Bizimyol.info-nun müsahibi tanınmış yazıçı Rövşən Abdullaoğludur. Rövşən Abdullaoğlu ˝Bu şəhərdə kimsə yoxdur˝, “Çətin olsa da, həyat davam edir” və digər bestseller kitablarının müəllifi olmaqla yanaşı, həm də səyyah və bloggerdir. Deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Bu günkü müsahibimiz həm çox oxuyub, həm çox yazıb, həm də çox gəzib. Bu günlərdə Antarktidaya səfərdən dönən səyyahımızla bu maraqlı səfər barədə söhbət edirik.
– Rövşən bəy, uzun və çətin bir səfərdən dönmüsünüz. Necəsizniz?
– Adaptasiya olmağa çalışıram. Ümumilikdə səfərim 21 gün sürdü, 11 gününü Antarktidada keçirdim.Birinci onu deyim ki, bu materikdə günəş batmır və gecələr olmur. Ona görə gecə-gündüz rejimim pozulub. Həm kəskin temperatur və iqlim fərqi özünü göstərib. Fiziki olaraq bədənimi alışdırmağa çalışıram.
– Antarktida barədə ancaq telekanallardan çəkilən sənədli filmlərdə eşitmişik. Getdiniz , gördünüz, gəldiniz. Yəqin bilmədiyimiz fərqli məqamlar oldu?
– Öncə onu qeyd edim ki, planetin ən yüksək və ən soyuq materiki olan Antarktidaya gediş-gəliş çox məhduddur, Antarktida konkret hansısa bir dövlətin ərazisi sayılmır. 1959-cu ildə Antarktida barədə qəbul edilmiş konvensiyaya əsasən, bu ərazilər heç kəsin mülkiyyətinə keçə bilməz və burada elmi fəaliyyətdən başqa heç bir fəaliyyətə icazə verilmir. Dünyada çox az sayda şirkətlər qütb bölgələrinə səfər təşkil edir. Antarktidaya səfərləri dünyada yalnız on təşkilat həyata keçirir. Bunlar, adətən, xüsusi ekspedisiya gəmiləri olur, sahilə yalnız 100 nəfərlik qruplarla düşmək olar.
– Niyə məhz belə?
– Təhlükəsizlik tədbiri olaraq belə fikirləşiblər. Çünki, hər yer qardır, lakin qarın altında uçurumlar var, anidən düşə bilərsən. Üstəlik burda buzlar o qədər bir-birinə sıx preslənib ki, ülgüc kimi iti olur. Antarktidaya səfər edən gəmilərin bir çoxlarının gövdəsini bu buzlar ülgüc kimi kəsib doğrayıb. Təhlükəli məqamlar çox idi. Sahilə düşəndə, Antarktida barədə qəbul olunmuş sənədə əsasən, materikə yüz adamdan çox olmayan dəstə ilə çıxa bilərsən. Say çox olanda səyyahların bir hissəsi gəmidə gözləməli olurlar. Bizim getdiyimiz aylarda orada yay fəslidir. Qış aylarında getmək daha təhlükəlidir.
– Yayda orda temperatur nə qədər idi?
– Mənfi 18-20 dərəcə olurdu. Qışda bu mənfi 80-nə qədər enə bilir. Antarktidada təbiət çox kasaddır. Oranın təbii ekoloji mühitinin qorunması üçün mütəxəssislər demək olar ki, hərbi qaydada ciddi işlər görüblər. Məsələn sahilə çıxmazdan öncə geyəcəyimiz geyimləri alıb xüsusi tozsoranla təmizləyirdilər. Sonra bu geyimlər sterilizasiyadan keçirilirdi, daha sonra materikə çıxanda xüsusi ləyənlərdə qırmızı maye qoyulmuşdu, ayaqqabılarla o mayeyə girib bakteriyalardan arınıb sahilə çıxırdıq. Gəmiyə qayıdanda da eyni qaydalara əməl edilirdi. Bu ondan ötrü idi ki, özümüzlə materikə hər hansı bakteriya aparmayaq, gəmiyə də materikin bakteriyalarını gətirməyək. Deyilənə görə, bu materikdə digər materikdə olmayan bakteriyalar vardır və onlardan müalicə məqsədi ilə istifadə olunacaq. Xüsusi geyimlərlə təchiz olunmalısan. Su və külək keçirməyən. Sahilə kiçik qayıqlarla gedirsən, lakin ayağını yerə deyil, öncə suya basmalı olursan. İslansan məhv olarsan. Bir neçə adaları gəzdik. İqlimləri bir birindən çox fərqlənməsə də, hava həddən artıq dəyişkən olur. Anidən gün çıxır və ya göyü üzünü bulud örtür. Yeri gəlmişkən Antarktida buzlarla örtülü olsa da çox quraq iqlimə malikdir. Bura ildə bir və ya iki dəfə yağış yağır.
– Bəs insanın təbii ehtiyacları var. Yemək , içmək, tualet kimi. Bu problemləri sahildə necə həll edirdsiniz?
