– Deyirlər, Allah ağıllardan gizli deyil, bununla nə demək istəyirlər? Sualı başqa cür də verə bilərəm: Allahı qəbul etmək üçün xüsusi intellektə və ya elmi səviyyəyə ehtiyac varmı?
– Allaha inam məsələsi elə bir mövzudur ki, heç bir kənar amildən asılı deyil. Belə ki, bəzi məsələlər olur ki, onların inkar və ya isbatı üçün kənar amillərin araşdırılmasına, təcrübə edilməsinə, əlavə məlumatların öyrənilməsinə ehtiyac vardır. Lakin aləmin Yaradanının olub-olmaması mövzusu bu qəbil təcrübi məlumatların öyrənilməsindən asılı olan mövzulardan deyil. Ağılın ilkin prinsipləri olaraq bilinən mövzular var. Onların dərki heç bir vasitəyə ehtiyac olmadan birbaşa ağıl tərəfindən baş verir. Bütün insanlar ağıla malik olduqlarına görə onların hamısı bu ilkin prinsipləri rahatlıqla anlayırlar. Məsələn, "paradoks, yəni iki zidd və əks məsələnin eyni anda düzgün olması mümkün deyildir", "bir varlığın kamilliyə eyni zamanda həm sahib olması, həm də sahib olmaması mümkün deyildir", "bir ədədi ikidən əvvəldir", "dörd rəqəmi cütdür". Bu kimi hökmlərin dərki üçün heç bir təcrübi elm sahəsinin alimi olmağa gərək yoxdur. Təbiət və ucsuz-bucaqsız kainat kimi bir rəsmin də bir Rəssamının olması əvvəldə qeyd olunan məsələlər kimi ağılın qəbul etdiyi ilkin prinsiplərdəndir. Hansı ki, onun barəsində heç bir ağıllı insan şəkk edə bilməz.
Təbiət aləmində, kainatda möhtəşəm nizamın olması, göylər, yer və canlılarda olan mürəkkəblik Yaradanın zəruriliyinə dəlalət edir. Bu nizam və yaradılış mürəkkəblikləri o qədər möhtəşəm və dəqiqdir ki, insanda zərrə qədər də şəkk yeri qoymur. Hansı birimiz rəssamsız rəsm əsərinin şahidi olmuşuq?! Hər hansı bir rəsm əsərini görəndə, onun rəssamını əsərin yanında görməsək, belə beynimizə gələn ilk fikir budur: "Nə gözəl rəsm əsəridir, görəsən, bunun rəssamı kimdir?" Kimsə bizə "bu rəsmin rəssamı yoxdur. Öz-özünə çəkilib. Əgər rəssamı olsaydı, rəsmin yanında olardı" cavabını versə, biz onu ağıldan qüsurlu biri, intellektdən məhrum hesab edərdik. Bəs onda nəyə görə kağız üzərində çəkilmiş adi 2D rəsm əsərindən milyonlarca dəfə mürəkkəb və müdhiş olan 3D təbiət rəsminin rəssamsız, öz-özünə yarandığını düşünürük?! Sadəcə olaraq, rəssamını hazırda görmədiyimizə görə? "İş varsa, onu görən də vardır", "hərəkət varsa, onun mühərriki də vardır", "nizam varsa, onu nizama gətirən də vardır". Bütün bunlar hamının dərk etdiyi sadə məntiqi prinsiplərdir. Bu nəticələri çıxartmaq üçün əlavə araşdırmalara, təcrübi müqəddimə elmlərə ehtiyac yoxdur. Bütün bunlar Allah ağıllardan gizli deyil ifadəsinin izahıdır.
Ancaq bütün bunlar o demək deyil ki, Yaradanın mövcudluğunun isbatı üçün daha dərin əqli dəlillər yoxdur. Sadəcə olaraq, mövcud olan bütün dəlillər də ağılın ilkin prinsiplərindən, aksiomatik qaydalardan təşkil olunub.
