Rövşən Abdullaoğlu ilə Antarktida səfərinə dair bir dəfə müsahibə etmişik. Bu müsahibədə isə buzlar krallığına səyahətin ən xırda təfərrüatları ilə tanış olacaq, dünyaya səyyahın gözü ilə baxıb virtual səyahətə çıxacaqsınız.
– Mənə şəxsən çox maraqlıdır, ən ekstremal səyahətlərdən birini uğurla başa vurmuş insan qayıdandan sonra nə hiss edir, nə düşünür?
– Daha çox heyrət hiss edirəm. Hərdən bu səyahət bir yuxu kimi gəlir. İnanılmaz təəssüratlar var. Çox maraqlı və mühüm məlumatlarla qayıtmışam.
– Antarktida, yoxsa Antarktika – bir çoxları bunları səhv salır.
– Antarktida – Yerin ən cənub materikidir. Antarktika isə Antarktida materiki ilə bərabər ətraf adalara və Cənub okeanına verilən ümumi addır. Cənub okeanı da Atlantik, Hind və Sakit okeanlarının Antarktida sahillərini yuyan hissələrinə deyirlər.
– Səfər çətin olmadı ki?
– Bütün səfərlərin özünə görə çətinliyi və psixoloji gərginliyi var. Əlbəttə, bu səfərdə gərginlik bir qədər çox idi: yolun uzaqlığı, sərt, alışmadığımız iqlim, səfər proqramının ağırlığı... Antarktidanın havası çox quru olduğundan adamın dərisi çatlayır, selikli qişa quruduğundan burundan tez-tez qan açılır. Sahilə çıxmamışdan öncə təlim keçirilir, sahildə davranış, təhlükəsizlik qaydaları haqqında məlumat verilir. Bizdən əvvəl bələdçilər gedib yoxlanış aparırlar, havanın, şəraitin uyğun olduğunu təsdiqləyir, hərəkət istiqamətini göstərən bayraqlar sancırlar, bundan sonra sahilə çıxmağımıza icazə verilir. Buzlaqlarda üzəri qarla örtülmüş dərin çatlar, yarğanlar olur, adi insanlar onları görməyib uçquna yuvarlana bilərlər. Bu kimi təhlükələrə görə səfərdən əvvəl böyük məbləğdə sığorta tələb etmişdilər.
– Səfər marşrutunuz necə idi?
– Təyyarə ilə Bakıdan İstanbula, oradan Braziliyaya, oradan da Argentinaya. Argentinanın ən cənub şəhəri olan Uşuayadan Antarktidaya 1000 km-dir, bu məsafəni də gəmi ilə qət etdik.
– Argentinadan keçməli olduz, bu ölkə barədə təəssüratlarınız necə oldu?
– Fərqli ab-havası var. Ölkə özündə müxtəlif iqlimləri cəmləyib. Orada bir neçə gün qaldım, mənə maraqlı olan şəhərləri ziyarət etdim. Buenos Ayres geniş küçələri olan, insanlarının küçələrdə tanqo oynadıqları, steyk və pizza yedikləri şıltaq, qayğısız bir şəhər təsiri bağışladı. Buenos Ayres paytaxt və turistik şəhər olmağına baxmayaraq, günün ən dolu saatlarında belə tıxaca rastlamadım. Balaca Bakımızda addımbaşı tıxaca öyrəşmiş bir insan üçün bu, çox təəccüblü idi.
And dağlarının arasında yerləşən Mendoza şəhərinin öz gözəlliyi var. Oradan San Xuana getdim, sakit, isti və tənha şəhər təsiri bağışladı. İsçiqualasto məntəqəsi nəhəng yarğanların, qurumuş çay yatağının olduğu, od tutub yanan bir vadi idi, orada özünü başqa planetə düşmüş kimi hiss edirsən. Puerto İquasuda oldum, tez-tez yağan yağışların, yaşıllıqların və yüzlərlə şəlalənin içinə düşdüm. Pataqoniya bir başqadır, Uşuaya da tamam fərqlənir – soyuq, biganə bir liman şəhəri. Argentina fərqlilikləri özündə cəmləmiş ölkədir.
– Belə bir səfər üçün nə qədər məbləğ tələb olunur?
– Təxmini 30 000 manata yaxın pul lazımdır. Buraya Argentina vizasından tutmuş, Antarktida üçün zəruri olan xüsusi geyimlər, təyyarə bileti, sığorta paketi, gəmi turunun qiyməti də daxildir. Mən bu məbləğə Argentinada qaldığım müddətdə lazım olan xərcləri daxil etmirəm.
