“Karantin günlərində mənfi informasiyalardan izolyasiya olunmaq lazımdır. Daha çox pozitiv düşünək”
“Aktivliyimizi karantin müddətində də qorumaq lazımdır”
Koronavirus pandemiyasından qorunmaq məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar həyat fəaliyyətimizdə kəskin dəyişikliklər özünü göstərir. Bəzən insanlarda psixoloji problemlər, narahatlıqlar yarana bilir. Bunun səbəbi isə infeksiya ilə bağlı yaranan qorxu, həyəcan kimi mənfi hallardır. Gündəlik həyatımıza qayıtmağın imkansız görünməsi depressiya və özünə qapanma durumlarına gətirib çıxarır. Ona görə də psixoloqların məsləhətlərinə ciddi şəkildə ehtiyac duyulur. Onların tövsiyələri gərginlik və stressin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Psixoloqlar kritik günlərdə canlı yayımlar açaraq “online” konfranslar təşkil edirlər. Rəsmi səhifələrində insanlarla faydalı ola biləcək danışıqlar aparırlar.
Həmin təşəbbüslərdən birinə də tanımış yazıçı, psixoloq Rövşən Abdullaoğlu imza atıb. O izləyicilərinə psixoloji tövsiyələr verərək gərginlikdən uzaq durmalarını məsələhət görür.
Biz də "Sherg.az" olaraq karantin günlərində yaranan psixoloji problemlərin aradan qaldırılması və insanlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı R.Abdullaoğlu ilə həmsöhbət olduq:
– Bir psixoloq kimi hazırkı vəziyyətdə yaranan stress və gərginliyin səbəbini nə də görürsünüz?
– Həyat tərzimizin kəskin surətdə dəyişməsi ilə əlaqədardır. İnsan azad varlıqdır. Dünənə qədər istədiyimiz yerlərə gedib işlərimizi görə bilmişik. Səhərdən axşama qədər fəaliyyətdə olmuşuq. Bu da bizim başımızı qatıb. Yəni həyat bu cür davam edib. Ancaq karantin şəraiti öyrəndiyimiz rutindən tamam fərqlidir. İnsan müstəqilliyinin olmadığını hiss edir. Azadlığın əlindən alınması, istədiyi işi görə bilməməsi təşvişə səbəb olur. Çalışan insanlar arzu edirdilər ki, bir neçə gün istirahət edək. Öz iradəmizlə , könüllü şəkildə evdə qalanda elə də sıxıcı olmur. Amma hiss edəndə ki evdən çıxa bilmirlər stress yaranır.
– Bəs gərginliyin yaranmaması üçün nə etməliyik?
– İlk tövsiyəm odur ki, pessimist xəbərlərdən uzaq dursunlar. Karantin günlərində mənfi informasiyalardan izolyasiya olunmaq lazımdır. Evdə səhərdən axşama kimi pandemiya ilə əlaqəli xəbərlər izləyirlər. Adam daha da vahimələnir. Beyninə taleyi, yaxınları, əzizləri barədə mənfi fikirlər gəlir. Düşünür ki, karantin bitməyəcək. Uzun müddət davam edəcək. Birinci mərhələdə pessimist xəbərlər məhdudlaşdırılmalıdır. Ancaq məlumatsız qalmaq da düzgün deyil. Etibarlı xəbər portallarına baxmaq olar. Lakin uzun müddətli olmasın. Mənfi fikirlərdən özümüzü qoruyaq. Daha çox pozitiv düşünsünlər.
Karantinin qısa müddətli olduğunu fikirləşsinlər. Nə vaxtsa sonu gələcək. Biz sosial varlığıq, aktivliyimizi bu müddətdə də qorumağa çalışmalıyıq.
– Necə?
– Video konfrans proqramları üzərindən qohumları, iş yoldaşları ilə bağlantı qura bilərlər. Hər hansı bir mövzunu müzakirə etsinlər. Sosial şəbəkələrdə fəaliyyət göstərsinlər. Aktivliyimizi karantin müddətində də qorumaq lazımdır. Bir də mühüm məsələ var. Bu müddətdə günlük rejim pozulub. Məsələn sabah işin olmadığını bilərək gecə yarısına qədər oyaq qalırlar. Səhər də gec oyanırlar. Gecə gündüzün dəyişməsi psixikanı korlayır. Həm də fiziki cəhətdən tükəndirir. İnsan həyatının mənasız olduğunu düşünür. Bu xaos da bezdirici ola bilir. Tövsiyəm ondan ibarətdir ki, bacardıqları qədər rejimə riayət etsinlər. Normal vaxtda yatıb dursunlar. Karantin bitəndən sonra normal həyatlarına qayıda bilməyəcəklər. Çətinlik çəkəcəklər. Gecə gündüz normalarına əməl etsinlər. Fiziki aktivliyi qorumaqlarını tövsiyə edirəm. Karantin müddətində passiv həyat tərzi insanı tükəndirir. Bunun üçün müəyyən hərəkətlər edə bilərlər. Monotonluğu aradan qaldırmaq məqsədilə sadə hərəkətlərlə məşğul olsunlar. Otağı tez- tez havalandırsınlar. İstərdim ki, karantin müddətini fərdi inkişaf mövzularına həsr etsinlər.
