Bizimyol.info-nun müsahibi tanınmış yazıçı Rövşən Abdullaoğludur. Rövşən Abdullaoğlu ˝Bu şəhərdə kimsə yoxdur˝, “Çətin olsa da, həyat davam edir”, “Relslər üzərinə uzanmış adam, “Abaddon” “Arxadakı körpüləri yandırın” “Zamanı necə yeyək” və digər bestseller kitablarının müəllifi olmaqla yanaşı, həm də səyyah və bloggerdir. Deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Bu günkü müsahibimiz həm çox oxuyub, həm çox yazıb, həm də çox gəzib. Bu günlərdə Antarktidaya səfərdən dönən səyyahımızla bu maraqlı səfər barədə söhbət edirik. Müsahibəmizin ilk yarısında biz yalnız Antarktida səfəri barədə danışdıq. Bu linkə daxil olmaqla tanış ola bilərsiniz.
Müsahibənin davamında isə Rövşən Abdullaoğlunun yaradıcılığı barədə söhbət edirik.
– Ayağınızı torpağa basmaq üçün darıxmırdınız?
– Mən bütün səfərlərimdə vətənim, evim üçün darıxıram. Ailəm, iqlimim üçün. Ən çox da qidalarımız üçün darıxıram.(gülür) Kampda qalanda bizə yalnız su götürməyə icazə verilirdi, içi donmayan qablarda. Mən də həmin suyu götürməyi unutmuşdum, həmin gecə ac-susuz qalmalı oldum. Deyə bilərsiz ətraf hər yer qar, aysberq. Niyə susuz qalırsan. Aysberqin yalnız ortasında su şirin olur. Kənarları okeanla təmas edir deyə duzlu dadır. Ətrafda da çoxlu sayda pinqvinlər dolaşır və onların ifrazatı dəydiyi üçün qar təmiz sayılmazdı. Ən azından mən toxunmadım.
– Sizə baxınca Jül Verni xatırladım. Bildiyimə görə, Jül Vern ömrü boyu gəmi səyahətinə çıxmayıb, Fransanın sərhədlərindən kənarda olmayıb. Amma onun “Kapitan Qrantın uşaqları” romanı ilə bütün dünyanı xəyali səyahət etmiş olursan, dənizlərdən fırtınalardan keçirsən. Sovet Dönəmində ədəbi tənqid deyək ki, sosialist həyatının tərənnümünü qoyub Afrikada hansısa bir şəxsin həyatından yazılmasını qəbul etmirdi. İndi necə, ədəbi tənqid buna yol verirmi?
– Bilirsinizmi mən düşünürəm ki, bizim insanlarımız öz ölkəmizi, onun bütün problemlərini, ənənələrini xırdalıqılarına qədər bilirlər. Mən əlbəttə, lazım gəldikcə öz məqalələrimdə bu məsələlərə toxunur, onlardan yazıram. Ancaq ədəbiyyata gəlincə onu deməliyəm ki, mən çalışıram həm insanların dünyagörüşünü artırım, həm də o yazını özümüzünküləşdirim, ora bizdən də bir şeylər qatılsın. İstəyirəm getdiyim yerin insanını menim gözümlə görsünlər.Məsələn “Relslər üzərində uzanan adam” romanında mən Bosna-Hersoqovinadan yazmışam, “Abadan” əsərində İrlandiyadan yazmışam. Amma bu yenə lokal mövzü deyil, qlobaldır. Mən Serebrenitsadan yazanda müharibənin dəhşətlərindən yazmışam və ya sevgidən yazanda bu ümumi sevgidən bəhs etməkdir. “Reslər üzərində uzanan adam” onu demək istəyi ki sevgi dünyanı qurtaracaq- İstər ananın balaya sevgisi olsun istər qadın – kişi münasibətləri olsun. “Abadan” əsərində xoşbəxtlik dalınca miqrant həyatına üz tutan və xoşbəxt ola bilməyən insanlardan danışmışam, vətəni heç bir məbləğ müqabilində satmamaq və ya təmənnasız sevməyin mümkünlüyü barədə insanı düşündürməyə çalışmışam. Burda bizim ölkəmizə mesaj yoxdurmu? İndi üzərində işlədiyim əsər Afrika və ordakı xalqlara aiddir amma içində Azərbaycana da mesajlar var. Mənim üçün yer məkan yox platform önəmlidir.
– Maraqlıdır ki, bu qədər səfərlər və səyahətlərin maddi qarşılığını ala bilirsinizmi?
