– Rövşən bəy, ötən il Afrikaya səfəriniz zamanı Efiopiyada olmuş və bol təəssüratla qayıtmışdız. Budəfəki səfərinizdə hansı Afrika ölkələrində oldunuz?
– Bu mənim Afrikaya artıq üçüncü səfərim idi. Budəfəki səfərim Uqandadan, Entebbe şəhərindən başladı, sonra bu ölkənin şimal bölgələrinə qalxdıq, qərb tərəfindən cənubuna doğru bir dövrə vurduq. Uqandadan sonra Tanzaniyaya getdik. Buradakı səfərimiz Afrikanın ən yüksək nöqtəsi olan Kilimancaro dağından başladı. Buradan Serengeti, Aruşa məntəqələrinə doğru endik. Çox maraqlı bölgələrdə olduq. Daha sonra Hind okeanında yerləşən Zanzibar adasına təyyarə ilə uçduq. Bir neçə adada olduq.
– Təyyarə ilə Afrika dövlətlərinə əsasən hansı ölkədən uçursunuz?
– Fərqli ölkələrdən. Bəzən Türkiyədən, İstanbuldan, bəzən isə BƏƏ-dən, Dubaydan. Məsələn, Uqandaya getmək üçün İstanbuldan birbaşa reys olmadığına görə Dubaydan uçduq.
– Dediyiniz kimi, bu dəfə ilk ayaq basdığınız yer Uqandanın Entebbe şəhəri oldu. Bu şəhər nə ilə yadda qaldı?
– Entebbedə Uqandanın yeganə beynəlxalq aeroportu yerləşir. Məcburən ilk olaraq ora getməlisən. Orada çox məşhur Milli Botanika Bağı var. Tarzan barəsində ilk film də orda çəkilib. Qeyri-adi, müxtəlif Afrika ağacları ilə zəngin böyük bir bağdır. Ancaq Uqandanın digər yerlərini gəzdikdən sonra bu möhtəşəm təəssürat itir. Çünki başqa yerlərin təbiəti buradan daha heyrətamizdir. Əbəs yerə Uqandaya "Afrikanın mirvarisi" adını verməyiblər. Entebbe şəhəri Viktoriya gölünün sahilində yerləşir. Viktoriya materikin ən böyük gölüdür. Tanzaniya, Keniya da daxil olmaqla üç ölkənin ərazisində yerləşir. Gölün sahilində yaşıllıqlar içərisində Afrika üslubunda tikilmiş sadə restoran, kafelər var. Ora axşamçağı xüsusilə gözəl olur. Masaların üstündə, sahil boyunca şamlar yandırırlar, bir tərəfdən sahilə çırpılan ləpələrin səsi, digər tərəfdən əsrarəngiz Afrika musiqisi, əlində də ananas şirəsi... Bütün bunlar böyük zövq verir. Bu zövqə mane olan bircə ağcaqanadlar idi. Gölün kənarında ağcaqanadlar qaynaşırdı. Bədənimizə sürtdüyümüz xüsusi kremlər belə onları hürkütmürdü.
– Bu səfərlərə kiminlə gedirsiniz?
– Elvin adlı yaxın dostum var. Dəhşətli dərəcədə ekstrim həvəskarıdır. Ona görə də bu cür qeyri-adi səfərləri sevir, həm də məni tək buraxmaq istəmir. Mənim elmi fəaliyyətimlə də çox yaxından maraqlanan biridir. Yoldaşlığımız çox yaxşı tutur. Onunla gedirik.
– Təhlükəsizlik baxımından Afrika ölkələri barədə nə deyə bilərsiniz? Oraya getmək istəyənlər nəyi ilk növbədə nəzərə almalıdırlar?
– Afrika ölkələrini təhlükəsizlik baxımından üç hissəyə bölürlər. Üçüncü qrup ölkələr "ehtiyatlı olun", ikincilər "əsaslı səbəblər olmadan getmək məsləhət deyil", birinci qrupdakılar isə "heç bir halda məsləhət deyil" kateqoriyasına daxildir. Hansı ölkəsində olursan ol, ehtiyatı əldən vermək lazım deyil. Hətta böyük şəhərlərdə belə bələdçi pəncərəni açıq qoymamağı tövsiyə edirdi. Əlimizdəki əşyalarla diqqətli olmağı tapşırırdılar. Bizdən əvvəl ora gedən adamlar danışırdılar, yerlilərin avtobusu saxlayaraq turisti düşürüb öldürdükləri faktlar da olub. Efiopiyanın cənub bölgəsində Avropadan gəlmiş beş turisti güllələmişdilər. Bir neçəsini də girov götürmüşdülər. Halbuki Efiopiya daha təhlükəsiz yer kimi tanınır və üçüncü qrupa daxildir. Bəzən turisti qəsdən öldürürlər ki, ölkənin imicinə zərbə olsun. Təhlükəsizlikdə birinci kateqoriyada yer alan Afrika ölkələrində vəziyyət daha dəhşətdir. Məsələn, Somalidə vətəndaş müharibəsi hələ də bitmir. Orada demək olar ki, turist olmur. Dövlət ölkənin təhlükəsizliyini təmin edə bilmir. Paytaxt Moqadişoda belə əmin-amanlıq yoxdur. Keçən il tanınmış rusiyalı jurnalist Orxan Camalı da dostları ilə birgə məhz Afrika ölkələrinin birində, Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirdilər.