– Məsələn, nəyə?
– İxtisaslarını artırmaq üçün “online” təlimlərə qoşula bilərlər. Mütaliə ilə məşğul olsunlar. Karantindən əvvəl fikirləşirdilər ki, bir neçə gün fürsət olsun evdə oturaq. Yarımçıq qalmış işlərimizi görək, oxumaq istədiyimiz xeyli kitab var. Bu bir növ fürsətdir. Çalışmaq lazımdır ki, kitab oxuyaq, mütaliə edək. İnternetdə sənədli filmlər izləyək. Bütün bunları karantin müddətində həyata keçirə bilərik. İşlərimizi görərik. Birdəki pozitivə köklənmək lazımdır. Ailədə hamı bir-birinə təsir edir. Əgər üzvlərdən biri bədbin düşünsə, təbii ki ətrafında olan əzizlərinə də təsir edəcək. Ona görə pozitiv olsunlar. Beyinlərinə mənfi gələn fikirləri uzaqlaşdırsınlar. Ünsiyyətdə olduqları insanlara da müsbət düşünməyi tövsiyyə etsinlər. Bütün bunlara riayət etsələr, psixikamızın stabilləşməsinə, gərginlikdən qurtulmağımıza kömək olacaq.
– Sizcə, karantin günlərində kitablara maraq daha da artacaqmı?
– Kitaba yönlənməlidirlər. Kitabın faydası karantin günlərində daha çoxdur. Birincisi, kitab insanı öz aləminə alır. Bir növ fikrini koronavirusdan, izolyasiya olunduğundan daşındırır. İkinci faydası isə kitab elmimizi artırır. Biliyimizi çoxaldaraq fərdi inkişafa təsir edir. İnsanlar kitab oxumaq üçün fürsətlərinin olmağını gözləyir. Ancaq karantin müddətini bacardığımız qədər dəyərləndirmirik. Kitabdan çox istifadə etmirik. Bunun bir neçə səbəbi var.
– O səbəblər hansılardır?
– Birincisi, odur ki beynimiz panik fikirlərlə xeyli qarışıb. Ona görə də kitaba yönələ bilmirik. Oxumaq istəyirik , amma fikrimiz yayınır. Yenə də qorxuyla məşğul oluruq. Bu səbəb olur ki insanlar mütaliə etməsin. Bundan əlavə çalışırlar ki, daha çox xəbərlərdən agah olsunlar. Televiziya verilişlərinə yonəliblər. Sosial şəbəkələrdə məlumatlar axtarırlar. Bu da bizi kitabdan ayırır. O kəslər ki mütaliəni həyat tərzinə çevirməyib, vərdiş halına almayıb. Onların da karantində kitab oxumaqları çətinləşir. Ona görə bu müddəti dəyərləndirmək lazımdır. Hər hansı gözəl vərdişi özümüzdə yaratmağın ilkin mərhələsi çətin olur. Bir neçə müddət icra edəndən sonra adət halı alır. Bu zaman kitabdan zövq almağa başlayırıq. Tövsiyəm odur ki, maraqlı kitablar oxusunlar. Bəzən özümüzə uyğun kitabı seçmədiyimizə görə də oxumuruq. Bu zaman tez həvəsdən düşürük. Maraq dairəmizi müəyyən etməliyik. Hansı kitab mənimdir, hansı yazıçı uyğundur. Elə bir insan yoxdur ki onun maraq dairəsində bir kitab olmamış olsun. Düzgün seçimlə həvəs də yaranacaq. Karantin müddətinin necə gəlib keçdiyini bilməyəcək.
– Yəni karantinin müsbət tərəfləri də var...
– Bəli, bir tərəfdən də gözəl fürsətdir. Yarımçıq qalan işlərimizi görə bilərik. Gözəl adətlər yarada bilərik. Psixologiyada belə bir şey var 20-21 gün hər hansı işi mütəmadi olaraq görsək, vərdişə çevrilir. Karantin müddətində tərtib olunmuş proqramla bir saat, iki saat kitab oxuya bilərik. Beləliklə, mütaliə vərdişinə yiyələnmiş şəkildə karantin günlərindən çıxacağıq.