– Özümüzlə ən adi bir bulka götürməyə belə icazə verilmirdi. Xüsusi qablarda su götürmək olardı. Tualet ehtiyacları isə daha problemli məsələdir. Qarın içərsində dərin bir çuxur açılır, ora xüsusi qablar yerləşdirilirdi. Düşərgədən bir qədər aralıda. Tualet ehtiyacı olan şəxs həmin çuxurda ehtiyacını yerinə yetirdikdən sonra həmin xüsusi qabları da geriyə gəmiyə gətirməli idi. Qısası sahilə çıxmış şəxslərdən orda bir çöp belə qalmasına icazə verilmirdi. Əgər qaydaları kimsə pozurdusa onun bir daha sahilə çıxmasına icazə verilmirdi. Qaydalar çox sərt idi. Sizə deyim ki, məsələn pinqvinlərə bir neçə metrdən artıq məsafədə yaxınlaşmaq olmaz. Pinqvinlər insanı öz həmcinsləri kimi gördükləri üçün ürkmürlər, qaçmırlar. Bununla belə məhz onların təhülkəsizliyi üçün yaxınlşamağa icazə verilmirdi
– Adətən insan öz yaşadığı mühiti ekoloji cəhətdən məhv edir. Yaşadığımız şəhərlər atmosfer kirliliyindən də zəiyyət çəkir, digər qalan problemlərdən də. İnsan ayağı dəyməyən bir materikdə bu qədər ciddi tədbir alınması sizə bir qədər qəribə görünmürmü?
– Əslində müəmmalıdır. Orda bir neçə elmi stansiya fəaliyyət göstərir. Müxtəlif dövlətlərin. Məsələn Çilini orda ancaq hərbçilər təmsil edir. Amma doğrudan da müəmmalı görünür. Mənə elə gəlir ki, hansısa gizlin və gələcək bir planın bir hissəsidir. O stansiyalara yaxınlşamağa icazə verilmiridi. Antarktida ən böyük təbii ehtiyatları olan materikdir. Onun zəngin qızıl yataqları, neft qaz yataqları var. Və dünyadakı şirin su ehtiyatlarının 80 faizi bu materikdə yerləşir. Onu deyim ki, Çili xüsusi qurğular vasitəsi ilə Antarktidadan aysberqləri sürüyüb öz sahillərinə gətirir və şirin su problemini bu yolla həll edir. Dubay və digər ərəb əmirliklərinin də bu materikin su ehtiyatlarından istifadə etməsi barədə məlumatlar var. Yəni insan oğlu hələlik bu materikə ehtiyat kimi yanaşır və ona görə toxunulmazlığını, bakirəliyini qorumağa çalışır. Lakin hələlik bu ehtiyatlardan istifadə etmək üçün yetərli qədər texniki imkanlara da sahib deyilik.
– Bir ara deyirdi ki, Antarktidada yerdənkənar sivilizasiyaların qalıqları tapılıb, stansiyaları var və s.
– Mən əslində düşünürəm ki, ola bilər. İnsanın gözündən uzaq bir nöqtədir. Bu böyüklükdə kainatda yalnız bizim var olmağımızı iddia etmək bir qədər sadəlövhlük olardı. Elə Yer kürəsinin özündə elə varlıqlar, elə canlılar var ki, bizim onlar barəsində təsəvvürümüz yoxdur. Antarktidada da bu mümkündür, ola bilər. Bir şeyi də qeyd edim, Qalaktikanı seyr etmək üçün ən yaxşı mərkəz olaraq Antarktidada bir stansiya tikilib.
– Orda ulduzlar və Ay daha fərqli görünürdü?
– Biz orda bir gecə kampinqdə qaldıq. Ulduzlar görünmürdü. Ayın isə üzərindəki ləkələri daha aydın müşahidə etmək olurdu. Ümumiyyətlə, gecə düşmədiyinə görə səma cismlərini seyr etmək olmur. Gecə saat 1-dir və sən elə bil qürub çağındasan.
– Gecəni açıq səma altında keçirdiniz?
– Bəli. Xüsusi isti kisələr verirlər, biz qarın içərisində özümüzə məzar yeri kimi bir yer qazıb bu kisələrdə orda uzanrdıq. Üzünü örtməyə məcbur olursan, çünki soyuq adamın üzünü yandırır, örtüncə də çox qəribə hisslər yaranır. Sanki məzardasan kimi. Əlini, ayağını tərpədə bilmirsən, dar bir yerdə uzanmısan. Mənimlə birlikdə kampda qalanların əksəriyyəti dedi ki, çox vahiməli duyğular yaşayıblar.
– Antarktidanı gəzməyə meyilli olan “dəlilər” arasında əsasən hansı sənət sahibləri var idi?
– ( gülür) Qadınlar da var idi. Bloggerlər, milyonçular, dünyanı gəzməyi sevən səyyahlar, fərqli duyğular arayan avropalılar.
– Təbii məsələdir ki, bu səfər böyük maddi vəsait tələb edir. Səfərlərə öz imkanlarınızla gedirsiniz?
– Səfərin maddi yükünü ölkənin böyük xəstəxanalarından olan EGE Hospital öz üzərinə götürdü. Özümə qalarsa bu alınmaz. Düzdür kitablarımın satışındasn müəyyən vəsait əldə edilir. Lakin bu yetməz. Mən sadə həyat sürən bir insanam.Bəzi şirkətlər başa düşürlər ki, bu kimi səfərlərə sponsorluq onlara həm maddi, həm də mənəvi qayıdış edəcək. Bu anlamda EGE Hospitalın rəhbərliyi geniş düşünməyi və böyük yatırımlar etməyi bacarır. (ardı var)
İlhamə Rəsulova
Bizimyol.info