Ümumiyyətlə, ağdərililəri soymaq, qarət etmək onlar üçün bir fəxr sayılır.
– Budəfəki səfəriniz də öncəkilər qədər təhlükəli oldu?
– Xeyr. Allaha şükürlər olsun ki, bu dəfə yerlərdə daha az təhlükə ilə üzləşdik.
– Amma bundan əvvəlki səfəriniz zamanı Efiopiyada az qala sizi öldürəcəkdilər. Həmin real təhlükə ilə harda qarşılaşmışdınız?
– Dire-Daua şəhərində bir dəfə atışmaya düşdük. Hətta bir neçə gün mühasirədə də qaldığımız oldu. Getmək istədiyimiz məntəqəyə gedə bilmədik və şəhərdə qaldıq. Bir neçə dəfə davaya düşəcəkdik. Bizi qarət etmək istəkləri də olurdu. Bir dəfə immiqrasiya idarəsinin işçiləri bizi bir xeyli saxladı. Dəfələrlə aeroportda saxlanıldığımız hallar da olub. Ölkəyə giriş qadağası ilə qarşılaşıb geri qayıtmağa məcbur olmuşuq. Polis bölməsində də saxlanıldığımız olub...
Təhlükəsizlik üçün xüsusi mühafizə tutmaq olar. Dövlət tərəfindən təqdim olunan belə pullu xidmətlər də var. Onlara müraciət edirsən, sənə əli silahlı mühafizə maşınları verirlər, bələdçi də həmçinin. Sadəcə çox baha başa gəldiyindən yalnız bələdçilərlə kifayətlənməli olurduq. Çətin hallarda isə adətən bələdçilər də kənara çəkilir. Onlar sadəcə yol göstərir, məlumatlandırırlar. Məsələn, Omo vadisində yerləşən Mursi tayfasının yaşadığı ərazilərə gedəndə bizə mühafizə polisindən istifadə etməyi çox tövsiyə edirdilər. Mursi Afrikanın çox aqressiv, demək olar ki, hamının "kalaşnikov"larla silahlanmış tayfasıdır.
– Dediniz, əllərində avtomat silah olurdu. Bu silahları haradan əldə edirlər?
– Avtomatları daha çox Mursi, Suri, Hamar tayfalarında gördük. Efiopiya qonşu ölkələrlə müharibə aparan zaman dövlət özü bu tayfaları müəyyən qədər silahlandırmışdı ki, özlərini qoruya bilsinlər. Sonradan münaqişə həll olduqdan sonra onlar silahları Sudandan, Eritriya və Somalidən qaçaq yolla əldə edirlər. Pulları olmadığından kənd təsərrüfatı malları, mal-qara ilə barter edirlər.
– Bu cür aqressiv insanlarla görüşməkdən qorxmurdunuzmu?
– Qəribədir bəlkə, ancaq elə də qorxu hiss etmirdik. Müəyyən vaxtdan sonra qorxu tam gedir. Amma həyəcanlı anlar olur, təbii ki.
– Ümumiyyətlə, qaradərililərin içərisində ağdərili olmaq necə hissdir?
– Belə bir məsəl var, qara qarğaların içərisində ağ qarğa olmaq. Adam bunun nə demək olduğunu orada tam hiss edir. Dükana girəndə, küçədə gedəndə hamı çönüb sənə baxır. Tayfalarda hamı sənin başına yığılır. Dərinə toxunurlar, köynəyini dartırlar, eynəyini çıxarıb öz gözlərinə taxmaq istəyirlər. Bəzi üzlüləri əynindəki paltarını belə istəyirlər. Bir yerdə artıq qabalıqla paltarlarımızı əynimizdən çıxarmaq istəyirdilər. Ortam gərginləşmişdi, sonra birtəhər oradan çıxa bildik. Bəzən üstünə nəsə atırlar, gülürlər, nəsə qışqırırlar. Belə hallar da olurdu.