– Səyahət etdiyiniz ekspedisiya gəmisi hansı ölkəyə aid idi?
– Baham adalarının bayrağı altında üzürdü, ancaq gəmini ruslar icarəyə götürmüşdülər. Ekspedisiya rəhbəri isə ingilis idi. Buzqıran sinfinə aid bir gəmi idi.
– Gəmidən necə əlaqə saxlayırdız?
– Əlaqə yalnız sputnik vasitəsi ilə mümkün idi. İnternet də sputnik vasitəsi ilə təmin olunurdu. Ödənişi çox baha idi. Yarım saatı iyirmi dollar, bir həftəlik limitsiz internet isə dörd yüz dollar idi.
– Dəniz tutması olmadı ki?
– Səfərim Antarktikanın yay aylarına təsadüf etdiyi üçün Cənub okeanının suları aram idi. Bircə Dreyk boğazından başqa. Bu boğaz çox gəmiləri udub. Çox küləkli boğazdır, bəzən on beş, iyirmi metr yüksəkliyində dalğalar olur. Oranı keçəndə hamını xəbərdar etdilər, dəniz xəstəliyi olanlara bəzi dərmanları atmağı tövsiyə etdilər. Mən əvvəllər belə bir təcrübə yaşamadığımdan halımın pisləşəcəyini düşünmədim. Ancaq gəmi adamı əməllicə atıb-tutmağa başlayanda ürəyim bulanmağa, başım gicəllənməyə başladı. Sonra dərman da atdım, faydası olmadı. Bir sutka ancaq kayutda uzandım. Sonra həkim dostlarla əlaqə saxladıq. Özümlə bəzi əlavə dərmanlar aparmışdım, həkimlə məsləhətləşib onları istifadə etdim, ondan sonra düzəldim.
– Qayıdanda necə, Dreyk boğazında ürəkbulanma olmadı ki?
– Birinci dəfə halım pis olduğundan həkimlər məsləhət gördülər ki, dərmanları bütün səfər boyu atım. Buna görə də qayıdanda Dreyk boğazında narahatlıq yaşamadım. Hətta göyərtəyə çıxıb bayrağımızla şəkil də çəkdirdim.
– Nə yeyirdiniz?
– Gəmidə müxtəlif inanca, qida zövqünə malik insanlar ola bildiyindən ekspedisiya rəhbərliyi səfərdən çox öncə sərnişinlərdən qida zövqləri barədə məlumat istəyir. Gəminin aşpazı Frensis CAR-dan Fransaya mühacirət etmiş qaradərili idi, Fransada yüksək aşpazlıq təhsili almışdı. Hər sərnişinin istəyinə uyğun çox dadlı yeməklər bişirirdi. Dostlaşdığımızdan tez-tez bizə menyuda olmayan özəl yeməklər, qəlyanaltılar bişirib göndərirdi.
– Səfərdə kimlərlə tanış oldunuz, səfər dostlarınız kimlər idi?
– Bu dəfə də çətin səfərlərdə məni tək qoymayan dostum Elvinlə birlikdə idik. Gəmidə isə dünyanın fərqli yerlərindən – Tailanddan, Hindistandan, Amerikadan, Kanadadan, İtaliyadan, Almaniyadan, Belarusiyadan, Argentinadan, Çindən, İngiltərədən və bir çox başqa ölkələrdən maraqlı insanlar olan 110 nəfərlik heyətimiz vardı. Aralarında öz ölkələrində tanınmış iş adamlarından tutmuş, bloggerlərə, peşəkar fotoqraflara, İT mütəxəssislərinə, mühəndislərə, restoran şəbəkələri, çox bahalı avtomobil kolleksiyaları olan həvəskar səyyahlara rast gəlmək olardı. Onları Antarktidaya gətirən maraq idi. Bir tayvanlı İT mütəxəssisi deyirdi ki, dünyanın yüz əlli ölkəsini gəzib, son beyninə gələn fərqli yer Antarktida olub. Hamı bu sirli, maraqlı diyarı özü üçün kəşf etməyə gəlmişdi. Məşhur “Denver Naggets”in oyunçusu, peşəkar basketbolçu Tom Hammonds da bizimlə idi. Hammonds öz dövründə çox tanınmış oyunçu olub.
– Səfər yoldaşlarınız sizə necə münasibət göstərirdilər?
– Həm gəmi heyəti, həm də səyyahlarla çox gözəl ünsiyyətimiz yarandı. Səmimi, mehriban bir kollektiv idi. Ekspedisiya həqiqətən yüksək səviyyədə təşkil olunmuşdu. Vaxtımız boş keçmirdi, gündə üç dəfə materikin müxtəlif yerlərində, fərqli adalarda sahilə yan alırdıq. Getdiyimiz yerlər barədə ətraflı məlumat verirdilər.