– Ateistlər təbiəti, kainatı yaradan səbəbi, yəni sizin təbirinizcə desək, rəssamı onun özündə olan hansısa elementlərdə, cazibə kimi qüvvələrdə görürlər. Sizcə, bu yanaşma elə rəsmin rəssamının olmasını qəbul etməyin başqa formadakı təsdiqi demək deyilmi?
– Ateist alimlərin təbiətin rəssamını onun içində axtarmaları Mona Lizanın müəllifi olan Da Vinçinin rəsmin içində olduğunu düşünməyə bənzəyir. Sağlam ağılın məntiqinə görə hər hansı bir şeyi əmələ gətirən səbəb həmişə o şeyin özündən ayrı olmalıdır. Bir şey özü-özünü əmələ gətirə, yarada bilməz. Məsələn, rəssam kağız üzərində gözəl bir şəkil çəkir. Rəssam bu şəkli əmələ gətirən, şəklin çəkildiyi kağız isə təsiri qəbul edən səbəblərdir. Aydındır ki, rəssamla rəsm eyni ola bilməz. Məsələnin çox sadə olmağına baxmayaraq, bir çox hallarda insanlar əmələ gətirən səbəblə təsiri qəbul edən səbəbi eyniləşdirirlər. Məsələn, "təkamül nəzəriyyəsi"ndə olduğu kimi təbiəti və ya kainatı həm Yaradan, yəni rəssam, həm də qəbul edən bir tablo bilirlər. Əmələ gətirən səbəblə təsiri qəbul edən səbəbin fərqli olması qanununa görə kainatın və təbiət aləminin özündən qeyri bir yaradanı, əmələ gətirəni olmalıdır. Kainat eyni anda həm yaradılan, həm də yaradan, yəni həm səbəb, həm də nəticə ola bilməz. Buna görə də təbiətin əmələ gətirən, yəni onu yaradan səbəbini onun elə öz içində axtarmaq məntiqdən uzaqdır.
– Sözləriniz yadıma Qurandan "Məgər Allah barəsində şəkk etmək olarmı?!" ayəsini saldı...
– Hər hansı bir sahənin alimi əgər bütün bilikləri ilə birgə bu cür sadə və aşkar məsələni anlaya bilmirsə, deməli, ya bu məsələdə zehni çox qarışıb, fikirləri dolaşıb, ya da Allahı təsiri altında olduğu psixoloji amillər səbəbindən danır. Hər bir halda gərək sağlam məntiqi və intellekti kənara qoyasan ki, kainatın qüdrətli, elmli bir varlıq tərəfindən yaradılmadığını deyə biləsən. Hər şey çox aşkardır, şübhəyə belə yer yoxdur. Həzrət Əli (ə.s) Allahın varlığı barədə şəkkə düşən insanlar barəsində öz təəccübünü gizlədə bilməyərək deyərdi: "Çox təəccüb edirəm o şəxsə ki, Allahın yaratdıqlarını gördüyü halda Allahın mövcudluğuna şəkk edir". ("Nəhcül bəlağə", 126-cı hikmət.) Həmçinin başqa bir yerdə belə deyir: "İnsanın yaradılışına heyrətlənin! Çünki bu insan piy parçası (olan gözü) ilə görür, ət parçası ilə danışır, sümüklə eşidir və dəlikdən (burundan) nəfəs alır".
18-ci əsrin məşhur fransız maarifçisi Volter də Əli ibn Əbu Talib kimi belə insanlara qarşı eyni hisləri keçirir: "Mən Fransada çox gözəl təbiətşünas olan bir neçə ateisti tanıyırdım. Etiraf etməliyəm ki, təbiətin mexanizmlərini bu cür əla anlayan insanların bu mexanizmlərin hərəkətində aşkar surətdə idarə edən əlin mövcudiyyətini inadkarcasına danmaları məndə hədsiz heyrətə səbəb olurdu". (Volter, Fəlsəfə lüğəti, Ateist, II bölmə.)