– Oralarda bələdçisiz hərəkət etmək olarmı?
– Biz bəzi yerlərə bələdçisiz də gedirdik, lakin uzaq məntəqələrə getmək, tayfaların içinə daxil olmaq, xüsusi bilgi əldə etmək üçün bələdçi çox mühümdür. Bəzi kəndlərə bələdçisiz girmək olmur. Bütün səfər boyu bizi adətən bir-iki daimi bələdçi müşayiət edirdi. Məntəqələrə, tayfaların yaşadığı yerlərə daxil olmaq üçün isə əlavə olaraq yerli bələdçidən də istifadə edirdik. Yerli bələdçi kəndə girmək üçün oranın başçısından icazə alır.
– Harada qalırdınız?
– Böyük şəhərlərdə bir, yaxud ikimərtəbəli hotellərdə qalırdıq. Səfərimizin əksər hissəsi bölgələrdə keçdiyinə görə, daha çox kiçik koma kimi yerlərdə və lodclarda gecələyirdik. Lodc - yol kənarında, kiçik şəhərçiklərdə, az get-gəl olan məntəqələrdə qonaqların qısa müddətlik qalmaları üçün tikilmiş yerlərdir. Meşəliklərdə, çay kənarında, bəzən isə dağların ətəyində quraşdırılmış lodclarda nömrələr kiçik və sadə olur.
– Bəs hansı nəqliyyat vasitələrindən istifadə edirdiniz?
– Ölkədən ölkəyə dəyişirdi. Efiopiyada böyük məsafələri qət etmək üçün daxili uçuşlardan istifadə edirdik, Uqandada isə ancaq kirayə götürdüyümüz maşınla hərəkət etdik, Tanzaniyada da həmçinin. Elə yerlər olurdu ki, oranı qayıqla keçirdik. Bəzən maşınımız xarab olurdu. Tanzaniyada səfər müddətində bir neçə maşın dəyişdik, dörd-beş dəfə maşın xarab oldu, yolda qaldıq, bəzən də maşının təkəri istiyə tab gətirməyib yanırdı. Bir dəfə hadzabilərin kəndinə gedən yolda maşınımız xarab oldu. Yolun qalanını günün altında motosikletlə qət etməli olduq. Onun da öz ləzzəti başqa idi. Fürsətdən istifadə edib motosiklet də sürdüm. Əvvəllər motosiklet sürmüşəm, keçmiş günləri Afrikada xatırlamaq da varmış.
– Bəs qidalanma məsələləri necə idi? Nə yeyirdiniz?
– Meşədə tonqal qalayıb, özümüzlə burdan apardığımız konserv məhsulları bişirirdik. Bakıdan bir xeyli yarımfabrikat qidalar aparmışdıq. Yollar çox zaman insan məskunlaşmamış məntəqələrdən, restoran olmayan yerlərdən keçirdi. Yeməyi də elə maşındaca yeyirdik.
– Yerli Afrika qəbilələrinin yeməyindən də daddınızmı?
– Avropa ölkələrinə gedəndə hər ölkənin milli mətbəxi ilə tanış olmaq istəyirsən. Məsələn, restorana gedəndə milli yeməklərdən sifariş verirsən. Afrikada bunu etmək mümkün deyil. Birincisi, antisanitariya çox güclüdür. Onlarla qabı, fincanı bir kiçik ləyənin içindəki suda yuyurlar, sonra da həmin qabda yemək verirlər. Əl yumaq üçün su olmadığını bilirsən. Yemək bişirənin də uzun müddətdən bəri əllərini yumadığını düşünəndə bütün iştahan qaçır. Hadzabi tayfasının yaşadıqları kəndə daxil olanda tonqalda nəsə ət bişirirdilər. Bilmədik quş idi, kərtənkələ idi, nə idi. Sonra oddan götürdülər, əlləri ilə parçalayıb tonqal ətrafında olanlar arasında bölüşdürdülər. Bizə də verdilər. Amma, biz yemədik, dadlı bir görkəmi də yox idi...
– Yerlilər sizi necə qarşılayırdılar? Mehriban idilər, yoxsa aqressiv?