– Səfər müddətində nə kimi təlimlər keçirdilər?
– Hər gün bir neçə dəfə təlim və brifinqlər keçirilirdi. Təlimlərdə bir dəfə iki il Antarktidada qütb stansiyalarında yaşamış araşdırmaçı öz təəssüratlarından danışdı, bir dəfə balinaları araşdıran tədqiqatçı, bir dəfə də Antarktidanı Amundsondan sonra 1912-ci ildə ikinci dəfə keçməyə cəhd etmiş kapitan Robert Skotun nəvəsi öz babası barədə xatirələrini bölüşdü; həmçinin Antarktidanın flora, faunası barədə, materikin kəşfi, tarixi, ora səfər etmiş səyyahlar barədə, buzlu materikdə təhlükəsizlik tədbirləri haqqında zəruri məlumatlar əldə edir, Antarktidada fəaliyyət göstərən şəxslərin təcrübələri ilə tanış olurduq. Təlimləri biologiya, ornitologiya, çoğrafiya, ekologiya, okeonologiya üzrə təhsil almış şəxslər keçirdilər. Bundan sonra avar çəkməyi, buzlaqlar üzərində düşərgə salmağı, dənizçi düyünü vurmağı da öyrədən təlimlər keçirildi.
– Antarktika ilə bağlı sizə verilən ən maraqlı sual hansıdır?
– Maraqlı suallar çoxdur, tez-tez ağ ayıları görüb-görmədiyimi soruşurlar, ağ ayılar isə Antarktidada deyil, şimal qütbündə yaşayır.
– Antarktikada hansı heyvanlara rast gəlmək olur?
– Buranın canlılar aləmi elə də zəngin deyil. Müxtəlif növ balinalara, suitilərə, dəniz fillərinə, dəniz bəbirlərinə, müxtəlif pinqvinlərə, albatroslara rast gəldim. Antarktida sularında canlıların əsas qidasını krill və balıqlar təşkil edir. Antarktidanın ən maraqlı canlıları isə pinqvinlərdir. Onları görəndə biganə qalmaq mümkün deyil.
– Yaxından balina gördünüzmü?
– Antarktidaya yaxınlaşdıqda gəminin ətrafında çoxlu qatil balina (kosatka) gördük. Belə hallarda gəmi heyətinə xəbər verirlər, baxmaq istəyən göyərtəyə çıxır. Çox möhtəşəm bir görüntü idi, ağ ləkələri olan qatil balinalar gəminin qarşısında, ətrafında dəstə ilə üzür, bir-biri ilə oynayır, qəribə səslər çıxarırdılar. Antarktika bu balina növünün ən çox olduğu bölgədir. Hətta motorlu qayıqla sahilə doğru hərəkət etdiyimiz zaman bir balina düz qayığımızın yanından keçdi.
– Böyük imperator pinqvinlərinə rast gəldiniz?
– İmperator pinqvinləri ən böyük pinqvinlərdir. Boyları 130 sm-ə qədər çata bilir. Onlar Antarktidanın dərinliklərində, daha cənubda məskunlaşıb, oraya getmək çox çətindir. Yolun bir hissəsini buzqıran gəmi ilə, sonrasını isə vertolyotla getmək lazımdır.
– Bitki varmı orada?
– Bitkilərdən ancaq mamır, şibyə, yosun, göbələk və bakteriya növləri var. Çiçəkləyən bitkilərin isə sadəcə iki növü var, onlar da hündür dağların başında yetişir. Bizə dönə-dönə tapşırırdılar ki, qarşımıza bitki çıxsa, tapdalamayaq. Çünki məhv olmuş bitkilərin yenidən əmələ gəlməsi çox uzun zaman alır.
– Antarktikanın sularında çimmək fikri necə yarandı?
– Mən eşitmişdim ki, orada buzlu suda çimməyə imkan yaradırlar. Ona görə səfər boyu bu fürsəti gözləyirdim. Hətta səfərdən əvvəl müayinə olunan zaman kardioloq həkimdən soyuq suda çimməyin təsiri barədə məlumat aldım. Düzü, Antarktika sularında çimmək kimi xüsusi bir arzum olmayıb. Sadəcə fürsət düşmüşkən öz sərhədlərimi yoxlamaq, bir daha ələ düşməyəcək bu təcrübəni də yaşamaq istədim. 115 nəfərlik komandamızdan cəmi on nəfər suya girməyə razılıq verdi. Hər kəsin belindən kəndirlə bağladılar ki, ehtiyac olsa, dərhal sudan çıxara bilsinlər. Soyuqdan insanda qəfil qıcolma, yaxud ürək tutması baş verə bilər. Qayıqda iki nəfər xilasedici də kömək üçün hazır idi.