Allahın yaratdıqlarını gördükləri halda Onun mövcudluğunu danan insanlara heyrətlənən Volter kimi mütəfəkkirlərin bu heyrətini Qurani Kərim daha təbii qarşılayır. Hətta onu belə bir formada dilə gətirir: "Məgər Allah barəsində şəkk etmək olarmı?! Bir halda ki, o göyləri və yeri yaratmışdır". Qurana görə göyləri, yeri və ətrafda mövcud olan fauna və floranın müxtəlifliyini görən bir şəxsin onların Yaradanını danması çox təəccüblüdür. Aydındır ki, əgər danan şəxs hər hansı bir elm sahəsinin mütəxəssisidirsə, onun bu inkarı daha çox təəccüb doğuracaqdır.
– Bəs onda Avropa insanı ateizmi niyə seçdi? Onları dindən üz çevirməyə vadar edən əsas səbəb nə idi?
– Avropada çox insan Allaha inanır. Ona görə də bütün Avropanın ateizmi seçdiyini demək doğru olmazdı. Bununla belə onlarda kifayət qədər dinə qarşı bədbinlik də müşahidə olunur. Bu da Avropanın uzun müddət katolik kilsəsi və din adı ilə fəaliyyət göstərən hakim dairələr tərəfindən əziyyətə məruz qalması ilə bağlıdır. Roma İmperiyasının sonuncu imperatoru I Feodosiy IV əsrin sonlarında xristianlığı imperiyanın vahid dini kimi təsdiq etdi. Ondan sonra katolik kilsəsinin başına keçən dünyapərəst Papaların Avropada hegemobluğu başladı: sərvət toplama, inkvizisiya məhkəmələri, xaç yürüşləri, cəmiyyətin bütün işlərinə zorakı müdaxilə, elm adamlarının təqibi və s. İnkvizisiya XIII əsrin əvvəlindən başlayaraq XIX əsrə qədər davam etdi. Bəzi mənbələrə görə bu altı-yeddi əsrlik kilsə məhkəməsi müddətində 10 milyon insan qətlə yetirilib. "Xaç yürüşləri" adı ilə təşkil olunan hücumlar nə az, nə çox, XI əsrdən XV əsrə qədər davam etdi. 1212-ci ildə uşaqlardan ibarət xaç yürüşü də təşkil olunmağa başlandı. Kilsənin Papanın göstərişi ilə başladığı "Albiqoy" müharibəsi ümumilikdə 1 000 000-a yaxın insanın qətlinə səbəb oldu. Kilsənin bu mövqeyi, hətta Rotterdamlı Erazm, Martin Lüter, Jan Kalvin kimi xristian ilahiyyatçılarının katolik kilsəsinin islah olunmasını tələb etmələrinə gətirib çıxardı.
Çəkilmiş bu qədər böyük dağdan sonra qərb insanı kütləvi şəkildə böyük bir psixoloji travma aldı, sarsıntı yaşadı. Nəticədə hamı katolik dinindən iyrəndi. Daha sonra insanlar bu nifrəti ümumiləşdirib bütün dinlərə və dinlərin üzərində durduğu Allah, axirət, ruh kimi anlayışlara da yönəltdilər. Artıq XVIII əsrdə ateist tərzi-təfəkkürlü fəal mütəfəkkirlər yavaş-yavaş formalaşmağa başlamışdılar. Böyük Fransa İnqilabı da ateizmin yayılmasına təsirsiz ötüşmədi. İnqilab köhnə sistemin məhvinə və yerinə daha demokratik olan yeni sistemin gəlməsinə səbəb oldu. Bununla da sekulyarizasiya daha geniş əhatədə yayılmağa başladı. Fransanın sekulyarlaşması İtaliya, Almaniya kimi digər ölkələrə də öz təsirini göstərdi. XIX əsrin ortalarında ateizm artıq çox güclənmişdi. Lüdviq Feyerbax, Fridrix Nitsşe, Vilhelm Vundt, Hans Fayxinger, Ziqmund Freyd, Engels, Marks, Jan Pol Sartr kimi bir çox mütəfəkkirlər xristian dininə çox tənqidi yanaşırdılar.