– Elə insanlar var ki, əvvəllər xeyli kitab oxuduğu halda sonradan bu vərdişi itirir.. Yenidən mütaliəyə qayıtmaq üçün nə etmək lazımdır?
– Ümumiyyətlə, hamının müəyyən işi var. Hər kəs peşə sahibidir. İşlərin fonunda kitabla təmasımız olmalıdır. Heç olmasa, yarım saat boş vaxtımız olur. Bu zamanın 10 dəqiqəsini kitab oxuyaraq keçirməliyik. Kitab əlinin altında olanda, bir iki səhifə oxuyanda vərdiş itmir. Ancaq fikirləşirik ki oxumaq üçün dörd- beş saat boş vaxtımız olsun. Gərək tətilə çıxaq. Çoxları kitab mütaliəsini yay tətilinə saxlayı. Səhv fəlsəfədir. Kitabı hər gün oxumaq lazımdır. Sadəcə olaraq işimizlə əlaqəli müddəti dəyişə bilər. İş çoxdursa 10 dəqiqə, istirahət günüdürsə bir saat oxumaq olar. Yay tətilində üç saat. Mütəmadi olaraq kitab oxumalıyıq sadəcə vaxtı işə görə tənzimlənməlidir.
Belə olsa vərdişə çevrilir. Kitabla əlaqəli mühüm bir məqamda var. Əksər mütaliə edən oxucular ailəsində uşaqlıqdan kitabxana görmüş insanlardır. Uşaqlara bu vərdişi aşılayanda o qədər bağlanırlar ki, böyüyəndə işləri çox olsa belə mütaliə edirlər. İnsan psixologiyasında bir məqam var. Bizlər əhəmiyyətli hesab etdiyimiz işləri görürük. Zövq aldığımız işlərlə məşğul oluruq. Amma elə də olur ki işdən zövq almasalar da, məvacib aldıqları üçün işə gedib gəlirlər. Ona görə ki o işdə fayda görürlər. Sevdiyimiz işlər də var. İnsan fayda görməsə də onunla məşğul olur. Məsələn fastfood qidalardan fayda almasaq da sevdiyimiz üçün yeyirik. Deməli iki xüsusiyyət insana xassdır: fayda görməliyik və həzz almalıyıq.
Kitaba maraq yaransın deyə onun faydasını düşünməlidirlər. Sevdiyi, ürəyinə yaxın olan əsərləri oxumalıdırlar. Sonra başlayacaqlar mütaliəyə...
– Bəs sizin yaradıcılıq işləriniz necə gedir?
– Karantin mənim üçün fürsət oldu. Əvvəl ictimai işlər, verilişlər, çəkilişlərimiz çox olurdu. Yarımçıq qalan araşdırma işlərim var, əsərlərimi tamamlayıram. "Ləpirci" adlı romanım işıq üzü görəcək. Hazırda redaktə mərhələsindədir. Antarktida səfərimlə əlaqədar yeni əsərim var. Onunla bağlı araşdırmalar və kitab mütaliələri etməliydim. Həmin işləri tamamlayıram. Çalışıram ki karantin günlərini faydalı keçirim. Belə də alınır...
– Dediniz ki, xəbərlərdə pozitivə köklənməliyik. Bəs kitablarda necə?
– Hər kitab məsələhətli deyil. Zərərli kitablardan uzaq olaq. Bədbinlik gətirən, pessimist kitablar oxumayaq. Tövsiyyə edərdim ki, fərdi inkişaf və psixoloji mövzulu kitablarla maraqlansınlar. Son vaxtlar insan psixologiyası ilə əlaqəli, müsbət enerjili, xarakterdəki qüsurların aradan qaldırılması ilə bağlı çoxlu kitablar yazılıb. Onları oxuya bilərlər. Həm elmi, həm də insan üçün praktiki faydası var. Karantin insanlara özünü tanıma fürsəti verir. Özünü tanıyan insan panikaya düşməz, beyninə gələn mənfi fikirlərlə mübarizə apara bilər. Fərdi inkişaf və psixologiya kitabları bu imkanı verir. İnsan artıq bilir ki, mənfiliklər hardan yaranır. Narahatlıqların kökü nədədir. İnsanların gizli hissləri var ki, emosional psixoloji kitablar üzə çıxarmağa kömək edir. Bu mövzuda kitabları çox məsləhət görərdim...
Samirə Ərəbova
https://sherg.az/x%C9%99b%C9%99r/123891
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23