Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qarşısına gətirib.
Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gözəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təzyiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər mehriban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist baxışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur.
Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq?
Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tərəfdə əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ.
Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.