İlk anda bədəninin sənə tabe olmaqdan imtina etdiyini hiss edirsən. Buz kimi su bütün bədənini keyidir və bütün əzələlərin qıc olur. Dərinin yandığını hiss edirsən. Başqalarının suya düşən kimi o dəqiqə çıxmağa çalışdıqlarını gördüm. Mən istəyirdim, bir qədər üzməyə cəhd edim. Ancaq hiss etdim ki, suda çox qaldıqda bədən daha çox keyiyir və əllərini rahat ata bilmirsən. Hətta bir nəfərin ayağını sudan çıxanda dəmir pilləkən sıyırdı, hiss etmədi. Suda çətinliklə də olsa, əllərimi tərpətməyi bacardım, bədənimdə hərəkət yarandı.
Sudan çıxdıqdan sonra hətta bir müddət göyərtədə qaldım. Sonra təkrar suya baş vurmaq istəsəm də, artıq gec olduğunu dedilər.
– Antarktidada buzlar arasında, açıq səmada gecələmək necə bir hissdir?
– Səfər müddətində gecələmək üçün gəmiyə qayıdırdıq, ancaq bir dəfə materikdə gecələmək şansımızın olacağını eşitmişdim. Bunun üçün səfərdən 7-8 ay öncə növbə götürmək lazım idi, elə də etdim. Antarktidada açıq səma altında gecələmədən oranın təbiətini tam hiss edə bilməzsən.
Axır ki, o günün gəlişini elan verdilər. Həmişəki kimi brifinq keçirildi. Brifinq zamanı düşərgənin necə salınacağını, orada nə edəcəyimizi, təhlükəsizlik tədbirlərini öyrəndik. Brifinqdən sonra bir çoxu bu işin onlar üçün olmadığına qərar verib gəmidə qalası oldular.
Ertədən şam edib sahilə çıxdıq. Bələdçilər gecələyəcəyimiz yerləri müəyyənləşdirdilər. Hər kəs öz ölçülərinə uyğun və dərinliyi bir metr olan yer qazmalı idi. Bu çuxur bizi soyuqdan və küləkdən qoruyacaqdı. Yatacağımız üçqatlı kisələrin -18'C-ə qədər şaxtadan qorumaq gücündə olduğunu dedilər. Yerimizi hazırlayıb bitirdikdən sonra ətrafda bir xeyli dolaşdıq, sonra təkrar düşərgəyə qayıtdıq.
Gecəyarısına az qalsa da, hava işıqlı idi. İlin bu vaxtları gecə tam qaranlıq düşmür. Təbiəti öz saflığını hifz etmiş bu uzaq diyarda fərqli, heç yerdə görmədiyim qədər şəffaf səma ilə üzləşəcəyimi düşünürdüm. Ancaq hava buludlu idi, hündür dağların zirvəsindən boylanan Aydan başqa göy üzündə heç nə görmədim. Getdikcə şaxta bərkiyirdi, hamı yatacağı çuxurlara üz tutdu. Yataq kisəsinin içinə girmək də bir ayrı əziyyətdir.
Səhər tezdən bələdçinin səsinə oyandım, nəsə suitilər haqqında danışırdı. Kisələrdən çıxıb paltarlarımızı geyinənə qədər sübhün ayazı iliyimizə işlədi. Maraqlı bir mənzərə ilə üzləşdik: gecə okean hardasa əlli metr geri çəkilmişdi, əvəzində isə sahilə suitilər gəlmişdi. Bir qədər də suitilərə, sübhün gözəl mənzərəsinə tamaşa edib gəmiyə qayıtdıq.
– O kisənin içinə girib çuxura uzananda adam nə hisslər keçirir?
– Sərt buzların üstündə yatmağa alışmadığımızdan narahat bir gecə keçirdik. Tez-tez oyanıb o yan-bu yana çevrilirdim. Kisəni bir az açıb nəfəs almaq istəyirdim, o dəqiqə soyuq üzümü dalayır, kisənin içinə dolub bədənimə üşütmə salırdı. Kisənin ağzını tam bağladım, bu zaman qapalı mühit qorxusu yarandı. Sonra başqaları da bu təşvişi hiss etdiklərini etiraf etdilər.
Özümü sakitləşdirdim, sonra da hava gəlməsi üçün kisəni bir az açdım. Bütün bu fiziki narahatlıqlarla bərabər heyrət, məmnunluq və bir də qəribə bir yadlıq hissi vardı.