– Bizi görəndə dərimizi yoxlayırdılar, toxunurdular. Bizi "muzunqu" deyə çağırırdılar. Bu, onların ağdərililərə verdikləri ümumi addır. Bəzi tayfalarda səninlə kobud rəftar edirlər, sən də adekvat reaksiya verirsən, sonra anlaşırsan. Anlayırlar ki, bəzi hərəkətləri sənə qarşı edə bilməzlər. Bələdçilər onları başa salır ki, bunlar dostdurlar, ağdərili də olsalar, düşmən deyillər, gəliblər sizinlə tanış olsunlar. Bundan sonra dostcasına münasibət görürsən. Bəzi kəndlərdə bizi rəqslə qarşılayırdılar, qadınlar bir tərəfdə, kişilər də digər tərəfdə dövrə vurub rəqs edirdilər. Bəziləri bizə təsərrüfatlarını, ovladıqları heyvanları göstərirdilər. Bəzi tayfalar necə tonqal qaladıqlarını, bəzi məntəqələrdə isə necə kofe bişirdiklərini göstərdilər. Onlarda bu, gözəl bir mərasimdir. Kofe dənələrini əvvəlcə odda bişirdilər, sonra isə musiqi oxuyaraq, oynayaraq üyütməyə başladılar. Daha sonra da möhtəşəm kofe dəmlədilər.
Ümumiyyətlə, afrikalıların bir çoxunda ağdərililərə qarşı bir qəzəb hissi var. Bədbəxtliklərində məhz onları müqəssir bilirlər. Haqları da var, çünki uzun illər ağdərililərin müstəmləkəsi altında qalıblar, indi də tam azad deyillər.
– Tonqal qalamaq da onlarda bir ritualdır?
– Hadza tayfasında kibrit görmədik. Sivilizasiyadan kənar, öz ibtidai yaşam tərzlərini qorumuş halda yaşayırlar. Əyinlərinə ovladıqları heyvanların dərilərini keçiriblər. Ox ilə ova çıxır, odu iki taxtanı bir-birinə sürtməklə əldə edirlər. Onlar bizə tonqalı necə qaladıqlarını göstərdilər. Əvvəl bizə təklif etdilər, nə qədər çalışsaq da, yandıra bilmədik. Sonra onlardan biri gəldi və bir dəqiqə ərzində tonqalı qaladı.
– Afrikanın uzunboylu və qısaboylu tayfaları barədə də bilmək istərdik. Sizin onlarla birgə çəkdirdiyiniz şəkillər sosial şəbəkələrdə çox maraqla qarşılandı.
– Karamaconq tayfası Afrikanın ən hündürboy insanları sayılır. Boyları iki metrə çatır, bəziləri isə daha uzundur. Onların yanına üç bələdçi ilə getdik. Bunun üçün öncə Mbale şəhərinə getdik, karamaconqların kəndləri bu şəhərdən 100 kilometr uzaqlıqda yerləşir. Onların yanında özünü kiçik adam kimi hiss edirsən. Kəndin girişinin və evlərinin qapıları isə həddən çox alçaqdır. Qəribədir. Biz belə güclə, əyilərək girirdik. Yəqin istəmirlər ki, uzunboylu olduqlarına görə qəlblərində təkəbbür baş qaldırsın. Hər gün qapıdan içəri sürünərək girib-çıxmaqla öz eqolarını tapdalayırlar... Zarafat edirəm, təbii ki. (gülür - İ.İ)
Piqmeylər isə əksinə, Afrikanın ən kiçik boylu xalqıdır. Orta boy ölçüləri 140-150 santimetr olur. Piqmeyləri padşahları idarə edir. Onların yaşadığı məntəqəyə getmək üçün Ruvenzori dağından dolaşıq yollardan keçdik. Kəndlərinin yanında marixuana plantasiyaları var, özləri əkib, özləri də çəkirlər. Mən ora gedəndə bir çoxunun vəziyyəti "saz" idi, ayaq üstə güclə dururdular. (Gülür – İ.İ.) Daim deyib gülür, şıltaqlıq edirdilər. Şahları ilə əl sıxdıq, görüşdük. Bu köynəksiz, ayaqyalın, əynində bircə şalvarı olan padşah rəiyyətdən qətiyyən seçilmirdi, sadəcə çiynində kamanı vardı. Mənə ox atmağı da öyrətdi. Amma dolanışıqları çox çətindir.
– Bildiyimə görə, Afrikada barəsində silsilə kitab yazacağınız tayfalar da məhz bunlardır?
– Bu, silsilə roman olacaq. Birinci kitab piqmeylər, karamaconqlar, onların yaşayışları, mədəniyyəti barədə olacaq. Bu roman Afrika tayfalarının müharibələrini, qeyri-adi talelərini əks elətdirir. Çox maraqlı, ibrətli, fəlsəfi mesajları olan bir əsər olacaq.
– Nə ilə alış-veriş edirlər? Puldan istifadə edirlərmi?
– Pula eynilə ananas-banan kimi baxırlar, yəni bunu verəcəyəm, əvəzində bir şey alacağam. Biz onlara pul verirdik, onlar əskinasın dəyərini bilmirlər, sayla ölçürlər. Üç dənə verdin, beş dənə verdin – eyni ananas-banan kimi. Ancaq dəyəri nə qədərdir, buna nə almaq olar, onu bəzi tayfalar bilmirlər.
