Belə anlamaq olar ki, ateist kimi təqdim olunan alimlər əslində aqnostikdirlər və onların ateist kimi təqdim olunması düzgün deyil...
– Ateist ümumi mənada Allahın mövcud olmadığını qəti şəkildə iddia edən şəxsdir. O, teistin, yəni Allahın olduğunu qəti şəkildə deyən şəxsin əksidir. Aqnostik isə Allahın olub-olmadığını dəqiqliklə deyə bilməyən biridir. Aqnostiklər hesab edirlər ki, Allahın nə isbatına, nə də inkarına dəlil gətirmək mümkün deyil. Ancaq bununla belə aqnostik Allahın mövcud ola biləcəyi ehtimalını da istisna etmir. Ona görə də "Mən Allahın mövcudiyyətinə inanmıram" deyən ateistlə "Mən Allahın mövcud olub-olmadığını bilmirəm, hətta mümkündür ki, olsun" deyən aqnostik arasında fərq qoymaq lazımdır. Əslində, bəlkə də, dünyada bir nəfər də olsun həqiqi ateist alim yoxdur, ya da ki, çox azdır. Ateist kimi tanıdığımız insanların çoxu isə əslində aqnostiklərdir. Məsələn, mümkündür ki, Dokinzi ateist hesab etsinlər. Əslində isə o, aqnostikdir. Belə ki, onun özü də qətiyyətlə Allahın olmadığını deyə bilmir. Bunun üçün onun bəzi müsahibələrinə, əsərlərinə baxmaq kifayət edər. Məsələn, Mehdi Həsənlə olan müsahibəsinin əvvəlində jurnalistin ona "Siz həqiqətənmi 100 faiz ateistsiz?" sualına verdiyi cavabdan onun Allahın yoxluğuna tam əmin olmadığı məlum olur. Frensis Kollinz də kitabında aqnostik və ateist arasında mahiyyətcə elə də sərhədin olmadığına işarə edir. Bütün bunlara görə də Dokinz, Rassel və ateist kimi tanınmış bu kimi digər şəxslərin etiqadlarını müəyyənləşdirmək üçün "aqnostik ateizm" ifadəsindən istifadə etməyə başlayıblar. Həqiqətdə isə özlərini ateist kimi təqdim edən insanlar gizli aqnostiklərdir. Bir şeyi qəti inkar etməklə, həmin şey barəsində şəkdə olmaq arasında əsaslı fərq var. Onlardan Allahın yoxluğunun "qəti dəlilləri nədir?" deyə soruşduqda, dəlillərin olmadığını və həmin aqnostik yanaşmanı göstərməyə başladıqlarını müşahidə edirik.
– Aqnostikliyin özünü sualdan qaçış, yaxud da dəlilsizlikdən qorunma vəziyyəti hesab etmək olarmı?
– Tamamilə doğrudur. Aqnostisizm əslində Allahın yoxluğunu əsaslandıra, Allahın varlığı barəsində olan dəlillər qarşısında nə deyəcəyini bilmədikdə seçilə bilən alternativ yoldur, daha doğrusu, həqiqətdən qaçış yoludur. Dünyaca məşhur amerikalı genetik Frensis Kollinz əvvəlcə ateist olub. Sonradan aqnostikliyə keçib, Allahın varlığının dəlilləri barəsində araşdırma aparandan sonra Ona inanmağa başlayıb. O, "Allahın varlığının dəlilləri. Alimin arqumentləri" adlı bir kitab da qələmə alıb. Bu kitabda çox maraqlı faktlar var. Kollinz bəzi insanların aqnostiklik mövqeyini seçmələrinin psixoloji səbəblərinin olduğunu qeyd edir. Ona görə aqnostisizm insanı narahat edən suallar barəsində düşünməmək üçün əlverişli bir nöqteyi-nəzərdir. Kollinz deyir ki, çoxları kimi o da dolayısı ilə bir zamanlar aqnostikliyi məhz bu səbəbdən seçib. O yazır: "Həqiqətdə mənim (bir aqnostik olaraq "Allah varmı?" sualına) "bilmirəm" deməyim daha çox "bilmək istəmirəm"ə bənzəyirdi. Mən dünyanın cəlbediciliyi içərisində böyüyən bir cavan olaraq, hər hansı bir ali mənəvi avtoritet qarşısında məsuliyyət hiss etmək istəmirdim. Bu, faktiki olaraq məşhur filosof və yazıçı Klayv Steyplz Lyuisin "könüllü korlaşma" adlandırdığı düşüncə və davranış tərzi idi. Mənim üçün etimadlı sığınacaq olacağını hesab etdiyim aqnostisizm geniş yayılmış bəhanədən başqa bir şey olmadı. Allaha inam indi Ona inanmamaqdan daha məntiqi və rasional görünürdü".