Ümumiyyətlə, ateizmin Avropada yayılmasının tarixinə diqqət etdikdə görürük ki, onun müqəddiməsi ingilis empirizmi ilə başlayıb, fransız burjuaziya hərəkatı ilə güclənib, alman fəlsəfəsi ilə yekunlaşıb. Bir zamanlar xristian dininə möhkəm bağlılıqları ilə seçilən məhz bu üç Avropa ölkəsi sonunda ateizmin dünya səviyyəsində geniş yayılmasına səbəb oldu. Ateizmin XVIII-XX əsrlərdəki inkişafı orta əsrlərin katolik dininin əleyhinə yönəlmiş inqilabi-islahatçı bir hərəkatın təbii nəticəsi idi. Görürük ki, katolik kilsəsi Avropa insanının dinsiz, Allahsız olması üçün əlindən gələn hər şeyi edib. Ona görə də Avropada yaranmış ateizmi elmi deyil, psixoloji kökü olan ateizm hesab etmək lazımdır.
Ancaq onu da qeyd edək ki, günümüzdə Avropanın özündə, hətta dünyada belə bu vəziyyət müsbətə doğru dəyişir. Yaradılış və dini-ideoloji mövzulara olan marağın artması daha çox diqqətə çarpır.
– Deməli, Avropadakı ateizm başlanğıcda, əslində, bütün dinlərə deyil, yalnız katolik kilsəsinə qarşı yaranmış ictimai-islahatçı bir hərəkat idi...
– Tamamilə doğrudur. O dövrə xas olan, ateizmin mənəvi qidasını təşkil etmiş bütün ədəbiyyatları oxuduqda mənfi köklənmənin məhz xristian katolik dininə yönəldiyini görürük. Volterin əsərləri, Rotterdamlı Erazmın "Axmaqlığın mədhi", Pol Anri Holbaxın "İfşa olunmuş xristianlıq", Lüdviq Feyerbaxın "Xristianlığın mahiyyəti", "Dinin mahiyyəti", Fridrix Nitsşenin məşhur "Allah öldü" ifadəsi bütün bunlar xristian dininin yetərsizliyini, o dövrdə qarşılaşdığı problemlərini bəyan edirdi. O dövrdə dinlərdən tənqidi danışdıqda yalnız katolik xristian dinini nəzərdə tuturdularsa, sonradan bu anlayışı ümumiləşdirərək bütün dinlərə şamil etdilər. Özlərini "qərbin azad və mütərəqqi düşüncəsi"nin varisləri hesab edən bəzi müsəlmanların da bu ümumiləşməyə təsirləri oldu. Belə ki, onlar katolik kilsəsinə aid olan etirazları, fikirləri İslama da aid etməyə başladılar. Belələri qərbin öz dininə yönəlmiş fikirlərini vaqonlarla müsəlman ölkələrinə daşıdılar, insanlar arasında yaydılar. Əslində, qərbdə yaranmış "din ağla ziddir", "din elmdən ayrıdır", "din barbarlıqdır", "din elmi tərəqqini dəstəkləmir", "din insan hüquqlarını, azad düşüncəni tanımır" kimi ifadələrin İslamla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Bununla da Avropanın özləri üçün atdıqları ateizm qarmağına səhvən müsəlmanlar düşdülər. İnanclarımızı kənara qoyub ateizmi qəbul etməklə müasir və alicənab olacağımızı, sonra da avropalılar kimi texniki sahələrdə inkişaf edəcəyimizi düşünürük...
– Belə olan halda ateizm və ya ateistlər cəmiyyət üçün nə dərəcədə zərərli, təhlükəlidir?
– Adi ateist düşüncəli insanlar var. Sakit öz həyatlarını yaşayırlar, radikallıqdan da uzaqdırlar, islamofob da deyillər. Kiminsə düşüncəsini məcburi olaraq dəyişdirmək olmaz. Hər kəs öz yolunu özü azad seçimlə müəyyən etməli, digərinin də düşüncəsinə, seçiminə qarşı anlayışlı davranmalıdır. Heç kəs mənim kimi düşünmək məcburiyyətində olmadığı kimi, mən də digərləri kimi düşünmək məcburiyyətində deyiləm. Mənim çox sayda ateist və aqnostik düşüncədə olan oxucularım var və onlardan çoxlu məktublar alıram. Onlarla fikir mübadiləsi etmək çox asandır. Anlayışlıdırlar. Qarşılıqlı ehtiramla müzakirələrimiz də olur.
