Bu ilin may ayında çap olunan, cəmi bir neçə saat ərzində satılıb qurtaran və bununla da son illərdə Azərbaycan kitab sektorunda görünməmiş bir rekorda imza atan "Abaddon" kitabı ilə bağlı yeni xəbər var.
Milli.Az xəbər verir ki, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun yeni psixoloji detektiv romanı da böyük əks-səda yaradıb və çap olunandan sonra cəmi bir neçə ay ərzində birinici və ikinci nəşri sürətlə bitən romanın artıq üçüncü nəşri də işıq üzü görüb.
Müəllifin əvvəlki romanlarından ciddi şəkildə fərqlənən "Abaddon" əsəri Azərbaycan ədəbiyyatında intellektual psixoloji detektiv roman janrında ilklərdən biridir. İnsan şəxsiyyəti ilə bağlı dərin mətləbləri işıqlandıran roman oxucusunu sona qədər həyacanda saxlayır və sirli mesajlar ötürür. Maraqlı detektiv süjetə malik olan əsər intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, şəxsiyyətin tənəzzül və təkamülünə aparan amillər, demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı göstərilir. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.
Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.
Əlavə edək ki, müəllif Rövşən Abdullaoğlunun yaxın günlərdə oxucularla görüşəcəyi və görüş zamanı daha çox "Abaddon" romanının müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, "Abaddon" romanı 2018-ci ilin mayın 12-də işıq üzü görmüş və nəşr olunandan sonra topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitmişdi. Bundan sonra oxucuların maraq və tələbatını ödəmək üçün bir həftə sonra kitab ikinci dəfə nəşr olunmuşdu.
Xatırladaq ki, müəllif son illərdə kitab sektorunda bestseller kitablar müəllifi kimi tanınır. Onun "Relslər üzərinə uzanmış adam" romanının ilk nəşri satışda cəmi iki həftə ərzində tükənməsi ilə yadda qalıb, ilk romanı olan "Bu şəhərdə kimsə yoxdur" isə 2016-2017-ci illərin ən çox oxunan kitabı olub.
Zərif Nisə
Milli.Az
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23