– Bəs Darvinin özü Allah barəsində hansı fikirdə olub?
– Darvinin fikirləri həyatı boyu bir neçə dəfə dəyişikliklərə uğrayıb. Belə ki, bəziləri onu ateist, bəziləri isə Allaha inanan hesab ediblər. Məsələn, Frensis Kollinzə görə, o, aqnostik olub. Bioqraflar Darvinin bir neçə uşağının az yaşlarında öldüklərini qeyd edirlər. Bu hal o dövrlər üçün xarakterik idi. Sevimli qızı Enninin 1851-ci ildə on yaşında ölümü isə Darvinə daha böyük psixoloji zərbə vurub. O, qızının ölümünü mehriban Allahın mövcudiyyəti ilə heç cür uyğunlaşdıra bilmirdi. Darvin bu fikirləri dostuna yazdığı məktubunda da qeyd edib və bu məktub indi də saxlanılır.
– Maraqlı faktdır. Araşdırmalar göstərir ki, çoxları məhz öz şəxsi həyatlarında baş verən faciələrdən sonra Allahı inkar etməyə başlayıblar. Həyatdan küskün olmuş insan sanki öz psixoloji gərginliyini, daxili qəzəbini Allaha qarşı üsyan etməklə, Onu inkar etməklə azaltmaq istəyir.
– Tamamilə düz vurğuladınız. Əksər, bəlkə də, bütün ateist alimlərin Allaha olan bədbinliklərinin psixoloji kökləri var. Darvin qızının ölümünə görə, Rassel öz əyyaş həyatını heç bir məhdudiyyət olmadan yaşamasına görə, Rozanov kilsənin ona ikinci dəfə evlənməyinə imkan vermədiyinə görə, Stiven Hokinq 40 ildən çox əlil və hərəkətsiz vəziyyətdə əlil arabasında yaşadığına görə, Simona de Bovuar ona qarşı kobudluq etmiş keşişə görə... Bu siyahını daha da uzatmaq olar. Aydındır ki, psixoloji səbəblərə görə Allahı danmaq elmi yanaşma deyil.
– Sizcə, hər hansı bir fikrin, elmi nəzəriyyənin qəbulunda psixoloji manipulyasiya nə qədər rol oynayır?
– Bu məsələlərdə dünya səviyyəsində reklamı getmiş alimlərlə həmişə manipulyasiya olunub, olunacaq da. İnsanlar öz ağıllarını işlətməkdən sanki artıq yorulublar. Fikirləşirlər ki, hansısa avtoritet şəxs bunu mənim yerimə etməlidir. Ancaq başa düşmürlər ki, bu zaman verilmiş qərar onun özünün deyil, o alimin qərarı olacaq. Çox təəssüf ki, cəmiyyətimizin bəzi fərdlərində Qərb alimləri qarşısında böyük bir pərəstiş və cahilanə təqlid var. Onların sözü bu insanlar üçün sanki bir əmr, müzakirəyəgəlməz fərmandır. Belələri "yüngül pedofiliyanı" zərərsiz bilən, elmi dairələr tərəfindən psevdoelm kimi dəyərləndirilən və heç bir elmi dəyərə malik olmayan "mem nəzəriyyəsini" irəli sürüb, öz sahəsində böyük bioloq adını daşıya biləcək bir dənə də olsun sanballı akademik işi olmayan Dokinzin sadəcə olaraq ingilis olduğuna, öz ölkəsinin bir-iki jurnalı tərəfindən "intellektual" adını aldığına və dünya səviyyəsində reklamla şöhrət qazandığına görə, istənilən sahədə dediyi ən gülünc fikirlərini belə onun şişirdilmiş adının təsiri ilə dahiyanə fikir kimi qəbul edirlər. Aydın məsələdir, kim öz qatığına turş deyər?! Rasselin, Feyerbaxın, Hokinqin bircə kitabını da oxumayan, oxumuşsa da, tam başa düşməyən belələri onların dünyada şişirdilmiş şöhrəti qarşısında baş əyirlər. Bunlar başa düşmürlər ki, heç bir şöhrət insanı səhv fikir yürütməkdən sığortalaya bilməz. Ona görə "filankəs dünya şöhrətlidir, professordur, xarici jurnallarda məqaləsi çıxıb, filan jurnal onu dahi adlandırıb", yaxud da "sən filankəsdən çox biləcəksən?!" kimi psevdoarqumentləri kənara qoyub dəlillərə baxmaq, "deyənin özünə yox, sözünə baxmaq lazımdır" prinsipi əsasında düşünmək lazımdır. İnsanlarımızın öz düşüncəsi olmalıdır. Nəyə görə kimsə Dokinz və ya Hokinqin sözlərini ağlının süzgəcindən keçirmədən avtoritet kimi qəbul etməlidir?!