– Afrika tayfalarının hamının anlaya bildikləri vahid dilləri varmı?
– Xeyr, hər biri özünə xas dildə danışır. Yüzlərlə etnik qrup, kiçik xalqlar var, hər birinin də özünəməxsus dili. Onlarla bələdçilərimiz söhbət edib anlaşırdılar. Masayilər də hündürboydurlar, daha dəqiq desək, uzunayaqdırlar. Afrika tayfaları üçün şərait yaradılsa, böyük işlər görərlər. Karamaconqlar, məsələn, yaxşı basketbol komandası yarada bilərlər. Masayilərdən də yaxşı qaçışçı çıxar. Bəzən verilişlərdə zarafatla mənə deyirlər ki, oradan bizim basketbol komandamız üçün oyunçu gətirərdiniz. Ancaq zarafat bir yana, masayidən Devid Rudişa adlı bir nəfər qaçış üzrə olimpiya çempionu da olub, 800 m məsafədə qaçış üzrə dünya rekordu da qırıb.
– Afrikada bir çox təhlükəli xəstəliklər də yayılıb, onlara qarşı hansı tədbirləri almışdınız?
– Biz ora getməzdən əvvəl Sankt-Peterburqda özümüzə sarı qızdırmaya qarşı peyvənd etdik. Bu, on il müddətində bədəndə aktiv olan xüsusi peyvənddir. Orda olanda isə gündəlik yüksək dozalı antibiotiklər qəbul edirdik. Afrikalıların orqanizmi o mühitdə olan bir çox mikroblara qarşı immunitet əldə edib, biz isə onların bədənlərinin müqavimət göstərdiyi adi mikrobdan ciddi xəstələnə bilərdik. Bir də malyariya ağcaqanadından qorunmaq üçün bədənimizə xüsusi kremlər sürtürdük. Düzdür, buna əvvəlcə riayət edirsən, ancaq sonra baş qarışır, adam səhlənkarlıq edir.
– Mədəniyyətləri necədir, yenə yarıçılpaq vəziyyətdə gəzirlərmi?
– Onlarda bizdə olan "ayıb" anlayışı fərqlidir. Çayda kütləvi şəkildə çılpaq çimərlər, yolda heç kimə fikir vermədən tualet ehtiyaclarını ödəyərlər, bəzi bölgələrdə qadınlar sinəsi açıq, kişilər də tam çılpaq halda gəzirlər. Bəzi tayfalar barəsində deyirdilər ki, hamının qarşısında intim münsibətdə belə olurlar.
– Bizimlə onların adətləri çoxmu fərqlənir? Fərq nə qədər kəskindir?
– Adətlər çox fərqlidir. Dəbdəbəli həddi buluğ mərasimləri keçirirlər. Hamar tayfasında yeniyetmə oğlanın tayfanın tamhüquqlu üzvü, "böyük kişi" statusu alması üçün böyük bir mərasim təşkil olunur. Yeniyetmə yan-yana düzülmüş öküzlərin üzəri ilə tam çılpaq vəziyyətdə yıxılmadan qaçmalıdır. Bunu bir neçə dəfə təkrar edir. Bu sınağı uğurla yerinə yetirsə, ona ailə qurmaq, qəbilənin daxili işlərində iştirak etmək hüququ verilir. Suri tayfasında gənclər bunun üçün əllərində çubuq tam çılpaq vəziyyətdə bir-biri ilə döyüşürlər. Qorxmadan bunu edən şəxs böyümüş sayılır. Belə mərasimlərdə qızlar cəm olub özlərinə gələcək həyat yoldaşı seçirlər. Bizim də belə mərasimləri müşahidə etmək şansımız oldu. Ancaq onu da deyim ki, bu çubuq döyüşü zamanı ölüm halları da olur. Bəzi tayfalarda vəhşi heyvan ovuna çıxıb yırtıcını öldürməlisən. Masayilərdə, məsələn, belədir. Bəzi tayfaların kişiləri düşmən qəbiləsindən öldürdükləri insan sayı qədər çiyinlərinə xüsusi işarə döyəcləyirlər. Masayi cavanları öldürdükləri şirin dərisindən kürk düzəldib fəxrlə əyinlərinə geyinirlər.
– Onların gözəllik anlayışı necədir?