– Məsələn Antarktida səfəri çox bahalı səfəridir. Mən bu səfərdən tamlıqla istifadə etdim. Antarktidanın bir də elə yerlər var ki, ora yalnız vertolyotla getmək mümkündür və bunun üçün 50 000 dolar və xüsusi icazə lazmdır. Əfsus ki, mən o yerlərinə gedə bilmədim. Bilirsiniz, bizdə insanlar kitab növbəsində dayanacaq qədər həvəskar oxucu deyillər. Bizdə kitablarının çox satılması da yazıçıya o imkanı vermir ki, belə səfərlər etsin. Mənim üçün səyahət araşdırmadır. Bu bir yazıçının qidası kimidir. Mən səfərlərimi bu işə, araşdırmalara dəyər verən sponsorlar vasitəsilə etməyə çalışıram. Səyahətlərə tökdüyü pul qədər maddi qayıdışı olan blogger mən tanımıram.
– Bəs səyahət zamanı çəkdiklərinizi müxtəlif kanallara xarici jurnallara sataraq qazanc əldə etməyi düşünmüsünüz?
– Mən peşəkar operator və fotoqraf deyiləm, aparaturalarım da buna imkan vermir. Amma sırf bu məqsədlə səfərə çıxanlar olur. Bu mənada sizin dediyiniz kimi gərək bir qədər “dəli” olasan. Əks halda bu həyat tərzini qavramaq çətindir. Səfərlərimdən şəxsi maddi gəlir barədə düşünməmişəm, əksinə xəstələnib bir az zəifləyib qayıdıram. Səfərlərin çətin tərəfləri də vardır. Mən sadə yaşam tərzi olan bir insanam.
– Bir yazıçı demişdi insanların yaşdığı bütün duyğuları hiss etmək üçün istəyirəm məni bıçaqlasınlar, küçədə yatım, həbs olunum.
– Yazıçı ilk növbədə yaxşı psixoloq olmalıdır, insanları anlamaq, empati qurmaq, öz içində gedən prosesləri anlamaq qabiliyyəti olmalıdır. Yaxşı müşahidlərin olmalıdır. Baş verən hisslərin nədən qaynaqlandığını dərk etməlidir. Bu olmadan o əsərin ruhu olmaz, süni alınar. Bu mənada yaxşı psixoloq bir manyakı da, əks cinsin duyğularını da, körpəni də anlayır. Bu anlamda elə jurnalistlər də insan psixologiyasını yaxşı bilməlidirlər. Mən dünyanı gəzirəm, siz insanların dünyasını. Bizim ruhumuzun isə cinsi yoxdur. Var olan bütün xüsusiyyətlərimiz cismimizlə bağlıdır, ruhlarımız isə eynidir
– Cism ruhun qəfəsdir bəs pis və yaxşı ruh varmı?
– Dünyaya gəlib bədənlə qovuşana qədər ruhun cinsi, pisi yaxşısı yoxdur. Torpağa məxsus cismlə qovuşduqdan sonra bu ruh nəfsə malik olur və bu dünyadakı xəyanətləri, qanları, müharibələri, qalmaqalları yaradır. İnsan yaranmazdan öncə Quranda sözü gedən mələklərin Allaha kiçik etirazı ruha deyildi, torpaqla birləşən yeni varlığa idi. Mələklər bilirdilər ki, ruh torpaqla qovuşunca onun içində şər oyanacaq.
– Bütün dahilərin istedadlı insanların bir qəribəliyi olub. Məsələn Salvador Dali, Van Qoq. Sizdə də bu varmı?
– Həyata baxışım fərqlidir.
– Bəlkə sizin inanclı bir insan olmağınız sizi fərqli edib, duruldub, kamilləşdirib. Sizdə əslində sanki Nəsimi ruhu var.
– İnsan düşünən canlıdır deyilər. Mən isə deyirəm insan düşünən mənəvi və ilahi canlıdır. Bu anlamda mənəvi ilahi baxışı əsərlərimdə də, davranışımda da, həyat tərzimdə də qorumağa çalışıram. Mən sadəcə ət parçaından ibarət canlı deyiləm. Belə düşünsəydim dünyanı gəzməyimin, tanımağımın mənası olmazdı. Elə fikirlərim var ki o dəyişmir. Ana sevgisi, vətən sevgisi. Amma müəyyən dəyişikliklərin olması mütləqdir. Bu ola bilər ailə, dünya siyasəti, səyahətlər, cəmiyyət, ədəbiyyatla bağlı olsun. Yaşla əlaqədar da dəyişirik, zövqlərimiz dəyişir, musiqiyə yanaşmamamız dəyişir.
İlhamə Rəsulova
https://www.bizimyol.info/az/news/220847.html
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23