Məqsədim ateizmin səhv və ya düz olduğunu ortaya qoymaq deyil. Həmişə düşünmüşəm ki, ölkəmizdəki hər bir yazıçının, araşdırmaçının, jurnalistin, yaxud da bir alimin qarşısında duran ən mühüm məsələ insanlarımızda özünəinam yaratmaq, onları milli natamamlıq sindromundan qurtarmaqdır. İnsanlarımızın öz şəxsi təhlillərinə inamları o qədər azdır ki, xaricdən gələn hər cür "düşüncə malını" qeyd-şərtsiz qəbul etməyə hazırdırlar. Günümüzdə istənilən ən vaxtı keçmiş fikri hər hansı bir reklamı güclü getmiş "alimin" adı ilə bağlayıb cəmiyyətimizdə istehlakçılara təqdim etmək mümkündür. Burada artıq təhlil işləmir. Rövşən Abdullaoğlu fəlsəfə və teologiya sahəsində dünyanın ən nüfuzlu alimlərindən dərs alsa da, ömrünü fəlsəfəyə, teologiyaya həsr edib bu sahədə dünyanın ən dəqiq təhlillərini versə də, o yenə də bir azərbaycanlıdır. Deməli, təhlilləri əsassızdır. Məhz bu psixoloji məsələ kökündən həll olunmayınca cəmiyyətimiz səfeh düşüncələrin hücumundan amanda qalmayacaq. Dokinzi, Hokinqi özünə "allah" qərar vermiş, onun adı ətrafında getmiş başgicəlləndirən reklamın təsiri altında olan biriləri üçün artıq həqiqət mühüm deyildir. O, bu həqiqəti görə bilmir. Baxırsan ki, əgər məqaləni "Oxford Universitetinin alimi belə demişdir" ifadəsi ilə başlasan və bunun dalınca istənilən cəfəngiyyatı yazsan, əksəriyyət o dəqiqə inanacaqdır...
– Bilirik ki, hər bir məsələ müəyyən bir elmin predmeti, araşdırma mövzusudur. Bəs Allah hansı elmin mövzusu hesab edilir?
– Hər bir elm sahəsi özünəməxsus metodlarla ona aid olan məsələləri araşdırmaq vəzifəsini üzərinə götürüb. Fizika maddə və enerjidən, kimya elementlərdən, biologiya canlı orqanizmlərdən, astronomiya səma cisimlərindən, geologiya Yerin qatlarından bəhs edir. Diqqət etdikdə görürük ki, bütün dünya elmlərinin metodları eksperimentlər, mövzuları isə maddi cisimlərdir. Ona görə də transsendent olub, qeyri-maddi varlıq olan Allahı bu elmlərin heç biri araşdıra bilməz. Allah eksperimental elmlərin heç birinin mövzusuna uyğun gəlmir. Bu eksperimental elmlərin heç biri bu günə qədər "Allahı tapmaq, Onu araşdırmaq bizim vəzifəmizə aiddir" iddiası ilə çıxış etməyib. Bu elmlərin ardıcılları, alimləri yalnız öz biliklərinə, öz elmi sahələrinin metodlarına əsaslanaraq Allahın yoxluğu və ya mövcudluğu barədə qəti söz deyə bilməzlər. Dünyaca tanınmış nəzəriyyəçi fizik Hokinqə "Allah varmı?" sualını verib ondan cavab gözləmək ağırlıqqaldırma üzrə dünya çempionundan sadəcə olaraq böyük uğur qazanmış idmançı olduğuna görə üzgüçülükdə də dünyada birinci yeri tutacağına inanmaq kimi bir şeydir. Bütün ömrü boyu kainatda "qara dəlik"ləri araşdıran və hər şeyə də bu dəqiqə "qara dəlik" kimi baxan Hokinqin sırf fəlsəfi mövzu olan "Allah varmı?" sualına verdiyi cavab bizim üçün nə dərəcədə tutarlı