– Mursi və Suri tayfasında qadın gözəlliyinin əlaməti olaraq alt dodaqlarını deşib ora gildən, ya taxtadan lövhələr keçirirlər. Bəzilərində bu lövhənin diametri xeyli böyük olur. Bəzi tayfaların xanımları saçlarını keçəl qırxırlar. Hamar xanımlarının bellərində, sinələrində, qollarında dərin qamçı izlərini görərsən. Üzlərini təbaşirlə boyayırlar, saçlarını palçıqla hörürlər. Bəziləri dərilərini zədələyib şişlər əmələ gətirir, çərtib altına kiçik böcəklər qoyurlar. Tədricən yara sağalır, ancaq yerində şişkinlik əmələ gəlir. Bu cür bədənlərində xüsusi naxışlar işləyirlər. Bu, onların aləmində gözəllik əlamətidir. Bu əlamətləri olan xanımların elçiləri də çox olur.
– Dini inancları haqqında nə demək olar?
– Qəbilə dinləri də var, xristianlıq da yayılıb. Bəzi məntəqələrində müsəlmanlar yaşayır. Animistlər də az deyil, ruhların kainatı idarə etdiyinə, əcdadlarının qüdrətinə inananlar, təbiəti tanrı hesab edənlər və s. Din, dünyagörüşü fərqliliyinə baxmayaraq, ümumi olaraq yaxşı-pis anlayışı bizimlə eynidir.
– Maraqlıdır... Məsələn, söhbət hansı yaxşı-pis anlayışlardan gedir?
– Mən o tayfaların, qəbilələrin içində olanda nəyi pis, nəyi yaxşı hesab etdikləri ilə maraqlandım. Yalanı, zülmü, kobudluğu, eqoistliyi, xəyanəti, vəfasızlığı, oğurluğu, günahsız yerə qətli pis bilirlər, Ədaləti, əmanətdarlığı, sədaqəti, fədakarlığı da təqdir edirlər. Eynilə bütün insanlar kimi. Əxlaqi dəyərlərin, yaxşı-pis anlayışlarının, ədalət və zülm kimi fundamental mənəvi anlayışların dərkinin irqi mənsubiyyət, çoğrafi mövqe ilə əlaqəsi yoxdur. İnsan yaradılışdan bu cür düşünür, bu cür hiss edir. Bütün əxlaq, hüquq sistemi də məhz bu insani dərkin, hissin üzərində qurulur.
– Afrika deyəndə zehnə gələn şeylərdən biri də meymunlar, qorillalardır. Deyilən qədər çoxdurlarmı?
– Ən çox gördüyümüz heyvanlardan biri də müxtəlif növ meymunlar idi. Maşınların içinə girir, əlindən telefonunu, çantanı alıb qaçırdılar. Bəziləri aqressivdir, insana belə hücum edirlər. Yolların kənarı, ağacların üzəri meymunlarla dolu idi. Maşını saxlayanda üstünə doluşurdular. Uqandada çox qalın Bvindi meşələrində nəsli kəsilməkdə olan nəhəng dağ qorillaları yaşayır. Ümumi sayları bir neçə yüzə çatır. Onlara çox yaxınlaşmaq təhlükəlidir. Bələdçilər deyirlər ki, əgər böyük qorilla dikəlib gözünüzün içinə baxsa, gərək baxışlarınızı yayındırasınız, yerinizdən tərpənməyib sakit vəziyyət almalısınız. Əks halda sizə hücum çəkə bilər.
– Hind okeanı sizdə hansı təəssüratı oyatdı?
– Hiss edirsən ki, sonsuzluqdur, dənizdən fərqlidir... Suyu çox şəffafdır, durudur. Qumu ağappaq və çox narındır.
– Kimsəsiz adalarda oldunuzmu?
– Adalarda olduq, ancaq kimsəsiz deyildi. Çox az da olsa, sakinləri vardı. Ancaq kimsəsiz adalar da çoxdur. Bir adada çox böyük, belimizə qədər hündürlüyü olan tısbağalar gördük. Başqa bir ada əvvəl zindan olub, indi isə yerində hotel tikmişdilər, orada da olduq. Ən maraqlısı, ən çox bəyəndiyimiz yer Zanzibar oldu. Bu adada məşhur musiqiçi Freddi Merkuri dünyaya gəlib. Onun yaşadığı evi də ziyarət etdik.
– Okeanda üzdünüz?
– Hind okeanına gedəsən, üzməyəsən?! Motorlu bir qayıq tutduq və bir neçə dəfə okeana çıxdıq. Okeanın düz ortasında çimməyin öz zövqü var, sonra adaların sahilində də çimmək imkanımız olurdu. Riflərin yanında üzəndə ətrafında müxtəlif rəngli balıqlar qaynaşır, onların arasında üzürsən.