Ancaq bu arada neoateistlərə aid olan cərəyanlar var ki, onların yanaşması çox aqressivdir. Onlar tərəfindən digər inanclıların etiqadlarına hücum müşahidə olunur. Bax, bu yol verilməzdir! Dokinzkimilərinin ateizmi adi ateizmdən fərqlidir. Onlar radikal neoateistlərdir. Hazırda ateizm əsl mahiyyətini dəyişərək dinfobiyaya, xüsusən də İslamfobiyaya çevrilib. Bu aqressiv ateizm əslində neoateizmdir. Onu adi mülayim ateizmdən fərqləndirmək lazımdır.
Neoateistlər cəmiyyət üçün təhlükəlidirlər. Onların cəmiyyət üçün təhlükəsi hər hansı bir radikal dini qruplaşmadan heç də az deyil. Neoateizm adət-ənənələri, bütün mənəvi dəyərləri, dini inancları məhv etməyi hədəf alıb. Mənəvi dəyərlərdən və ənənələrdən üz çevirmiş insan asanlıqla yad elementlərə tam bir etimadla yönələcək, bununla da kənar qüvvələrin zəhərli təbliğatçısına çevriləcəkdir. Bu məqamda İmmanuel Kant və Uilyam Ceyms kimi məsələyə yanaşaraq demək lazımdır ki, Allah inancı, insanlarda əməllərin qarşılığının veriləcəyinə dair etiqad yoxdursa, o zaman mənəvi-əxlaqi dəyərlərə bağlı olmağın da heç bir mənası qalmır. Bu isə cəmiyyətin mənəvi cəhətdən süqutu deməkdir. Dediklərimizi Fyodor Dostoyevski "Karamazov qardaşları" romanında belə ifadə edir: "... insanda özünün ölümsüzlüyünə olan inamı məhv edin, o andaca onda nəinki məhəbbət, hətta dünya həyatını davam etdirməsi üçün lazım olan hər bir canlı qüvvə də tükənəcəkdir. Bundan başqa, o zaman heç bir iş əxlaqsızlıq hesab edilməyəcək, hər şey icazəli olacaqdır, hətta antropofaqiya (adamyemək - red.) belə˝. Jan Pol Sartr da "əgər Allah yoxdursa, o zaman hər şey icazəlidir" ifadəsinin məhz Dostoyevskiyə məxsus olduğunu deyir.
Eyni sözü bəzi dini fundamentalist radikal cərəyanlar üçün də demək olar. Həmin radikal dini cərəyanın nümayəndələri də digər düşüncə sahiblərinin onlar kimi yaşamaq haqqına malik olmadığını düşünürlər. Onlar özlərindən bir az fərqli düşünən şəxsləri ən pis düşmən kimi görürlər. Təbii ki, bu qrupların hər ikisi pislənilməlidir.
– Yuxarıda bu məsələyə müəyyən qədər toxundunuz. Yəni bəzən "dini təfəkkür elmi təfəkkürdən fərqlidir", "inanclı insan elmi təfəkkürə əsaslanmır", "Allahın və dini anlayışların elmi əsası yoxdur və bunlar elmi dünyagörüşə ziddir. Ona görə də din yanlış və xurafatdır" kimi fikirlər səsləndirilir. Bu cür fikirlərə münasibətiniz necədir?