olacaq? Ateistlərin ən böyük səhvi də məhz Yaradanın mövcudiyyəti mövzusunda yalnız eksperimental sahənin alimlərinə müraciət etmələridir. Dünyanın ən öndəgedən genetik alimlərindən olan, ateizmdən teizmə keçən Frensis Kollinz "Allahın varlığının dəlilləri. Alimin arqumentləri" əsərində yazır: "Mənə aydın oldu ki, elm təbiətin sirlərini kəşf etməkdə olan inkaredilməz gücünə baxmayaraq, məni Allah barəsində olan sualın həll olunmasında irəli aparmır. Əgər Allah varsa, o zaman O, təbiətin fövqündədir. Ona görə də Onu elmin alətlərinin, metodlarının köməkliyi ilə öyrənmək olmaz. Allahın mövcudiyyətinin dəlilləri bizə başqa yollarla gəlməlidir".
– Onda belə çıxır ki, ateistlərin Allahın yoxluğu barəsində irəli sürdükləri arqumentlər yalnız subyektiv xarakter daşıyır və ya bu cür arqumentlər ümumiyyətlə mövcud deyil...
– Heç bir ateist alimin Allahın yoxluğu barəsində bir dənə də olsun arqumenti yoxdur. Əqli-məntiqi qanunlara zidd olan ateizm həmişə dəlilsizlikdən əziyyət çəkib. Rasionallıqdan uzaq olan ateizm bu dəlillərinin yetərsizliyindən aqnostikliyə keçid alır. Frensis Kollinzin təbirilə desək, aqnostiklik isə həqiqətdən qaçmaq üçün gözəl müdafiə üsuludur və aqnostik "Allah varmı?" sualını cavablamadan açıq buraxan bir yanaşmadır. Ateizmin dəlillərinə diqqət etsəniz, hamısında bu tip yanaşmanı görəcəksiniz: "filan dindar pis işlərlə məşğul olur, deməli, Allah yoxdur", "filan yerdə terrorçu özünü partlatdı, deməli, Allah mifdir", "astrofizik alim Hokinq dedi ki, kainat öz-özünə yaranıb, deməli, elədir ki var", "Quranda filan söz niyə belə yazılıb, kişi dörd dəfə niyə evlənə bilər, qədr gecəsində Quranı başa qoyurlar, Quranda yazılıb ki, cihad edin, hə, deməli, Allah yoxdur", "dindar insan ruha, mələyə inanır, bunları da heç kəs görməyib, laboratoriyalarda da heç kəs bunları müşahidə etməyib, deməli, bunlar yalandır. Bunlar yalandırsa, deməli, Allah yoxdur", "din deyir, ölümdən sonra həyat var, oradan heç kəs gəlməyib, deməli, axirət yalandır. Axirət yalandırsa, deməli, Allah yoxdur". Bu zarafata oxşayan arqumentlərin məntiqi sillogizmin heç bir müqəddiməsində qərar verib, düzgün nəticə verməsi mümkün deyil. İstənilən ateist kitablarını, saytlarını, bloqlarını açaq, istənilən ateistdən "Allah niyə yoxdur?" soruşaq. Sizə bu tip dəlillərdən başqa heç bir əsaslı söz deyə bilməyəcəklər. Çox maraqlıdır ki, dünya insanında mənəvi intibah başlandığı bir dövrdə bəziləri ateizmin istifadə müddəti keçmiş şüarlarını yenidən gündəmə gətirir, insanları sofistika ilə Allahın yoxluğuna inandırmağa çalışırlar. Ateizm teizm qarşısında arqumentlərin möhkəmliyinə görə həmişə uduzub. Ona görə də bir alimin ateizmi qəbul etməsi üçün intellektual intihar etməsi lazımdır...
(Ardı var...)
İlkin İzzət
Milli.Az
https://news.milli.az/country/450842.html