Jinja məntəqəsindən keçən Nil çayında da üzmək şansımız oldu. Nilin qaynağı olan bu yerdə qayıqla bir neçə saatlıq çay gəzintisinə çıxdıq. Buralar özünün ekstrim idman sayılan raftinqləri ilə məşhurdur. Raftinq təhlükəsini burada tamlığı ilə hiss edirsən.
– Vəhşi heyvanların hücumuna məruz qalmadınız?
– Xeyr, safari maşınlarında gəzdiyimizdən, bir də təhlükəsizlik tədbirlərinə riayət etdiyimizdən belə bir hal olmadı. Yolda qarşımıza müxtəlif heyvanlar çıxırdı. Çoxlu antiloplar, zürafələr, fillər, yırtıcılarla qarşılaşırdıq. Bir dəfə qaldığımız lodca bir fil gəlmişdi. Əlbəttə, Afrikanın hər yerində heyvanlar eyni miqdarda deyil. Hər məntəqənin özünə uyğun heyvan, quş, bitki mühiti var. Bəzi məntəqlərində heyvanlar daha çoxdur. Məsələn, Serengetidə çox müxtəlif heyvan növləri var. Nqoronqoro deyilən çox maraqlı bir məntəqə var. Bu, Aruşanın yaxınlığında çox qədimdə yaranmış vulkan krateridir. Böyük vulkan püskürəndən sonra yerində böyük bir çökəklik əmələ gəlib. Kraterin dərinliyi 610 m, diametri 20 m-ə yaxındır. İçinə düşmək üçün yalnız bir-iki yol var. Dik aşağı enirsən, o boyda hündürlükdən aşağı düşdükcə kraterin dairəsini, ortasında olan gölü, çayı, kraterin sinəsində bitmiş sıx və çox hündür ağacları müşahidə edirsən. Möhtəşəm mənzərədir. Ən möhtəşəmini isə kraterin dibinə düşəndə seyr edirsən. Dibində gözəl bir göl var, flaminqoların, begemotların yaşadığı bir göl. Kraterin dibində böyük bir dövrə vurursan. Dövrə vurduqca ortada cəmləşmiş on minlərlə müxtəlif heyvanı seyr edirsən. Deyirlər ki, burada otuz minə yaxın heyvan toplanıb. Yaşayışları üçün hər şey olduğundan buradan heç bir yerə getmirlər. Afrikada ən çox heyvan sıxlığı müşayiət edilən yerdir. Sağına-soluna baxırsan, antilop, qnu, zebr sürülərini görürsən. Şir, fil, kərgədanlar belə mövcuddur. Ən çox şiri burda gördük. Bircə zürafə yoxdur. Deyirlər ki, boyları çox uzun olduğundan elə yüksəklikdən kraterin dibinə düşə bilmirlər.
– Bu vəhşi heyvanların içində insanlar yaşayır?
– Nqoronqoroda masayi tayfasının bir kəndini gördük. Kənd yırtıcı heyvanlardan qorunmaq üçün hündür taxta hasarlarla mühasirə olunub. Biz kəndə girdik, evlərində olduq. Masai döyüşkən xalq sayılır, çiyinlərinə qırmızı örtük salırlar. Hündürə tullanaraq rəqs edirlər, şir ovuna çıxırlar. Karamaconqlarda olduğu kimi bu kəndə də girəndə bizi rəqslərlə qarşıladılar. Əynimizə əvvəlcə öz geyimlərini keçirdilər. Sonra bir nəfər buynuzdan olan şeypur çaldı, kənd camaatı hasarlardan çölə, kəndin xaricinə çıxdılar. Bu şeypurdan çıxan səs əsasında masayilər nə etmək lazım olduğunu bilirlər – bəzən təhlükə, bəzən mühüm tədbirə dəvətdir. Hamısı çıxandan sonra mahnı oxumağa, rəqs etməyə başladılar. Daha sonra kəndə girdik. Evlərini, təsərrüfatlarını gördük.
– Ümumiyyətlə, bütün səfər zamanı sizi ən çox təəccübləndirən və ya diqqətinizi cəlb edən nə oldu?