– Daha əvvəl də qeyd etdiyim kimi, ateistlər elm deyəndə təcrübi, eksperimental elm sahələrini nəzərdə tuturlar. Məsələn, kimya, biologiya, zoologiya, fizika, astronomiyanı.. Eksperimental elm sahələrində olan məsələlər yalnız hissi təcrübə yolu ilə araşdırılır və müəyyənləşir. Deyəndə ki, bu fikir elmi deyil, əslində bu, o deməkdir ki, bu fikri təcrübədə sübut etmək mümkün deyildir. Elmin bu mənada işlədilməsi qərb aləmində geniş surətdə pozitivistlər tərəfindən başladılıb. Bu işlənməyə görə qeyri-təcrübi olan sahələr və məlumatlar "elm" hesab olunmur. Pozitivistlərin elmi bu cür izah etmələri onlara məxsus dünyagörüşündən qaynaqlanır. Çünki onlar belə hesab edirlər ki, insanın həqiqi bilgiləri yalnız və yalnız hissi təcrübə yolu ilə, yəni laboratoriyadakı eksperimentlərlə hasil ola bilər. Bundan başqa yol ilə əldə olunan məlumatlar isə həqiqət deyil, mif və xurafatdır. Məsələn, əgər biz Allah, axirət, ruh kimi anlayışları hissi ekperimentlərlə müəyyən edə bilmiriksə, bu, onların mövcud olmaması mənasına gəlir. Artıq burada əqli qaydalara və şəxsi müşahidələrə əsaslanaraq nəyisə isbat etməyiniz keçərsizdir. Onların elmə verdikləri bu cür izah sonradan qərbdən bütün dünyaya yayıldı. Ona görə də günümüzdə "Allah və ruh kimi digər dini anlayışlar elmi deyil" deyiləndə, əslində, bu, "bunları mikroskop altında görməmişik, teleskoplarla müşahidə etməmişik, əlimizlə toxunmamışıq və dadmamışıq" deməkdir. Sadə xalq isə ateist alimlərinin "elmi deyil" təbirlərini "həqiqət deyil, boş və mənasızdır" kimi başa düşür. Ancaq bu heç də doğru yanaşma hesab oluna bilməz.
Belə ki, həqiqətin tək açarı hissi eksperimentlər deyil. Həqiqəti əqli mülahizələr, məntiqi-fəlsəfi metodlarla da aşkar etmək mümkündür. Əgər biz həqiqəti hissi-təcrübi elmlərlə bərabər tutsaq, o zaman dialektik materializm, pozitivizm kimi ateist fəlsəfi məktəblərini də qeyri-həqiqi və yalan hesab etməliyik. Çünki ateist fəlsəfə məktəbləri də daxil olmaqla heç bir fəlsəfi, ideoloji məktəbin düzlüyünü hissi təcrübə yolu ilə isbat etmək olmaz. Birincisi, fəlsəfi nəzəriyyələr sistemi heç zaman təcrübələrlə müəyyənləşmir. İkincisi, hər hansı bir elmin qaydaları ilə digər elmin qaydalarını isbat etmək mümkün deyil. Məsələn, kimya elminin qaydaları ilə riyaziyyatın məsələlərini həll etməzlər, biologiyanın metodları da astronomiyanın məsələlərini izah etməkdə yararsızdır. Çox maraqlıdır, əgər bu yanaşmanın doğruluğunu qəbul etsək, pozitivistlər hissi təcrübə elmlərinin qaydaları ilə öz fəlsəfələrinin düz olduğunu necə isbat edəcəklər? Yaxud da transsendent olan Allah, ruh kimi anlayışların olmadığını sırf təcrübə yolu ilə necə rədd edəcəklər? Hər bir elm yalnız öz əhatəsində nəyin olub olmadığını deyə bilər, digər sahələrdə nələrin olduğunu müəyyənləşdirə bilməz. Ona görə də "elm Yaradanı, vəhyi, mələyi qəbul etmir" deyəndə, bu sadəcə "Yaradanın, vəhyin və mələyin hissi eksperimentlər çərçivəsindən kənarda olduğu" mənasında başa düşülməlidir. Ancaq bu, onların həqiqət olmadığı və əqli-məntiqi cəhətdən əsaslandıra bilmədiyimiz mənasına qətiyyən gəlməz. Məlumdur ki, transsendent, qeyri-təcrübi anlayışları eksperimentlərlə əsaslandıra bilmərik, lakin əqli-məntiqi və fəlsəfi cəhətdən tamlığı ilə əsaslandırmaq mümkündür.