Gecə kənar səslər, demək olar ki, susur, qaranlıq okeanın uğultusu, ucu-bucağı görünməyən buz səhrası, ətrafı sarmış dağların soyuq nəfəsi yüngül vahimə aşılayır. Bütün bu ehtişamın arasında özünü bu aləmə tamam yad hiss edirsən, burda təbiət artıq “ana təbiət” deyil, ögeydir, biganədir.
– Vətəndən minlərlə kilometr uzaqlarda yadlıq hiss etmək təbii deyilmi?
– Mən dünyanın bir çox ölkələrində, İsveçrədə, İrlandiyada, Afrikanın ucqar ölkələrində olmuşam, ancaq Antarktidada keçirdiyim bu hissi heç yerdə keçirməmişəm. Buz yorğanına bürünmüş təbiət qəfildən peyda olmuş insanların varlığından sanki narahat olur. Buralara ayaq basandan bəri hər yerdə hiss etdiyim bu yadlıq, ögeylik hissi Antarktidada düşərgə saldığımız gecə daha da şiddətləndi. Elə bilirsən ki, bu yerlər sənə qəribə baxır, təəccüb və heyrətlə. Və sənin tez bir zamanda çıxıb getməyini istəyir. Nəinki sənin, ümumiyyətlə, bütün insanların. Elə bil deyir ki, dünyanın hər yerini ˝abad˝ etmisiniz, buralar qalıb? Antarktika insanlarsız, öz sevimli canlıları ilə sakit və qayğısız yaşamaq istəyir.
– Sosial hesabınızda Antarktidanın müxtəlif yerlərində bayrağımızla çəkdirdiyiniz şəkillər paylaşırdınız.
– Bayrağımız bizim kimliyimizi göstərən, Vətənimizi tanıtdıran bir nişanədir. Bununla biz ölkəmizi təbliğ edir, öz həmvətənlərimizi də buna təşviq edirik. İnsan ölkəsinin adını çəkəndə, haradan gəldiyini, kim olduğunu bildirəndə üzərinə məsuliyyət gəlir. Hər birimiz səfərlərdə ölkəmizin səfirləri, təbliğ edən siması olmalıyıq. Mən onsuz da bu yolu gedirəm, nəyə görə ölkəmi təbliğ etməyim?
Mən səfərlərimdə qarşılaşdığım bütün insanlara ölkəmiz barədə məlumat verirəm. Qarabağ münaqişəsi, erməni təcavüzü barədə danışıram. Ən müxtəlif, qeyri-adi yerlərdə bayraqla şəkil çəkdirmək də gözəl bir adətə çevrilib. Bir xeyli şəkil kolleksiyam var. Otağımda o şəkillərdən ibarət bir guşə düzəltmək istəyirəm. Bu şəkilləri sosial hesabımda paylaşıb digər həmvətənlərimi də buna təşviq edirəm. Təsəvvür edin, getdiyimiz ölkələrdə bayraqla şəkil çəkdirib bunu internet məkanında paylaşmaq, səfər boyu rastlaşdığımız insanlara ölkəmiz haqqında məlumat vermək adət halını alsa, dünya bizim barəmizdə daha çox məlumat əldə edər. Səfərlərdə tanış olduğum hər yeni əcnəbidən Azərbaycanı tanıyıb-tanımadığını soruşuram. Bəzən insanların yanlış məlumata sahib olduqlarını görürsən, bu da düşmənlərimizin yanlış təbliğatının nəticəsidir. Çox vaxt elə xəbərsiz, səssiz-səmirsiz yolçuluq edirik ki, təyyarədə yanımızda əyləşən adam belə haradan olduğumuzdan xəbərsiz olur.
– Səfər gözlədiyiniz kimi oldumu?
– Ümumiyyətlə, heç bir səfər eynilə insanın planladığı kimi keçmir. Biz həyatımızın yarısına hakimik. Digər yarısı bir çox subyektiv və obyektiv amillərdən, gözləmədiyimiz, bizdən asılı olmayan hadisələrdən asılıdır. Bəzən istədiyimizi edə bilmirik, bəzən planlarımız gözlədiyimizdən daha gözəl reallaşır, bəzən də gözləmədiyimiz halda daha maraqlı hadisələrlə qarşılaşırıq. Bütün bunların nəticəsində bizdə səfər haqqında ümumi bir fikir formalaşır. Bu səfərim barədə bunu deyə bilərəm: gözlədiyimdən də çox yaxşı keçdi.
İlhamə Rəsulova, Bizimyol.info
https://www.bizimyol.info/az/news/225319.html