– Uqandada Kilimancaro dağlarına tərəf hərəkət edirdik. Yolda bələdçi bizə burada balaca bir məscid olduğunu dedi. Çox maraqlı gəldi. Maşından düşüb məscidə daxil olduq. Orda məscidə bitişik kiçik birotaqlı mədrəsə də fəaliyyət göstərirdi. Mədrəsənin yeganə çox gənc bir müəllimi vardı. Onunla görüşdüm. Bu cavan bütün işini-gücünü buraxıb bu unudulmuş yerlərə kimsəsizləri himayə etmək, balaca uşaqlara dərs demək üçün gəlmişdi. Bu gənc mədrəsədə oxuyan balaca uşaqlara Quran, əxlaq dərsləri keçməklə bərabər, onlara maddi, mənəvi dayaq da olur. Uşaqların müəllimlərinə hədsiz bağlı olduqlarını, onun sözünə çox dəyər verdiklərini gördüm. İcazə alıb mədrəsəyə daxil oldum, qız-oğlanın birgə oxuduqları bu kiçik otaqda mənəvi bir ab-hava var idi. İçəri girən kimi hamısı ayağa qalxıb bizi salamladılar. Quran dərsi idi. Uşaqları özümüzlə gətirdiyimiz konfetlərə qonaq etmək üçün müəllimlərindən icazə aldıq. İcazə verdikdən sonra konfetləri payladım. Təəccübümə səbəb olan məqam onların yerlərindən tərpənməmələri idi. Mən Afrikada indiyə qədər belə bir hal görməmişdim. Hansı bölgədə yerliləri şirniyyata qonaq etmək istəyirdiksə, o zaman nəinki balacalar, hətta böyüklərin belə üzərimizə hücum çəkdiklərinin dəfələrlə şahidi olmuşdum. Bəzən əlimdən konfetləri alıb öz aralarında dava edirdilər. Bir dəfə az qala məni də yıxacaqdılar. Ancaq bu mədrəsədə balaca uşaqların nəfslərinə necə hakim olduqlarını gördüm. Heç biri yerindən tərpənmədi. Qabaqdakı partanın arxasında ayaq üstə durmuş oğlana yaxınlaşdım. Konfeti uzatdım. Yenə də əlini uzatmadı. Onda anladım ki, müəllimin şəxsən ona icazə verməsini gözləyir. Yalnız müəllimin razılığından sonra əlini uzadıb bir ədəd konfet götürdü. Eyni qaydada bütün şagirdlər bir ədəd konfet götürüb təşəkkür etdilər. Hətta azyaşlı balaca qız uşaqları belə eyni ədəblə rəftar etdilər...
Əsas mənəvi tərbiyədir. Bu olduğu zaman bütün çətinliklərə, məhrumiyyətlərə tab gətirmək olar...
– Getdiyiniz yerlərdə Azərbaycan barədə nə dərəcədə məlumatlı idilər? Bununla bağlı siz özünüz nələr etdiniz?
– Adətim üzrə, bütün səfərlərdə qarşılaşdığımız insanlardan ölkəmiz barəsində soruşuram. Tanımayanlara imkan daxilində məlumat verməyə çalışıram. Təəssüf olsun ki, Afrika ölkələrində Azərbaycan barədə elə də məlumatları yoxdur. Bunun bir səbəbi onların sivilizasiyadan uzaq düşmələridir. Ünsiyyətdə olduğumuz hər kəsi ölkəmiz barədə məlumatlandırmağa çalışırdıq. Sözarası Qarabağ münaqişəsi barədə də danışırdıq. Afrika səfərində üzərində ölkəmizin bayrağı, xəritəsi, adı yazılmış köynəklər geyinirdik. İstəyirdik ki, səfər müddətində bizi görən insanlara ölkəmizi təbliğ edək. Bəzən olurdu ki, yaxınlaşıb bizdən ölkəmiz barədə maraqlanırdılar. Eyni zamanda artıq bütün Afrika səfərləri üçün bir qayda halını alıb – getdiyimiz bölgələrdə yaşayan insanlara üzərində ölkəmizin atributları olan, Azərbaycan, Xocalı, Qarabağ, Şuşa kimi sözlər yazılmış köynəklər hədiyyə edirik. Həm adətimizə uyğun qonaq gedəndə əliboş getmirik, həm də ölkəmizi də tanıtmış oluruq. O insanların geyimə böyük ehtiyacları var, cırılıb dağılmayana qədər əyinlərindən çıxartmazlar. O tayfaları müxtəlif ölkələrdən bloqerlər, media işçiləri, jurnalistlər, elmi işçilər ziyarət edirlər. Onların çəkdikləri foto və videolarda, sənədli filmlərdə bunun əks olunması ölkəmizin dünya səviyyəsində təbliğinə dəstək olar.
– Sonda istərdim Afrika ilə bağlı yazacağınız kitabın nə zaman çap olunacağını öyrənim.
– Hələlik məlumatların toplanılması mərhələsindəyəm. Kifayət qədər məlumat əldə etmişəm. Ancaq dəqiq tarix deyə bilmərəm.
Rövşən Abdullaoğlunun Afrika səfəri ilə bağlı videonu izləmək üçün üstünə klikləyin:
İlkin İzzət
Milli.Az
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23