– Belə çıxır ki, əgər onlar kimi yanaşmalı olsaq, o zaman düzgünlüyü dəqiqliklə bilinən bir çox məsələləri xurafat və qeyri-elmi hesab etməliyik...
– Əlbəttə, tamamilə doğrudur. Məsələn, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunu heç bir təcrübə elmi isbat etməyib. Onda belə çıxır ki, onların təbirincə, bu hökm gərək qeyri-elmi və xurafat hesab olunsun. Həmçinin məhəbbət, nifrət, qəzəb kimi bütün hislərimiz qeyri-maddidir. Bunları eksperimentlərlə, insanın bədənini yarmaqla müşahidə etmək mümkün olmur, ancaq mövcudluğunu hamı qəbul edir. Anlamaq lazımdır ki, hər bir məsələnin isbatının özünə xas metodologiyası var. Əqli mövzuları əqli, təcrübi məsələləri də hissi müşahidələr yolu ilə isbat edərlər.
– Maraqlıdır, ateist alimləri təcrübi metodla Allahın yoxluğuna necə arqument gətirməyə çalışırlar?
– Məsələn, bioloq Riçard Dokinz məməli heyvanlarda olan qayıdan qırtlaq sinirini, ona latınca "nervus laryngeus recurrens" deyirlər, Allahın yoxluğu üçün mühüm dəlillərdən hesab edir. Məməlilərə xas olan bu sinir beyindən başlayaraq ürəyə doğru uzanır, oradan da qırtlağa qayıdır. Təkamülçü bioloqlar deyirlər ki, qayıdan qırtlaq sinirinin beyindən çıxıb qırtlağa bu qədər uzun məsafə qət edərək gəlməsi yaradılışda olan bir qüsurdur. Beyin ilə qırtlaq arasında bir neçə santimetrlik məsafə olduğu halda bu qədər uzun yolu qət etmək nəyə lazımdır? Onlar deyirlər ki, biz Allah olsaydıq, bu siniri ən qısa yol ilə beyindən birbaşa qırtlağa aparardıq. Bu sinirin uzun yol ilə getməsi yanlışdır, deməli, Allah yoxdur. Çünki Allah olsaydı, bu nöqsana yol verməz və bu siniri ən qısa yolla qırtlağa aparardı. Bu "arqument" ola bilər ki, sizin üçün gülməli bir zarafata oxşasın. Ancaq söylədiklərimizdə zarafat yoxdur. Dokinzin bu barədə hətta sənədli bir filmi də var. Həmçinin bəzi ateist alimlər də Allahın yoxluğuna dəlil kimi məhz bu "qırtlaq siniri arqumentini" gətiriblər...
Bilirsiniz bu arqument nəyə bənzəyir? Düşünün ki, bizə araşdırmaq üçün qəliz mexanizmli bir maşın və ya bir təyyarə veriblər. Bu zaman biz bu maşının və ya təyyarənin içərisində hər hansı bir naqilin digərlərindən bir qədər uzun olduğunu görürük. Buradan da nəticə çıxardırıq ki, bu qəliz mexanizmli, çoxfunksiyalı maşın heç bir mühəndisin işi olmadan öz-özünə əmələ gəlib. Ümumiyyətlə, biz insanlar bu məhdud biliklə, hansısa "sinir daha qısa olsaydı, daha yaxşı olardı" və ya "filan orqan faydasızdır" kimi nəticələri necə çıxarda bilirik? Bax, onların bütün "dəlilləri" bu formadadır.
– Mümkündürmü ki, bir insan həm müasir və elmi dünyagörüşə malik olsun, həm də inanclı olsun? Yoxsa ki, bu iki məsələ bir insanda cəmləşə bilməz?
– Əlbəttə ki, cəmləşə bilər. Bunun əksini düşünmək çox absurd olardı. Ölkəmizdə şəxsən tanıdığım çoxlu sayda yazıçını, müxtəlif tibb sahələrinin adamlarını, alimləri, müəllimləri, yüksək nailiyyətli idmançıları, elmi işçiləri misal göstərə bilərəm ki, Allaha tamlığı ilə inanırlar. Hətta içlərində ibadət edənləri də az deyil. Eramızdan əvvəldən tutmuş orta əsrlərə qədər bir çox böyük kəşfləri etmiş alimlər olub ki, inanclı olublar, içlərində keşiş, ruhani olanları belə az deyil. İslam aləminin qızıl dövrü deylən VIII əsrdən XIII əsrə qədər olan müddətdə müxtəlif sahələrdə kəşflər edənlər də məhz inanclı müsəlman alimləri olublar. İslam aləmində məscidlər müsəlmanların həm dini, həm də dünyəvi elmlərə yiyələndikləri elmi mərkəzlər olub. Hazırda çoxları Amerikanı dünyanın ən müasir və inkişaf etmiş ölkəsi hesab edir. Sosioloji sorğulara görə, bu ölkənin əhalisinin 93 faizi özlərini bu və ya digər formada inanclı hesab edirlər. Halbuki, dünyanın ən müasir texnikasından istifadə edirlər. Bütün Avropa ölkələrində də inanclı əhali ən müasir texnologiyalara dolu həyatla yaşayır.
Belə görünür ki, Allaha inam və dini dünyagörüşü onları nə dörd divara məhkum etməyib, nə də elmi-texniki nailiyyətlərdən istifadə etməkdən məhrum etməyib. Deməli, onlar elmi qəbul edirlər. Nəticədə görürük ki, dini günyagörüş elmi dünyagörüşlə heç cür ziddiyyət təşkil etmir.
Bu məqamda Kollinzin kitabından bir sitat gətirmək istərdim. O, deyir: "Adətən belə hesab olunur ki, həqiqi alim fövqəltəbiiliyə ciddi surətdə inana bilməz. Bu kitab belə düşüncələri rədd etmək məqsədilə yazılıb. Bununla göstərmək istəyirik ki, Allaha inam rasionalizm çərçivəsində gerçəkləşmiş şüurlu seçimin nəticəsi də ola bilər. Həmçinin Allaha inamın prinsipləri faktiki olaraq elmin söykəndiyi prinsipləri də tamamlayır".
Bu deyilənlərin təsdiqini bizlər dini mətnləri təəssübsüz oxuduqda da görürük. "Allah sizdən iman gətirənləri bir dərəcə ucaltmış, sizlərdən elm əhli olan kimsələrə isə daha çox dərəcələr bəxş etmişdir". Quranın "Mücadilə" surəsinin bu 11-ci ayəsi adi möminləri inanclı alimlərdən kəskin sürətdə ayırıb. Ayəyə görə iman insanın Allah yanında məqamının bir dərəcə artmasına, elmi dünyagörüşü, biliyi isə inanclı birinin Allah yanında daha yüksək dərəcələrə ucalmasına səbəb olur. Əgər dini baxış elmə qarşı olsaydı, ayə alimin Allaha daha yaxın olduğunu deməzdi. İnanclı birini bu cür elmi dünyagörüşünə, biliyə sahib olmağa təşviq edən ayələr həddindən çoxdur. Quran məntiqinə görə elm bir insanı Allaha daha çox yaxınlaşdıran, ona Allahını tanıdan ən möhtəşən vasitədir.
Fizika üzrə Nobel mükafatçısı Verner Heyzenberqin sözü ilə desək, yaradılışa səthi baxdıqda ilkin yanaşmadan ateizm doğur, amma qabın dibində bizi Tanrı gözləyir. Mümkündür ki, adi insan səthi bir yanaşma ilə "biz boşuna, öz-özünə yaranmışıq" fikrinə gəlsin, ancaq yaradılışı "qazdıqca", araşdırdıqca heyrətdən donub qalırsan. Quran deyir ki, elm insanı Allahsız edə bilməz, əksinə insanı Allaha daha da yaxınlaşdırar. Çünki elm insana Allahın yaratdığı aləmin möhtəşəmliyini, dəqiqliyini elə anladır ki, insan bütün bunların öz-özünə yarana bilməyəcəyi qənaətinə gəlir.
İlkin İzzət
Milli.Az
https://news.milli.az/country/454496.html
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23